Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-2361/2024 23.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, İddiaçı cavabdeh Bakı X1rşı “işə bərpa edilməsi və işsiz qaldığı ayların əmək haqqısının verilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq MÜƏYYƏNETDİM: İddiaçı cavabdeh Bakı X1rşı “işə bərpa edilməsi və işsiz qaldığı ayların əmək haqqısının verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.3-cü maddəsinə iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Həmin Məcəllənin 149.2.2-ci maddəsinə əsasən ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, iddiaçı tərəfindən iddia ərizəsində cavabdehin adı düzgün göstərilməmiş, habelə eyniləşdirmə məlumatı kimi VÖEN də qeyd edilməmişdir. Buna baxmayaraq məhkəmə cavabdeh qismində cəlb edilmiş hüquqi şəxsin müəyyən edilməsi istiqamətində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi uçotuna alınmış vergi ödəyicilərinin axtarış sistemində, habelə “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemində hüquqi şəxs barədə sorğu etmiş və sorğunun nəticəsi olaraq müəyyən edilmişdir ki, Cavabdeh adlı hüquqi şəxs dövlət reyestrində qeydiyyata alınmamışdır. Eyni zamanda o da vurğulanmalıdır ki, Vergi uçotuna alınmış vergi ödəyicilərinin axtarış sistemində, habelə “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemində cavabdeh qismində qeyd olunan hüquqi şəxsin adına oxşar hüquqi şəxslər aşkar edilsə də, həmin hüquqi şəxslərin ünvanı Binəqədi rayonu ərazisində yerləşmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Göründüyü kimi, iddiaçı tərəfindən cəlb edilmiş hüquqi şəxsin adı düzgün göstərilmədiyindən, habelə hüquqi şəxsin VÖEN-ü qeyd edilmədiyindən iddia ərizəsinin aidiyyətinin həqiqətən də Binəqədi rayonu olmasının müəyyən edilməsi mümkün olmadı. Mülki prosessual qanunvericiliyin tələbinə əsasən işə bərpaya dair işlərə işə ağlabatan müddətdə, ərizə məhkəməyə daxil olduğu vaxtdan 2 ay müddətindən gec olmayaraq baxılmalıdır. (AR MPM maddə 172.1.1) Bu isə o vaxt mümkün olur ki, iddia ərizəsi aidiyyət qaydaları pozulmadan icraata qəbul edilsin. Bundan əlavə, iddiaçının ərizəsində tərəflərin mediasiya prosesində iştiraklarına dair məlumat göstərilməmiş və mediasiya prosesində iştiraklarını təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Halbuki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1.3-cü maddəsinin tələbinə əsasən əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə mediasiya tətbiq edilir. Həmin Qanunun 27.1-ci maddəsinə əsasən əmək münasibətlərindən irəli gələn aşağıdakı mübahisələr bu Qanuna uyğun olaraq, mediasiya vasitəsilə həll oluna bilər: 27.1.1. fərdi əmək mübahisələri; 27.1.2. kollektiv əmək mübahisələri. Həmin Qanunun 28.1-ci maddəsinə əsasən ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; 149.2.4-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat ərizədə göstərilməlidir; 150.1.7-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd ərizəyə əlavə edilməlidir; 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Təsvir edilənlərə əsasən belə nəticəyə gəlirəm ki, iddia ərizəsi geri qaytarılmalı və iddiaçıya izah edilməlidir ki, o, cavabdeh qismində cəlb etdiyi hüquqi şəxsin eyniləşdirmə məlumatlarını (ad, ünvan, VÖEN) düzgün müəyyən etməklə, habelə məhkəməyə müraciət etməzdən əvvəl tərəflərin ilkin mediasiya sessiyasında iştiraklarını təsdiq edən sənədi iddia ərizəsinə əlavə etməklə həmin şəxsin hüquqi ünvanı üzrə müvafiq məhkəməyə müraciət edə bilər. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 35, 149, 152, 263-264-cü maddələrini rəhbər tutaraq QƏRARAALDİM: İddiaçı cavabdeh Bakı X1rşı “işə bərpa edilməsi və işsiz qaldığı ayların əmək haqqısının verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, o, cavabdeh qismində cəlb etdiyi hüquqi şəxsin eyniləşdirmə məlumatlarını (ad, ünvan, VÖEN) düzgün müəyyən etməklə, habelə məhkəməyə müraciət etməzdən əvvəl tərəflərin ilkin mediasiya sessiyasında iştiraklarını təsdiq edən sənədi iddia ərizəsinə əlavə etməklə həmin şəxsin hüquqi ünvanı üzrə müvafiq məhkəməyə müraciət edə bilər. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-2361/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-2361/2024
23.02.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver