Məhkəmə qərarları › İş №2(001)-2414/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-2414/2023

10.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-2414/2023 10.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, Ərizəçi (maraqlı şəxs qismində Bakı şəhər Sabunçu rayon qeydiyyat şöbəsi cəlb edilməklə) ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq MÜƏYYƏNETDİM: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Saatlı rayonu, Hacıqasımlı kənd İcra Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.1956-cı il tarixli 13 saylı doğum akt qeydinin xx.xx.1956-cı il tarixində anadan olmuş Xankişiyeva (Şükürova) Rəhilə Xudaş qızına mənsub olması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, mərhum həyat yoldaşı X1 doğum haqqında şəhadətnaməsini təkrar almaq üçün mərhum həyat yoldaşının ölüm haqqında şəhadətnaməsini aldığı Sabunçu rayon Qeydiyyat şöbəsinə müraciət etmişdir. Lakin Sabunçu rayon Qeydiyyat Şöbəsi ona imtina verərək, bildirdi ki, mərhum həyat yoldaşı X3 Saatlı rayonu, Hacıqasımlı kənd İcra Nümayəndəliyi tərəfindən xx.xx.1956-cı il tarixli 13 saylı doğum haqqında şəhadətnamə verilmişdir. Lakin həmin doğum akt qeydində mərhum həyat yoldaşı X2 adı “Rəhilə” əvəzinə “Elmira” yazılmışdır. Mərhum həyat yoldaşının bütün digər sənədlərdə adı “Rəhilə” yazıldığı üçün, təkrar şəhadətnaməsinin verilməsi mümkün olmamışdır. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 161.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. 161.2-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. 161.3-cü maddəsinə əsasən, aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6.1. qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Beləliklə də yuxarıda qeyd edilən normalardan göründüyü ki, ərizəçi vətəndaşlıq vəziyyəti akt qeydlərinə düzəliş edilməsi barədə ilk növbədə ərizə ilə müvafiq icra hakimiyyət orqanına, yəni akt qeydini tərtib edən təşkilat-Saatlı rayonunun Hacıqasımlı kənd icra nümayəndəliyinə müraciət etməlidir. Lakin ərizə və ona əlavə edilmiş sənədlərdə ərizəçinin doğum akt qeydinə düzəlişlərin edilməsi üçün müvafiq qeydiyyat şöbəsinə müraciət edilməsi və həmin orqanın bu düzəlişdən imtina olunması müəyyən olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 150.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmin Məcəllənin 114.1. və 114.1.3-cü maddələrə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Beləliklə, ərizənin qəbul olunmasının mümkünlüyü məsələsini yoxlayaraq belə nəticəyə gəlirəm ki, ərizə geri qaytarılmalı və ərizəçiyə izah edilməlidir ki, o, ərizəyə doğum haqqında aktı qeydinə düzəlişdən imtina olunması barədə müvafiq sənədləri (Saatlı rayonunun Hacıqasımlı kənd icra nümayəndəliyinə qeyd olunanlarla bağlı müraciət və müraciətin nəticəsi barədə sənəd) əlavə etməklə ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Habelə ərizəçi tərəfindən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına xx.xx.2023-cü il tarixli ********** №-li qəbz əsasında ödənilmiş 100 manat məbləğində dövlət rüsumu özünə qaytarılmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 152, 263-264-cü maddələrini rəhbər tutaraq QƏRARAALDİM: Ərizəçi (maraqlı şəxs qismində Bakı şəhər Sabunçu rayon qeydiyyat şöbəsi cəlb edilməklə) ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, o, ərizəyə doğum haqqında aktı qeydinə düzəlişdən imtina olunması barədə müvafiq sənədləri (Saatlı rayonunun Hacıqasımlı kənd icra nümayəndəliyinə qeyd olunanlarla bağlı müraciət və müraciətin nəticəsi barədə sənəd) əlavə etməklə ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Ərizəçi tərəfindən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına ödənilmiş 100 (yüz) manat məbləğində (xx.xx.2023-cü il tarixli ********** №-li qəbz) dövlət rüsumu özünə qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar