Məhkəmə qərarları › İş №2(001)-260/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-260/2023

09.03.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-260/2023 09.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbacan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində X8 Xidməti cəlb edilməklə) “əmrin ləğv edilməsi, müddətsiz əmək müqaviləsi bağlanmaqla işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “əmrin ləğv edilməsi, müddətsiz əmək müqaviləsi bağlanmaqla işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun işdən azad edilməsi barədə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 25 aprel 2022ci il tarixli 68-Ş/H əmrinin ləğv edilməsi, onun müddətsiz əmək müqaviləsi bağlanmaqla həmin işə bərpa edilməsi, məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Mingəçevir şəhər İcra Hakimiyyeti başçısının 01 may 2002-ci il tarixli 22 saylı əmri ilə aparatın sosial iqtisadi məsələlər şöbəsinə iqtisadçı vəzifəsinə təyin edilərək 29 avqust 2003-cü il tarixli 63 b nömrəli əmrlə kiçik dövlət qulluqçusu, 01 oktyabr 2004-cu il tarixli 72 nömrəli əmrlə 3-cü dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi almışdır. 31 may 2012-ci il Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə məsləhətçi vəzifəsinə təyin olunmuşdur. 25 fevral 2015-ci ildə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası qanunu 33.1.4-cü maddəsinə əsasən qanunvericiliyin tələbləri pozularaq işə qəbul edildiyi əsası ilə dövlət qulluğuna xitam verilmişdir. Daha sonra idarənin 03 aprel 2015-ci il tarixli əmri ilə işdən çıxma əmri 10 mart 2015-ci il tarixinə dəyişdirilmişdir. İşdən azad edildikdən sonra işsiz qalmamaq üçün başqa işə girsə də məhkəmədə işə bərpa tələbinə dair iddia qaldırmışdır. Şəki İnzibatı-İqtisadi Məhkəməsinin 2-1(84)368/2016 saylı 31 may 2016-cı il tarixli qərarı ilə cavabdehin 25 fevral 2015-ci il tarixli və 3 aprel 2015-ci il tarixli əmrləri ləğv edilmiş, o, həmin vəzifəyə bərpa olunmuşdur. X6 İnzibatı Kollegiyasının 06 sentyabr 2016-cı il qərarı ilə cavabdehin apeliyasiya şikayəti təmin olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 yanvar 2017-ci il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Nəqliyyat Nazirliyin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin kassasiya şikayəti təmin edilməmişdir. 13 noyabr 2017-ci il tarixli 31 saylı əmrlə 31/K saylı əmrlə tutduğu məsləhətçi vəzifəsi ixtisar edildiyindən razılığı ilə mütəxəsis vəzifəsinə təyin edilmişdir. Sonradan 15 saylı Mingəçevir Nəqliyyat MMC ləğv edildiyindən bütün işçilərlə bərabər o da 20 noyabr 2018-ci il tarixdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti "xxxx" MMC-yə Regional bölmələrin əlaqələndirilməsi X5 mütəxəsis vəzifəsinə qəbul edilmişdir. Həmin vaxt məhkəmə qərarının icrası ilə əlaqədar Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə müraciət etmişdir və xidmətdən 22 noyabr 2018-ci il tarixdə M /21 (X)/Ə saylı məktubla cavab verilmişdir ki, məhkəmə qərarının işə bərpa edilmə hissəsi icra edilmişdir. “Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili MMC-nin 25 aprel 2022-ci il tarixli 68-Ş/H əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68ci maddəsinin 2-ci hissəsinin “b” bəndi ilə onunla bağlanmış əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xitam verilmişdir. Bundan sonra mən “Mediyasiya haqqında” Azərbaycan Respublikası qanunun 29.2-ci maddəsinə əsasən mediyasiya prosesinin başlanması ilə bağlı qarşı tərəfə xx.xx.2022-ci il tarixdə təklif göndərmiş, xx.xx.2022-ci il tarixdə təkfilinə razılıq verilmədiyindən mediasiya şurasına mediator təyin edilməsinə müraciət etmişdir. xx.xx.2022-ci il tarixdə təyin olunmuş ilkin mediyasiya sesiyasında iştirak edilməməsi barədə arayış verilmiş və 50 manat mediyasiya xərci onun tərəfindən ödənilmişdir. İşə götürən onu işdən azad edərkən hesab etmişdir ki, onunla bağlanmış əmək müqaviləsinin müddəti bitmişdir. Əvvəla qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə təsdiq olunur ki, o, işə bərpa olunanadək daimi əsaslarla işləmişdir, digər tərəfdən yerinə yetirilən əmək funksiyası şərtlərinə və göstərilən xidmətlərin daimi xarakterə malik olduğu aşkar olduğu halda onunla müddətli əmək müqaviləsi bağlana bilməzdi. Həmçinin o, həmin vəzifədə 5 ildən artıq işləmişdir. Bu səbəbdən də işəgötürənin onun müvəqqəti işci hesab etməsi qanunsuzdur. O, həmin idarədə 9 ildən artıq müddətdir ki, fasiləsiz çalışır. Cavabdeh Azərbacan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi iddia ərizəsinə yazılı etiraz ünvanlayaraq bildirmişdir ki, iddiaçı iddia ərizəsində 2018-ci ilin 20 noyabr tarixindən 25 aprel 2022-ci il tarixinədək Cəmiyyətin X3 mütəxəssis vəzifəsində işlədiyini xx.xx.2022-ci il tarixində onunla bağlanmış müddətli müqavilənin ləğv edildiyini, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinə əsasən müddətli müqavilənin müddətsiz hesab edildiyini, eləcə də həmin məcəllənin 45.4. 45.5 və 47-ci maddələrini əsas gətirməklə işəgötürənin əmək müqaviləsini bir tərəfli qaydada ləğv edilməsinin qanunsuz olmasını qeyd etmişdir. İddiaçının qeyd edilən iddiası əsassız və qanunsuzdur. Belə ki, iddiaçının şəxsi işindən göründüyü kimi o, "xxxx" MMC-nin X1 şöbəsinin X5 mütəxəssis vəzifəsinə ərizəsi əsasında xx.xx.2018-ci il tarixində 3 ay müddətinə işə qəbul edilmiş və iddiaçı ilə xx.xx.2022-ci il tarixinədək müddətli müqavilələr bağlanılaraq sonuncu tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “b" bəndinə əsasən Cəmiyyətin 68-Ş/h əmrinə əsasən onunla bağlanmış əmək müqaviləsinə əsaslı olaraq xitam verilmişdir. İddiaçının ərizəsindən göründüyü kimi o, xx.xx.2012-ci il tarixindən xx.xx.2015-ci il tarixinədək Dövlət Avtomobil Nəqliyyatı xidmətinin məsləhətçi vəzifəsində xx.xx.2017-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin 15 saylı Mingəçevir Regional MMC-də mütəxəssis vəzifəsində çalışmışdır. Göründüyü kimi İddiaçı xx.xx.2018-ci il tarixinədək "Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili” MMC-nin deyil Dövlət Avtomobil Nəqliyyatı Xidmətində müxtəlif vəzifələrdə işləmişdir. Bu səbəbdən də İddiaçı iddiasında qeyd etdiyi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci bəndinin ona qarşı tətbiq edilməsi məqsədəmüvafiq deyildir. Göründüyü kimi iddiaçının razılığı ilə onunla bağlanmış müddətli əmək müqaviləsinə 25 aprel 2022-ci il tarixli 68-Ş/h nömrəli əmrlə əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar İddiaçı ilə əmək müqaviləsinə xitam verilmişdir və bu barədə də iddiaçıya müvafiq bildiriş təqdim edimişdir. Beləliklə, iş materiallarından göründüyü kimi, həmin müqavilənin müddəti tərəflərin qarşılıqlı razılığı ilə müqaviləyə edilən xx.xx.2022-ci il tarixli 1 №-li əlavəyə əsasən bir aylıq uzadılaraq, sonuncu iş günü kimi xx.xx.2022-ci il tarixi qeyd edilmiş nəhayət, əmək müqaviləsi müddətinin qurtarması səbəbi ilə 25 aprel 2022-ci il tarixli əmr ilə həmin tarixdən əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinin 1-ci və 2-ci bəndinə əsasən əmək müqavilələri sərbəst bağlanır,əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Həmin Məcəllənin 47-ci maddəsinin əsasən əmək müqaviləsi müddətli olaraq tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə bağlanıla bilər. Qeyd edilən maddələrdən göründüyü kimi, tərəflər müddətli əmək müqaviləsinin bağlanıbbağlanmamasında sərbəstdilər və əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Cavabdeh İşəgötürən də əmək müqaviləsini, o cümlədən müddətli əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz, tərəflərdən hər biri, o cümlədən İşəgötürən də müddətli müqavilənin bağlanmasına məcbur ediləcəyi təqdirdə bu Qanunvericilikdə qeyd edilmiş hüquq bərabərliyi prinsipinin və müqavilələri sərbəst şəkildə bağlamağa dair tələbin kobud pozulması kimi qəbul edilər. Bundan əlavə, onu da xüsusilə qeyd etmək istərdi ki, iddiaçının özü də onunla müddətli müqavilə bağlanması barədə ərizə ilə müraciət etmiş və həmin müqavilənin qüvvədə olduğu müddət ərzində həmin müddətli müqaviləni mübahisələndirməmişdir. İddiaçının şəxsi işində olan sənədlərdən göründüyü kimi, iddiaçı iddia ərizəsində əsassız olaraq işəgötürənlə qeyd edilən vəzifədə işləməsi barədə müqavilənin 5 ildən artıq davam etməsini göstərmiş, onunla işəgötürən tərəfindən müddətli əmək müqaviləsi xx.xx.2018-xx.xx.2022-ci il tarixədək cəmi 03 il 05 ay 05 gün davam etmiş, bu da qeyd edilən müddətli müqavilənin müddətsiz müqaviləyə keçməsinə əsas verən 5 il müddətindən azdır. Göründüyü kimi, işəgötürən də həmin müqavilənin son iş günü qurtardıqdan sonra, qanunvericiliyin qeyd etdiyi kimi bir həftə ərzində müqaviləyə xitam vermişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi xahiş edilmişdir. xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti "xxxx" MMC məhkəməyə 18 yanvar 2023-cü il tarixli, 127-07/11 saylı məktubla müraciət edərək bildirmişdir ki, İddiaçı işi ilə əlaqədar onu qeyd edirlər ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsi (4-cü redaksiyada) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 222 nömrəli 30 avqust 2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı icarəsi tərəfindən 11 sentyabr 2018-ci il tarixli qeydiyyat nömrəsi ********** nömrə ilə qeydə alınmışdır. Həmin Nizamnamənin 1.5-ci bəndinə əsasən Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yanında Dövlət Avtomobil Nəqliyyat Xidmətinin tabeliyində fəaliyyət göstərirdi. Cəmiyyət öz fəaliyyətini struktur bölmələri, törəmə cəmiyyətləri və yerli bölmələr (nümayəndəlik, filial və idarə) vasitəsi ilə həyata keçirirdi. “Avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 11 oktyabr 2021-ci il tarixli 1463 nömrəli fərmanı ilə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Narirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin tabeliyində “Nəqliyyat-Servis”, “1 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi”, “2 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi”, “3 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi”, “1 saylı Gəncə Regional Nəqliyyat”, “2 saylı Quba Regional Nəqliyyat”, “3 saylı Şirvan Regional Nəqliyyat”, “4 saylı Lənkəran Regional Nəqliyyat”, “5 saylı Yevlax Regional Nəqliyyat”, “6 saylı Şəki Regional Nəqliyyat”, “7 saylı Göyçay Regional Nəqliyyat”, “8 saylı Sumqayıt Regional Nəqliyyat”, “9 saylı Ucar Regional Nəqliyyat”, “10 saylı Şəmkir Regional Nəqliyyat”, “11 saylı Tovuz Regional Nəqliyyat”, “12 saylı, Beyləqan Regional Nəqliyyat”, “13 saylı Cəlilabad Regional Nəqliyyat”, “14 saylı Şamaxı Regional Nəqliyyat”, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətlərinin, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində "xxxx" və "xxxx" MMC-nin, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı yanında Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı yanında Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin əsasında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi publik hüquqi şəxs yaradılmış, həmin fərmanın 3.2-ci bəndinə əsasən qeyd edilən müəssisələrin yalnız əmlakı yeni yaradılmış publik hüquqi şəxsin balansına verilmişdir. Agentlik “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlə reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-1-ci maddəsi ilə müəyyən edilmiş qaydada xx.xx.2022-ci il tarixdə dövlət qeydiyyatına alındığından Fərmanın 8-ci bəndinə əsasən bu Fərmanın 1 -ci hissəsində göstərilən qurumlar öz fəaliyyətlərini dayandırmışlar. 13 fevral 2023-cü il tarixdə iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ilə əvəz edilməsini məhkəmədən xahiş etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti artıq fəaliyyətini dayandırıb. Azərbacan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi yazılı etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, 03 mart 2023-cü il tarixdə İddiaçı iddia ərizəsi üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən 2(001)-260/2023 saylı iş üzrə “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” Publik Hüquqi şəxs cavabdeh qismində elektron məhkəmə sistemində qeydiyyata alınmışdır. Cavabdeh tərəfindən verilmiş etirazda qeyd edilən xüsusatlarla razı olmaqla əlavə olaraq aşağıdakıları qeyd edə bilər. İ. “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxs Dövlət Avtomobil Nəqliyyat Xidmətinin, həmçinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi varisi deyil. Xüsusilə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Prezidenti Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan qurumlarla əlaqədar 1463 nömrəli Fərmanın imzalandığı eyni gündə, yəni 11 oktyabr 2021-ci il tarixində həmçinin “Dəniz nəqliyyatı sahəsində idarə etmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 1462 nömrəli Fərman imzalanmışdır. Həmin fərmana əsasən Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X7, habelə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X7 tabeliyində X2 Mərkəzi, eləcə də Nəqliyyat və Texniki Təminat İdarəsi publik hüquqi şəxslərin əsasında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Dövlət Dəniz və Liman Agentliyi” publik hüquqi şəxs yaradılmışdır. Qeyd edilən Fərmanın 3.2-ci bəndinə əsasən, “Dövlət Dəniz və Liman Agentliyi” publik hüquqi şəxs bu Fərmanın 1-ci hissəsində göstərilən qurumların hüquqi varisidir, onların hüquq və öhdəlikləri, habelə əmlakı Agentliyə keçir. Göründüyü kimi, eyni nazirliyin tabeliyində olan müəssisələr barədə ölkə Prezidenti tərəfindən eyni gündə iki fərman 1462 və 1463 imzalanılaraq hüquqi forması publik hüquqi şəxs olan iki Agentlik yaradılmış, bunlardan biri, yəni “Dövlət Dəniz və Liman Agentliyi” əsasında yaradılmış müəssisələrin hüquqi varisi elan edilsə də, digəri yəni Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi isə əsasında yaradılmış müəssisələrin hüquqi varisi kimi tanınmamışdır. “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 7.1-ci maddəsinə əsasən Dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. Qeyd edilməlidir ki, hüquqi varislik Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4-cü fəslində qeyd edilən maddələrlə tənzimlənir. Qanunverici hüquqi şəxsin yenidən təşkili formalarını həmin məcəllənin 55-ci maddəsində qeyd etmişdir. Həmin maddəyə əsasən Hüquqi şəxsin yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə həyata keçirilə bilər. Həmin məcəlləyə əsasən hüquqi şəxsin hüquq varisliyi qeyd edilən məcəllənin 56-cı maddəsində göstərilən hallarda və şərtlər daxilində mövcuddur. Qeyd edilən şərtlərə Təhvil aktı və bölünmə balansı daxildir. Həmin məcəllənin 57.1-ci maddəsinə əsasən Təhvil aktında və bölünmə balansında yenidən təşkil edilmiş hüquqi şəxsin bütün kreditorları və borcluları barəsində öhdəliklərinin hamısı, o cümlədən tərəflərin mübahisə etdikləri öhdəliklər üzrə hüquqi varislik haqqında müddəalar olmalıdır. Göründüyü kimi hüquqi varislik, ancaq bir hüquqi şəxsin hüquq və vəzifələrinin digər hüquqi şəxsə keçməsi üçün onların təhvil aktı və bölünmə balansında göstərilməsindən sonra keçir. Həmçinin, Mülki Məcəllənin 59.1-ci maddəsinə əsasən Hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə, hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir. Məcəllənin 43.1-ci maddəsinə əsasən, Hüquqi şəxs qanunla müəyyənləşmiş qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Göründüyü kimi, qanunverici hüquqi şəxsin öhdəlikləri üzrə cavab verməsini məhz onun öhdəliklər üçün mülkiyyətində olan əmlakla cavabdeh olmasını göstərmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin Nizamnaməsinin 1.3-cü bəndinə əsasən cəmiyyət müstəqil balansa, istifadəsinə verilmiş Dövlət əmlakına, möhürə, müvafiq ştamplara, blanklara, xəzinə və bank hesablarına malik olmuş, qeyd edilən əmlak dövlət mülkiyyətində olmuşdur. Həmin əmlak dövlət mülkiyyətində olmaqla Cəmiyyətin ancaq İstifadəsində olmuşdur. Həmçinin, “Avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 11 oktyabr 2021-ci il tarixli 1463 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin tabeliyində “Nəqliyyat-Servis”, “1 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi”, “2 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi”, “3 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi”, “1 saylı Gəncə Regional Nəqliyyat”, “2 saylı Quba Regional Nəqliyyat”, “3 saylı Şirvan Regional Nəqliyyat”, “4 saylı Lənkəran Regional Nəqliyyat”, “5 saylı Yevlax Regional Nəqliyyat”, “6 saylı Şəki Regional Nəqliyyat”, “7 saylı Göyçay Regional Nəqliyyat”, “8 saylı Sumqayıt Regional Nəqliyyat”, “9 saylı Ucar Regional Nəqliyyat”, “10 saylı Şəmkir Regional Nəqliyyat”, “11 saylı Tovuz Regional Nəqliyyat”, “12 saylı Beyləqan Regional Nəqliyyat”, “13 saylı Cəlilabad Regional Nəqliyyat”, “14 saylı Şamaxı Regional Nəqliyyat”, "xxxx" məhdud məsuliyyətli cəmiyyətlərinin, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində "xxxx" və "xxxx" məhdud məsuliyyətli cəmiyyətlərinin, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı yanında Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı yanında Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin əsasında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi publik hüquqi şəxs yaradılmışdır. Həmin Fərmanın 3.1-ci bəndinə əsasən Agentlik avtomobil nəqliyyatı sahəsində tənzimləməni, Azərbaycan Respublikasında avtomobil nəqliyyatı ilə daşımalara və digər avtomobil nəqliyyatı xidmətlərinə ehtiyacın təmin edilməsini, beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarına dair qayda və tələblərə, habelə bu sahədə Azərbaycan Respublikasının normativ hüquqi aktlarının və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına riayət edilməsinə nəzarəti (Bakı şəhərinin inzibati ərazisində ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində tənzimləmə və nəzarət istisna olmaqla) həyata keçirən publik hüquqi şəxsdir. Agentlik “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-1-ci maddəsi ilə müəyyən edilmiş qaydada 23 sentyabr 2022-ci il tarixdə dövlət qeydiyyatına alındığından Fərmanın 8-ci bəndinə əsasən bu Fərmanın 1-ci hissəsində göstərilən qurumlar öz fəaliyyətlərini dayandırmışlar. Eyni zamanda, Fərmanın 3.2-ci bəndinə əsasən Agentliyin balansına Cəmiyyətin yalnız əmlakları verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 08 sentyabr 2022-ci il tarixli 1842 nömrəli fərmanı ilə «Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Nizamnaməsi” təsdiq edilmiş, həmçinin “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 20 iyul 472 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir. Nizamnamənin 5.3-cü bəndinə əsasən, Agentlik öz əmlakından yalnız bu Nizamnamədə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir. Agentlik balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə müəyyən edilmiş qaydada həyata keçirir. Göründüyü kimi, Agentliyin mülkiyyətində hərhansı bir əmlak yoxdur, balansda olan əmlak dövlət mülkiyyətində olan əmlakdır. Məhz yuxarıda qeyd edilən normalara əsasən hal-hazırda yaranmış Agentlik Xidmətin və Cəmiyyətin hüquqi varisi kimi hesab edilə bilməz. İİ. İddiaçı iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 379.4-1-ci maddəsinə əsasən Mediasiya prosesinin tətbiqi ilə əlaqədar dayandırılmış iddia müddətinin axımı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tarixdən davam edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinə (Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri) əsasən Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 7-ci bəndinə əsasən Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası 35.1-ci maddəsinə əsasən Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Həmin Qanunun 35.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. Həmin Qanunun 32.4.2-ci maddəsinə əsasən bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən mediasiya xitam verilir. İddiaçı məhkəməyə 29 iyul 2022-ci il tarixdə iddia ərizəsi ilə müraciət etmişdir. Həmin İddia ərizəsində iddiaçı qeyd etmişdir ki, "xxxx" MMC-nin 25 aprel 2022-ci il tarixli 68-Ş/H əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin B bəndi ilə onunla bağlanmış əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə xitam verilmiş, bundan sonra o “Mediasiya haqqında” Qanuna əsasən mediasiya prosesinin başlanması ilə bağlı qarşı işəgötürənə 26 aprel 2022-ci il tarixdə təklif göndərmiş, 16 may 2022-ci il tarixdə təklifinə razılıq verilmədiyindən mediasiya şurasına mediator təyin edilməsi məqsədi ilə müraciət etmiş, 20 iyun 2022-ci il tarixdə təyin olunmuş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə ona arayış verilmişdir. Göründüyü kimi, iddiaçı tərəfə mediasiya prosesinin tətbiq edilməsi barədə təklif göndərdiyi 26 aprel 2022-ci il tarixdən iddia müddətinin axımı dayanmış, tərəfin ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə mediator tərəfindən iddiaçıya arayış verildiyi 20 iyun 2022-ci il tarixdən isə iddia müddətinin axımı bərpa edilmişdir. İddiaçı bundan 39 gün sonra 29 iyul 2022-ci il tarixdə Binəqədi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etməklə Qanunverici tərəfindən fərdi əmək mübahisəsinin həll edilməsi üçün göstərilmiş 1 təqvim ayı müddətinə riayət etməmiş, həmin müddəti 9 gün ötürmüşdür. Odur ki, mövcud qanunvericiliyin tələbləri nəzərə alınmaqla tərəflərindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə iddiaya qarşı etiraza əlavə ediləcəkdir. Göstərilənlərə əsasən İddiaçı cavabdehə qarşı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh elektron məhkəmə informasiya sisteminə yuxarıda göstərilən məzmunda iddia müddətinin tətbiqi barədə ərizə də yükləmişdir. 03 mart 2023-cü il tarixdə iddiaçı məhkəməyə ərizə ünvanlayaraq səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazını və iddia müddətinin tətbiqi barədə ərizəni müdafiə edərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Hazırki məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan: Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(84)-368/2016 saylı qərarından görünür ki, iddia tələbinin təmin edilməsi, cavabdehin xx.xx.2015-ci il tarixli, 37/k nömrəli əmrinin ləğv edilməsi və iddiaçının Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Mingəçevir regional şöbəsinə məsləhətçi vəzifəsinə məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməklə bərpa edilməsi qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2016-cı il tarixli, 2-1(107)-239/2016 saylı qərarından görünür ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(84)-368/2016 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli qərarından görünür ki, cavabdeh Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin kasassiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2016-cı il tarixli, 2- 1(107)-239/2016 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanladığı xx.xx.2018-ci il tarixli ərizənin təsdiq edilmiş surətindən görünür ki, o, sonuncudan Regional bölmələrin əlaqələndirilməsi şöbəsinin X5 mütəxəssis vəzifəsinə təyin edilməsini xahiş etmişdir. İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı sonuncunun Regional bölmələrin əlaqələndirilməsi şöbəsinin X5 mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir. Müqavilənin 2.2-ci bəndinə əsasən əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən xx.xx.2018-ci il tarixindən sınaq müddəti müəyyən edilməklə 3 ay müddətinə bağlanmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2018-ci il tarixli əmrinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdən əmək haqqı ştat cədvəlinə uyğun olaraq birinci ayı sınaq müddəti hesab edilməklə 3 ay müddətinə Regional bölmələrin əlaqələndirilməsi şöbəsinin X5 mütəxəssis vəzifəsinə qəbul edilməsi əmr edilmişdir. Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İddiaçı ünvanladığı xx.xx.2018-ci il tarixli məktubun surətindən görünür ki, sonuncuya Xidmətin "xxxx" MMC-nin mütəxəssisi vəzifəsi təklif edilmiş, sonuncu həmin təkliflə razılaşmış və Cəmiyyətin 2017-ci ilin 8 noyabr tarixli 31/k nömrəli əmri ilə halhazırda çalışdığı mütəxəssis vəzifəsinə təyin edilmişdir. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı müddətli əmək müqaviləsi əsasında (xx.xx.2018xx.xx.2019) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin X4 mütəxəssis vəzifəsinə təyin edilmişdir. İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə 1 nömrəli Əlavənin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixinədək 3 ay müddətinə uzadılmışdır. İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə 1 nömrəli Əlavənin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixinədək 1 ay müddətinə uzadılmışdır. İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə 1 nömrəli Əlavənin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixinədək 1 ay müddətinə uzadılmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli 68-Ş/H nömrəli əmrinin surətindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin X3 mütəxəssisi İddiaçı xx.xx.2022-ci il tarixdən tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi əmr edilmişdir. Əsas kimi əmək müqaviləsinin müddətinin bitməsi göstərilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ilə Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “B” bəndinə əsasən (müqavilə müddətinin qurtarması) xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. İddiaçı məxsus ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, o, xx.xx.2012-ci il tarixdən xx.xx.2015-ci il tarixə kimi Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat Xidmətinin Mingəçevir regional şöbəsinin məsləhətçisi vəzifəsində, xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixə kimi "xxxx" ASC-də baş mütəxəssis vəzifəsində, xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixə kimi 15 saylı Migəçevir Regional Nəqliyyat MMC-nin “Daşımalar üzrə Tənzimləmə şöbəsi”nə mütəxəssis vəzifəsində, xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində Regional bölmələrin əlaqələndirilməsi şöbəsinin X4 mütəxəssis vəzifəsində işləmişdir. İddiaçı 16 may 2022-ci il tarixli mediasiya üçün müraciətindən görünür ki, o, hazırki mübahisə ilə bağlı ilkin mediasiya sessiyasını keçmək üçün mediasiya təşkilatına müraciət etmişdir. Bakı şəhəri 9 saylı Mediasiya Təşkilatının xx.xx.2022-ci il tarixli arayışından görünür ki, iddiaçı hazırki mübahisə üzrə ilkin mediasiya sessiyasından keçmək üçün mediatora müraciət etməsinə baxmayaraq, cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, hazırki iş üzrə tərəflər arasında xx.xx.2018-ci il tarixdə müddətli əmək müqaviləsi 3 ay müddətlə bağlanmış, daha sonra tərəflər arasında bağlanmış əlavələrlə əmək müqaviləsinin müddəti uzadılmış və müqavilənin müddəti xx.xx.2022-ci il tarixdə bitmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddiaçı ilə bağlanan əmək müqaviləsinə xx.xx.2022ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən (müqavilənin vaxtının bitməsi ilə bağlı) xitam vermişdir. Hazırda, iddiaçı iddiasında 2 əsas göstərmişdir:

1. Onun yerinə yetirdiyi işlərin daimi xarakter daşımasına baxmayaraq onunla müddətli əmək müqaviləsinin bağlanması;

2. Həmin vəzifədə 5 ildən çox işləməsinə və bununla əlaqədar əmək müqaviləsinin müddətsiz hesab edilməsinə baxmayaraq onun əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə işdən çıxarılması. Birinci əsasla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45.1-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Həmin Məcəllənin 45.4-cü maddəsinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Göründüyü kimi istinad olunan maddədə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda əmək müqaviləsinin müddəti müəyyən edilmədən bağlanmalı olması müəyyən edilsə də, eyni maddədə həmin haldan istisnalar nəzərdə tutulmuş və həmin istisnalar Əmək Məcəlləsinin 47-ci maddəsində müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsindən və ona edilmiş əlavələrdən görünür ki, iddiaçı müddətli əmək müqaviləsinin bağlanmasına həmin müqaviləni öz imzası ilə təsdiq etməklə razılıq vermişdir. Başqa sözlə, müddətli əmək müqaviləsi iddiaçının iradəsinə zidd bağlanmamışdır. İkinci əsasla, yəni beş ildən artıq həmin vəzifədə işləməsi ilə əlaqədar onunla bağlanmış müqavilənin müddətsiz olması ilə əlaqədar məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45.5-ci maddəsinə əsasən müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Göründüyü kimi, istinad olunan maddənin tələblərinə əsasən yalnız müddətli əmək müqaviləsi bağlandıqdan sonra əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. İddiaçının 2018-ci ildən işləməsinin nəzərə alınaraq, onunla müddətsiz əmək müqaviləsi bağlanması ilə bağlı dəlili də əsaslı hesab edilə bilməz. Beləliklə, məhkəmə aparılmış araşdırmanın nəticələrini əsas götürüb, bu sahəni tənzimləyən müddəaları rəhbər tutub, hesab edir ki, tərəflər arasında müddətli əmək müqaviləsi bağlanmaqla əmək qanunvericiliyin tələbləri pozulmamışdır. Belə olan halda, iddiaçının işdən azad edilməsi barədə Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili” Məhdud Məsuliyyətli Cəmiyyətinin 25 aprel 2022-ci il tarixli 68-Ş/H əmrinin ləğv edilməsi, onun müddətsiz əmək müqaviləsi bağlanmaqla həmin işə bərpa edilməsi, məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi barədə tələbləri əsassız olduğundan təmin edilə bilməz. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; 379.1 və 379.1.6-ci maddələrinə əsasən tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə iddia müddətinin axımı dayandırılır; 379.4-1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi ilə əlaqədar dayandırılmış iddia müddətinin axımı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tarixdən davam edir; Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 296-cı maddəsinin ikinci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər; 296-cı maddəsinin üçüncü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. “Mediasiya haqqında” Qanunun 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Həmin Qanunun 35.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. Həmin Qanunun 32.4 və 32.4.2-ci maddələrinə əsasən bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən mediasiya prosesinə xitam verilir. Əmək qanunvericiliyinin tələblərindən göründüyü kimi, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən, yəni ona müvafiq əmrin və əmək kitabçasının verildiyi gündən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmçinin, mülki qanunvericiliyin tələblərinə əsasən iddia müddətinin axımı müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə kəsilir. İddiaçı mediasiya təşkilatına 2022-ci ilin may ayının 16-da müraciət etmiş və müvafiq arayışı xx.xx.2022-ci il tarixdə əldə etmiş, qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəməyə iddia ərizəsi ilə isə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən məhkəməyə müraciət edilərkən əmək qanunvericiliyində nəzərdə tutulmuş 1 aylıq iddia müddəti də buraxılmışdır. Belə ki, iddiaçı mediasiya təşkilatından müvafiq arayışı aldıqdan sonra onun tərəfindən qeyd edilən iddia müddəti buraxılmışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh tərəfin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi əsaslıdır. Məhkəmə belə nəticəyə gəlir ki, iddia həm əsassız olduğundan həm də iddia müddəti buraxılmaqla verildiyindən rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbayacn Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdeh Azərbacan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində X8 Xidməti cəlb edilməklə) “əmrin ləğv edilməsi, müddətsiz əmək müqaviləsi bağlanmaqla işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı” tələbinə dair iddiası rədd edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

q ə t e t d i:

İddiaçı cavabdeh Azərbacan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində X8 Xidməti cəlb edilməklə) “əmrin ləğv edilməsi, müddətsiz əmək müqaviləsi bağlanmaqla işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPMnin 363.1.5- ci maddəsinə əsasən geri qaytarılacaqdır. Sədrlik edən Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar