Məhkəmə qərarları › İş №2(001)-2571/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2571/2024

29.04.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2571/2024 29.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı əmək müqaviləsinə tələbinə dair iddia ərizəsi üzrə mülki işə 29 aprel 2024-cü il tarixdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinə 20.07.203-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin “a” bəndi ilə xitam verilməsi öhdəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh MMC-də xx.xx.2022-ci il tarixdən mühasib vəzifəsində çalışır. O, xx.xx.2023-cü il tarixdə müddətli həqiqi hərbi xidmətə getmişdir. Lakin buna baxmayaraq cavabdeh onun əmək müqaviləsinə hazırki vaxtadək xitam verməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, göstərmişdir ki, İddiaçı hazırda hərbi xidmətdədir. Cavabdeh MMC isə iddiaçı ilə aralarında bağlanmış əmək müqaviləsinə xitam verməmişdir. Göstərdiklərini nəzərə alaraq iddia tələbinin təmin edilib, iddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinə 20.07.203-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin “a” bəndi ilə xitam verilməsi öhdəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh MMC məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Cavabdeh MMC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan: - ******** nömrəli məcburi köçkün vəsiqəsindən görünür ki, İddiaçı Füzuli rayonundan məskunlaşmış məcburi köçkündür. - Çağırış vərəqəsindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə, saat 9:00da hərbi xidmətə yola düşmək üçün rayon çağırış məntəqəsinə gəlməsi əmr edilmişdir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən İddiaçı ünvanlanmış 22 sentyabr 2023-cü il tarixli məktubda göstərilmişdir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq sahədə aparılan yoxlamalar xx.xx.2025-ci il tarixinədək dayandırıldığından məsələnin yerində araşdırılması mümkün deyildir. Həmçinin qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” altsisteminə baxış keçirilərkən İddiaçı Cavabdeh MMC-nin işə götürəni arasında xx.xx.2022-ci il tarixinə bağlanmış əmək müqaviləsinə dair bildirişin qüvvədə olduğu müəyyən edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilini dinləyib, mülki iş materiallarını araşdıraraq, hesab edir ki, iddianın təmin edilməsi üçün əsaslar mövcuddur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə 42.

1. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.

2. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir.

3. On beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş şəxslə əmək müqaviləsi bağlanıla bilməz.

4. Tam fəaliyyət qabiliyyəti olmayan şəxs işəgötürən ola bilməz. Maddə 49.

1. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.

2. Elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir. Maddə 68.

1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Maddə 74.

1. Tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə aşağıdakı hallarda xitam verilir: a) işçi hərbi və ya alternativ xidmətə çağırıldıqda; b) əvvəllər müvafiq işdə (vəzifədə) çalışan işçinin işinə (vəzifəsinə) bərpa edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olduqda. c) qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə; ç) İşçinin nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi barədə məhkəmənin hökmü qanuni qüvvəyə mindikdə; d) məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə işçinin fəaliyyət qabiliyyətsizliyi təsdiq edildikdə; e) işçi vəfat etdikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə; ə) əvvəllər həmin müəssisədə çalışan işçi müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra öz iş yerinə (vəzifəsinə) qayıtmaq hüququndan istifadə etdikdə; f) qanunla pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilmiş şəxslə pedaqoji fəaliyyətlə məşğul olmaq üçün əmək müqaviləsinin bağlandığı aşkar edildikdə. Məhkəmənin mövqeyi: Məhkəmə ilk olaraq qeyd edir ki, hazırki iş üzrə İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixində əmək müqaviləsinin bağlanması işin mübahisəsiz halıdır. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı pozulmuş hüquqlarının bərpası ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə müraciət etmiş və ona “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq sahədə aparılan yoxlamalar xx.xx.2025-ci il tarixinədək dayandırıldığından məsələnin yerində araşdırılmasının mümkün olmadığı, eləcə də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” altsisteminə baxış keçirilərkən İddiaçı Cavabdeh MMCnin işə götürəni arasında xx.xx.2022-ci il tarixdə bağlanmış əmək müqaviləsinin qüvvədə olduğu bildirilmişdir. Həmçinin müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarixdə, saat 9:00-da hərbi xidmətə yola düşmək üçün rayon çağırış məntəqəsinə getməsi ilə bağlı ona çağırış vərəqəsi verilmiş və o, qeyd edilən tarixdə müddətli hərbi xidmət yerinə getmişdir. Göründüyü kimi İddiaçı aslı olmayan səbəblərdən o, işlədiyi Cavabdeh MMC-dən ayrılmaq məcburiyyətində qalmışdır. Belə olduğu halda iddiaçı ilə işə götürən arasında xx.xx.2023-cü il tarixdə bağlanmış əmək müqaviləsinə tərəflərin iradəsindən aslı olmayan hallar əsası ilə xitam verilməli olduğu halda, hazırki vaxtadək əmək müqaviləsinə xitam verilməmişdir. Bu hal isə İddiaçı əmək hüquqlarının pozulması ilə yanaşı, həm də qanunvericiliyin imperativ tələblərinin pozulmasıdır. Yuxarıda qeyd edilənləri, eləcə də iddiaçının xx.xx.2023-cü il tarixdən müddətli hərbi xidmətə çağırılması iş materialları ilə sübut edildiyindən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinə 20.07.203-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin “a” bəndi ilə xitam verilməsi öhdəliyi Cavabdeh MMC-nin üzərinə qoyulmalıdır. Həmçinin iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı mübahisənin mediasiya vasitəsi ilə həll edilməsi ilə bağlı mediasiya xərcləri üçün hər birinə 50 (əlli) manat pul ödəmişlər. Qeyd olunanlarla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPMnın 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də əks olunmalı olduğundan, bu məsələ də öz həllini tapmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia təmin edildiyi üçün məhkəmə hesab edir ki, mediasiya xörclərinə görə ödənilmiş 50 (əlli) manat məbləğində mediasiya rüsumu Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinə 20.07.203-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin “a” bəndi ilə xitam verilməsi öhdəliyi Cavabdeh MMC-nin üzərinə qoyulsun. Mediasiya xörclərinə görə ödənilmiş 50 (əlli) manat məbləğində mediasiya rüsumu Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar