Məhkəmə qərarları › İş №2(001)-2419/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2419/2023

17.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2419/2023 17.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs cəlb edilməklə) doğum faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, oğlu X2 16 avqust 2015-ci il tarixdə Saatlı rayonunun Azadkən kəndində doğulması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, 2014-cü ildə X5 ilə rəsmi nikah qeyd etdirmədən ailə qurmuşlar. Faktiki nikah münasibətlərində olduğu müddətdə 16 avqust 2015-ci il tarixdə X6 adlı bir uşaqları olmuşdur. Uşaq evdə doğulduğundan ona doğum haqqında tibbi şəhadətnamə tərtib olunmamışdır. Hər ikisi milliyyətcə azərbaycanlıdır. Uşaq doğulduqdan sonra onun sağ salamat olması və anasının himayəsində olması barədə xx.xx.2015-ci il tarixdə Saatlı rayon Azadkənd tibb məntəqəsinin maması İ.Cəfərova tərəfindən arayış tərtib olunub onlara verilmişdir. Oğlu hal-hazırda sağlamdır. O, Oğuz və Binəqədi rayon qeydiyyat şöbələrinə müraciət edərək, oğluna doğum haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Qeydiyyat şöbəsinin cavab məktubunda uşaq barədə doğum haqqında tibbi şəhadətnamə olmadığı göstərilərək, doğum haqqında şəhadətnamə verilməsindən imtina edilmiş, ona doğum faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət edə biləcəyi izah edilmişdir. xx.xx.2022-ci il tarixdə 3 saylı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsində X5 ilə nikahlarını rəsmiləşdirmişlər. Doğum faktı qətnamə əsasında müəyyən olunduqdan sonra qeydiyyat şöbəsinə atalığın müəyyən edilməsi üçün müraciət edəcəklər. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəni müdafiə edərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Maraqlı şəxs nümayəndəsi məhkəməyə gəlməmiş, lakin məhkəməyə ünvanlandığı 27 aprel 2023cü il tarixli məktubunda ərizəyə etiraz etmədiyini və işin həllinin məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə verən X5 ifadəsində bildirmişdir ki, ərizəçi onun həyat yoldaşıdır. O, ərizəçi ilə birgə nikaha daxil olmaqla ailə qurmuş və onların birgə nikahından 16 avqust 2015-ci il tarixdə Ümüd adlı bir oğlan uşağı dünyaya gəlmişdir. Uşaq qaynıgildə olarkən, yəni Saatlı rayonunun Azadkənd kəndində ev şəraitində anadan olmuşdur. Həmin uşağın adını Ümüd qoymuşlar və hal-hazırda həmin uşaq sağ-salamatdır. Lakin uşaq evdə olduğu üçün və eləcə də ərizəçinin şəxsiyyət vəsiqəsi olmadığına görə vaxtında müraciət edib, doğum haqqında şəhadətnaməni ala bilməmişlər. Buna görə də Ərizəçi doğum haqqında şəhadətnamənin alınmasından ötrü uşağın doğum faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X4 ifadəsində bildirmişdir ki, o, ərizəçinin dayısı qızıdır. Ərizəçi X5 ilə birgə nikaha daxil olmaqla ailə qurmuş və onların birgə nikahından bir uşaqları dünyaya gəlmişdir. Uşaq ərizəçi qardaşıgildə qonaq olarkən, yəni Saatlı rayonunun Azadkənd kəndində ev şəraitində anadan olmuşdur. Həmin uşağın adını Ümüd qoymuşlar və hal-hazırda həmin uşaq sağ-salamatdır. O,Ümüd adı ilə çağırdıqları həmin uşağı tez-tez görür. Məhkəmə iclasında şahid qismində ifadə verən X1 ifadəsində bildirmişdir ki, ərizəçi onun baldızdır. Ərizəçi X5 ilə birgə nikaha daxil olmaqla ailə qurmuş və onların birgə nikahından bir uşaqları dünyaya gəlmişdir. Uşaq ərizəçi onlarda qonaq olarkən, yəni Saatlı rayonunun Azadkənd kəndində ev şəraitində anadan olmuşdur. Həmin uşağın adını Ümüd qoymuşlar və hal-hazırda həmin uşaq sağ və salamatdır. O,Ümüd adı ilə çağırdıqları həmin uşağı tez-tez görür. İş materiallarında olan AZ-İİ seriyalı 519626 №-li nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 ilə X7 arasında nikah xx.xx.2022-ci il tarixdə 3 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsində bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2105 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra qadına “Kərəmova” soyadı verilmişdir. Saatlı rayon xəstəxanasının Azadkənd tibb məntəqəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli tibbi arayışdan görünür ki, X7 xx.xx.2015-ci ildə anadan olmuş oğlan uşağı X6 xx.xx.2015-ci il tarixə kimi sağ-salamat anasının himayəsində yaşayır. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs Ərizəçi ünvanladığı 28 fevral 2023cü il tarixli məktubdan görünür ki, sonuncunun ərizəsinə baxılmış və bildirilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 2.5.3-cü bəndinə əsasən doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi ilə tərtib edilməlidir. Doğum haqqında tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ərizəni təmin etmək mümkün olmamışdır. İş materiallarında olan Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxs 11 nömrəli uşaq polikilinkası tərəfindən verilmiş 17 aprel 2023-cü il tarixli 176 №-li Arayışdan görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X8 11 nömrəli uşaq poliklinikasında tibbi qeydiyyatdadır və hal-hazırda sağlamdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 2.1ci bəndinə əsasən, doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onların birinin yaşadığı yerdə Qeydiyyat şöbələri tərəfindən aparılmalıdır. Həmin Qaydaların 2.5-ci maddəsinin tələbinə görə, qeydiyyat şöbəsində doğum faktının qeydə alınması üçün doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsinin sənədi təqdim edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 2.6cı bəndinə əsasən, həmin Qaydanın 2.5-ci bəndində göstərilən sənədlər təqdim edilmədikdə, uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2 və 307.2.3-cü maddələrinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, Ərizəçi 16 avqust 2015-ci ildə Saatlı rayonunun Azadkənd kəndində bir oğlan uşağı doğması faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, Ərizəçi ərizəsi əsaslıdır və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. Ərizəçi 16 avqust 2015-ci ildə Saatlı rayonunun Azadkənd kəndində bir oğlan uşağı doğması faktı müəyyən olunsun. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi həmin uşağın doğumunun qeydə alınması və müvafiq şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar