Məhkəmə qərarları › İş №2(001)-2527/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2527/2024

13.08.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2527/2024 13.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: mənzilə köçürülmə) Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçı İddiaçı, Cavabdeh Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları:

1. İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və xx.xx.2008-ci il təvəllüdlü X1 Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, İ.Hacıyev küçəsi, döngə 1, 14 saylı fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 2007-ci il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş və Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, İ.Hacıyev küçəsi, döngə 1, 14 saylı fərdi yaşayış evinə köçərək yaşamışlar. Birgə nikahdan Aydan adlı uşaqları doğulmuşdur. Ailə həyatı qurduqdan sonra 5-6 il ərzində mehriban yaşamış, 2013-cü il tarixdən başlayaraq cavabdeh əsassız olaraq evdə söz-söhbət yaratmışdır. Cavabdehin daimi iş yeri olmadığına görə tez-tez Rusiya Federasiyasında yaşayan qardaşlarının yanına gedib-gəlirdi, 2014-cü il tarixdə daimi işləmək və qazanc gətirmək adı ilə Rusiya Federasiyasına getmiş, lakin orada işləməsinə baxmayaraq ailəyə maddi cəhətdən köməklik göstərməmişdir. Yaşadıqları evin uçulub dağılması və evin altına su yığılaraq rütubət qoxusu gəlməsi səbəbindən o, məcbur olub anasının yaşadığı evə gəlib-getmişdir. 2015-ci il tarixdə tərəflər arasında bağlanmış nikah pozulmuşdur. Cavabdeh evin qapısını bağlamaqla evdə təmir işləri aparmağa şərait yaratmamış və onu uşağı ilə birlikdə 8 il yaşadıqları mənzildən məhrum etmişdir. Hazırda qızının 15 yaşı olmasına baxmayaraq onun yaşamağa evi yoxdur. Uşağın normal yaşaması və dərslərinə hazırlaşması üçün heç bir şərait yoxdur. O, ana kimi uşağının sağlam böyüməsini istəyir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, 2007-ci ildə cavabdehlə ailə quraraq mübahisəli evə köçmüş, bir uşaqları doğulmuşdur. Həmin ev qaynanasına məxsus olmuşdur. Sonradan cavabdehlə münasibətləri pisləşmişdir. Bir yerdə yaşamaları mümkün olmadığından o, 2013-cü ildə özünə məxsus əmlaklarını da götürərək həmin evdən çıxıb getmişdir. Bundan sonra 2013-cü ildə nikahları məhkəmə qaydasında pozulmuşdur. Cavabdeh işləmək üçün Rusiya Federasiyasına getmişdir. Eləcə də bildirdi ki, onu evdən kimsə qovmamışdır, bir yerdə yaşaya bilmədiklərindən evdən getmişdir. Həmin ev yaşayış üçün o qədər də yararlı deyildi, belə ki, uçulub-dağılmış vəziyyətdə idi, nəmişlik olurdu, evin altına su yığıldığına görə rütubət iyi gəlirdi. Boşanmamışdan qabaq, yəni münasibətləri pozulduğundan 2013-cü ildə özünə məxsus olan bütün əmlaklarını götürərək həmin evdən çıxmış, bir daha ora qayıtmamışdır. Hazırda orada ona məxsus hər hansı bir əmlak yoxdur. O, mübahisəli evdən çıxdıqdan sonra qardaşının yanında yaşamışdır, hazırda isə uşağı ilə birlikdə mübahisəli evə köçüb yaşamaq istəyir. Mübahisəli evin yerləşdiyi həyətdə keçmiş qaynının ailəsi ilə birlikdə özlərinə məxsus evdə yaşayır, onların mübahisəli mənzilə aidiyyətı yoxdur, lakin onlar onun orada yaşamasına hər hansı bir maneçilik törətməyiblər, ona görə də onların hazırkı iş üzrə cəlb edilmələrinə zərurət yoxdur. O, yalnız cavabdehdən narazıdır. Daha sonra qeyd etdi ki, 2013-cü ildən indiyədək mübahisəli evə köçməyə dair məhkəməyə müraciət etməmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilmələsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Mülki işin materialları:

5. İddiaçı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən 1, korpus 8, ev 92-də qeydiyyaytdadır.

6. AR DİN Baş pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən xx.xx.1979-cu il tarixli Cavabdeh xx.xx.2005-ci il tarixdən hazırki vaxtadək ünvan 1 ünvanında qeydiyyatdadır.

7. ünvan 2 xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə X4 arasında xx.xx.2008-ci il tarixdə 912 №-li akt qeydi ilə Bakı şəhəri Binəqədi Rayon Qeydiyyat Şöbəsində bağlanmış nikahın pozulması, Cavabdeh uşağın saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində aliment xx.xx.2013-cü il tarixdən etibarən uşaq yetkinlik yaşına çatanadək tutulub iddiaçı X2 ödənilməsi qət edilmişdir.

8. Nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh və X4 arasındakı nikaha xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 2015-ci ilin fevral ayının 12-da 48 nömrə ilə qeyd edilmişdir.

9. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 2xx.xx.2008-ci il təvəllüdlü X1 atası Cavabdeh, anası Əliyeva (Əhmədova) Aynur İmran qızıdır.

10. AR Dövlət Sərhəd Xidmət Sərhəd Nəzarəti tərəfindən İAMAS bazasından çıxarışa əsasən verilmiş məktubdan görünür ki, Cavabdeh sonuncu dəfə xx.xx.1979-cu il tarixli xx.xx.2013-cü il tarixdə ölkədən çıxış etmişdir.

11. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X8 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən ünvan 3 saylı fərdi yaşayış evinin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir.

12. M.Ə.X3 Ərazi Dairəsi üzrə Nümayəndəliyindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, ünvan 3 ünvanının mülkiyyət hüququnu təsdiq edən sənədlər nümayəndliyə təqdim olunmadığından sözügedən fərdi yaşayış evinin kimə məxsus olması barədə məlumatı təqdim etmək mümkün olmamışdır.

Tətbiq edilən hüquq:

13. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır və mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

14. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin

15. 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).

16. 158.1.2-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır.

17. 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.

18. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

19. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

20. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

21. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

24. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

25. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir

Məhkəmənin mövqeyi:

26. Məhkəmə İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə münasibətdə araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir.

27. Belə ki, iş materiallarından müəyyən edilir ki, iddiaçının köçürülməsini tələb etdiyi mübahisəli yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində hər hansı şəxsin adına qeydə alınmamışdır. İddiaçının izahatına əsasən həmin ev mərhum qaynanasının istifadə və sahibliyinə olmuş, lakin vəfat etdikdən sonra həmin mübahisəli yaşayış sahəsi heç kimin adına sənədləşdirilməmişdir.

28. İş materiallarından, o cümlədən iddiaçının izahatından müəyyən olunur ki, cavabdehlə xx.xx.2008-ci il tarixdə nikahlarını rəsmi qaydada qeyd etdirməklə evlənmiş, birgə nikahdan bir uşaqları doğulmuş, ailə qurduqdan sonra mübahisəli evə köçərək orada yaşamışlar, münasibətləri pozulduğundan iddiaçı 2013-cü ildə özünə məxsus əmlaklarını da götürərək oradan çıxıb getmişdir.

29. İddiaçı istər iddia ərizəsində, istərsə də məhkəmə iclasında cavabdehin onun mübahisəli evdə yaşamasına maneçilik törətdiyini qeyd etsə də buna dair hər hansı bir sübüt təqdim etməmişdir və onun dəlilləri iş materialları ilə təkzib olunur.

30. Belə ki, məhkəmə iclasında iddiaçı bildirdi ki, cavabdehlə münasibətləri pisləşdiyinə görə özünə məxsus əmlaklarını da apararaq mübahisəli evdən çıxıb getmişdir, yəni onu həmin evdən kimsə qovmamışdır. Eləcə də müəyyən edilmişdir ki, iddiaçının hazırda həmin evdə heç bir əmlakı yoxdur. Onun evdən gedərkən əmlaklarının hamısını aparması, orada heç bir əmlakını qoymaması belə nəticəyə gəlməyə əsas verir ki, iddiaçının həmin evə qayıtmaq fikri olmamışdır.

31. Bundan başqa iddiaçı bildirmişdir ki, mübahisəli ev yaşayış üçün o qədər də yararlı olmamışdır, belə ki, uçulub-dağılmış vəziyyətdə idi, nəmişlik olurdu, evin altına su yığıldığına görə rütubət iyi gəlirdi.

32. Daha sonra iddiaçı bildirdi ki, cavabdeh evin qapısını bağlayaraq onu evə buraxmamış və işləmək üçün Rusiyaya getmişdir.

33. İş materiallarından görünür ki, iddiaçı nikahın pozulmasına dair iddia tələbi ilə xx.xx.2013-cü il tarixdə məhkəməyə müraciət etmiş, cavabdeh isə yalnız bundan sonra, yəni xx.xx.2013-cü il tarixdə respublikadan getmişdir. İddiaçı isə həmin vaxt evə köçməyə cəhd etməmişdir. Eləcə də cavabdeh mübahisəli evdə yaşamadığına görə iddiaçıya hər hansı bir maneçilik törətməsi onun imkanı xaricindədir.

34. Məhkəmə qeyd edir ki, ümumiyyətlə məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçı 2013-cü ildən indiyədək, yəni 11 il müddətində cavabdehin onun mübahisəli evdə yaşamasına maneçilik törətməsi və ya evə köçməklə əlaqədar hər hansı bir orqana, o cümlədən məhkəməyə müraciət etməmişdir.

35. Məhkəmə qeyd edir ki, iddiaçının mübahisəli fərdi yaşayış evinə köçürülübköçürülməməsinin bilavasitə fərdi yaşayış evinin hansı şəxsin mülkiyyətində və ya istifadə və sahibliyində olmasından, onun həmin fərdi yaşayış evinə hər hansı hüququnun, o cümlədən istifadə hüququnun yaranıb-yaranmamasından, fərdi yaşayış evinin hansı şəxsin vəsaiti hesabına inşa edilməsindən və iddiaçının həmin evin inşa edilməsində hər hansı vəsait sərf etməsindən asılıdır. Eyni zamanda mübahisəli tikili ilə bağlı məhkəmənin gəldiyi qənaətə uyğun olaraq qəbul edilmiş qərarın icrası perspektivi, yəni mümkünlüyü də önəmli yer tutur. Bununla bağlı məhkəmə vurğulayır ki, mübahisəli tikili özbaşına və qanunsuzdur, tikiliyə dair hər hansı hüquqmüəyyənedici sənəd mövcud deyil.

36. “Mahmudov Rusiyaya qarşı” 26 iyul 2007-ci il tarixli qərarında X5 Məhkəməsinin də hüquqi mövqeyi belə olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbti probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur və bu zaman sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallardan irəli gələ bilər. (§68)

37. Həmçinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında da X5 Məhkəməsi öxşar hüquqi mövqe göstərərək, məhkəmənin sübutları qiymətləndirərkən bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartlarının təbiq edilməsini müəyən etmişdir.

38. Hazırki işdən görünür ki, iddiaçı öz iddiasını əsaslandıra, dəlillərini sübuta yetirə bilməmişdir.

39. Mülki məhkəmə icraatında sübutetmə institutu və sübutetmə yükünə dair qeyd olunmalıdır ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” prinsipinə əsaslanır. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Mülki işlər üzrə icraatda çəkişmə prinsipi isə tərəflərin öz hüquqi mövqeyini müdafiə etməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır.

40. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını MPMi-n 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız MPMin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. MPM-in 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edibetməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Sübutetmə predmetinin düzgün müəyyən edilməməsi, hüquqi faktların sübut olunmaması, hakimin gəldiyi nəticənin işin halları ilə düz gəlməməsi və qanunvericiliklə müəyyən edilmiş digər hallar apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməsinə əsasdır.

41. Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar).

42. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiası təmin edilməməlidir.

43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan islifadə etməlidir.

44. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarınının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

45. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar