Məhkəmə qərarları › İş №2(001)-2528/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-2528/2022

18.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-2528/2022 18.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Məhəmməd Rüstəmli Əli oğlu, Ərizəçi (maraqlı şəxs Binəqədi rayon qeydiyyat şöbəsi cəlb edilməklə) hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, ona aid doğum haqqında akt qeydi bərpa edilməklə, həmin aktda qeydiyyatın düzgün olmamasının müəyyən edilməsi, bu akt qeydində düzəliş edilərək, “vətəndaş” qrafasında soyadının “Əliyev”, atası qrafasında da atasının soyadı “Əliyev” kimi qeyd olunmaqla, yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsinin Binəqədi rayon qeydiyyat şöbəsinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, 01 oktyabr 2021-ci il tarixə qədər qüvvədə olan Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1.7-ci madddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 09 iyul 2021-ci il tarixli Qanununun 1.104-ci maddəsinə əsasən 305.1.7-ci, 305.1.8-ci və 339-341-ci maddələr ləğv edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2019-cu il 12 aprel tarixli 3 nömrəli qərarının 2.2-ci bəndinin üçüncü cümləsi aşağıdakı redaksiyada verilsin: “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə, həmin orqanlara qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər.”; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Qeyd edilənlərə əsasən belə nəticəyə gəlirəm ki, hazırki ərizənin icraata qəbul edilməsindən imtina edilməli, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və ərizəçiyə izah olunmalıdır ki, o, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanının edilmiş qeydə düzəlişlər etməkdən imtinası ilə bağlı həmin orqana qarşı inzibati icraat qaydasında iddia qaldıra bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263 və 264-cü maddələrini rəhbər tutaraq, qərara a l d ı m: Ərizəçi (maraqlı şəxs Binəqədi rayon qeydiyyat şöbəsi cəlb edilməklə) hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsinin icraata qəbul edilməsindən imtina olunsun, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah edilir ki, o, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanının edilmiş qeydə düzəlişlər etməkdən imtinası ilə bağlı həmin orqana qarşı inzibati icraat qaydasında iddia qaldıra bilər. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar