Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2452/2022 19.05.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı istifadə hüququnun itirilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanına cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və onun himayəsində olan X6 istifadə hüquqlarının itirilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Binəqədi rayonu, Azadlıq prospekti, ev 28/188, mənzil 13 ünvanında 31.80 kvadrat metr ümumi sahədən ibarət mənzili 19 fevral 2022-ci il tarixində Cavabdeh2 nümayəndəsi X3 ilə alqı-satqı müqaviləsi bağlayaraq almışdır. Hal-hazırda mənzil onun xüsusi mülkiyyətindədir. Cavabdehlər qeydiyyatdan çıxmalarını öhdələrinə götürsədə bu günki günə qədər çıxmayıblar. Cavabdehlər ona məxsus olan evdə qeydiyyatda olsalar da, həmin evdə yaşamırlar. Cavabdehlərin onun evində qeydiyyatda olması formal xarakter daşımaqla bərabər onun mülkiyyətçi kimi hüquqlarını da pozur. Əvvəla, o, cavabdehlərin əvəzinə kommunal xərclərdə əlavə ödənişlər etməli olur. İkincisi, də cavabdehlərin onun mənzilində qeydiyyatda qalması onun həmin evlə bağlı sərəncam vermək və sair hərəkətlər etmək hüquqlarını məhdudlaşdırır. Nəzərə alınmalıdır ki, şəxsin pasport qeydiyyatı onun yaşayış yeri üzrə olmalıdır. Çünki, şəxsin öz yaşayış yeri üzrə qeydiyyatda olması şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi məsələsini asanlaşdırır. Cavabdehlərin isə faktiki olaraq, başqa yerdə yaşaması amma onun evində qeydiyyatda olması onların dövlət və cəmiyyət qarşısında da vəzifələrinin icrasına ciddi maneələr yaradır. Məhkəmə iclasında iştirak edən iddiaçı yuxarıda qeyd edilən məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, iş materiallarında olan: 19 fevral 2022-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, ev 28/188, 13 saylı mənzili satıcı Cavabdeh2 tərəfindən alıcı İddiaçı satılaraq sonuncunun mülkiyyətinə verilmişdir. Müqavilənin 13-cü bəndinə əsasən satıcı Cavabdeh2 19 aprel 2022-ci il tarixinədək mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürür; 1 saylı Bakı “ASAN Xidmət” X4 tərəfindən verilmiş 19 fevral 2022-ci il tarixli, 05/Q- 1008/69 nömrəli arayışın surətindən görünür ki, Cavabdeh3 və X1 Könül Cabir qızının övladlarıdır; Notariat qovluğunda olan 19 fevral 2022-ci il tarixli Cavabdeh3 ərizəsinin surətindən görünür ki, o, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, ev 28/188, 13 saylı mənzilin satılmasına etiraz etməmiş, müqavilədə nəzərdə tutulan müddətdə yaşayış sahəsini tərk etməyi və yaşayış yeri üzrə qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür; Notariat qovluğunda olan 19 fevral 2022-ci il tarixli aktdan görünür ki, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, ev 28/188, 13 saylı mənzilin Bakı şəhəri 51 saylı Notariat ofisində alqı-satqı müqaviləsi rəsmiləşdirilərkən sənədlərə baxış keçirilmiş və “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə mənzildə daimi qeydiyyatda olan şəxslər barədə arayış əldə olunarkən evdə kənar şəxslərin qeydiyyatda olması aşkarlanmışdır. Lakin mülkiyyətçinin etibarnamə üzrə nümayəndəsi X5 həmin şəxslərin mükiyyətçinin ailə üzvləri olmadığını və bu mənzilə heç bir aidiyyətinin olmadığını bildirmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən elektron çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, ev 28/188, 13 saylı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyatdan keçirilmiş və bu barədə 24 fevral 2022-ci il tarixdə qeydiyyat aparılmışdır; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 10 mart 2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və 24 noyabr 2006-cı il təvəllüdlü X9 Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, ev 28/188, 13 saylı mənzilində qeydiyyatdadırlar; 14 mart 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin l-ci və 2-ci hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinin tələbinə görə, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Həmin Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Mars Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Avropa Məhkəməsi “Sporronq və Lonnrot İsveçə qarşı” işdə qeyd edir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Məhkəmə iclasında müəyyən olundu ki, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, ev 28/188, 13 saylı mənzil Cavabdeh2 tərəfindən iddiaçıya satılmış, alqı-satqı zamanı cavabdehin qızı Cavabdeh3 buna etiraz etməmişdir. Digər Cavabdeh1 isə mənzilin alqı-satqısı zamanı həmin mənzildə qeydiyyatda olduğu aşkar edilsə də, o, mükiyyətçinin ailə üzvü olmadığı, habelə onun həmin mənzilə heç bir aidiyyətinin olmadığı müəyyən edilmişdir. Eyni zamanda o da müəyyən edildi ki, cavabdehlər həmin mənzildə qeydiyyatda olmalarına baxmayaraq hazırda həmin mənzildə yaşamırlar. Belə olan halda isə, cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzilə istifadə hüquqlarının olması, sonuncunun öz əmlakına sərbəst surətdə sərəncam vermək hüququnu, beləliklə də mülkiyyət hüququnu həyata keçirmək imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırmaqla, onun mülkiyyət hüququnu “şərti və qeyri-sabit xarakterli” etmiş olur. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 24 noyabr 2006-cı il təvəllüdlü X9 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, ev 28/188, 13 saylı mənzilinə istifadə hüquqları itirilməli, ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə müətnasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 24 noyabr 2006-cı il təvəllüdlü X9 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, ev 28/188, 13 saylı mənzilinə istifadə hüquqları itirilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-2452/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2452/2022
19.05.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver