Məhkəmə qərarları › İş №2(001)-2514/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2514/2021

17.05.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2514/2021 17.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh və onun nümayəndəsi (vəkili) X17, Cavabdehlər X5, X13 və X6 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh, X7, X15 və X8 qarşı “mənzilə köçürülmə və mənzildən çıxarılma” tələbinə dair mülki işə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İddiaçı iddia ərizəsi ilə, daha sonra isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, onun azyaşlı uşaqları ilə birlikdə ünvan 1 ünvanında yerləşən birmərtəbəli yaşayış evinə köçürülməyi və həmin mənzildə yaşayan cavabdehlər X5, X13 və X6 azyaşlı ailə üzvləri ilə birlikdə həmin mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2010-cu ilin iyun ayında Arif Xəlilovla faktiki nikaha daxil olduqdan sonra qaynatası, Cavabdeh məxsus ünvan 2 ünvanında yerləşən birmərtəbəli yaşayış evinə gəlin köçmüş, bir müddət sonra isə Arif Xəlilovla nikahlarını rəsmiləşdirmişlər. 2011-ci ildə qızı Fatimə, 2012-ci ildə özü, 2016-cı ildə isə oğlu Əfqan cavabdehin rəsmi razılığı əsasında sözügedən fərdi yaşayış evində pasport qeydiyyatına düşmüşlər. Uzun müddət ərzində gəlin gəldiyi evdə həyat yoldaşı və azyaşlı uşaqları ilə bərabər yaşamışdır. 2018-ci ildə yaşadığı ərazini su basdığından, digər sakinlər kimi onların da yaşadıqları ev yararsız hala düşmüşdür. Yararsız hala düşmüş yaşayış evinin təmiri dövründə həyat yoldaşı və azyaşlı uşaqlarla birlikdə sözügedən ünvanda, eyni həyətdə, Cavabdeh məxsus ikimərtəbəli evə müvəqqəti köçüb, cehiz və bütün ev əşyalarını da ora gətirmişdir. Valideynlərinin köməyi və digər qohumlarından aldığı borc pul, habelə həyat yoldaşının qazancı hesabına yarasız hala düşmüş yaşayış evini yenidən tikmişlər. Yaşayış evində təmir gedən dövrdə cavabdehə məxsus ikimərtəbəli evdə, onun davranışı səbəbindən rahat yaşamaq mümkün olmadığından bir müddət əvvəl azyaşlı uşaqlarla birlikdə təmir gedən yaşayış evində inşaat işləri qurtaranadək valideynlərinə məxsus evə gəlmişdir. Bununla belə, gəlin köçdüyü, pasport qeydiyyatında olduğu və uzun müddət ərzində yaşadığı yaşayış evində təmir qurtardıqdan sonra Cavabdeh həmin evə onun razılığı olmadan tanımadığı şəxsi köçürmüşdür. Hazırda həmin evdə kimin yaşaması, cavabdehin nə zaman və hansı qaydada həmin şəxsi onun və həyat yoldaşının vəsaiti hesabına yenidən tikilmiş evə köçürməsinə dair rəsmi qaydada hər hansı məlumat əldə edə bilməmişdir. Hesab edir ki, uzun müddət ərzində yaşadığı və vəsaiti hesabına yenidən tikilmiş evə onun icazəsi və xəbəri olmadan cavabdehin başqa şəxsi köçürməsi qanunsuzdur və onun mənzil hüququnu pozur. Dəfələrlə müraciət etməyinə baxmayaraq, Cavabdeh gəlin köçdüyü, vəsaiti hesabına təmir olunmuş yaşayış evinə köçməyinə şərait yaratmamış, həmin evə qanunsuz köçürdüyü digər şəxsin oradan çıxarılmasını təmin etməmişdir. Odur ki, ünvan 2 ünvanında yerləşən yaşayış evinə azyaşlı uşaqları ilə birlikdə köçürülməyi üçün məhkəməyə müraciət etməyi zəruri olmuşdur. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışı ilə müəyyən olunur ki, ünvan 3 ünvanda yerləşən evdə pasport qeydiyyatında digər şəxslərlə yanaşı o və azyaşlı uşaqları da vardır. Binəqədi RİHB-nin M.