Məhkəmə qərarları › İş №2(3-6)-2116/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-2116/2026

13.07.2026 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-2116/2026 13.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçı İddiaçı, Cavabdeh İsrafilov Aftandil Xudayar oğlunun nümayəndə-vəkili vəkil1 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh İsrafilov Aftandil Xudayar oğluna qarşı “evə köçürülmə və istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçı İddiaçı ilə cavabdeh İsrafilov Aftandil Xudayar oğlu ##.##.2007-ci il tarixdə rəsmi nikaha daxil olmuş, həmin nikahdan onların iki azyaşlı övladı– ##.##.2006-cı il təvəllüdlü İsrafilova Fatimə Aftandil qızı və ##.##.2010-cu il təvəllüdlü İsrafilov Muhəmməd Aftandil oğlu anadan olmuşdur. Masallı Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli qətnaməsi ilə tərəflər arasında nikah pozulmuş, uşaqların anaları İddiaçı yanında saxlanılması müəyyən edilmişdir. Hazırda iddiaçı azyaşlı uşaqları ilə birgə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi, həmin evdən istifadə qaydalarının müəyyən edilməsini və məhkəmə xərclərinin cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı İddiaçı cavabdeh İsrafilov Aftandil Xudayar oğluna qarşı “evə köçürülmə və istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, iddiaçı İddiaçı azyaşlı uşaqları ilə birgə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsinə və həmin evdən istifadə qaydalarının müəyyən edilməsinə, vəkil xidmətinə görə ödənilmiş 320 (üç yüz iyirmi) manatın, mediasiya xərci kimi ödənilmiş 60 (altmış) manatın və dövlət rüsumu kimi ödənilmiş 50 (əlli) manatın, cəmi 430 (dörd yüz otuz) manatın cavabdeh İsrafilov Aftandil Xudayar oğlundan iddiaçı İddiaçı xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Masallı rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.## 2022-ci il tarixli qətnaməsi ilə İsrafilov Aftandil Xudayar oğlu ilə İsrafilova Könül Zeynalabdı qızı arasında ## ##### 2007-ci il tarixdə Masallı rayon Boradigah ərazi nümayəndəliyində 20 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, ## ###### 2006-cı il təvəllüdlü İsrafilova Fatimə Aftandil qızı və ## #### 2010-cu il təvəllüdlü İsrafilov Muhəmməd Aftandil oğlu anaları İsrafilova Könül Zeynalabdı qızının yanında saxlanılmışdır. Nikah məhkəmə qaydasında pozularkən tərəflər arasındakı ailə münasibətləri pozulmamış, onlar birlikdə yaşamaqda davam etmiş, birgə təsərrüfat aparmışdırlar. Nikahın pozulmasını əslində həmin iş üzrə cavabdeh İsrafilov Aftandil Xudayar oğlu özü gələcəkdə sosial yardım almaq adı ilə təşkil etmişdir. Nikah pozulandan sonra da ailə münasibətləri son bir ilədək davam etmişdir. Hətta həmin müddət ərzində, ##.##.2023-cü il tarixdə iddiaçı cavabdehə bütün əmlakına dair sərəncam vermək hüququ ilə baş etibarnamə də vermişdir. Ailə münasibətləri pozulmuş olsaydı, iddiaçı ona hər hansı etibarnamə verməzdi. Masallı rayon Məhkəməsinin *(***)- ****/**** nömrəli, ##.##.2022-ci il tarixli qətnaməsindən də görünür ki, tərəflər arasında nikahın pozulmasına qarşılıqlı razılıq olub. Az miqdarda aliment məbləği təyin edilib, amma məhkəmə gedişatı zamanı iddiaçı ondan da imtina edib. Həm mediasiyada bağlanmış barışıq sazişində, həm də məhkəmə qətnaməsində birgə nikah müddətində əldə edilmiş əmlakların bölgüsü ilə bağlı heç bir qeyd yoxdur. Tərəflər birgə nikah müddətində cavabdehin hazırda faktiki yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi əldə etmişdir. Tərəflər 2006-cı ildə torpağı alıb, həmin ildə də ev tikdirib orada yaşamağa başlayıblar. Torpağa və evə olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmadığından onlara dair sənədləri əldə etmək mümkün deyil. Amma həmin torpaq sahəsi və üzərində ev mövcuddur və cavabdehin istifadəsindədir. İddiaçıya aid cehiz əşyaları da hazırda həmin evdədir. Cavabdeh iddiaçını evə buraxmadığından o hazırda atasının darısqal mənzilində qalmaq məcburiyyətindədir. Halbu ki, birgə nikah müddətində, yəni 2006-cı ildə ünvan 1 ünvanında torpaq sahəsi alaraq orada 3 otaqlı 120 kvadratmetrdən ibarət fərdi yaşayış evi tikdiriblər. Evin təmiri hələ başa çatmamış, tərəflərin başqa yaşayış yerləri olmadığından, elə həmin il köçüb yarım təmirli evdə yaşamağa başlamışdırlar. Təmir işləri 2007-ci ildə tamamlanmışdır. Orada hamıya kifayət edəcək qədər yaşayış sahəsi vardır. Bu səbəbdən də iddiaçı uşaqlarla birlikdə həmin fərdi yaşayış evinə köçürülməsini, oradan istifadə qaydalarının müəyyən edilməsini istəyir. İddiaçı İddiaçı Zeynalabdi qızının mübahisələndirdiyi fərdi yaşayış evi onun yaşayış yeri (mənzili) kimi qəbul oluna bilər. Bu zaman məhkəmə əsasən, onu nəzərə almalıdır ki, cavabdehin sahibliyində olan fərdi yaşayış evi cavabdehin və iddiaçının birgə nikah müddətində əldə edilmiş qazanc hesabına tikilmiş və təmir edilmişdir. Həmin evin tikintisinə və onun altındakı torpaq sahəsinin alınmasına xərclənmiş pul vəsaitinin yarısı iddiaçının mülkiyyətidir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, iddiaçı İddiaçı, oğlu ##.##.2010-cu il təvəllüdlü İsrafilov Muhəmməd Aftandil oğlu ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi, hüquqi yardım göstərilməsi ilə bağlı ödənilmiş 320 manat məbləğində pulun cavabdeh İsrafilov Aftandil Xudayar oğlundan tutularaq iddiaçı İddiaçı ödənilməsi, mediasiya xərci olaraq ödənilmiş 50 manat və kargüzarlıq xərci kimi ödənilmiş 10 manat pulun cavabdeh İsrafilov Aftandil Xudayar oğlundan tutularaq iddiaçı İddiaçı ödənilməsi, dövlət rüsumu kimi ödənilən 50 manat pulun cavabdeh İsrafilov Aftandil Xudayar oğlundan tutularaq iddiaçı İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ödənilməmiş 50 manat məbləğində dövlət rüsumunun cavabdeh İsrafilov Aftandil Xudayar oğlundan tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər birgə nikah dövründə ünvan 1 ünvanında yerləşən torpaq sahəsində fərdi yaşayış evi tikərək orada birlikdə yaşamışlar. Həmin tikili daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış və hüquqi baxımdan özbaşına tikili hesab olunur. Bununla belə, məhkəmə iclasında cavabdeh İsrafilov Aftandil Xudayar oğlu həmin evin tərəflərin birgə təsərrüfatı və əməyinin nəticəsi olaraq tikildiyini və tərəflərin nikah dövründə həmin evdə yaşadıqlarını etiraf etmişdir. Tələbin iddiaçının azyaşlı uşaqları ilə birgə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi və həmin evdən istifadə qaydalarının müəyyən edilməsi hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, mübahisəli hesab edilən ev özbaşına tikili olsa da, həmin evin tərəflərin nikah dövründə birgə təsərrüfat fəaliyyəti nəticəsində inşa olunması cavabdehin məhkəmə iclasındakı izahatı ilə də təsdiq olunduğundan, iddiaçının həmin evdən istifadə etmək və orada yaşamaqla bağlı subyektiv hüququ mövcuddur. Bu səbəbdən iddiaçının həmin fərdi yaşayış evinə köçürülməsi barədə iddia tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarına görə, nikah dövründə əldə edilmiş əmlakın ər-arvadın ümumi birgə mülkiyyəti sayılması prezumpsiyası mövcuddur və əmlakın nikah müddətində əldə edildiyi sübuta yetirildikdə həmin əmlakın ümumi birgə mülkiyyət hesab olunması ehtimal edilir, özbaşına tikili isə müstəqil daşınmaz əşya kimi mülkiyyət hüququnun obyekti olmasa da, ər arvadın əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyər kimi qiymətləndirilə bilər. Lakin, iş materiallarından görünür ki, tərəflərin övladlarından ##.##.2006-cı il təvəllüdlü İsrafilova Fatimə Aftandil qızı artıq yetkinlik yaşına çatdığından onun anası ilə birlikdə mübahisəli evə köçürülməsi barədə tələb təmin oluna bilməz, çünki bu halda anası olan iddiaçının onun adından bu iddianı qaldırmağa səlahiyyəti yoxdur. ##.##.2010-cu il təvəllüdlü İsrafilov Muhəmməd Aftandil oğlu isə yetkinlik yaşına çatmadığından o anası ilə birlikdə həmin fərdi yaşayış evinə köçürülməlidir. Həmçinin, nikahın pozulması barədə məhkəmə qətnaməsi ilə tərəflərin azyaşlı övladı olan ##.##.2010-cu il təvəllüdlü İsrafilov Muhəmməd Aftandil oğlunun anası İddiaçı yanında saxlanılması müəyyən edildiyindən, uşağın faktiki olaraq himayəsində olduğu valideynlə birlikdə yaşaması onun mənafeyinə uyğundur. Mülki qanunvericiliyin tələbləri baxımından, torpaq sahəsində onun mülkiyyətçləri yalnız şəhərsalma və tikinti normalarını və qaydalarını, torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə tikili ucalda və həmin tikiliyə mülkiyyət hüququ əldə edə bilərdi. Həmçinin, mənzil qanunvericiliyinə əsasən, mübahisəli evin yaşayış sahəsi hesab edilməsi üçün o, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilməli və vətəndaşların daimi yaşaması üçün yararlı olan müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verməli idi. Lakin, həmin tikili sanitariya və texniki norma və qaydalarına, qanunvericiliyin digər tələblərinə cavab verib-verməməsi barədə müvafiq qurumların rəyi olmadıqdan və tikili dövlət reyestrində qeydiyyata alınmadıqdan, həmçinin daşınmaz əmlak hesab edilən yaşayış sahəsi statusu əldə etmədikdən, bu tikili üzrə istifadə qaydasının müəyyən edilməsi də əsassızdır. Tələbin 320 manat məbləğində hüquqi yardım xərcinin cavabdehdən tutulması hissəsində məhkəmə qeyd etmişdir ki, iş materiallarından görünür ki, İddiaçı “Kredo” vəkil bürosuna hüquqi yardımın göstərilməsi ilə bağlı 320 manat məbləğində pul ödəmişdir. Məhkəmə hesab etmişdir ki, vəkil bürosuna ödənilmiş 320 manat yuxarıda qeyd edilmiş mülki prosessual qanunvericilikdə nəzərdə tutulan işə baxılması ilə əlaqədar məsrəflər siyahısına ad edildiyindən, həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Tələbin 60 manat mediasiya xərcinin cavabdehdən tutulması hissəsində məhkəmə qeyd etmişdir ki, cavabdeh ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etmədiyi üçün, yuxarıda sadalanan qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə hesab etmişdir ki, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı İddiaçı tərəfindən mediasiyaya dair ödənilmiş 60 manat məbləğində ilkin mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Qanunvericiliyinin tələblərinə görə, iddiaçı onun tərəfindən ödənilmiş dövlət rüsumunu tələb etməkdə haqlı olmuşdur. Məhkəmə hesab etmişdir ki, 50 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaların tələbləri pozulmuş, həmçinin iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Mübahisəli tikili daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış və hüquqi baxımdan özbaşına tikili hesab olunmur. Bununla belə guya məhkəmə iclasında cavabdeh həmin evin tərəflərin birgə təsərrüfatı və əməyinin nəticəsi olaraq tikildiyini, tərəflərin nikah dövründə həmin evdə yaşadığını etiraf etmişdir. Bu yalandır. Cavabdeh heç vaxt məhkəmə iclasında iddia tələbini etiraf etməmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməklə iddiasının təmin edilməməsini xahiş etsə də, apellyasiya şikayətinin dəlillərindən görünür ki, cavabdeh qətnaməni “iddia tələbinin təmin edilən” hissəsində mübahisələndirmişdir. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, qətnamə iddia tələbinin təmin edilən hissəsində yoxlanılmalıdır. Tətbiq edilən hüquq Mülki Məcəllə: 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). 27.1. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” ##.##.2024-cü il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı: 4.11. Mülki Məcəllənin 180.2-ci maddəsinə müvafiq olaraq, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmədiyi üçün həmin tikili müstəqil daşınmaz əşya kimi ərarvad arasında bölgünün predmeti ola bilməz. Bununla yanaşı, ər-arvadın ümumi əmlakının bölünməsi barədə mübahisə həll edilənə qədər özbaşına tikinti sökülməyibsə, o, fiziki obyekt olaraq özündə ər-arvadın əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyərdir. Odur ki, mübahisə olduğu halda, məhkəmə obyektiv səbəblərdən özbaşına tikintinin faydalı xassələrindən istifadə etmək imkanlarından məhrum olan ərin (arvadın) iddiası əsasında onların ümumi əmlakı hesabına inşa edilməsinə və ya faktiki əldə olunmasına sərf olunmuş ümumi vəsaitin əmlakdakı payına mütənasib olan hissəsini arvaddan (ərdən) tutmaqda haqlıdır. 4.16. Özbaşına tikililər və tikintisi başa çatmayan binanın tərkib hissələrinə dair yuxarıda qeyd olunanlar Ailə Məcəlləsinin 7-ci fəslinin normalarının mənasına əsaslanır, sözügedən tikililər məhkəmə qərarı ilə əşya hüquqlarının tanınması hesab olunmur və dövlət orqanının üzərinə onlara dair qeydiyyat aparmaq vəzifəsi qoymur. Həmin predmetlərin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı qanunla müəyyən olunmuş qaydada aparılmalıdır. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə Kollegiyasının mövqeyi:

Məhkəmə Kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətində göstərilən dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, tərəflər birgə nikah dövründə ünvan 1 ünvanında yerləşən torpaq sahəsində yarımçıq təmir olunmuş vəziyyətdə olan fərdi yaşayış evinə köçərək orada təmir işlərini tamamlayaraq birlikdə yaşamışlar. Həmin tikili daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış və hüquqi baxımdan özbaşına tikili hesab olunur. Birinci instansiya məhkəməsi baxışı zamanı məhkəmə iclasında cavabdeh İsrafilov Aftandil Xudayar oğlu həmin yarımçıq evin tərəflərin birgə təsərrüfatı və əməyinin nəticəsi olaraq tikilib tamamlandığını və tərəflərin nikah dövründə həmin evdə yaşadıqlarını etiraf etmişdir ( i.v. 26). Məhkəmə Kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tələbin iddiaçının azyaşlı uşağı ilə birgə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsini düzgün olaraq belə qənaətə gəlmişdir ki, mübahisəli hesab edilən ev özbaşına tikili olsa da, həmin evin tərəflərin nikah dövründə birgə təsərrüfat fəaliyyəti nəticəsində inşa olunması cavabdehin məhkəmə iclasındakı izahatı ilə də təsdiq olunduğundan, iddiaçının həmin evdən istifadə etmək və orada yaşamaqla bağlı subyektiv hüququ mövcuddur. Belə ki, “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” ##.##.2024-cü il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarına görə, nikah dövründə əldə edilmiş əmlakın ər-arvadın ümumi birgə mülkiyyəti sayılması prezumpsiyası mövcuddur və əmlakın nikah müddətində əldə edildiyi sübuta yetirildikdə həmin əmlakın ümumi birgə mülkiyyət hesab olunması ehtimal edilir, özbaşına tikili isə müstəqil daşınmaz əşya kimi mülkiyyət hüququnun obyekti olmasa da, ər arvadın əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyər kimi qiymətləndirilə bilər. Bununla belə iş materiallarından görünür ki, tərəflərin övladlarından ##.##.2010-cu il təvəllüdlü İsrafilov Muhəmməd Aftandil oğlu yetkinlik yaşına çatmamışdır və Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq onun anası ilə birlikdə həmin fərdi yaşayış evinə köçürülməsi nəticəsinə gəlmişdir. Həmçinin, nikahın pozulması barədə məhkəmə qətnaməsi ilə tərəflərin azyaşlı övladı olan ##.##.2010-cu il təvəllüdlü İsrafilov Muhəmməd Aftandil oğlunun anası İddiaçı yanında saxlanılması müəyyən edildiyindən, uşağın faktiki olaraq himayəsində olduğu valideynlə birlikdə yaşaması onun mənafeyinə uyğundur. Göründüyü kimi iddiaçı mübahisəli fərdi yaşayış evinin yarımçıq qalmış inşasında və təmir edilib tamamlanmasında iştirak etmişdir ki, Məhkəmə Kollegiyası qeyd edir ki, cavabdeh mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da azyaşlı uşağı ilə birlikdə həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır. Məhkəmə Kollegiyası eyni zamanda nəzərə alır ki, iddiaçının evə köçürülməsindən evin özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər və hazırki iddianın göstərilən qaydada təmin edilməsi formalaşmış məhkəmə təcrübəsi ilə əlaqəlidir. Apellyasiya instansiyası məhkəməsinin iclasında cavabdeh tərəf iddia müddətinin tətbiqi barədə verdiyi ərizəsinə qiymət verərək kollegiya qeyd edir ki, əvvəla cavabdeh birinci instansiya məhkəməsində işə baxılarkən iştirak edərkən müddətlə bağlı müraciət etməmişdir. Hazırki işə apellyasiya icraatı qaydasında baxılarkən belə bir ərizənin verilməsi prosessual qanunvericiliyin tələbləri baxımından yol verilməz olduğundan kollegiya ona hüquqi qiymət verilməsini zəruri saymır. Məhkəmə Kollegiyası qeyd edir ki, tələbin 320 manat məbləğində hüquqi yardım xərcinin cavabdehdən tutulması hissəsində də birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı “Kredo” vəkil bürosuna hüquqi yardımın göstərilməsi ilə bağlı 320 manat məbləğində pul ödəmişdir və həmin vəsait işə baxılması ilə əlaqədar məsrəflər siyahısına ad edildiyindən, həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda tələbin 60 manat mediasiya xərcinin cavabdehdən tutulması hissəsində birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, cavabdeh ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etmədiyi üçün, istinad edilən qanunvericiliyin tələblərinə müvafiq olaraq ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı İddiaçı tərəfindən mediasiyaya dair ödənilmiş 60 manat məbləğində ilkin mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə Kollegiyası hesab edir ki, işin faktiki halları ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri öz təsdiqini tapmamışdır. Beləliklə də, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas ola bilməz. Qeyd olunanlara əsasən Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası

Qət etdi:

Cavabdeh İsrafilov Aftandil Xudayar oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdeh İsrafilov Aftandil Xudayar oğlunun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar