Məhkəmə qərarları › İş №2(001)-2520/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-2520/2025

21.02.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-2520/2025 21.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədən, 30-cu korpus ünvanında yerləşən mənzilə yaşayış hüququnun tanınması və həmin mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hesab edirəm ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2-ci və 149.2.2-ci maddələrinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) ərizədə göstərilməlidir. Təqdim edilmiş ərizədə qeyd olunan maddənin tələblərinə zidd olaraq, cavabdehin şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar göstərilməməklə yanaşı, Cavabdeh ünvanının Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədən, 30-cu korpus olması göstərilsə də, lakin onun şəxsiyyət vəsiqəsinin seriya nömrəsi göstərilmədiyindən, “Elektron məhkəmə” informasiya sistemində onun barəsində heç bir məlumatı aşkar etmək mümükün olmamışdır. Bundan əlavə cavabdehə məxsus telefon nömrəsi o cümlədən mobil telefon nömrələri qeyd edilməmişdir. Belə olduğu təqdirdə iddia ərizəsinin və əlavə olunmuş sənədlərin surətinin cavabdehə göndərilməsi, cavabdehin məhkəmə iclasına çağırılması, məhkəmə aktlarının cavabdehə təqdim edilməsi barədə mülki-prosessual qanunvericiliyin məhkəmənin üzərinə qoyduğu vəzifələrin həyata keçirilməsi mümkünsüz olur. Bu isə məhkəmə icraatının birtərəfli həyata keçirilməsinə və mülki-prosessual qanunvericiliyin əsas prinsiplərindən olan çəkişmə prinsipinin pozulmasına gətirib çıxaracaqdır. Həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 150.1.1-ci maddəsinə əsasən cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri (iddia ərizəsi elektron formada verildiyi hal istisna olmaqla) iddia ərizəsinə əlavə edilməlidir. Hazırda isə iddiaçının iddia ərizəsi elektron qaydada deyil, poçt vasitəsi ilə daxil olmuş və iddiaçı qanunvericiliyin qeyd edilən tələbinə əməl etməyərək, iddia ərizəsinin surətini iddia ərizəsinə əlavə etməmişdir. Bundan əlavə qeyd edilməlidir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Hazırki iddia qiymətləndirilməyən iddia olduğu halda, cavabdeh tərəfindən iddia ərizəsinə 100 manat məbləğində dövlət rüsumunun ödənilməsinə dair qəbz əlavə edilməmişdir. Daha sonra iddia ərizəsinin məğzindən müəyyən edilir ki, hazırki iş üzrə Cavabdeh iddiaçının qaynanasıdır. Qeyd edilməlidir ki, iddiaçı nikah haqqında şəhadətnaməni (əgər nikah pozulubsa nikahın pozulması haqqında şəhadətnaməni), uşaqların doğum haqqında şəhadətnamələrini, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədən, 30-cu korpus ünvanında yerləşən mənzilin kimin mülkiyyətində olmasına dair çıxarış və sair sənədləri iddia ərizəsinə əlavə etməmişdir. Halbu ki, qeyd edilən sənədlərin işdə olmaması işin icraata qəbul edilərək baxılmasını qeyri mümkün hesab edən hallardır. Başqa sözlə qeyd edilən natamamlıq, eləcə də yuxarıda göstərilən səbəblər aradan qaldırılmadan işə baxılması mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1, 152.1.1 və 152.1.5-ci maddələrinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, hesab edirəm ki, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və iddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ var. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar