Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1390/2026 28.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): mənzilə istifadə hüququnun tanınması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə ## #### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları
1. Sumqayıt Şəhər Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında ##.##.2020-ci il tarixdə bağlanmış nikah pozulmuşdur.
2. Cavabdeh Xəzər yaşayış massivi, Oğuz küçəsi 77 ünvanda yerləşən fərdi yaşayış evində (bundan sonra mübahisəli fərdi yaşayış evi) yaşayır. Həmin ev dövlət reyestrində və yerli icra hakimiyyətinin təsərrüfatbaşına kitabında qeydiyyata alınmamışdır.
3. “xxxx” ASC-nin abonent haqqında saldosuna əsasən, mübahisəli fərdi yaşayış evinin elektrik enerjisi üzrə abonenti X5r.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
4. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli fərdi yaşayış evindən istifadə hüququnun tanınmaqla, həmin evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə evlənərkən bütün cehiz və şəxsi əmlaklarını mübahisəli fərdi yaşayış evinə gətirmişdir. Hazırkı vaxtadək orada yaşayır və bu onun yeganə уaşayış yeridir. Hazırda cavabdeh nikah qeydinin ləğv edilməsi iddiası ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh bundan istifadə edərək onu evdən çıxarır və bildirir ki, boşanma olduğu üçün bu evdə yaşamaq hüququ yoxdur. Mübahisəli fərdi yaşayış evinin sənədləri olmasa da, rəsmi olaraq Bələdiyyə qeydiyyatından keçərək gələcəkdə bu evlərə Prezidentin Sərəncamına əsasən mülkiyyət sənədləri veriləcək. Cavabdeh və o isə bu evin potensial mülkiyyətçiləridir. Buna görə də onun cavabdehlə birlikdə həmin mənzildən istifadə hüquqları var və bu hüquq məhkəmə qaydasında müəyyən edilməlidir.
6. Cavabdehin vəkili və nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək rədd olunmasını xahiş etmiş və bildirmişdir ki, mübahisəli əmlak birgə nikah zamanı inşa edilməmişdir, bu səbəbdən də iddia təmin oluna bilməz.
7. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Elçin Kazımov) iddianın qismən təmin edilməsi, İddiaçı mübahisəli fərdi yaşayış evinə köçürülməsi, qalan hissədə iddianın təmin olunmaması, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçının cavabdehlə hər hansı bir etibarlı ailə əlaqələri artıq mövcud deyildir. Mübahisəli yaşayış sahəsi isə hər hansı şəxsin adına qeydə alınmamışdır, yəni qanunsuz tikilidir. Mübahisə predmetini təşkil edən yaşayış evi mövcuddur və yaşayışa yararlıdır. Cavabdeh həmin evdən istifadə və ona sahiblik edir, iddiaçının isə əmlakları həmin evdə yerləşir. Bu cür mövcud vəziyyəti evin faktiki sahibi Cavabdeh 2020-ci ildən qəbul etmişdir. Tərəflər arasındakı nikahın pozulması isə bu cür kateqoriyalı evdən iddiaçının çıxarılması üçün əsas hesab edilə bilməz.
9. Məhkəmə hesab etmişdir ki, cavabdeh mübahisəli evdən bəhrələndiyi kimi, iddiaçının da həmin yaşayış sahəsindən bəhrələnməsi hüquqi bərabərlik prinsipinə uyğundur. Bunun üçün isə iddiaçının mübahisəli evə köçürülməsi zəruridir.
10. Məhkəmə nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 146.2, 152.1, 152.5, 157.4, 157.8, 213.1, 215.1, 220.1, 220.2, 222.1, 225.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 88-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
11. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işi düzgün araşdırmamış, işin hallarını düzgün qiymətləndirməmişdir və işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədiyi üçün qətnamə qanunsuz və əsassızdır. Belə ki, mübahisə predmeti olan mənzil birgə nikah zamanı inşa edilməmiş və bundan sonra belə hər hansı abadlaşdırılma işləri aparılmamışdır. Mənzil atası tərəfindən 1998-1999-cu illərdə tikilmiş, 2003-cü il tarixdən 2016-cı ilədək birinci nikahdan olan ailə üzvlərinin X2, övladları X3, X1 ilə birlikdə orda yaşamışlar. Ikinci dəfə İddiaçı ilə ailə qurduqdan sonra isə orda müvəqqəti yaşamışlar. O özü xaricdə yaşamışdır, hətta İddiaçı da ora aparmaq fikri olmuşdur. Bütün kommunal ödənişlər də atasının adınadır. Iddiaçının həmin mübahisəli mənzilə köçürülməsi ədalətsiz və qanunsuzdur. Çünki onun həmin evlə heç bir əlaqəsi yoxdur. Məhkəmə sübutları və iş üçün əhəmiyyətli olan halları araşdırmamış, ədalətsiz qərar qəbul etmişdir. Iş üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmasını, iddianın rədd edlməsini xahiş edir.
13. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli ## ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakimlər Lalə Rəhimli (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov və Afiq Hüseynzadə) apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi qismən – “İddiaçı Sumqayıt şəhəri, Zeynalabdin qəsəbəsi, Xəzri yaşayış massivi, Oğuz küçəsindəki ** saylı fərdi yaşayış evinə köçürülməsi” hissəsində ləğv edilərək, iddia tələbi həmin hissədə təmin edilməmişdir.
14. Apellyasiya məhkəməsi hesab etmişdir ki, keçmiş arvadın tikiliyə köçürülmə tələbinin birinci instansiya məhkəməsi tərəfindən təmin edilməsi istifadə olunan hüququn ümumi prinsiplərinə və ya hüququn konkret sahələrinə aid prinsiplərinə uyğun olmamışdur. Belə ki, mübahisəli evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olması Konstitusiyanın 43-cü maddəsinin tətbiq edilməsinə mane olmur. Analoji mübahisələrin həlli ilə bağlı başlanğıc prinsip olaraq şəxsin əşya hüquqlarının qorunması üstün tutulmalıdır. Ev dövlət reyestrində qeydə alınmamış tikili olsa da, şəxs həmin tikiliyə öz vəsaitini xərcləmişdirsə tikilinin barəsində qanuni rejim tətbiq olunana qədər onun taleyini həll etmək tikintiyə xərc çəkmiş şəxsə məxsusdur. Bundan başqa, evə köçürülmə tələbinin təmin olunması üçün iddiaçı həmin evdə yaşamaq hüququna əsas verən faktiki halların mövcudluğunu, yəni tikilinin onun əmlakı, səyi və ya zəhməti ilə, yaxud birgə nikah dövründə ümumi əmlak hesabına inşa edildiyini, tikilini və ya onun ayrı-ayrı hissələrini təşkil edən əmlakları əvəzli əldə etdiyini, tikilinin yaşayış üçün yararlı vəziyyətə gətirilməsi ilə bağlı əsaslı vəsaitin qoyulmasında iştirak etdiyini sübut etməlidir.
15. Məhkəmə nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1, 11.2, 152, 157.8 və 228.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 88-ci maddələrinə istinad etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
16. Iddiaçı (vəkil Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
17. Kassasiya şikayəti iddia ərizəsi ilə analoji məzmunda əsaslandırılmışdır.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
19. Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
20. Maddə 11.2. Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır.
21. Maddə 152. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Istifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Istifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
22. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
23. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
27. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
28. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
29. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
30. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
33. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
34. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
Kassasiya baxışının hədləri
35. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
36. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
38. Iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri iddia ərizəsində, apellyasiya şikayətində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman qeyd edilmiş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
39. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
40. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı: Iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli iş üzrə ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.