Ə.X19 Ərazi Dairəsi üzrə Nümayəndəliyindən təqdim olunmuş 14-18/018 saylı, 04 fevral 2021-ci il tarixli arayışdan görünür ki, ünvan 2 ünvanda yerləşən fərdi yasayış evi özbaşına tikilidir. Gəlin köçüb uzun müddət ərzində yaşadığı, yararsız hala düşdükdən sonra vəsaiti hesabına yenidən tikdirdiyi yaşayış sahəsi özbaşına tikili olduğundan, Cavabdeh həmin tikili üzərində hər hansı hüququnu təsdiq edən sübutu olmadığından, onun yaşayış evinə köçməyinə və ondan istifadə etməyinə yönələn hərəkətləri qanunsuz hesab olunmalıdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Daha sonra iddiaçı iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, ərizəsini onunla əsaslandırmışdır ki, məhkəmənin 08 may 2021-ci il tarixdə həyata keçirdiyi yerli baxış zamanı məlum olmuşdur ki, gəlin köçüb təxminən iki il ərzində yaşadığı, bir müddət fasilədən sonra onun və həyat yoldaşının vəsaiti hesabına əsaslı təmir olunmuş sözügedən ünvanda yerləşən birmərtəbəli 3 otaqlı yaşayış evində digər şəxslər yaşayırlar. Əvvəllər həmin şəxslərin ad, soyad və ata adları ona məlum olmadığından onlara qarşı mənzildən çıxarılma tələbi ilə məhkəməyə iddia ərizəsi təqdim edə bilməmişdir. Hesab edir ki, Cavabdeh qarşı mənzilə köçürülmə barədə iddia tələbi ilə yanaşı cavabdehlər Rəqibə Quliyevaya, Xəyal Rüstəmova və Gülmira Rüstəmovaya qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsinə də hazırkı icraat çərçivəsində baxılıb müvafiq qətnamə qəbul olunmalıdır. Bundan əvvəl məhkəmənin diqqətinə çatdırılmışdır ki, ünvan 2 ünvanında yerləşən bir mərtəbəli yaşayış evinə gəlin köçmüşdür. Məhkəmə iclasında iş üzrə ifadə verib iddia ərizəsinin məzmununda dəqiqləşmə apararaq diqqətə çatdırmışdır ki, rəsmi nikaha daxil olamışdan əvvəl gələcək həyat yoldaşı Arif Xəlilova qoşulub qaçmış və həmin zaman hazırkı məhkəmə mübahisəsinin predmeti olan birmərtəbəli yaşayış evinə gəlmişdir. Təxminən 2 aydan sonra valideynləri ilə barışıq əldə etdikdən sonra el adəti ilə evlənib daha sonra rəsmi qaydada nikaha daxil olmuşdur. 2011-ci ildə qızı Fatimə doğulmuşdur. Yaşadığı birmərtəbəli yaşayış evi təmirsiz və yaşamaq üçün əlverişsiz olduğundan 2012-ci ilin yay aylarında həmin həyətdə Cavabdeh ikimərtəbəli evinin ikinci mərtəbəsində olan otağına müvəqqəti köçmüşlər. İkimərtəbəli evə köçdüyü ərəfədə valideynləri tərəfindən ona verilmiş cehiz əşyaları da adıçəkilən ikimərtəbəli evin ona ayrılmış otağında və digər yerlərdə yerləşdirmişdir. Həmin vaxt onlar belə qərara gəlmişlər ki, ikimərtəbəli evdə müvəqqəti yaşasınlar, birmərtəbəli evi kirayəyə versinlər, təmir etdikdən sonra həmin evə köçüb ayrıca yaşasınlar. Bu qaydada, sözügedən ünvanda yerləşən birmərtəbəli evi bir neçə il ərzində kirayəyə vermişlər. Təxminən 2018-ci ildə yaşadıqları ərazidə güclü yağış yağdığından, həmin birmərtəbəli ev tam yararsız hala düşmüşdür. Həmin vaxtdan sonra qərara gəlmişlər ki, evin təmirinə başlasınlar və təmirdən sonra oraya köçsünlər. Təmir müddətində Cavabdehla münasibətləri gərginləşdiyindən o, azyaşlı uşaqlarla birlikdə təmir qurtaranadək valideynlərinin yaşadığı mənzilə köçmüşdür. Dəfələrlə təmir zamanı həmin mənzilə baş çəkmiş, işlərin gedişi ilə maraqlanıb təmir xərclərini həyat yoldaşı ilə yanaşı ödəmiş, təmir işlərində həyat yoldaşı A.Xəlilov ilə bilavasitə iştirak etmişdir. Sözügedən birmərtəbəli evi təmir etməkləri və təmirə xeyli maddi vəsait xərclədiklərini təsdiq edən şahidləri var. Lakin, təmir başa çatdıqdan sonra ona məlum olmayan şəraitdə Cavabdeh sözügedən birmərtəbəli yaşayış evini digər cavabdehlərə qeyri-rəsmi sataraq onları həmin mənzilə köçürmüşdür. Mənzilin ona və həyat yoldaşına məxsus olması, vəsaitləri hesabına təmir olunmasını diqqətə çatdırıb həmin mənzili boşaltmaq barədə tələbini cavabdehlər qəbul etməmişlər. Məhkəmə ilkin və əlavə iddia ərizəsində qeyd etdiklərini nəzərə alaraq onu ünvan 4 ünvanda yerləşən birmərtəbəli üçotaqlı yaşayış evinə köçürülməsi, habelə cavabdehlər Rəqibə Quliyevanın, Xəyal Rüstəmovun və Gülmira Rüstəmovanın azyaşlı ailə üzvləri ilə birlikdə həmin mənzildən çıxarılmaları barədə qətnamə qəbul etməlidir. Məhkəmə iclasında iddiaçı yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq isə qeyd etdi ki, o, 2010-cu ilin iyun ayında, Arif Xəlilovla faktiki nikaha daxil olduqdan sonra qaynatası Cavabdeh məxsus ünvan 1 ünvanda yerləşən birmərtəbəli yaşayış evinə gəlin köçmüşdür. Həmin vaxt həyətdə 3 ev var idi. İkimərtəbəli evdə qaynatasıgil qalırdı, mübahisə predmeti olan evdə isə onlar qalırdılar. Həmin ev təmirsiz idi. O, qaçdığı üçün ailə quran zaman ona cehiz verilməmişdi. 2 il sonra ona cehiz verilmişdir. Cehiz verilən zaman onlar müvəqqəti olaraq ikimərtəbəli evə köçdüklərindən cehiz əşyaları da oradadır. 2018-ci ildə yaşadıqları ərazini su basdığından mübahisə predmeti olan ev yarasız hala düşmüşdür. Yoldaşının vəsaiti ilə həmin ev təmir edilmişdir. Hazırda isə həmin ev başqa şəxsə satılmışdır. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, mübahisəli həyətdə yerləşən evlərin hər ikisi qaynatası tərəfindən inşa edilsə də, birmərtəbəli evi o, öz vəsaiti hesabına təmir etdirmişdir. həyətdəki ikimərtəbəli evdə qaynatasıgil qalır. Əvvəllər qaynı da qalırdı, indi onlar köçüblər. Qaynatası ilə yola getmədikləri üçün ikimərtəbəli evə köçmək istəmir. O, cavabdehin oğlu ilə qaçandan 2 ay sonra toy olmuşdur. Onlar həyətdəki birmərtəbəli təmirsiz evə köçmüşlər. Ona həmin vaxt cehiz verilməmiş, 2 il sonra cehiz verilmiş, həmin cehiz əşyalarını birbaşa ikimərtəbəli evə aparılmışdır. Hazırda o, atasıgildə, yoldaşı isə əmisigildə qalır. Yoldaşı ilə münasibətləri normaldır. O, birmərtəbəli satılan evdə qeydiyyatdadır. Ünvan ünvan 8 kimi gedir. Qaz sayğacı yoldaşının adınadır. 2010-cu ildən mübahisə predmeti olan birmərtəbəli evdə yaşamışdır. Atası cehiz verəndən sonra ikimərtəbəli evdə yaşamışdır. O, birmərtəbəli evdə yaşayan zaman telefon işlətməmişdir. Odur ki, heç bir şəkil yoxdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) iddiaçının izahatını müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, iddiaçı ikimərtəbəli evə gəlin gəlmişdir. Bunu təsdiq edən şahidlər var. Ona görə də hara gəlin gəlibsə orada köçməsinə etiraz etmir. O biri gəlin gələndən sonra aralarındakı münasibətlər pozulmuşdur. Mübahisə predmeti olan evi su basmamışdır, ikimərtəbəli evin arxasında yerləşən evi su basmışdır. Mübahisəli birmərtəbəli evi isə o, bir müddət kirayəyə vermiş, daha sonra isə Rəqibə Quliyevaya satmışdır. 1992-ci ildə Rusiyadakı evini Azərbaycandakı sənədli evlə dəyişmişdir. 2000-ci ildə həmin ərazidə olan sənədli evini satmışdır. Əldə etdiyi pulla öz ərazisində 2 mərtəbəli evi və digərlərini tikmişdir. 1994- 1995-ci ildə birinci dəfə sənədli evə qeydiyyata düşmüşdür. Ev satılandan sonra ikimərtəbəli evə qeydiyyata düşmüşdür. Sənədli evin ünvanı ünvan 5dirdi. Həmin ev elə hazırkı evinə yaxın yerləşirdi. İndi isə ünvan 6 ünvanında qeydiyyatdadır. İlk dəfə 1994-cü ildə birmərtəbəli evi tikmişdir. Birmərtəbəli evi kirayəyə vermişdir. Sayğacların biri onun, biri isə oğlunun adınadır. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi (vəkili) iddianı qəbul etməyərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, Cavabdeh iddiaçının mübahisəli ünvanda yerləşən ikimərtəbəli evə köçməsinə razıdır. Lakin, birmərtəbəli ev artıq Cavabdeh məxsus deyil, o ev digər cavabdeh olan Rəqibə Quliyevaya satılmışdır. Hazırda iddiaçının hazırki tələblə məhkəməyə müraciət etməsi düzgün deyil, özü də bilir ki, bu ev 2020-ci ildən satılmışdır. Məhkəmə iclasında cavabdeh X10 iddianı qəbul etməyərək bildirdi ki, hazırki mübahisə predmeti olan evin sahibi odur. Belə ki, 05 avqust 2020-ci il tarixdə Cavabdeh 45.000 manata həmin evi almışdır. Qeyd olunan ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığına görə onlar alqı-satqı müqaviləsi bağlaya bilməmişlər. Lakin, aralarında yazılı razılaşma olmuşdur. Hazırda öz evində pasport qeydiyyatındadır. Həmçinin ona verilmiş suala cavab olaraq bildirdi ki, hal-hazırda həmin evdə o, qızı, kürəkəni və azyaşlı nəvələri ilə birlikdə yaşayır. Göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh X20 iddianı qəbul etməyərək bildirdi ki, mübahisəli fərdi yaşayış evi üçün qaynanası 45.000 manat məbləğində pul ödəmiş və qeyd olunan evi Cavabdeh almışdır. 2020-ci ilin avqust ayından həmin ev qaynanasına məxsus olmaqla, onlar həmin ünvanda yaşayırlar. Hazırda iddiaçının bu tələblə məhkəməyə müraciət etməsi ədalətli deyildir. Göstərilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh X11 iddianı qəbul etməyərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, hazırda öz ailə üzvləri ilə birlikdə mübahisəli ünvanda yaşayır. Mübahisəli ev anasına məxsusdur, belə ki, həmin evin alınması üçün anası 45.000 manat məbləğində vəsait ödəmişdir. Hazırda isə iddiaçı bu cür əsassız iddia qaldırmaqla onları öz evlərindən çıxarmaq istəyir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Bakı şəhəri 26 saylı notariat ofisində, X10 (sifarişçi) ilə Cavabdeh (podratçı) arasında bağlanmış 05 avqust 2020-ci il tarixli podrat müqaviləsindən görünür ki, sifarişçi X10 ünvan 7 ünvanda fərdi yaşayış evinin təmir edilməsi və sifarişçiyə təhvil verilməsi müqabilində ikinci tərəf Cavabdeh ilə nəzərdə tutulan işi icra etmək üçün 45.000 manata razılaşdırılmışdır. Birinci tərəfindən göstərilən məbləğin 5.000 manatını nağd şəklində beh şəklində ödənilmişdir. Yerdə qalan 40.000 manatı isə hal-hazırda ikinci tərəfə ödəyir. 05 avqust 2020-ci il tarixli “evlərin alqı-satqı” müqaviləsindən görünür ki, ünvan 7 ünvanında fərdi yaşayış evi 45.000 manata Cavabdeh tərəfindən X1. X2, Cavabdeh və vasitəçi Eyvaz Bayramov tərəfindən imzalanmışdır. Qeyd olunan müqaviləyə əlavə edilmiş X13, X6, X3, X12 şahidliyi ilə X10 tərəfindən yazılmış 05 avqust 2020-ci il tarixli iltizama əsasən X10 evin dəyəri olan 45.000 manatı Cavabdeh tam olaraq ödəmişdir. Cavabdeh tərəfindən yazılmış 05 avqust 2020-ci il tarixli iltizama əsasən isə ona aid olan həyətyanı sahədə tikdiyi 3 otaqlı, 100 kv.m olan evi 45.000 manat dəyərinə satmışdır. 45.000 manatı tam olaraq almışdır, heç bir tələbi olmayacaqdır. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının M.Ə.X19 ərazi dairəsi üzrə nümayəndəliyinin Vəkil ünvanladığı 04 fevral 2021-ci il tarixli məktubundan görünür ki, H.Məmmədquluzadə küçəsi, ev 27 “B” ünvanında yerləşən fərdi yaşayış evi özbaşına tikilidir. Nümayəndəlikdə olan “ev kitabı”na əsasən ev sahibi Cavabdehdur. Sözügedən ünvanla əlaqə saxlanıldı və ev sakinlərinin bildirdiyinə görə ev satılmamışdır və həmin ünvanda hal-hazırda Cavabdeh ailəsi yaşayır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 31 avqust 2020-ci il tarixli, ******* saylı yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, ünvan 7 ünvanında Cavabdeh, X25, X27, X18, X14, X9, X21, Cavabdeh Arif oğlu qeydiyyatdadırlar. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məhkəmənin sorğusuna verdiyi 16 mart 2021-ci il tarixli cavab məktubundan görünür ki, ünvan 8 ünvanının qeydiyyatdan keçməsi haqqında məlumat daşınmaz əmlakın dövlət reyestrində aşkar edilməmişdir. Məhkəmə tərəfindən təyin edilmiş tərəflərin iştirakı ilə yerində müayinə zamanı müəyyən olunmuşdur ki, ünvan 9 ünvanında bir birinin yanında, ayrı giriş qapısı olan 2 ev var. Mübahisə predmeti olan ev 3 otaqdan, mətbəx və sanitar qovşaqdan ibarətdir. Otaqlar yaxşı təmirli olmaqla, bir-birindən təcrid olunmuş şəkildədir, hər bir otağın ayrıca qapısı vardır. Otaqlardan biri zal, digərləri isə yataq otaqları kimi istifadə olunur. Qonaq otağı və zal kimi istifadə olunan otaqların ölçüləri bir-birinə yaxın, yataq otağının biri isə nisbətən kiçikdir. Baxış zamanı həmçinin müəyyən edildi ki, evdə gənc ailə - X20, onun həyat yoldaşı X11, iki uşağı - Rüstəmli Ayxan və Rüstəmli Mehin, həmçinin X13 qaynanası X10 yaşayırlar. X4 təxminən 1 il əvvəl almışdır. Müayinə zamanı iddiaçının nümayəndəsi (vəkili) Vəkil bildirdi ki, iddiaçının tələbində göstərdiyi mübahisəli ev məhz bu evdir. Daha sonra, cavabdehin iddiaçının yaşamasını təklif etdiyi, iddiaçının məhz həmin evə köçərək orada yaşadığını bildirdiyi ikimərtəbəli evə baxış keçirildi. Baxış zamanı müəyyən edildi ki, ev iki mərtəbədən ibarət olmaqla, birinci mərtəbədə mətbəx, qonaq otağı və sanitar qovşağı, ikinci mərtəbədə isə bir birindən təcrid olunmuş, ayrı giriş qapıları olan 3 otaq var. İkinci mərtəbədəki otaqlardan biri qaynana və qaynatanın yataq otağı, biri digər oğlanlarının otağı (həmin otaqda hazırda oğlanlarının ailəsinə məxsus əşyalar olmaqla istifadə olunmur) və bir otaq iddiaçının otağı olmuşdur. Hazırda həmin otaq da istifadə olunmur. İkimərtəbəli evin birinci mərtəbəsindəki zalda olan künc divan, ikinci mərtəbəsindəki iddiaçının istifadəsindəki olmuş otaqdakı uşaq çarpayısı, yorğan döşəyin bir qismi və qab-qaşıq iddiaçıya məxsusdur. Əşyalardan bəziləri isə iddiaçı tərəfindən aparılmışdır. Hazırda həmin evdə Cavabdeh və onun həyat yoldaşı yaşayırlar. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, ünvan 9 ünvanında bir-birinin yanında, ayrı giriş qapıları olan 2 ev mövcuddur. Evlərdən biri ikimərtəbəli, digəri isə birmərtəbəli olmaqla özbaşına tikilidirlər. Qeyd olunan ünvanda yerləşən birmərtəbəli yaşayış evi Cavabdeh X5 qarşılıqlı razılığı əsasında 45.000 manata sonuncuya satılmış, sonuncu tərəfindən həmin məbləğ Cavabdeh ödənilmiş və fərdi yaşayışı evi sonuncuya təhvil verilmişdir. Həmin ev dövlət reyestrində qeydiyyata alınmadığından Cavabdeh ilə X10 həmin evin alqı-satqısını 05 avqust 2020-ci il tarixdə sadə yazılı formada rəsmiləşdirərək, daha sonra 05 avqust 2020-ci il tarixdə Bakı şəhəri 26 saylı notariat ofisində podrat müqaviləsi bağlamışlar. Hazırda ikimərtəbəli evdə Cavabdeh öz həyat yoldaşı ilə birlikdə yaşayır, digər birmərtəbəli evdə isə digər cavabdehlər X10, X20, X11 və azyaşlı uşaqları yaşayır. Hazırda iddiaçı azyaşlı uşaqları ilə birlikdə ünvan 9 ünvanında yerləşən birmərtəbəli fərdi yaşayış evinə köçürülməsini və cavabdehlər X5, X13, X6 və azyaşlı uşaqlarının həmin evdən çıxarılmalarını xahiş edir, cavabdehlər isə iddianı qəbul etmirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası); 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır; 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Məhkəmə qeyd edir edir ki, iddiaçının “evə köçürülmə” tələbinin əsaslı hesab edilməsi üçün iddiaçının əmlak hüquqlarının mövcud olması tələb olunur. Yəni onun mübahisəli evə istifadə hüququ mövcud olmalıdır ki, evə köçürülmə üçün əsas olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinin mənasına görə özbaşına tikinti hesab edilən yaşayış evinə hər hansı əmlak hüquqlarının, o cümlədən istifadə hüququnun əldə edilməsi mümkün deyildir. Bununla yanaşı Mülki Məcəllənin 180ci maddəsi özbaşına tikinti hesab edilən yaşayış sahəsindən istifadə etməni qadağan etmir, yəni həmin maddədə bunu qadağan edən müddəalar göstərilməmişdir. Eyni zamanda Mülki Məcəllənin 27.1-ci maddəsində göstərilmişdir ki, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Göründüyü kimi özbaşına tikinti olan yaşayış sahəsi də şəxsin yaşayış yeri kimi qəbul edilə bilər. Bu baxımdan məhkəmə hesab edir ki, iddianın əsaslı hesab edilməsi üçün mübahisəli evin iddiaçının vəsaiti hesabına əldə edilməsi və ya inşa edilməsi və yaxud təmir-tikinti işlərinin aparılması müəyyən olunmalıdır. Yalnız bu hallar təsdiq olunduqda mübahisəli tikili onun yaşayış yeri kimi qəbul edilə bilər və Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən onun iddiası əsaslı hesab edilə bilər. İddiaçı isə özü etiraf edərək bildirir ki, mübahisəli evi onun qayınatası inşa etmiş, o isə öz vəsaiti hesabına evi təmir etdirmişdir. Məhkəmə, hazırki iddianın əsaslı olub-olmamasına hüquqi qiymət verilərkən tərəflərin izahatları, bu izahatlarda mövcud olan ziddiyyətli məqamlar, iddiaçının mübahisəli mənzildə yaşadığını, onun vəsaiti hesabına təmir-tikinti işlərinin aparılmasını təsdiq edən sübutlar, iş materiallarında mövcud olan hər hansı digər hallar nəzərə alınmalı və nəticədə məhkəmə sərbəst daxili inamını rəhbər tutmalıdır. İş materiallarından isə müəyyən olunur ki, iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək 2010-cu ildə mübahisəli birmərtəbəli fərdi yaşayış evinə gəlin köçdüyünü və ailəsi ilə birlikdə həmin evdə yaşadığını, sonra mübahisəli fərdi yaşayış evin su basqını nəticəsində yaşamağa yararsız vəziyyətə düşdüyünü, bu səbəbdən evin təmir edilməsi üçün həmin ünvanda yerləşən digər ikimərtəbəli evə cehiz əşyaları ilə birlikdə müvəqqəti köçdüklərini, daha sonra isə yaranmış mübahisələr nəticəsində valideynlərinə məxsus evə gedərək orada yaşadığını bildirmişdir. Daha sonra isə iddia ərizəsinə əlavə verərək, rəsmi nikaha daxil olmamışdan əvvəl yoldaşı ilə birlikdə mübahisəli birmərtəbəli fərdi yaşayış evdə yaşadığını, 2012-ci ilin yay aylarında mübahisəli yaşayış evinin təmirsiz və yaşamağa yararsız halda olduğundan həmin həyətdə yerləşən ikimərtəbəli evin ikinci mərtəbəsinə müvvəqəti köçdüklərini və cehiz əşyalarınıda həmin evə yerləşdirdiklərini, mübahisəli birmərtəbəli evi bir neçə il kirayəyə verdiklərini, 2018-ci ildə güclü yağış yağdığından mübahisəli evin yararsız hala düşdüyünü, həmin evi təmir etdirdikdən sonra ora köçəcəklərini bildirmişdir. Məhkəmə iclasında isə iddiaçı bildirmişdir ki, valideynləri tərəfindən cehiz əşyaları ailə qurduqdan iki il sonra verilmiş və həmin əşyalar birbaşa mübahisəli həyətdə yerləşən ikimərtəbəli evə yerləşdirilmişdir. Göründüyü kimi, iddiaçı israrla mübahisəli həyətdə yerləşən birmərtəbəli fərdi yaşayış evinə gəlin getdiyini və orda yaşadığını bildirsə də, lakin onun tərəfindən verilmiş izahatlarda ziddiyyətli məqamlar öz əksini tapır ki, bu da iddiaçının verdiyi izahatların həqiqəti əks etdirməsinə əsaslı şübhələr yaradır. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Bunlarla yanaşı, iddiaçı ümumiyyətlə mübahisəli birmərtəbəli fərdi yaşayış evində yaşadığını, habelə mübahisəli birmərtəbəli fərdi yaşayış evini öz vəsaiti hesabına təmir etdirdiyini təsdiq edən hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Bunlardan əlavə, iş materialları ilə müəyyən olunmuşdur ki, mübahisəli birmərtəbəli fərdi yaşayış evi Cavabdeh tərəfindən X1. Belə ki, mübahisəli ev rəsmi reyestrdə qeydə alınmadığına görə onun alqı-satqısının qanunvericiliyə uyğun olaraq notarial formada rəsmiləşdirilməsi qeyri-mümkün olmuşdur. Bu baxımdan hazırki mübahisəyə mülki qanunvericiliyin daşınmaz əmlakın alqı-satqısını tənzimləyən maddi hüquq normalarının tədbiqi mümkün olmasa da, mübahisəli evin cavabdehlər Cavabdeh ilə X10 arasındakı razılaşmaya əsasən sonuncunun razılaşdıqları pul məbləğini Cavabdeh ödəyərək evi təhvil aldığı, hazırda da ailə üzvləri ilə birlikdə orada yaşadığı müəyyən edilmişdir. Ona görə də məhkəmə, iddiaçının “uşaqları birlikdə evə köçürülməsi və cavabdehlər X5, X13 və X6 azyaşlı ailə üzvləri ilə birlikdə mübahisəli mənzildən çıxarılmalar”ından ibarət iddia tələbini əsassız hesab edir və təmin edilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh, X7, X15 və X8 qarşı “mənzilə köçürülmə və mənzildən çıxarılma” tələbinə dair iddiası təmin edilməməli, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddiaçı cavabdehlər Cavabdeh, X7, X15 və X8 qarşı “mənzilə köçürülmə və mənzildən çıxarılma” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar