Məhkəmə qərarları › İş №2(001)-2460/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2460/2022

03.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2460/2022 03.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı MMC-nin nümayəndəsi X2 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1.110 manat məbləğində borcun və ödənilmiş 31.10 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 1.141,10 manat pulun tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı “X6” MMC-nin nümayəndəsi X4 iddianı müdafiə edərək, bildirmişdir ki, aralarında bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə əsasən “Toyota Corolla” markalı, **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobil 1 ay müddətinə hər gün üçün 65 manat məbləğində pul ödəmək şərti ilə icarəyə verilmiş və avtomobil xx.xx.2021-ci il tarixdə ona təhvil verilmişdir. Eyni zamanda avtomobili idarə etmək üçün cavabdehə yol vərəqəsi (etibarnamə) yazılmışdır. Lakin cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş və ötən dövr ərzində cəmi 840 manat məbləğində ödəniş etmiş, həmçinin avtomobili də onlara rəsmi olaraq təhvil verməmişdir. Belə ki, cavabdeh avtomobili xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Abşeron rayonu, Məmmədli kəndində fəaliyyət göstərən Uğur marketin önündə açarı üstündə vəziyyətdə sahibsiz qoyaraq (ataraq) getmişdir. Onlar da avtomobili həmin yerdən götürmüşdülər. Nəticədə cavabdehin 1.110 manat məbləğində borcu yaranmışdır. Bununla bağlı cavabdehə xx.xx.2022-ci il tarixdə məktub göndərilərək, həmin məbləğin ödənilməsi ondan tələb edilmiş, lakin bu tədbirin də bir nəticə verməmiş, borc məbləğinin ödənilməsi təmin edilməmişdir. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfi dinləyib, məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, H812H nömrəli “nəqliyyat vasitəsinin icarə müqaviləsi”nə əsasən iddiaçı mülkiyyətində olan “Toyota Corolla” markalı, **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (sonuncu gün xx.xx.2021-ci il) cavabdehə icarəyə verməyi, cavabdeh isə avtomobili qəbul etməyi və avtomobildən istifadə etdiyi hər gün üçün 65 manat məbləğində pul ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Qeyd edilən avtomobil iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə cavabdehə təhvil verilmiş, eyni zamanda avtomobili idarə etmək üçün cavabdehə yol vərəqəsi (etibarnamə) verilmişdir. Hazırda iddiaçı cavabdehin xx.xx.2021-ci il tarixli müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyini, ötən dövr ərzində cəmi 840 manat məbləğində ödəniş etdiyini, avtomobilin isə cavabdeh tərəfindən onlara rəsmi olaraq təhvil verilmədən xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Abşeron rayonu, Məmmədli kəndində fəaliyyət göstərən Uğur marketin önündə açarı üstündə vəziyyətdə sahibsiz qoyulduğunu (atıldığını), nəticədə cavabdehin 1.110 manat məbləğində borcunun yarandığını, bununla bağlı ona xx.xx.2022-ci il tarixdə məktub göndərilərək, həmin məbləğin ödənilməsinin tələb edildiyini, lakin bu tədbirin də nəticəsinin olmadığını bildirir və bu məbləğin, habelə ödənilmiş 31,10 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulmasını tələb edir. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli akta və maliyyə arayışına əsasən “Toyota Corolla” markalı, **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək idarə edildikdən sonra icarə haqqının bir günü 65 manat olmaq şərti ilə 30 gün müddətinə hesablanan 1.950 manat məbləğində icarə haqqının 840 manat hissəsini ödəmiş, qalan 1.110 manat hissəsinin ödənişini təmin etməmiş və həmin avtomobili Bakı şəhəri, Abşeron rayonu, Məmmədli kəndində fəaliyyət göstərən Uğur marketin önündə açarı üstündə vəziyyətdə xx.xx.2021-ci il tarixdə iddiaçıya təhvil vermədən atıb getmişdir. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktuba əsasən iddiaçı tərəfindən cavabdehə xx.xx.2021-ci il tarixli icarə müqaviləsi üzrə 1.110 manat məbləğində borcun yaranması barədə məlumat verilmiş və həmin borcun 3 gün ərzində ödənilməsi ondan tələb edilmiş, əks halda qeyd edilən məbləğin tutulması tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə ona xəbərdarlıq edilmişdir. Həmin məktubdan sonra da qeyd edilən müqavilə üzrə hər hansı məbləğdə ödənişin aparılması müəyyən edilmir. İddiaçının qeyd etdiyi 840 manat məbləğində puldan artıq hər hansı məbləğin ödənildiyini təsdiq edən sübut mövcud deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirib, qanunvericiliyin yuxarıda göstərilən müddəalarını rəhbər tutub, belə qənaətə gəlir ki, cavabdeh xx.xx.2021-ci il tarixli icarə müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, müəyyən edilmiş icarə haqqını müqavilədə nəzərdə tutulan vaxtda və qaydada tam ödəməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə, iddiaçı tərəfindən tələb edilən əsas borcun məbləğini nəzərdən keçirib, iddiaçı tərəfindən təqdim edilən maliyyə arayışını mötəbər sübut kimi qiymətləndirib, belə qənaətə gəlir ki, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslıdır və təmin edilməli, xx.xx.2021-ci il tarixli müqavilə üzrə ödənilməli olan, lakin ödənilməmiş 1.110 manat məbləğində əsas borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, hər gün üzrə 65 manat olmaqla 30 gün üçün ümumi icarə haqqı məbləği (65 x 30 = 1.950 manat) 1.950 manat təşkil edir. Bu məbləğin də 840 manat hissəsinin ödənildiyi nəzərə alındığı halda (1.950 – 840 = 1.110 manat) qalıq borc məbləği məhz 1.110 manat təşkil etmiş olur. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli “Nəqliyyat vasitəsinin icarə müqaviləsi” üzrə 1.110 manat məbləğində borc, habelə ödənilmiş 31,10 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq, İddiaçı MMC-yə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli “Nəqliyyat vasitəsinin icarə müqaviləsi” üzrə 1.110 (bir min bir yüz on) manat məbləğində borc, habelə ödənilmiş 31,10 (otuz bir manat, on qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq, İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar