Məhkəmə qərarları › İş №2(001)-2528/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2528/2021

22.04.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2528/2021 22.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X16 oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə və mənzildən istifadə hüququnun tanınması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə və mənzildən istifadə hüququnun tanınması dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, himayəsində olan xx xxxxxxxx 2005-ci il təvəllüdlü X11 və xx xxxxxx 2010-cu il təvəllüdlü X12 ilə birlikdə gəlin köçdüyü cavabdehə məxsus ünvan 2-yə köçürülmələri və həmin mənzilə istifadə hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, X13 ilə xx xxxx 2003-cü il tarixdə el adəti üzrə evlənərək “Səadət” sarayında rəsmi nikah bağlamışlar. Toy mərasimindən sonra o, cavabdehin yaşadığı ünvana gəlin köçmüşdür. Onların birgə nikahından xx xxxxxxxx 2005-ci il təvəllüdlü X11 və xx xxxxxx 2010-cu il təvəllüdlü X12 anadan olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(001)-6682/2019 saylı qətnaməsinə əsasən X13 ilə aralarında bağlanmış rəsmi nikah qeydi pozulmuş, məhkəmənin qətnaməsi ilə uşaqların saxlanılması üçün alimentin tutulması müəyyən edilmişdir. Tərəflər arasındakı nikah qeydi məhkəmə qaydasında ləğv edildikdən sonra X13 onu və uşaqlarını gəlin köçdüyü və yaşadığı evdən çıxarmışdır. Hal-hazırda o, uşaqları ilə birlikdə ünvan 1 ünvanında yaşamağa məcbur olmuşdur. O, və iki azyaşlı uşaqları cavabdehin yaşadığı mənzildə 2019-cu ilin sonuna qədər yaşamış və həmin mənzildə rəsmi qeydiyyatdadır. Himayəsində olan iki azyaşlı uşaqları ilə birlikfə digər bir evdə yaşamaq onun üçün çox çətindir. Əgər cavabdeh onun uşaqlarla birlikdə evə köçməyini və yaşayış sahəsindən istifadə etməyini istəmirsə, onların evdən çıxmaqlarını istəyirsə və əgər mülkiyyətçidirsə, yəni mənzilə dair rəsmi sənədləri varsa kompensasiya olaraq heç olmasa iki uşaqla birlikdə yaşamaq üçün ona iki otaqlı ev və ya mənzil ala bilərdi. Lakin cavabdeh Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29-cu maddəsinin tələblərini kobudcasına pozaraq onu və iki azyaşlı uşağını yaşadıqları mənzildən qanunsuz olaraq çıxarıb çölə atmışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddiasını müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirdi ki, köçürülməsi xahiş edilən mənzil onun qaynatasının mülkiyyətində olmuş, sonradan vərəsəlik qaydasında qaynanasının adına rəsmiləşdirilmişdir. O, həmin mənzilə gəlin köçərkən qaynatası ilə onun arasında mənzildən istifadə hüququ ilə bağlı notariat qaydasında təsdiqlənən yazılı razılaşma bağlanmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi iddianı qəbul etməyərək bildirdi ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinin tələblərinə əsasən iddiaçının iddiası təmin edilə bilməz. Belə ki, iddiaçının o vaxtki mənzilin mülkiyyətçisi ilə istifadə hüququ ilə bağlı notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma bağlanmamış və buna görə də iddiaçının həmin mənzildən istifadə hüququ yaranmamışdır. Bundan əlavə, məhkəmə qətnaməsi ilə uşaqların yaşayış yeri iddiaçının yanında müəyyən edilmiş və iddiaçının istifadə hüququ yaranmadığına və o, mənzilə köçürülə bilmədiyinə görə uşaqlar da köçürülə bilməzlər. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Naxçıvani küçəsi, ev 26, mənzil 7 X4 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə xx xxxx 1995-ci il tarixdə qeydiyyat aparılmışdır; xx xxxxxxx 1979-cu il tarixdə verilmiş Nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə X8 xx xxxx 1979-cu il tarixdə nikaha daxil olmuşlar, nikah bağlandıqdan sonra arvada Hüseynova soyadı verilmişdir; xx xxx 2019-cu il tarixdə verilmiş Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx xxxxx 2019-cu il tarixdə ölmüşdür; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin elektron çıxarışından görünür ki, ünvan 2 xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına qeydiyyatdan keçirilmiş və bu barədə xx xxxxxx 2019-cu il tarixdə qeydiyyat aparılmışdır; Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(001)- 6682/2019 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Hüseynov Fuad Aydın oğlu ilə Hüseynova Zülfiyyə Maşallah qızı arasında xx xxxx 2003-cü il tarixdə Bakı şəhəri Səadət Sarayında bağlanmış 1257 nömrəli nikahın pozulması, tərəflərin birgə nikahından olan uşaqları - 15 sentyabr 2005-ci il təvəllüdlü Hüseynli Rəvan Fuad oğlunun və 12 yanvar 2010-cu il təvəllüdlü Hüseynli Nihad Fuad oğlunun anaları Hüseynova Zülfiyyə Maşallah qızının yanında qalmalarının müəyyən edilməsi, 15 sentyabr 2005-ci il təvəllüdlü Hüseynli Rəvan Fuad oğlunun və 12 yanvar 2010cu il təvəllüdlü Hüseynli Nihad Fuad oğlunun 18 yaşa çatanadək saxlanmaları üçün Hüseynov Fuad Aydın oğludən hər ay hər uşağa görə 170 manat olmaqla ümumilikdə 340 manat sabit pul məbləğində alimentin tutularaq Hüseynova Zülfiyyə Maşallah qızına ödənilməsi və həmin məbləğdə alimentin tutulmasının əvvəlinin 14 avqust 2019-cu il tarixdən hesablanması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. AZ-İ seriyalı 348153 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Hüseynov Fuad Aydın oğlu ilə Hüseynova Zülfiyyə Maşallah qızı arasında olan nikah xx xxxxxx 2020-ci il tarixdə ləğv edilmişdir. “xxxx” Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli arayışdan görünür ki, Hüseynova Zülfiyyə Maşallah qızı ünvan 2 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın; 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir; 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır; 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı cavabdehin oğlu X13 ilə xx xxxx 2003-cü il tarixdə nikaha daxil olmuş, nikahdan sonra onlar mübahisəli mənzildə yaşamışlar. İddiaçı mübahisəli mənzilə pasport qeydiyyatına alınmış, lakin mənzilin o vaxtkı mülkiyyətçisi – iddiaçının qaynatası ilə onun arasında mənzilə istifadə hüququnun yaranmasına əsas ola biləcək notariat qaydasında razılaşma bağlanmamışdır. Həmin mənzilə mülkiyyət hüququ sonradan vərəsəlik qaydasında iddiaçının qaynanasının adına rəsmiləşdirilmişdir. Daha sonra iddiaçı cavabdehin oğlu X13 ilə nikahı məhkəmə qaydasında pozulmuş, birgə nikahdan doğulmuş uşaqların iddiaçının yanında qalmaları müəyyən edilmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib və mülki qanunvericiliyin istinad olunan normalarını rəhbər tutub belə nəticəyə gəlir ki, iddiaçının ünvan 3 ünvanına istifadə hüququ yaranmadığına görə və uşaqların yaşayış yeri məhkəmə qətnaməsinə əsasən onun yanında müəyyən edildiyinə görə onun həmin mənzilə himayəsində olan uşaqları ilə birlikdə köçürülmələri və istifadə hüquqlarının tanınması tələbinə dair iddiası təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə və mənzildən istifadə hüququnun tanınması tələbinə dair iddiası təmin edilməməli, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə və mənzildən istifadə hüququnun tanınması tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar