Məhkəmə qərarları › İş №2(001)-2632/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2632/2023

12.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2632/2023 12.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, Ərizəçi Ərizəçinın iştirakı ilə, Ərizəçi maraqlı şəxslər 7 saylı “Bakı Asan Xidməti” mərkəzinin Qeydiyyat Şöbəsinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə və Tovuz Regional “Asan Xidməti” mərkəzinin Notariat Ofisinə qarşı “hüquqi faktın müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxslər 7 saylı “Bakı Asan Xidməti” mərkəzinin Qeydiyyat Şöbəsinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə və Tovuz Regional “Asan Xidməti” mərkəzinin Notariat Ofisinə qarşı “hüquqi faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ölüm haqqında şəhadətnamə, AR ƏMDK-nin DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin çıxarışı və nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi Rusdamov deyil, X9 qeyd olunması və mirası qəbul etmək üçün qohumluq əlaqəsini bərpa edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixində ərizəçinin atası X10 vəfat etmiş, mərhumun mülkiyyətində Tovuz rayonu Əyyublu kəndində fərdi yaşayış evi, torpaq sahəsi və “Opel Astra” nəqliyyat vasitəsi olmuş və həmin əmlaklar miras qalmışdır. Qeyd olunan miras qalmış əmlaklara dair vərəsəlik işinin açılması ilə bağlı Tovuz regional “Asan Xidmət” mərkəzindəki Notariat Ofisinə müraciət etmiş, lakin mərhumla qohumluq münasibətlərini təsdiq edən sənədlər təqdim olunmadığından müraciətə baxılması mümkün olmamışdır. Belə ki, atasının soyadında “Rusdamov”, onun və anasının soyadlarında isə müvafiq olaraq “Rüstəmov” və “Rüstəmova” olduğundan qohumluq əlaqəsi sistemdə göstərilmir, halbuki, bu günə kimi atasının soyadı “Rüstəmov” göstərilirdi. Qohumluq əlaqəsi ilə bağlı arayışın təqdim edilməsi ilə bağlı 7 saylı “Bakı Asan Xidməti” mərkəzinin Qeydiyyat Şöbəsinə müraciət etmiş, sonuncu X4 doğum və ölüm haqqında akt qeydlərində soyadı “Rusdamov” göstərildiyindən arayışı təqdim etməkdən imtina etmişdir.Göstərilənlərə əsasən, ərizəçi mövcud tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında ərizəçi məhəkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək X10 ilə X5 eyni şəxs olması və X6 məxsus sənədlərin X7 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxslər (nümayəndələri) məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi atası X9, anası X3r. - ölüm haqqında şəhadətnaməyə əsasən, X10 xx.xx.2021-ci il tarixdə vəfat etmiş və bu barədə akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 385 nömrə ilə qeyd edilmişdir. - xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X9 nikaha daxil olarkən soyadı “Rüstəmov” kimi qeyd edilmiş, nikaha xitam verilərkən “Rusdamov” kimi qeyd edilmişdir. - Tovuz Regional “Asan Xidməti” mərkəzinin Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Ərizəçi müraciətinə əsasən bildirilmişdir ki, mərhumla qohumluq münasibətlərini təsdiq edən sənədlər təqdim olunmadığından ərizəni təmin etmək mümkün olmamışdır. - 7 saylı “Bakı Asan Xidməti” mərkəzinin Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Ərizəçi müraciətinə əsasən bildirilmişdir ki, H.H.Rusdamovun Tovuz rayon qeydiyyat şöbəsi tərəfindən adına tərtib edilmiş xx.xx.1959-cu il tarixli 631 saylı doğum haqqında akt qeydində və 3 saylı “Bakı Asan Xidməti” mərkəzinin Notariat Qeydiyyat Şöbəsi tərəfindən adına tərtib edilmiş xx.xx.2021-ci il tarixli 385 saylı ölüm haqqında akt qeydində soyadı “Rusdamov” qeyd olunduğundan ərizəni təmin etmək mümkün olmamışdır. - Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair 01/1512 saylı və 01/1513 saylı arayışlarından görünür ki, X5 mülkiyyətində olan fərdi yaşayış evində və torpaq sahəsində qiymətləndirmə işi aparılmışdır. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrininin RX seriyalı, ******* saylı Çıxarışına əsasən, Tovuz rayonu, Əyyublu kəndində yerləşən ümumi sahəsi 0.37 ha olan torpaq sahəsi X4 xüsusi mülkiyyətindədir və xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. Əvvəlki məhkəmə iclasında iştirak etmiş şahidlər X2 və X11 izahat verərək, mərhum X1 “Rusdamov” deyil, “Rüstəmov” olmasını təsdiq etdilər. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Ərizəçi həmin maddənin göstərişinə istinad edərək xüsusi icraat qaydasında məhkəməyə müraciət etmişdir. Ərizədə qeyd olunan sənədlərin ərizəçiyə məxsus olması faktının hüquqi əhəmiyyəti olan fakt kimi müəyyən edilməsi üçün mülki işdə kifayət qədər sübutlar vardır. Göründüyü kimi, ərizəçinin atası X1 “Rusdamov” kimi müxtəlif sənədlərdə göstərilmişdir. Məhkəmə hesab edir ki, ölüm haqqında şəhadətnamədə, AR ƏMDK-nin DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin çıxarışında və nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində ərizəçinin mərhum atasının soyadı düzgün qeyd edilməmiş, onun soyadı “Rüstəmov”dur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarına əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın-yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsüməhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Yuxarıda sadalanan sübutlara qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, göstərilən sənədlərdə adı qeyd olunan X10 ilə X9 eyni şəxslərdir və sözügedən sənəndlərdə ərizəçinin atasının soyadı səhvən “Rusdamov” olaraq yazılmışdır. Buna görə də məhkəmə hesab edir ki, başqa yolla müəyyən edilməsi mümkün olmadığından, qeyd edilən fakt müəyyən edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikaı MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1942-ci il təvəllüdlü Tovuz rayonu Əyyublu kəndində anadan olmuş soyadı “Rüstəmov” Həbib Həsən oğlu ilə xx.xx.1942-ci təvəllüdlü Tovuz rayonu Əyyublu kəndində anadan olmuş soyadı “Rusdamov” Həbib Həsən oğlunun eyni şəxs olması faktı müəyyən edilsin. xx.xx.1942-ci il təvəllüdlü Tovuz rayonu Əyyublu kəndində anadan olmuş X6 məxsus hüquqmüəyyənedici sənədlərin xx.xx.1942-ci təvəllüdlü Tovuz rayonu Əyyublu kəndində anadan olmuş X7 məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar