Məhkəmə qərarları › İş №2(001)-2510/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2510/2022

29.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2510/2022 29.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi faktın müəyyən olunmasına dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, doğum tarixlinin 01 mart 1957-ci il olmasına dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, o, 1957-ci ilin mart ayında Ermənistanın Amasiya rayonunun Güllübulaq kəndində doğulmuşdur. Amasiya rayon qeydiyyat şöbəsi tərəfindən adına tərtib edilmiş 63 saylı, 03 dekabr 1967-ci il tarixli doğum haqqında akt qeydində doğum tarixi 1957-ci il kimi qeyd olunsa da, gün və ay göstərilməmişdir. Həmin qeydə əsaslanaraq şəxsiyyət vəsiqəsi və digər sənədlərində də doğum tarixi gün və ay göstərilmədən 1957-ci il kimi qeyd edilmişdir. Halbuki, ona verilmiş komsomol biletində düzgün olaraq doğum tarixi 1957-ci ilin mart ayı göstərilmişdir. Bundan başqa, əgər onun doğum tarixi həqiqətən də 1957-ci ilin sentyabr ayından sonra olsaydı, o, birinci sinifə 1964-cü ildə deyil, 1965-ci ildə getməli olardı. Lakin, 8-ci sinifi bitirməyinə dair attestatdan görünür ki, o, 1972-ci ildə həmin sinifi bitirmişdir. Hamıya məlumdur ki, SSRİ dövründə 7 yaşına matmamış uşaqların məktəbə qəbulu mümkün ola bilməzdi. O, doğum haqqında akt qeydində düzəliş edilməsi ilə bağlı Maraqlı şəxsnə müraciət etməsinə baxmayaraq, həmin orqan müraciətinin təmin edilməsindən imtina etmişdir. Buna görə də o, hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Sonda Ərizəçi məhkəmədən göstərilənləri nəzərə alıb ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəməyə ərizə ünvanlayaraq, ərizəçinin tələbinə etirazlarının olmadığını, işin həllini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmişdir. Mülki iş materiallarında olan: - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi doğum tarixi 1957-ci il kimi göstərilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən Ərizəçi ünvanlandırılmış 04 fevral 2022-ci il tarixli məktubda göstərilmişdir ki, “yaşınız 65-dən az olduğundan (şəxsiyyət vəsiqənizdə doğum tarixiniz xx.xx.1957-ci il olaraq göstərildiyindən 31.12.1957-ci il kimi nəzərə alınır), həmçinin İ dərəcəli əlilliyiniz olmadığından sizə sabiq dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 2.26-cı bəndinə əsasən Ədliyyə Nazirliyinin müvafiq rayon (şəhər) qeydiyyat şöbəsinə müraciət etdiyiniz təqdirdə sənədlərinizdə doğum tarixiniz 01.07.1957-ci il olaraq göstərilə bilər.” - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlandırılmış 18 fevral 2022-ci il tarixli məktubda göstərilmişdir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 nömrəli Qərarına əsasən, 2.26. Doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə doğum ayı və günü qeyd olunmadan doğum ili göstərilmişdirsə, Qeydiyyat şöbəsi və konsulluq idarəsi tərəfindən doğum haqqında akt qeydinin tamamlanması zamanı, ərizəçinin arzusu ilə doğum günü həmin ilin iyul ayının 1-i göstərilir. Əgər ilin birinci yarısı doğum vaxtı kimi göstərilmişdirsə, doğum günü həmin ilin aprel ayının 1-i, ilin ikinci yarısı göstərilmişdirsə, doğum günü həmin ilin oktyabr ayının 1-i göstərilir. Doğum günü qeyd olunmadan, doğum ili və ayı göstərilən hallarda, doğum günü həmin ayın 15-i göstərilir... Ermənistan Amasiya rayon Güllübulaq sovetliyi tərəfindən tərtib edilmiş 03.12.1967-ci il tarixli, 63 saylı doğum haqqında şəhadətnamə şöbə tərəfindən qeydiyyata alınmadığından doğum tarixinə düzəliş etməyimiz mümkün deyildir.” - 27387863 nömrəli komsomol biletinin surətindən görünür ki, Ərizəçi doğum tarixi kimi 1957-ci ilin mart ayı göstərilmişdir. - Səkkizillik təhsil haqqında Şəhadətnamənin surətindən görünür ki, 1957-ci ildə doğulmuş Ərizəçi 1972-ci ildə Ermənistan SSR Amasiya rayonu Gülbulaq k/sov. orta məktəbin səkkizinci sinfini bitirmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki – Prosessual Məcəlləsinin: - 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. - 307.2 və 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, məhkəmə hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il tarixli, 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 2.26-cı bəndində göstərilmişdir ki, doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə doğum ayı və günü qeyd olunmadan doğum ili göstərilmişdirsə, Qeydiyyat şöbəsi və konsulluq idarəsi tərəfindən doğum haqqında akt qeydinin tamamlanması zamanı, ərizəçinin arzusu ilə doğum günü həmin ilin iyul ayının 1-i göstərilir. Əgər ilin birinci yarısı doğum vaxtı kimi göstərilmişdirsə, doğum günü həmin ilin aprel ayının 1-i, ilin ikinci yarısı göstərilmişdirsə, doğum günü həmin ilin oktyabr ayının 1-i göstərilir. Doğum günü qeyd olunmadan, doğum ili və ayı göstərilən hallarda, doğum günü həmin ayın 15-i göstərilir. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, ərizədə qeyd olunan xüsusatlar sübutlarla öz təsdiqi tapdığından ərizə təmin olunaraq Ərizəçi doğum tarixinin 01 mart 1957-ci il olmasına dair hüquqi fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki – Prosessual Məcəlləsinin: - 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. - 341-ci maddəsinə əsasn vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. Ərizəçi 01 mart 1957-ci il tarixdə Ermənistan SSR, Amasiya rayonunun Güllübudaq kəndində doğulmasına dair hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar