Məhkəmə qərarları › İş №2(001)-2568/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2568/2024

15.05.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2568/2024 15.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə (MMC) qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmək müqaviləsinə xitam verilməsi tələbinin həyata keçirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 14 may 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti mübahisə barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuşdur. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə etdiyini bildirərək, izahatında göstərdi ki, o, 2008-ci ildən Cavabdeh2 MMC-də işləmiş, təxminən 8-9 il əvvəl işdən çıxmışdır. Bu yaxınlarda o, yeni işə düzələrkən adına aktiv əmək müqaviləsi bildirişinin olduğunu öyrənmişdir. Lakin, cavabdeh şirkət artıq fəaliyyət göstərmədiyindən, o, adına olan müqavilənin ləğv edilməsinə nail ola bilməmiş, bu barədə əmək müfəttişliyinə müraciət etsə də, nəticə əldə olunmadığından hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Sonda İddiaçı məhkəmədən göstərilənləri nəzərə alıb, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh MMC-yə, eləcə də müstəqil tələb irəli sürməyən üçüncü şəxsə məhkəmə iclaslarının vaxtı və yeri barədə müvafiq bildiriş həm poçt vasitəsilə, həm də “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə göndərilməsinə baxmayaraq, onlar tərəfindən səlahiyyətli nümayəndənin məhkəmədə iştirakı təmin edilməmişdir. Mülki iş materiallarında olan: - İddiaçıya məxsus ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçının Cavabdeh2 MMC-də fəhlə vəzifəsindən azad edilməsinə dair xx.xx.2009-cu il tarixli əmr MMC-nin direktoru Səlimov M.S. tərəfindən verilmiş, sonrakı əmrlərin isə kim tərəfindən verildiyi müəyyən edilmir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə aid “taxes.gov.az” internet səhifəsindən əldə edilmiş çıxarışlarla müəyyən olunur ki, Cavabdeh2 MMC-nin qanuni təmsilçisi X2 olmuş, hazırda X4r. - Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə “İşəgötürən” qismində Cavabdeh1 arasında bağlanmış 23 iyun 2015-ci il tarixli əmək müqaviləsinə əsasən, İddiaçı mebel sexinə qaynaqçı vəzifəsinə işə qəbul edilmişdir. Müqavilə 3 aylıq bağlansa da, bildirişin çap edildiyi 17 yanvar 2024-cü il tarixə qüvvədə olduğu görünür. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti tərəfindən İddiaçı ünvanlandırılmış 08 fevral 2024-cü il tarixli məktubda göstərilmişdir ki, “...Tərəfimizdən “Əmək və Məşğulluq” alt sisteminə baxış keçirilərkən fiziki şəxs Cavabdeh1 ilə aranızda xx.xx.2015-ci il tarixində bağlanmış əmək müqaviləsi bildirişinin qüvvədə olduğu müəyyən edilmişdir. Bildiririk ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin “Əmək və Məşğulluq” alt sisteminə daxil edilməsi X6 Xidmətinin səlahiyyətləri xaricindədir... Müraciətinizdə qeyd etdiyiniz məsələnin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnuz vardır.” - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X8 üzrə Baş İdarəsi tərəfindən verilmiş 05 fevral 2024-cü il tarixli “Uçota dair arayış”dan görünür ki, Cavabdeh1 vergi ödəyicisi kimi vergi uçotu 04 fevral 2019-cu il tarixdən ləğv edilmişdir. - “Elektron məhkəmə informasiya sistemi”ndən əldə edilmiş məlumatlarla müəyyən edilmişdir ki, Cavabdeh2 MMC-nin vergi ödəyicisi kimi statusu hazırda aktibdir, rəhbəri X4r. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq, hesab edir ki, iddianın qismən təmin edilməsi üçün əsaslar mövcuddur. Məhkəmə aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə 42.

1. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.

2. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir.

3. On beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş şəxslə əmək müqaviləsi bağlanıla bilməz.

4. Tam fəaliyyət qabiliyyəti olmayan şəxs işəgötürən ola bilməz. Maddə 49.

1. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.

2. Elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir. Maddə 68.

1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Maddə 69.

1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.

2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Məhkəmə iddiaçının dəlilləri ilə qismən razılaşaraq qeyd edir ki, işin müəyyən edilmiş hallarına görə iddiaçı ilə vergi ödəyicisi olmuş Cavabdeh1 arasında 23 iyun 2015-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən, iddiaçı mebel sexinə fəhlə vəzifəsinə işə götürülmüş, müqavilə 3 aylıq bağlanmış, fiziki şəxs Cavabdeh1 vergi ödəyicisi kimi vergi uçotu 04 fevral 2019-cu il tarixdən ləğv edilmişdir, lakin elektron informasiya sistemində iddiaçının Cavabdeh1 aid mebel sexində işlədiyinə dair əmək müqaviləsi bildirişi mövcuddur. Lakin, Cavabdeh1 ilə digər Cavabdeh2 MMC arasında əmək münasibətləri ilə bağlı əlaqəni müəyyənləşdirmək mümkün olmamışdır. İddiaçının Cavabdeh2 MMC-də əvvəllər işlədiyi bəlli olsa da, mübahisələndirilən bildiriş altsistemə Cavabdeh1 tərəfindən daxil edilmiş, sonuncunun isə həmin MMC-də işəgötürmə səlahiyyətinin olması müəyyən edilməmişdir. Belə olan halda aydın olur ki, Cavabdeh1 vergi ödəyicisi kimi öz fəaliyyətini dayandırsa da, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğvi və ya xitamı barədə əmr verilməmiş və müqaviləyə xitam verilməsi ilə bağlı məlumatların “Əmək və Məşğulluq” altsisteminə daxil edilməsi təmin edilməmişdir. Bu vəziyyətin belə davam etməsi isə isə nəticə etibarı ilə iddiaçının əmək qanunvericiliyindən irəli gələn hüquqlarını pozur. Bununla yanaşı məhkəmə qeyd edir ki, iddiaçı əmək müqaviləsinə xitam verilməsi tələbi ilə çıxış etsədə həmin müqavilə iş materiallarına əlavə edilməmiş, belə müqavilənin mövcudluğu işin məhkəmə araşdırılması ilə də müəyyən edilməmişdir. Odur ki, mövcud olmayan müqaviləyə dair məhkəmə qiymət verə bilməz. Lakin buna baxmayaraq “Elektron məhkəmə” informasiya sistemində iddiaçının əmək haqqı üzrə fəhlə vəzifəsində işlədiyi qeyd olunmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh1 faktiki fəaliyyəti olmadığından iddia qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 23 iyun 2015-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı məlumatların elektron informasiya sistemində qeydiyyata alınması vəzifəsi “Əmək və Məşğulluq” altsisteminə daxil edilməsi hüququ Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə həvalə olunmalıdır. İddia digər Cavabdeh2 MMC-yə qarşı və əmək müqaviləsinə xitam verilməsi hisəssələrində rədd edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 23 iyun 2015-ci il tarixli əmək müqaviləsinə xitam verilmə ilə bağlı məlumatların “Əmək və Məşğulluq” altsisteminə daxil edilməsi hüququ Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar