Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1425/2026 04.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı Iddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzilə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər: Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)- ****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Iddiaçı ilə Cavabdeh arasında ##.##.2007-ci il tarixdə bağlanmış nikah Zərdab Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə pozulmuşdur.
2. Hazırda Iddiaçı ünvan 1 ünvanda yerləşən, 141 m2 evin Cavabdeh ilə birgə nikah dövründə tərəflərin vəsaiti əsasında tikildiyini bildirərək həmin evə övladları ilə bir yerdə köçürülməsini tələb edir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. Iddiaçı (bundan sonra – “iddiaçı”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Cavabdeh ilə birgə nikahda olan zaman inşa etdikləri ünvan 2 ünvanda yerləşən, 141 m2 mənzilə övladları ilə birlikdə köçürülməsini və mənzildən istifadə qaydalarının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər ##.##.2008-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Zərdab Rayon Məhkəməsinin ##.##.2022ci il tarixli, *(***)-***/**** saylı qətnaməsinə əsasən aralarındakı nikahları pozulmuş, birgə nikahlarından doğulan uşaqları iddiaçının himayəsində saxlanılmışdır. Birgə nikah dövründə tərəflərin birgə vəsaiti hesabına hazırda cavabdehin yaşadığı mənzil inşa edilmişdir. Inşa edilmiş evə dair cavabdehin adına texniki pasport verilmişdir. Sözügedən mənzil birgə nikah dövründə və tərəflərin birgə vəsaiti hesabına inşa edildiyi üçün iddiaçı həmin mənzilə köçürülməli və mənzildən istifadə qaydaları müəyyən olunmalıdır.
5. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, sözügedən fərdi yaşayış sahəsi onun valideynləri tərəfindən inşa edilsə də, lakin torpaq sahəsinin faktiki sahibi Vidadi Bayramov adlı şəxsdir. Hazırda özü də həmin mənzildə yaşamır. Fərdi yaşayış sahəsi ailəsi tərəfindən onların vəsaiti əsasında inşa olunduğundan və onun mülkiyyətində heç bir qanuni və faktiki daşınmaz əmlak olmadığından iddia təmin edilməməlidir.
6. Zərdab Rayon Məhkəməsinin # ######## 2025-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim – İ.Həsənquliyev) iddia təmin edilməmişdir.
7. Məhkəmə qeyd etmişdir ki, iş materiallarında iddiaçı ilə cavabdeh arasında olan nikahın 2008-ci ildə bağlandığı müəyyən olunduğundan hazırkı işə Mülki Məcəllənin 228-ci maddələrində qeyd olunan normalar tətbiq olunmalıdır. Mübahisə edilən fərdi yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestri xidmətində qeydiyyata alınmamışdır. Eyni zamanda iddiaçı cavabdehlə birgə nikahda olan zaman cavabdehlə özünün birgə vəsaiti əsasında fərdi yaşayış sahəsini inşa etdiyini bildirsə də lakin məhkəməyə iddia ilə müraciət edən zaman fərdi yaşayış sahəsinin hansı tarixdə inşa olunması, mənzilin inşa olunmasına çəkdiyi xərclər və eyni zamanda cavabdehin faktiki olaraq həmin fərdi yaşayış sahəsində yaşayaraq ona sahiblənməsi və iddiaçının istifadəsinə maneə yaratmasına dair heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Eyni zamanda məhkəmə baxışı zamanı izahat verən iddiaçı yuxarıda qeyd olunan hallarla bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilməyəcəyini də etiraf etmişdir. Ona görə də iddia təmin edilməməlidir.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 60 (İ), 71 (İ), Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 225.1, 225.2, 228.1, 228.2, Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 76.1, 77.1, 88 və 217.4-cü maddələrinə, o cümlədən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” # ####### 2013-cü il tarixli və “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli qərarlarına istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsində icraat
9. Iddiaçı qətnamədən apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə mənzilin nikah dövründə birgə vəsait hesabına inşa olunması faktını araşdırmamışdır. Mənzil 2008–2022-ci illər arasında, yəni nikah dövründə inşa olunmuşdur. Mənzil tikilən dövrdə o da rəsmi gəlirə malik olmuş, bankdan bir neçə dəfə kredit götürərək tikinti işlərinə vəsaiti yönəltmişdir (buna dair ödəniş qəbzləri mövcuddur). Cavabdeh bu müddətdə onunla birgə ailə təsərrüfatında iştirak etmiş və inşa işləri ailə büdcəsindən maliyyələşmişdir. Ali Məhkəmənin ##.##.2024-cü il tarixli Plenum Qərarının 3.2-ci bəndində də göstərilir ki, nikah müddətində əldə edilən əmlakın birgə vəsait hesabına qazanıldığı ehtimal olunur, əksini sübut etmə yükü cavabdehin üzərinə düşür. Halbuki cavabdeh məhkəmədə heç bir sübut təqdim etməmişdir ki, guya ev valideynlərinin vəsaiti ilə tikilib. Onun bu iddiası yalnız söz səviyyəsində qalmış, notarial, bank və ya tikinti sənədləri ilə təsdiqlənməmişdir.
11. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni iddia tələbinin təmin edilməyən iddiaçının fərdi yaşayış evinə köçürülməsi hissəsində ləğv edilmiş, ləğv edilmiş hissədə yeni qətnamə qəbul edilərək iddiaçının övladları ilə birlikdə fərdi yaşayış evinə köçürülməsi və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir (hakimlər: E.Isayev – sədrlik edən və məruzəçi, T.Musayev və E.Mehdiyev).
12. Məhkəmə kollegiyası qeyd etmişdir ki, 2008-ci ilin noyabr ayında cavabdehin adına texniki pasport verilmişdir. Işdə olan Zərdab Rayon Xalq Deputatları Soveti Icraiyyə Komitəsinin ## ####### 1988-ci il tarixli, ** nömrəli iclas protokolunun *** nömrəli qərarından çıxarışdan görünür ki, X1 fərdi yaşayış evinin tikintisi üçün 0,05 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Işdə olan X2 tərəfindən məhkəməyə təqdim edilmiş izahatdan görünür ki, əri X1 ## #### 2011-ci il tarixdə vəfat etmişdir. Mərhum əri öz adına olan Zərdab şəhəri Qumlu sahəsində yerləşən torpaq sahəsini 1997-ci il tarixdə Mehrab adlı şəxsə satıb. O vaxtdan bu günədək həmin torpaq sahəsi ilə bağlı heç bir məlumatı yoxdur. Eyni zamanda hər iki tərəf izahatları ilə təsdiq etmişlər ki, mübahisəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi cavabdehin atası tərəfindən qeyri-rəsmi alınmışdır.
13. Həmçinin, tərəflər arasında nikah ##.##.2007-ci il tarixdə bağlanmış, 2008-ci ilin noyabr ayında isə cavabdehin adına texniki pasport verilmişdir. Bundan başqa, cavabdehin adına ## ###### 2011-ci il tarixdə Zərdab Bələdiyyəsi və “xxxx” MMC tərəfindən əmlakın qiymətləndirilməsi və torpaqların inventarlaşdırılmasına dair hesabat cədvəli tərtib edilmişdir. Həmin texniki pasportda və hesabat cədvəlində evin tikilməsinin 2007-2008-ci illəri əhatə etdiyi qeyd edilmişdir. Bu isə tərəflərin birgə nikah dövrünə təsadüf edir.
14. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı evə köçürülmə tələbi ilə məhkəməyə müraciət etməklə haqlı olmuş və onun iddiası bu hissədə təmin olunmalıdır.
15. Bundan başqa, mübahisəli ev tərəflərin heç birinin mülkiyyətində deyildir. Cavabdeh həmin tikili üzərində sərəncam vermək hüququna malik olmadığına görə onun iddiaçını tikilidə yaşamaqdan məhrum etmək səlahiyyəti yoxdur və iddiaçının hüquqlarına bu cür müdaxilə qanunsuzdur. Iddiaçının uşaqları ilə köçmək istədiyi yaşayış sahəsi özbaşına tikili olduğundan, cavabdehin həmin tikili üzərində hər hansı hüquqlarının mövcud olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən, onun iddiaçıya qarşı törətdiyi məhrumetmə (evdə yaşamasına mane olma) qanunsuz olduğundan, iddiaçının yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə cavabdehin sahibliyində olan evə köçürülməsi ədalətli olmaqla yanaşı, yaşayış yerindən məhrum edilmiş iddiaçının və yetkinlik yaşına çatmayan uşaqların mənafeyinə uyğundur.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
16. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv olunması və işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
17. Belə ki, apellyasiya instansiyası məhkəməsi bir tərəfdən mübahisə predmeti olan torpaq sahəsinin və onun üzərində tikilmiş fərdi yaşayış evinin tərəflərin birgə nikahlarından əvvəlki dövrdə əldə edildiyini qəbul etsə də, heç bir qanuni əsas gətirmədən belə bir qənaətə gəlmişdir ki, fərdi yaşayış evi birgə nikah dövründə tikilmişdir. Bundan başqa apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, texniki pasportda və hesabat cədvəlində evin tikilməsi 2007-2008-ci illəri əhatə edir. Bu yalandır, qeyd olunan sənəd saxta sənəddir və heç bir dövlət qurumunda həmin sənədin qeydiyyatı və arxiv arayış yoxdur. Həmin sənədlərin həqiqi sənəd olub-olmadığı və mübahisə predmeti olan tikilinin tikilməsinin hansı illərə təsadüf etməsi ilə bağlı apellyasiya məhkəməsi tərəfindən Zərdab Bələdiyyəsinə sorğu verilmədən və faktı məhkəmə dəqiqləşdirmədən qanunsuz olaraq şikayəti təmin etmişdir. Belə ki, işdə olan sənədlərdən görünür ki, mübahisə predmeti olan fərdi yaşayış evinin istifadəsində olan torpaq sahəsi cavabdehin atası Mehrab kişi tərəfindən 1997-ci ildə hazırkı iş üzrə şahid Nisa Qarakişiyevanın əri mərhum Vidadi Əhmədovdan alınmış və həmin ərəfələrdə də alınmış torpaq sahəsində ev tikilmişdir. Həmçinin məhkəmə həmin tikilinin tərəflərin birgə təsərrüfat hesabına qazanılmış vəsait hesabına ərsəyə gəlməsini qətnamədə sübuta yetirməmişdir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Iddiaçı apellyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayətinə qarşı etiraz ərizəsi təqdim etmiş və etirazda əlavə olaraq vurğulamışdır ki, kassasiya şikayətində inventarlaşdırma və texniki sənədlərin guya "saxta" olması qeyd olunsa da, həmin iddialar heç bir sübutla təsdiq olunmur. Belə ki, sənədlərin saxtalığı ilə bağlı ekspertiza keçirilməmiş, hüquq-mühafizə orqanlarının hər hansı qərarı təqdim edilməmiş, həmin sənədlərin etibarsız hesab olunmasına dair qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcud deyildir. Kassasiya şikayətində mübahisəli tikilinin guya cavabdehin atasına məxsus olması iddia olunsa da, iş materiallarından görünür ki, torpaq sahəsi qeyri-rəsmi qaydada əldə edilmişdir, daşınmaz əmlak dövlət qeydiyyatına alınmamışdır, cavabdeh tərəfindən evin nikahdan əvvəl tikilməsini təsdiq edən maliyyə, tikinti, kommunal və digər rəsmi sənədlər təqdim edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2024-cü il tarixli qərarının 4.11 və 4.16-cı bəndlərinə əsasən özbaşına tikili olsa belə, ər-arvadın birgə əməyi və vəsaiti hesabına ərsəyə gəlmiş tikililər ailə münasibətləri baxımından hüquqi nəticələr doğurur və həmin tikili üzərində tərəflərin hüquqları tam şəkildə inkar edilə bilməz. Apellyasiya məhkəməsi də məhz bu hüquqi mövqeyə uyğun olaraq düzgün nəticəyə gəlmişdir. Hazırkı iş üzrə müəyyən olunur ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində, azyaşlı uşaqlar faktiki yaşayış yerindən məhrum edilmiş, onların normal yaşayış şəraiti pozulmuş, sosial və məişət sabitliyi ciddi şəkildə zərər görmüşdür. Cavabdehin iddiaçını və uşaqları yaşadıqları evdən uzaqlaşdırması uşaqların fundamental hüquqlarına birbaşa müdaxilə təşkil edir. Qeyd olunanlara əsasən kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
19. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
20. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
21. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
22. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
23. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
24. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
25. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.
26. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.
27. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
33. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
Kassasiya baxışının hədləri
34. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
35. Hazırkı kassasiya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.
37. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.
38. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab etmir və bildirir ki, apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi hallar üzrə hüquqi dəyərləndirməsi şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə tam cavab verdiyinə görə kollegiya həmin hüquqi dəyərləndirmə ilə razılaşır.
39. Məhkəmə kollegiyası kassasiya şikayətinin mübahisəli əmlaka texniki pasport və digər sənədlərin saxta olması barədə dəlillərinə münasibətdə qeyd edir ki, işin faktiki hallarının araşdırılması və sübutların qiymətləndirilməsi ilə bağlı məsələlər işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilib-verilməməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilib-edilməməsini yoxlayır.
40. MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə ki, apellyasiya instansiyası məhkəməsi öz səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutları qiymətləndirərək yekun nəticəyə gəlmişdir.
41. Qeyd olunmalıdır ki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu baxımdan cavabdeh həmin sənədlərin saxta olması dəlilini yalnız fikir olaraq irəli sürməməli, bu dəlilini mötəbər sübutlarla əsaslandırmalıdır. Lakin iş materiallarından görünür ki, cavabdeh lazımi prosessual fəallıq göstərməyərək hər hansı sübut təqdim etməmiş, eləcə də MPM-in 78.2-ci maddəsinin ona verdiyi hüquqdan da istifadə etməmişdir.
42. Bundan başqa məhkəmə kollegiyası kassasiya şikayətinin “məhkəmə həmin tikilinin tərəflərin birgə təsərrüfat hesabına qazanılmış vəsait hesabına ərsəyə gəlməsini qətnamədə sübuta yetirməməsi” ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, ailə birliyi ümumi təsərrüfatı özündə ehtiva etdiyi üçün nikah müddətində əldə edilmiş əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanıldığı ehtimal olunur. Bu baxımdan Mülki Məcəllənin 225.1 və Ailə Məcəlləsinin 32.1-ci maddələri, həmçinin nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ər-arvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiyanı da ehtiva edir.
43. Belə ki, əmlak üzərində birgə mülkiyyət hüququnun tanınmasını tələb edən ər (arvad) həmin əmlakın nikah dövründə əldə edildiyini sübut etməlidir. Bu halın sübuta yetirilməsi ərə (arvada) birgə mülkiyyət prezumpsiyasının yaratdığı hüquqi vəziyyətdən istifadə imkanı təmin edir. Yəni, bu halda ər (arvad) əmlakın birgə gəlirlər hesabına, əvəzli olaraq əldə olunmasını və bu səbəbdən özünün də mülkiyyətçi olduğunu sübuta yetirmək vəzifəsi daşımır.
44. Bununla belə, prezumpsiya əksi sübut edilə bilən bir ehtimaldır. Həmin ehtimalın əksini iddia edən şəxs müvafiq sübutlar təqdim etməklə prezumpsiyanı aradan qaldıra bilər.
45. Hazırkı iş üzrə də apellyasiya instansiyası məhkəməsi təqdim olunmuş sübutlara qiymət verməklə mübahisəli əmlakın birgə nikah dövründə tikildiyi qənaətinə gəlmişdir. Buna görə də yuxarıda qeyd edilənlərdən də göründüyü kimi cavabdeh həmin əmlakın birgə təsərrüfat hesabına qazanılmadığını iddia edirsə, bunu müvafiq sübutlar təqdim etməklə prezumpsiyanı aradan qaldıra bilər. Lakin hazırkı işdə cavabdeh belə sübutlar təqdim etməmişdir.
46. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
47. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.