Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2497/2025 12.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti) “əmək müqaviləsinə xitam verilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC ilə onun arasında bağlanan xx.xx.2024-cü il tarixli rəsmi əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun heç bir xəbəri olmadan cavabdeh "xxxx" MMC xx.xx.2024-cü il tarixdə onunla rəsmi olaraq əmək müqaviləsi bağlamışdır. O, pensiya işi ilə bağlı Dövlət Sosial Müdafiəsi Fonduna müraciət etmiş, oradan ona bildirmişlər ki, cavabdehlə aralarında xx.xx.2024-cü il tarixli rəsmi əmək müqaviləsi mövcuddur. O, isə bunun qanunsuz olduğunu və heç bir əmək müqaviləsinə imza atmadığını bilirmişdir. Cavabdehə onunla aralarında bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı fəaliyyət göstərdiyi ünvan 1 ünvana müraciət etsə də, həmin ünvanda heç kim olmamışdır. Daha sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X2 Xidməti Bakı şəhər Ərazi İdarəsinə ərizə ilə müraciət edərək həmin əmək müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. Lakin oradan ona, əmək müqaviləsinə xitam verilməsinin mümkün olmadığını bildirmişlər. O, hazırda əmək pensiyası ilə bağlı müraciət etmək fikrindədir, lakin adının işdə getməsi və rəsmi əmək müqaviləsinin qüvvədə olması onun öz hüquqlarından istifadə etməsinə mane olur. Bundan sonr o, xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X2 Xidmətinə müraciət etmiş, ordan isə ona bildirmişlər ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlmlar dayandırıldığından, müraciətdə göstərilən halın yerində araşdırılması mümkün olmamışdır. Həmçinin ona bildirmişlər ki, onunla cavabdeh arasındakı rəsmi qaydada bağlanan müqavilənin pozulması vəzifəsi işəgötürən tərəfindən icra edilməsi mümkün deyilsə, bu barədə məhkəməyə müraciət etməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, onun xəbəri olmadan cavabdeh "xxxx" MMC xx.xx.2024-cü il tarixdə onunla rəsmi olaraq əmək müqaviləsi bağlamışdır. Cavabdehə onunla aralarında bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı məlum olan ünvanına müraciət etsə də, həmin ünvanda heç kim olmamışdır. Daha sonra o, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə müraciət etmiş və oradan ona, əmək müqaviləsinə xitam verilməsinin mümkün olmadığını bildirmişlər. Bu səbəbdən də o, məhkəməyə müraciət etmişdir. Göstərdiklərini nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə çatdırılması üçün məhkəmə bildirişi Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 147-ci maddəsinin tələblərinə uyğun olaraq göndərildiyindən, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 03 dekabr 2024-cü il tarixli məktubundan görünür ki, sonuncunun müraciəti ilə əlaqədar pozuntuların dəqiqləşdirilməsi və izahat alınması məqsədi ilə Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyova kçəsi, 29/17 ünvanına 3-17-5/2-N-81914/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktub ünvanlanmış, lakin o, araşdırmaya müvafiq qaydada izahatını təqdim etməmişdir. Araşdırma zamanı "xxxx" MMC-nin Bakı şəhəri, ünvan 4 ünvanına xx.xx.2024-cü il tarixli, 3-17-5/2-82441/2024 nömrəli məktubla müraciət olunaraq sonuncuya aid olan sənədlərin, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinə müvafiq olaraq təqdim edilməsi tələb olunmuşdur. Lakin, tələb olunan sənədlərin təqdim olunması müəssisə tərəfindən təmin edilmədiyindən müraciətinin araşdırılmasını başa çatdırmaq mümkün deyildir. Bununla yanaşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” altsisteminə baxış keçirilərkən İddiaçı ilə Cavabdeh MMC-nin işə götürəni arasında bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsinin qüvvədə olması müəyyən edilmişdir. Həmçinin qeyd edilmişdir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar xx.xx.2025-ci il tarixinədək dayandırıldığından müraciətdə göstərilən halların yerində araşdırılması və müvafiq tədbirlərin görülməsi mümkün olmamışdır. Qeyd olunanlara əsasən bildirilmişdir ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işə götürənə müraciət etməlidir. Əgər işəgötürən tərəfindən bu vəzifə icra edilməzsə və ya işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə əmək müqaviləsi məhkəmə tərəfindən xitam verilmiş hesab edilməli və əmək müqaviləsinin qüvvədən düşməsi ilə bağlı “Əmək və Məşğulluq” alt sistemində qeydlərin aparılması hüququ X1 həvalə edilməlidir. İddiaçı tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanmış pretenziyadan görünür ki, onunla bağlanılmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi tələb edilmişdir. Əks təqdirdə tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəməyə müraciət olunacağı barədə xəbardar edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 22 may 2025-ci il tarixli məktubdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) 2023-cü il üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələrinə əsasən işçisi olmuş İddiaçı (FİN: xxxxxxx) üçün hesablanmış əmək haqqının 3247.6 manat, məcburi dövlət sosial sığorta haqqının 811.91 manat, işsizlikdən sığorta haqqının 32.48 manat və icbari tibbi sığorta haqqının isə 239.90 manat olduğu müəyyən olunmuşdur. Əlavə olaraq qeyd edilmişdir ki, vergi ödəyicilərinin vahd dövlət reyestr məlumatına əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) fəaliyyətinin xx.xx.2025-ci il tarixə aktiv vəziyyətdə olması barədə məlumat müəyyən edilmişdir. Bakı 8 saylı Mediasiya Təşkilatının xx.xx.2025-ci il tarixli arayışından görünür ki, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı əmək mübahisəsi üzrə ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş, məlumat verilməsinə baxmayaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi iştirak etməmişdir. 50 manat məbləğində İMS və 10 manat poçt kargüzarlıqla bağlı mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİ-İV hissələrinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 3.5-ci maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir; 3.5-1-ci maddəsinə görə əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması elektron informasiya sistemində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır; 9-cu maddəsinin b) bəndinə əsasən əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək işçinin əsas hüquqlarından biri kimi təsbit edilmişdir; 42.1-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz; 49.1-ci maddəsinə bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. 69.1-ci maddəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. 69.2-ci maddəsinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “M.Məmmədovanın şikayəti üzrə məhkəkə aktlarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı iddiaçı cavabdeh MMC-yə pretenziya ilə müraciət etmiş, lakin cavabdeh tərəfindən pretenziyaya münasibət bildirilməmişdir. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, iddiaçının hazırkı iddiası əsaslıdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Cavabdeh isə göstərilənlərə dair hər hansı sübutlarını nəinki məhkəməyə təqdim etməmiş, eyni zamanda təyin edilmiş məhkəmə iclaslarının heç birində nümayəndəsinin iştirakını təmin etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə qətnaməsi ilə iddiaçının hüququnu müdafiə etmək məqsədi ilə iddia təmin edilməli, iddiaçının pozulmuş əmək hüquqları bərpa edilməli, İddiaçı ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə xitam verilməli və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə həvalə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbayacn Respublikası Qanununun 9.1 və 9.1.1 maddələrinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilir. Məhkəmə həmçinin hesab edir ki, cavabdehdən 100 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsi hesabına ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. İddiaçı ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) arasında bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə xitam verilsin və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə həvalə edilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 100 (bir yüz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsi hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-2497/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2497/2025
12.06.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver