Məhkəmə qərarları › İş №2(001)-2450/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2450/2022

04.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2450/2022 04.05.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, Cavabdeh ilə xx.xx.2004-cü il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2004-cü il təllüdlü X9, xx.xx.2006-cı il təvəllüdlü X11 və xx.xx.2012-ci il təvəllüdlü X13 anadan olmuşdur. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(001)- 1811/2009 saylı qətnaməsi ilə onların Samux rayon VVADQ şöbəsində 86 saylı xx.xx.2004-cü il tarixli akt qeydi ilə bağlanmış nikahlarının pozulması, xx.xx.2004-cü il təvəllüdlü X6 və xx.xx.2006-cı il təvəllüdlü X8 onun yanında saxlanması, xx.xx.2009-cu il tarixdən başlayaraq hər ay qazancın 1/3 hissəsinin və sabit pul məbləğində 80 manat alimentin övladlarının yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh onun xeyrinə tutulması qət edilmişdir. Binəqədi Rayon Məhkəməsinin qətnaməsi ilə aralalarında bağlanan nikahları pozulsa da onlar uzun müddət bir yerdə yaşamışlar. Bir yerdə yaşadıqları dövrdə üçüncü övladı xx.xx.2012-ci il təvəllüdlü X13 anadan olmuşdur, Əli üçün aliment təyin edilməmişdir. Hesab edir ki, övladı X3 üçün də aliment təyin edilməlidir. Hal-hazırda uşaqların maddi tələbatları artmış, cavabdehlə münasibətləri pozulduğundan o, övladlarının tələbatını tək ödəyə bilmir. Övladlarının ikisi orta məktəbdə təhsil alır. Kirayədə yaşadığından, övladlarının məktəb ləvazimatlarının, geyimlərinin, ərzaq məhsullarının çox bahalaşması səbəbindən o, maddi çətinlik çəkir. Fərdi qaydada işləməklə aylıq 400 manat qazancı olsa da, hazırda iş olmadığından işləmir. Ona görə də Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X1 üçün 193 manat sabit pul məbləğində alimentin tutulmasına, Cavabdeh Binəqədi Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(001)- 1811/2009 saylı qətnaməsi ilə tutulan alimentin miqdarını artıraraq birgə nikahlarından olan xx.xx.2004-cü il təvəllüdlü X6 və xx.xx.2006-cı il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 193 manat olmaqla cəmi 579 manat sabit pul məbləğində alimentin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qismən qəbul edərək izahatında göstərmişdir ki, onun iddiaçı ilə birgə nikahından xx.xx.2004-cü il təllüdlü X9, xx.xx.2006-cı il təvəllüdlü X11 və xx.xx.2012-ci il təvəllüdlü X13 anadan olmuşdur. İddiaçı ilə münasibətləri pozulduğundan onlar 2021-ci ilin avqust ayından birgə yaşayıb birgə təsərrüfat aparmırlar. O, fərdi qaydada dostuna məxsus Ford markalı avtomobillə taksi sürücüsü işləməklə gündəlik 5-10 manat gəlir əldə edir. Uşaqlarının saxlanması üçün iddiaçıya hər ay cəmi 200 manat aliment ödəyə bilər. Ona görə də iddia ərizəsinin qismən təmin edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Bütün uşaqlar bərabər hüquqlara malikdirlər. Uşaqların, onların valideynlərinin və ya onları əvəz edən şəxslərin sosial və əmlak vəziyyətindən, sağlamlığından, irqi və milli mənsubiyyətindən, dilindən, təhsilindən, dinindən, siyasi baxışlarından, yaşayış yerindən asılı olmayaraq uşaqlar ayrı-seçkiliyə məruz qala bilməzlər. Uşaqlar valideynlərinin və ya onları əvəz edən digər şəxslərin hərəkətlərinə görə məsuliyyət daşımır və valideynləri ilə bağlı səbəblərə görə onların hüquqlarının məhdudlaşdırılmasına yol verilmir. Nikahda və ya nikahdankənar doğulmasından asılı olmayaraq uşaqların valideynləri barəsində eyni hüquqları vardır. (Uşaq hüquqları haqqında Qanunun 5-6 mad.) Uşaq hüquqları bəyannaməsinin (BMT-nin Baş Assambleyasının xx.xx.1959-cu il tarixli 1386 (XİV) saylı qətnaməsi ilə elan edilmişdir) 2 saylı prinsipinə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin olunmalıdır. Samux rayon Qovlarsarı kənd icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli AZ-İ № 517179 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X9 xx.xx.2004-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 01 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası İddiaçıdır. Bakı şəhəri Binəqədi rayonu VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli AZ-İ № 876633 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X11 xx.xx.2006-cı il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 3271 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası X5r. Samux rayonu qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli AZ-İİ № 918939 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X13 xx.xx.2012-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 536 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası İddiaçıdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1811/2009 saylı xx.xx.2009-cu il tarixli qətnaməsindən müəyyən olunur ki, iddia ərizəsi təmin edilərək Cavabdeh ilə X7 arasında Samux rayon VVADQ şöbəsində 86 saylı xx.xx.2004-cü il tarixli akt qeydi ilə bağlanmış nikahın pozulması, xx.xx.2004-cü il təvəllüdlü X6 və xx.xx.2006-cı il təvəllüdlü X8 anaları X4 himayəsində və tərbiyəsində saxlanması, xx.xx.2009-cu il tarixdən başlayaraq hər ay qazancın 1/3 hissəsinin və sabit pul məbləğində 80 manat alimentin xx.xx.2004-cü il təvəllüdlü X6 və xx.xx.2006-cı il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh X4 xeyrinə tutulması qət edilmişdir. Məhkəmə qeyd edir ki, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulmalıdır. (AM-nin 56.1.,75.1.,75.4-cü mad.) Həmin Məcəllənin 78.1-ci maddəsinin tələblərinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirinin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarına əsasən Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin Elşolts Almaniyaya qarşı iş üzrə 13 iyul 2000ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərinə görə Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlığa riayət etsinlər. Tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xüsusən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz (§50). Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib, tərəflərin hər birinin maddi vəziyətini, valideynlərin uşaqlarına münasibətdə bərabər hüquq və vəzifələrə malik olmalarını nəzərə alıb belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilərək xx.xx.2004-cü il təvəllüdlü X6 və xx.xx.2006-cı il təvəllüdlü X2 üçün təyin olunan alimentin miqdarı artırılaraq hazırkı qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmaqla hər ay hər bir uşaq üçün 160 manat məbləğində müəyyən edilməli, xx.xx.2012-ci il təvəllüdlü X3 üçün hər ay 160 manat aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qətnamə bu hissədə dərhal icra edilməli, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, məhkəmə xərcləri bərabər hissələrdə tərəflərə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış, öz qətnaməsini məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1811/2009 saylı xx.xx.2009-cu il tarixli qətnaməsi ilə xx.xx.2004-cü il təvəllüdlü X6 və xx.xx.2006-cı il təvəllüdlü X2 üçün Cavabdeh tutulan alimentin miqdarı artırılsın. Hazırkı qətnamə qanuni qüvvəsinə mindiyi gündən hesablanmaqla xx.xx.2004-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 160 manat aliment İddiaçı xeyrinə tutulsun. Hazırkı qətnamə qanuni qüvvəsinə mindiyi gündən hesablanmaqla xx.xx.2006-cı il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 160 manat aliment İddiaçı xeyrinə tutulsun. xx.xx.2022-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatanadək xx.xx.2012-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 160 manat aliment tutulsun. Cavabdeh dövlət rüsumuna görə 50 manat dövlət nəfinə tutulsun. Qətnamə xx.xx.2012-ci il təvəllüdlü X1 üçün alimentin tutulması ilə bağlı hissədə dərhal icra edilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar