Məhkəmə qərarları › İş №2(001)-2426/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2426/2022

05.05.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2426/2022 05.05.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 3066-cı məhəllə, ev 40b, mənzil 31 İddiaçı mülkiyyətindədir. Həmin mənzil X2 23.11.2020-ci il tarixli, 107-20/i saylı "Yaşayış sahəsinin alqı-satqı və ipoteka müqaviləsi” əsasında əldə edilmişdir. Mənzil iddiaçının mülkiyyətinə keçmiş, bu barədə mülkiyyət sənədi - Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 04.01.2021-ci il tarixdə ********** № ilə qeydiyyata alınmış, daşınmaz əmlakın reyestr nömrəsi **********59-05301-093028 olan Çıxarış verilmişdir. Həmin alqı-satqı müqaviləsinin 2.2.4-cü bəndinə əsasən satıcı müqavilənin təsdiq olunduğu tarixdən 30 gün müddətində ipoteka predmeti üzrə qeydiyyatda olan şəxslərlə birlikdə qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Samirə Salahova və digər ailə üzvləri mənzildə qeydiyyatdan çıxsalar da, Cavabdeh azyaşlı övladı X6 ilə həmin mənzildə qeydiyyatdan çıxmaqdan imtina etmişdir. ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli bina təxminən 2007-ci ildə təhvil verildikdən sonra Cavabdeh anası Aidə Əzizova 2 otaqlı, 31 saylı mənzilin ilk mülkiyyətçisi olmuş və onlar birlikdə həmin mənzildə yaşayaraq əmlak hüquqları əldə etmişlər. Bir neçə ildən sonra onlar mənzili Səlim və Mətanət Mansurova adlı şəxslərə, sonuncular isə 2016-cı ilin may ayında X3 (mənzili iddiaçıya satan şəxs) satmışlar. Beləliklə, Cavabdeh faktiki olaraq və qanun əsasında əmlaka olan bütün hüquqlarını itirməsinə və son illər ərzində mənzildə yaşamamasına baxmayaraq, orada qeydiyyatdan çıxmamışdır. Nəticədə iddiaçının əmlaka sərbəst surətdə sahib olmaq və ona dair sərəncam verə bilmək hüququ pozulur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununda uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 23.11.2020-ci il tarixli, 107-20/i saylı Alqı-satqı və İpoteka Müqaviləsindən görünür ki, həmin müqavilə mülkiyyətçi X4, ipoteka saxlayan "xxxx" Açıq Səhmdar Cəmiyyəti və alıcı (ipoteka qoyan) İddiaçı arasında bağlanmış və müqaviləyə əsasən ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak İddiaçı satılmışdır. 107-20/İ saylı Alqı-satqı və İpoteka Müqaviləsi əsasında tərtib edilmiş notariat işinin materiallarından görünür ki, həmin müqavilə bağlanarkən Cavabdeh notariat ofisində aşağıdakı məzmunda ərizəyə imza etmişdir: “ ... qeydiyyatda olduğum və X3 məxsus olan ünvan 2 ünvanında yerləşən mənzilin satılmasına və ipoteka qoyulmasına etiraz etmirəm. Gələcəkdə bununla bağlı heç bir iddia və tələbim olmayacaq”. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 2 04.01.2021-ci il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan Yaşayış yeri üzrə qeydiyyat haqqında 09.03.2022-ci il tarixli, ******* saylı arayışdan görünür ki, Cavabdeh və 10.05.2008-ci il təvəllüdlü X6 ünvan 2 ünvanında qeydiyyatdadırlar. İş materiallarında olan “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, 10.05.2008-ci il təvəllüdlü X1 Nuranə Tahir qızının uşağıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan itsifadə etmək və ona dair sərancam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın 1 saylı Protokolunun 1-ci bəndinə müvafiq olaraq, hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 2-ci maddəsinə görə, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Həmin Qanunun 9-cu maddəsinə müvafiq olaraq, şəxs yaşayış yerini dəyişdikdə ... başqa ölkədə yaşayış yeri seçdikdə ... yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə ... müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia ərizəsi təmin edilməli, Cavabdeh yetkinlik yaşına çatmayan uşağı - 10.05.2008-ci il təvəllüdlü X6 ilə birlikdə ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakdan istifadə hüququ itirilmiş hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh yetkinlik yaşına çatmayan uşağı - 10.05.2008-ci il təvəllüdlü X6 ilə birlikdə ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakdan istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar