Məhkəmə qərarları › İş №2(001)-2468/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2468/2022

12.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2468/2022 12.05.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Bakı şəhəri 20 saylı Notariat ofisini qeyd edərək, mərhum anası Maraqlı şəxs2 miras qalmış LEXUS LX570 minik markalı, 90RG100 dövlət qeydiyyat nişanlı avtomobilin qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin anası Maraqlı şəxs2 05 yanvar 2021-ci il tarixdə "Ürəyin işemik xəstəliyinin digər forması" xəstəliyindən vəfat etmişdir. Ərizəçi anası Maraqlı şəxs2 miras qalmış 90RG100 nişanlı LEXUS-LX570 markalı minik avtomobilə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün Bakı şəhəri 20 saylı Notariat ofisinə ərizə ilə müraciət etmişdir. 23 noyabr 2021-ci il tarixdə Bakı şəhəri 20 saylı Notariat ofisi 368 nömrəli məktubunda ərizəyə cavab olaraq bildirilmişdir ki, ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi imkan xaricindədir. Bununla əlaqədar ona məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahatında məhkəməyə bildirdi ki, 90RG100 Lexus LX570 markalı avtomobil anası Maraqlı şəxs2 mülkiyyətində olmuş, anası 05.01.2021-ci il tarixdə öləndən sonra o, avtomobili faktiki olaraq qəbul etmiş, lakin avtomobil anasının adında qaldığı üçün ondan istifadə edə bilməmişdir. Digər vərəsə olan bacısı avtomobilin onun mülkiyyətinə keçməsinə etiraz etmir, lakin notariusda ona bildirilmişdir ki, vərəsəlik haqqında şəhadətnamə verilməsi üçün o, məhkəməyə müraciət etməlidir. Maraqlı şəxs Bakı şəhəri 20 saylı Notariat ofisi 06.05.2022-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Ölüm haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs2 05.01.2021-ci il tarixdə ölmüşdür. İş materiallarında olan “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, LEXUS LX570 minik markalı, 90RG100 dövlət qeydiyyat nişanlı avtomobil Maraqlı şəxs2 mülkiyyətindədir. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1976-cı il təvəllüdlü Ərizəçi və 20.03.1978-ci il təvəllüdlü X1 atası X2, anası isə Maraqlı şəxs2dır. İş materiallarında olan Bakı şəhəri 20 saylı Notariat Ofisinin 23.11.2021-ci il tarixli, 368 saylı məktubundan görünür ki, müddətin ötürülməsi səbəbindən Ərizəçi vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmiş və ona məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində məhkəməyə bildirdi ki, o, ərizəçinin bacısıdır, LEXUS LX570 minik markalı, 90RG100 dövlət qeydiyyat nişanlı avtomobil analarının istifadəsində olmuş və anaları öləndən sonra həmin avtomobil faktiki olaraq qardaşının mülkiyyətinə keçmiş, həmin avtomobili qardaşı miras əmlak olaraq qəbul etmiş, lakin hal-hazıradək həmin avtomobili adına rəsmiləşdirə bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində məhkəməyə bildirdi ki, o, ərizəçinin arvadıdır, LEXUS LX570 minik markalı, 90RG100 dövlət qeydiyyat nişanlı avtomobil qayınanasının istifadəsində olmuş və qayınanası öləndən sonra həmin avtomobil faktiki olaraq əri Ərizəçi miras əmlak olaraq qəbul etmiş, lakin hal-hazıradək həmin avtomobili adına rəsmiləşdirə bilməmişdir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında qeyd olunmuşdur ki, ... məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 99-cu bəndinin 5-ci hissəsində qeyd olunmuşdur ki, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi mərhum anası Maraqlı şəxs2 miras qalmış LEXUS LX570 minik markalı, 90RG100 dövlət qeydiyyat nişanlı avtomobili qəbul etməsi faktı müəyyən edilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi mərhum anası Maraqlı şəxs2 miras qalmış LEXUS LX570 minik markalı, 90RG100 dövlət qeydiyyat nişanlı avtomobili qəbul etməsi faktı müəyyən edilsin. Hazırkı məhkəmə qətnaməsi ərizəçinin adına (LEXUS LX570 minik markalı, 90RG100 dövlət qeydiyyat nişanlı avtomobilə dair) vərəsəlik haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar