Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2571/2021 02.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı2 nümayəndəsi (vəkili) X11, Cavabdeh və onun nümayəndəsi (vəkili) X12 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “fərdi yaşayış evinə köçürülmə” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “fərdi yaşayış evinə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Füzuli küçəsi, döngə 1 ünvanında yerləşən 1 zal, dəhliz, 3 otaq, 1 mətbəx və sanitar qovşaqdan ibarət fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddiaçılar tələbini onunla əsaslandırmışdır ki, 2013-cü il tarixdə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Füzuli küçəsi, döngə 1 ünvanında yerləşən fərdi yaşayış evini X8 47.000 manat qarşılığında satın almışlar. Elə həmin ildən 2020-ci il tarixə kimi sözügedən ünvanda övladları 1998-ci il təvəllüdlü X13 və 2000-ci il təvəllüdlü X16 ilə birlikdə yaşamışlar. Bütün bunlar qonşular tərəfindən imzalanmış aktda da öz əksini tapmışdır. “xxxx” MMC tərəfindən 26 dekabr 2013-cü il tarixdə verilmiş hesab cədvəlindən də göründüyü kimi mübahisəli fərdi yaşayış evinin istifadəçisi qismində İddiaçı2 göstərilmişdir. Ötən ilin mart ayında onlar evi təmir etdirmək məqsədi ilə evin əşyaları ilə birlikdə evdən çıxmışlar. Bir müddət sonra evə gəldikdə evdə Cavabdeh Fərqan oğlunun olduğunu görmüşlər. Ona həmin evin onlara məxsus olduğunu bildirsələr də cavabdeh, sözügedən mübahisəli fərdi yaşayış evini 55.000 manat qarşılığında satın aldığını bildirmişdir. Sözügedən məsələ ilə bağlı dərhal polisə müraciət etsələr də, bir nəticəsi olmamışdır. Belə ki, iş mülki xarakterli olduğundan şifahi şəkildə məhkəməyə müraciət etməli olduqları bildirilmişdir. Göründüyü kimi, onlar öz iradələrindən aslı olmayan səbəblərdən 7 ildir ki, yaşadıqları, öz vəsaitləri hesabına əldə etdikləri evdən istifadə etmək hüququndan məhrum olmuşlar. Bu səbəbdən də, mövcud tələblə məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Göstərilənlərə əsasən iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı2 nümayəndəsi (vəkili) X23 iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini xahiş etmişdir. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, iddiaçılar 2013-cü ildə evi alan vaxtdan həmin evdə yaşamışlar və kommunal ödənişlər etmişlər. İddiaçı1 mübahisəli mənzili satmaq istəmiş, bununla bağlı evlərin alqı-satqısı ilə məşğul olan bir şəxsə yaxınlaşmışdır. Həmin şəxsin adı X18 olmuşdur. Sonradan məlum olmuşdur ki, həmin şəxs dələduzluqla məşğuldur. Elmanla iddiaçı arasında razılaşma belə olmuşdur ki, Elman iddiaçıya 7.000 manat beh verməli, Elman da evi təmir edib daha baha qiymətə satmalıdır. Lakin 7.000 manat beh verilsə də, ev satılmadığı üçün qalan məbləğ iddiaçıya ödənilməmişdir. Razılaşma evi yaxşı vəziyyətə gətirib satmaq üçün olmuşdur. Elmanla iddiaçı arasında razılaşma olmuş, alqısatqı isə olmamışdır. Ev sənədsiz olduğu üçün notarial qaydada alqı-satqı edə bilməyəcəkdilər. “Makler müqaviləsi” deyilən müqavilə var. Sənədsiz evlər adətən o cür alqı-satqı edilir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində rəsmiləşmə olmayacaqdı. Əmlakın sənədi olmasa da, əmlak özü var. Evi sənədsiz satacaqdılar. Hazırkı məsələ ilə bağlı hüquqmühafizə orqanlarına müraciət edilmişdir. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, o, ev almaq niyyəti ilə uzun müddət idi ki, ev axtarırdı. Bununla bağlı ev alqı-satqısı ilə məşğul olan şəxslərə müraciət etmişdir. Həmin zaman ona bildirdilər ki, Elman Adıgözəlov adında şəxs özünə məxsus olan evi satır. O da gedib evə baxmışdır. Həmin evdə Elman və ailəsi yaşayırdılar. Əvvəl evin qiyməti baha olduğu üçün almaq istəməmiş, lakin, sonra özündə olan pulu və avtomobilini verərək ümumilikdə 55.000 manata evi almış və ay yarımdan sonra ailəsi ilə birlikdə köçüb həmin evdə yaşamağa başlamışdır. Hazırda da həmin evdə yaşayır. Bir müddət sonra Əliyullanın qaynanası və qohumu gəlib qapılarını döydülər və onlara bildirdilər ki, ev Əliyullanındır və o, evi heç kimə satmayıb. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o beh və avtomobili ilə birlikdə Elmana cəmi 55.000 manat pul vermişdir. 55.000 manatın bir hissəsinin müqabilində avtomobilini vermişdir. X37 arasında olan 7.000 manat söhbətindən xəbəri olmamışdır. Həmin məsələni sonradan öyrənmişdir. Evin kimə məxsus olmasını heç kimdən maraqlanmamışdır. Həmin evdə Elman öz ailəsi ilə birlikdə qalırdı. Elmanla onu ev alqı-satqısı ilə məşğul olan şəxslər tanış etmişdir. Elmanı ona ev sahibi kimi təqdim etmişdilər. Bunlardan əlavə qeyd etdi ki, onun iddiaçılarla hər hansı bir problemi yoxdur. Belə ki, o, iddiaçıların mübahisəli evin əvvəlki sahibləri olduğunu artıq bilir. Hazırki mübahisənin yaranma səbəbi ondan ibarətdir ki, X18 ilə iddiaçılar arasında mübahisəli evin alqı-satqısı ilə bağlı razılıq olmuş və ev iddiaçılar tərəfindən Elmana satılmışdır. Lakin, Elman evin dəyərini iddiaçılara tam ödəməmiş, onları aldatmışdır. Hazırda iddiaçılar Elmandan pullarının qalan hissəsini ala bilmədiklərinə görə hazırki iddia ilə məhkəməyə müraciət etmişlər. Nəzərə alınmalıdır ki, o, mübahisəli evin dəyərini tam ödəyərək X6 almışdır. Belə olan halda isə iddiaçılarla X18 arasında olan mübahisələrin ona hər hansı aidiyyəti olmamalı və onun hüquqlarını pozmamalıdır. İddiaçılar razılaşdıqları məbləğdə pulun qalan hissəsini X6 tələb etmək əvəzinə, evi ondan tələb edirlər. Bu isə ədalətsizlikdir, çünki onun qeyd olunan məsələlərdə hər hansı bir təqsiri olmamışdır. O, sadəcə evin dəyərini ödəməklə həmin evə sahiblik hüququ qazanmışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi (vəkili) iddianı qəbul etməyərək bildirdi ki, iddia ərizəsində göstərilənlər doğru deyildir və tələb tam əsassızdır. Belə ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 2020-ci ilin mart ayına qədər həmin evdə yaşasalar da, 2020-ci ilin may ayında həmin evi X18 adlı şəxsə 43.000 manata satmışlar. Həmin evə görə Elman Adıgözəlov iddiaçılara 17.000 manat pul ödəmiş, qalan pulu isə evi başqa şəxsə satandan sonra ödəyəcəyini bildirsə də, ödəməmişdir. Elman Adıgözəlov həmin evi təmir edərək 55.000 manata cavabdehə satmışdır. Cavabdeh isə həmin məbləği ödəyərək, evi təmir etdirmiş və evə köçərək həmin evdə yaşamışdır. Hazırda da yaşamağa davam edir. Qeyd etdiyi hallar iddiaçıların Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə vermiş olduqları izahatlarında öz əksini tapmışdır ki, Elman Adıgözəlovun iddiaçılara qarşı dələduzluq etməsi ilə bağlı araşdırma materialları, araşdırmanın davam etdirilməsi üçün Binəqədi Rayon Polis İdarəsinə göndərilmiş və Binəqədi Rayon Polis İdarəsində təhqiqat şöbəsində araşdırma davam etməkdədir. Mübahisəli fərdi yaşayış evi Dövlət Reyestrində Qeydiyyata alınmasa da, faktiki olaraq iddiaçıların özlərinin də, etiraf etdikləri kimi öz razılıqları ilə nisyə olaraq Elman Adıgözəlova satılmışdır. Bundan isə tam aydın olur ki, cavabdeh həmin evə qanunsuz olaraq deyil, qanuni olaraq və heç kimin hüquqlarını pozmadan sahiblənmiş və hazırda da, onların sahiblik və istifadəsindədir. Belə olduğu halda isə iddiaçılar İddiaçı1 və İddiaçı2 tələbi X3 olduqları evin müqabilində ödənilməmiş 26.000 manatın ondan tələb edilməsi ilə bağlı ola bilər ki, bu halda da, cavabdehin hər hansı bir şəkildə cavabdehliyi yoxdur. Göstərilənlərə əsasən, iddianın əsasız olduğuna görə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı1 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4 və 259.0.7-ci maddələrinə əsasən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını və şahidin ifadəsini dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfin vəsatəti əsasında məhkəmə iclasında şahid qismində ifadə vermiş X24 bildirmişdir ki, mübahisə predmeti olan evi o, tikmiş və 2013-cü ildə Əliyulla adlı şəxsə satmışdır. Hətta evi satandan sonra 6 ay da həmin evdə qalmağa davam etmişdir. 6 aydan sonra evi Əliyullaya verib yaxınlıqda başqa ev alaraq oraya köçmüşdür. Əliyulla ona evin pulunun hamısını tam ödəmişdir. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, ev sənədsiz evdir. 2020-ci ilə kimi Əliyulla həmin evdə yaşamışdır. Sonra demişdir ki, evi satıb köçmək istəyir. Sonra isə İddiaçı1 köçdü. Kommunal xidmətlə bağlı bir iki sənəd onun adına olduğundan bir gün Cavabdeh gəlib qapını döymüşdür ki, mübahisə predmeti olan evi o alıb. Həmin sənədlərin onun adına keçirilməsini xahiş etdi. Cavabdeh evi kimdən almasını bilmir. Evin çıxarışı yox idi. Əliyulla ona demişdir ki, evi satmaq istəyir. Əliyulla evdən köçəndə 2020-ci il idi, dəqiq tarixi isə xatırlamır. İş materiallarında olan: “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin “fiziki və hüquqi şəxslərin istifadəsində olan əmlakın qiymətləndirilməsi və torpaqların inventarlaşdırılması”na dair 26 dekabr 2013-cü il tarixli hesabat cədvəlinin surətindən görünür ki, İddiaçı2 istifadəsində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Füzuli küçəsi, döngə 1 ünvanında yerləşən fərdi yaşayış evinin inventar dəyəri 51.945 manat olaraq müəyyən edilmişdir. Tikintinin təsviri: tikildiyi tarix – 2000-ci il, bünövrə - beton, divar – M/daşı, dam örtüyü – şifer, elektrik, su, kanalizasiya və qaz xətləri var, ümumi sahə - 138.15 kv.m, həcmi – 552,60 kubmetr, ilkin qiyməti – 55.260 manat, fiziki aşınma – 6%, hazırki inventar dəyəri 51.945 manat; “Azəriqaz” İstehsalat Birliyi ilə X26 arasında 14 sentyabr 2020-ci il tarixdə bağlanılmış “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” AKX-0242825/09-2020 saylı müqaviləyə əsasən, birinci tərəf sonuncunu (ünvan Biləcəri qəsəbəsi, Yeni Yaşayış massivi, ev 963) təbii qazla təmin etmək, sonuncu isə, birinci tərəfindən ona ötürülən təbii qazın dəyərini ödəməyi öhdəsinə götürmüşdür; “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə X26 arasında bağlanmış 14 sentyabr 2020-ci il tarixli “Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqının birtipli müqavilə”sinin surətindən görünür ki, birinci tərəf sonuncunu (ünvan Biləcəri qəsəbəsi, Yeni Yaşayış massivi) elektrik enerjisi ilə təchiz etməyi, sonuncu isə, birinci tərəfindən ona ötürülən elektrik enerjisinin dəyərini ödəməyi öhdəsinə götürmüşdür; “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Binəqədi rayon Sukanal İdarəsinin ödəniş siyahısından görünür ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 1 ünvanında istifadə edilən kommunal xidmətə görə ödənişlər 2017-2019-cu illərdə abonent İddiaçı2 tərəfindən ödənilmişdir; X19, X15, X20, X5 və X17 tərtib etdikləri və öz imzaları ilə təsdiq etdikləri 16 noyabr 2020-ci il tarixli aktdan görünür ki, həqiqətən də İddiaçı1 və İddiaçı2 övladları 1998-ci il təvəllüdlü X7 və 2000-ci il təvəllüdlü X9 ilə birgə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 2 ünvanında 2013-cü ildən 2020-ci il tarixə kimi daimi olaraq yaşamışlar; “xxxx” MMC-nin 1 saylı rabitə xidmətləri mərkəzinin 09 mart 2021-ci il tarixli arayışından görünür ki, həqiqətən də Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 1 ünvanında istifadədə olan ******* saylı xətt 03 aprel 2017-ci il tarixdən bu günə kimi həmin abunəçinin adınadır; 26 mart 2020-ci il tarixli “mənzilin alqı-satqı” müqaviləsindən görünür ki, İddiaçı1 tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Füzuli küçəsi, döngə 1 ünvanında yerləşən yaşayış evi 43.000 manata X1. Müqavilənin 9-cu bəndinə əsasən mənzilin boşaldılması günü 30 mart 2020-ci ildir. Müqavilənin 10-cu bəndinə əsasən alıcı tərəfindən verilən behin məbləği 7.000 manatdır. Müqavilənin 15-ci bəndinə əsasən qeydiyyatdan çıxanadək satış pulundan 36.000 manat saxlanılır. Qalıq məbləğ 36.000 manat 20 iyul 2020-ci il tarixdə veriləcək. Müqavilə İddiaçı1, X18, vasitəçi Heydərov Fazil, şahidlər İbadov Elman, X27 və X21 tərəfindən imzalanmışdır; 16 iyun 2020-ci il tarixli “mənzilin alqı-satqı” müqaviləsindən görünür ki, X18 tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Füzuli küçəsində yerləşən 4 otaqlı yaşayış evi 55.000 manata Cavabdeh satılmışdır. X4, Cavabdeh, vasitəçi Xanbiyev Araz, şahidlər Heydərov Fazil, Məmmədov Xəyal və Heydərov Möhkəm tərəfindən imzalanmışdır; Bakı şəhəri 43 saylı Notariat ofisində, X18 ilə X26 arasında bağlanmış 19 iyun 2020-ci il tarixli podrat müqaviləsinin surətindən görünür ki, birinci tərəf öz materiallarından istifadə etməklə Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.Ordubadi küçəsi ünvanında yerləşən 270 kv.m torpaq sahəsində inşa edilən 2.80 metr daxili hündürlüyü, daxili və xarici divarlar, mişar daşı, özülü beton, dam örtüyü şifer, döşəmə taxta, daxili qapılar taxta qapı, giriş qapı dəmir seyf qapı, pəncərələr, sanitar qovşağı kafel, metlax ümumi sahəsi 132 kv.m olan 4 otaqlı, kürsülü, 1 mətbəxli, dəhlizli, 1 mərtəbəli fərdi yaşayış evini tikib yaşayış üçün hazır vəziyyətdə təhvil verməyi, sifarişçi isə həmin fərdi yaşayış evini qəbul edərək müqavilə üzrə müəyyən edilmiş məbləği ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.1-ci bəndinə əsasən hazırki müqavilə üzrə podratçı tərəfindən icra olunan işin ümumi dəyəri muzd da daxil olmaqla 55.000 manat təşkil edir. 11.000 manat pul vəsaiti beh şəklində ödənilmişdir. Sifarişçi qalan məbləği 43.900 manatını müqavilə bağlandığı gün notarisun depozit hesabı vasitəsi ilə ödəyir; Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məhkəmənin sorğusuna verdiyi 29 aprel 2021-ci il tarixli cavab məktubundan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Füzuli küçəsi, döngə 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair dəqiq məlumatlar təqdim edilmədiyi üçün məlumatların verilməsi mümkün olmamışdır. Sözügedən fərdi yaşayış evinə dair əlavə məlumatlar (nömrəsi, digər əhəmiyyət kəsb edən məlumatlar) təqdim edildiyi təqdirdə müraciətə yenidən baxıla bilər. Həmçinin qeyd edilmişdir ki, məktubda qeyd olunan şəxslərin adlarına sözügedən ünvanda qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir; Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi tərəfindən qəbul edilmiş 18 aprel 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, vətəndaş İddiaçı1 ərizəsi ilə əlaqədar toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, İddiaçı1 tələbi ilə bağlı mülki qaydada məhkəmə instansiyasına müraciət etmək hüququ izah edilmişdir. Qərarın təsviri hissəsində göstərilmişdir ki, 02 noyabr 2020-ci il tarixdə vətəndaş Məmmədov X10 Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə ərizə ilə müraciət edərək, 20 iyul 2020-ci il tarixdə özünə məxsus Biləcəri qəsəbəsi, Füzuli küçəsi, döngə 1 ünvanında yerləşən fərdi tikilini X14 43.000 manata satdığını, ilkin olaraq 17.000 manat pulun ödənildiyini, qalan pulunu bu günə kimi ala bilmədiyini, hazırda Elman Adıgözəlov evi başqa şəxsə sataraq pulunu mənimsədiyini bildirmişdir. 17 noyabr 2020-ci il tarixli qəbzdən görünür ki, İddiaçı1 tərəfindən hazırki iddianın qaldırılması üçün 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, mübahisəli ev iddiaçılar tərəfindən 2013-cü ildə alınmış və onlar uşaqları ilə birlikdə 2020ci ilin mart ayına qədər həmin evdə yaşamışlar. Daha sonra həmin ev İddiaçı1 tərəfindən 26 mart 2020-ci il tarixdə 43.000 manata X2, sonuncu tərəfindən iddiaçıya 17.000 manat ödənilmiş və iddiaçılar uşaqları ilə birlikdə həmin evdən çıxmışlar. Həmin ev dövlət reyestrində qeydiyyata alınmadığından həmin evin alqı-satqısı 26 mart 2020-ci il tarixdə sadə yazılı formada rəsmiləşdirilmişdir. Bundan sonra isə mübahisəli ev 16 iyun 2020-ci il tarixdə X18 tərəfindən 55.000 manata hazırki iş üzrə cavabdehə satılmış və həmin evin alqı-satqısı sadə yazılı formada rəsmiləşdirilmişdir. 02 noyabr 2020-ci il tarixdə İddiaçı1 Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə müraciət edərək, 20 iyul 2020-ci il tarixdə özünə məxsus fərdi tikilini X14 43.000 manata satdığını, ilkin olaraq 17.000 manat pulun ödənildiyini, qalan pulunu bu günə kimi ala bilmədiyini, hazırda Elman Adıgözəlov evi başqa şəxsə sataraq pulunu mənimsədiyini bildirmişdir. Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin 18 aprel 2021-ci il tarixli qərarı ilə İddiaçı1 ərizəsi ilə əlaqədar toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, ona mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Hazırda isə iddiaçılar evi təmir etdirmək məqsədi ilə evdən əşyaları ilə birlikdə çıxdıqlarını, qayıtdıqlarında isə evlərinin cavabdeh tərəfindən qanunsuz zəbt edildiyini, öz iradələrindən asılı olmayaraq evlərindən istifadə etmək hüquqlarından məhrum olduqlarını bildirərək, mübahisəli evə köçürülmələrini xahiş edirlər, cavabdeh isə mübahisəli evi X6 dəyərini ödəməklə aldığını və həmin evin qanuni sahibi olduğunu bildirərək iddianı qəbul etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası); 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır; 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. “Normativ hüquqi aktlar” haqqında Azərbaycan Respublikası Konstitusiyası Qanununun 13.1-ci maddəsinin tələbinə görə, konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığı hallarda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 26 sentyabr 2007-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu yekun hüquqi mövqeyini belə ifadə etmişdir ki, ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən mənzil qanunvericiliyində normanın olmamasına görə iddianın rədd olunması və konkret mübahisənin həllindən faktiki imtina edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Məhkəmə qeyd edir ki, iddiaçılar evi təmir etdirmək məqsədi ilə evdən əşyaları ilə birlikdə çıxdıqlarını, qayıtdıqlarında isə evlərinin cavabdeh tərəfindən qanunsuz zəbt edildiyini və öz iradələrindən asılı olmayaraq evlərindən istifadə etmək hüquqlarından məhrum olduqlarını bildirsələr də, qeyd edilən hallar iş materialları ilə təkzib olunmuşdur. Belə ki, iş materiallarından müəyyən olunur ki, mübahisəli ev rəsmi reyestrdə qeydə alınmadığına görə onun alqı-satqısının qanunvericiliyə uyğun olaraq notarial formada rəsmiləşdirilməsi qeyri-mümkün olmuşdur. Bu səbəbdən mübahisəli evin alqı-satqısına dair İddiaçı1 ilə X18 arasında razılıq əldə edilmiş və razılıq sadə yazılı formada rəsmiləşdirilmiş, həmin razılığa əsasən onların arasında öhdəlik münasibətləri yaranmış və iddiaçılar üzərlərinə düşən öhdəliyi icra edərək, başqa sözlə öz iradə ifadələrini əks etdirməklə əşyaları ilə birlikdə evdən çıxmışlar. Bundan əlavə, iddiaçı Məmmədov X10 Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə şikayətlə müraciət edərək, evi satdığını lakin, pulunu tam ala bilmədiyini qeyd etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid isə ifadəsində bildirmişdir ki, 2020-ci ildə İddiaçı1 ona evi satmaq istədiyini bildirmiş və həmin ildə evdən köçmüşdür. Göründüyü kimi, iddiaçılar evdən evi təmir etdirmək məqsədi ilə deyil, məhz evi satdıqlarına görə evi boşaldaraq çıxmışlar. Bunlardan əlavə, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, İddiaçı2 nümayəndəsi (vəkili) məhkəmə iclasında ona verilmiş suala cavab olaraq, İddiaçı1 ilə X18 arasında razılaşmanın olmasına baxmayaraq alqı-satqının olmadığını bildirsə də, bunu təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, əksi isə iş materialları ilə öz təsdiqini tapmışdır. Belə olan halda, məhkəmə iddia tələbini əsassız hesab edir və belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Təsvir edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “fərdi yaşayış evinə köçürülmə” tələbinə dair iddiaları təmin edilməməli, iş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı1 aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “fərdi yaşayış evinə köçürülmə” tələbinə dair iddiaları təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı1 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-2571/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2571/2021
02.06.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver