Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2633/2021 01.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Sadıqov Nurlan Ədalət oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsində bağlanaraq 21 nömrəsi ilə qeyd edilən nikahın etibarsız hesab edilməklə nikahın hüquqi nəticələrinin ləğv edilməsinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsində bağlanaraq 21 nömrəsi ilə qeyd edilən nikahın etibarsız hesab edilməklə nikahın hüquqi nəticələrinin ləğv edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, Cavabdeh ilə nişanlanmış, daha sonra toy mərasimi üçün hər hansı gün və mərasim evi müəyyən edilmədən onun cavabdehin yaşadığı ünvana pasport qeydiyyatına alınması ilə əlaqədar cavabdehin ailəsinin təkidi ilə xx.xx.2020-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Onların nikahı 21 nömrəli akt qeydi ilə xx.xx.2020-ci il tarixdə Binəqədi rayon qeydiyyat şöbəsində rəsmiləşdirilmiş və bu barədə nikah haqqında şəhadətnamə verilmişdir. Bir müddət keçdikdən sonra cavabdehin qəbul edilməz hərəkətləri nəticəsində onunla cavabdeh arasında olan sevgi və hörmət aradan qalxmışdır. O, cavabdehdən ayrılmaq və nişanı pozmaq qərarına gəlmişdir. Nikahın bağlanması üçün onun qeydiyyatının dəyişməsi əsas olsa da, həmin vəd yerinə yetirilməmiş olaraq qalmışdır. Daha sonra cavabdeh verdiyi vədə əməl etməmiş və onun pasport qeydiyyat məsələsini həll etməmişdir. Həm vədinə əməl etməməsi, həm də daha sonra cavabdehi və ailə üzvlərini daha yaxından tanımaqla başqa vədi pərdələmək üçün nikahın rəsmiləşdirilməsinə görə o, etdiyi səhvi dərk etmişdir. Onunla cavabdeh arasında toy mərasimi, həmçinin heç bir yaxın münasibət olmamışdır. Cavabdehlə o, ər-arvad münasibətində olmamaqla birgə təsərrüfat aparmamış, birlikdə yaşamamışlar. Ona görə də Cavabdeh xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsində bağladığı və 21 nömrə ilə qeyd edilmiş nikahın etibarsız hesab edilməklə həmin nikahın hüquqi nəticələrinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək ailə vəziyyəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini, nikahın pozulması barədə mülki işə onun iştirakı olmadan baxaraq qərar qəbul edilməsini, nikahın ləğv olunmasına razı olmasını bildirmiş, məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin iddia tələblərinə münasibətlərini, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsinə əsasən ailə cəmiyyətin əsas özəyi olmaqla dövlətin xüsusi himayəsindədir. Dövlətin ailə və nikah siyasətinin əsas məqsədi ailə həyatının keyfiyyətinin yüksəldilməsi, onun əsas funksiyalarının həyata keçirilməsi üçün zəruri şəraitin təmin edilməsi və bütün vasitələrlə ailənin müdafiəsindən ibarətdir. Bu baxımdan, nikah hüququ fərdin ayrılmaz və təbii hüququ kimi Konstitusiyada əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında yer almışdır. Belə ki, Konstitusiyanın 34-cü maddəsinin İ və İİ hissələrinə əsasən hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ vardır. Nikah könüllü razılıq əsasında bağlanılır. Nikah və ailə dövlətin himayəsindədir. Nikah müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin bu barədə ərizə verdikləri gündən 1 ay sonra onların iştirakı ilə bağlanır. Üzürlü səbəblər olduqda, nikahın bağlanma müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən azaldıla və ya 1 aydan çox olmayan müddətə uzadıla bilər. Xüsusi hallarda (hamiləlik, uşağın doğulması və digər hallarda) nikah ərizə verilən gün bağlana bilər. Ər-arvadın hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır. Müvafiq icra hakimiyyəti orqanı nikahın qeydiyyatından imtina etdikdə nikaha daxil olmaq istəyən şəxslər (onlardan biri) məhkəməyə şikayət edə bilərlər. Nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı və onların nikah yaşına çatmaları zəruridir. Yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar), övladlığa götürənlər və övladlığa götürülənlər, ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər, ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya kəmağıllıq nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər arasında nikahın bağlanmasına yol verilmir. (AMnin 9,11,12-ci mad.) Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli AZ-İİ № 370377 saylı nikah haqqında şəhadətnamədən müəyyən olunur ki, Cavabdeh ilə İddiaçı xx.xx.2020-ci il tarixdə nikaha daxil olmuş, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 28 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada Mehdizadə-Mustafazadə soyadı verilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25.1.-ci maddəsinə əsasən bu Məcəllənin 10-12-ci maddələrində və 13.3.-cü maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Həmin Məcəllənin 26.1.-ci maddəsinə əsasən aşağıdakı şəxslər nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdirlər: 26.1.1. nikah yaşına çatmayan şəxslə və nikah yaşına çatana qədər nikaha daxil olmaq üçün bu Məcəllənin 10.2-ci maddəsində nəzərdə tutulmuş icazə olmadıqda nikah bağlanarsa — yetkinlik yaşına çatmayan ər (arvad), onun valideynləri (onları əvəz edən şəxslər) və ya müvafiq icra hakimiyyəti orqanı; 26.1.2. nikah bu Məcəllənin 26.1.1-ci maddəsində nəzərdə tutulduğu eyni hallarda bağlanarsa və nikahda olan ər (arvad) yetkinlik yaşına çatarsa — yalnız həmin 18 yaşlı ər (arvad); 26.1.3. nikah tərəflərdən birinin könüllü razılığı olmadan, yəni məcburiyyət, aldatma, yanılma nəticəsində və ya nikaha daxil olan şəxs nikahın bağlanmasının dövlət qeydiyyatı anında öz hərəkətlərinin mahiyyətini anlamaq və onları idarə etmək iqtidarında olmadıqda bağlanarsa-nikah bağlanarkən hüquqları pozulmuş ər (arvad); 26.1.4. nikahın bağlanmasına mane olan hallar barədə məlumatı olmayan ər (arvad), məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) isə qəyyumu; 26.1.5. pozulmamış əvvəlki nikah üzrə ər (arvad); 26.1.6. bu Məcəllənin 26.1.4-cü, 26.1.5-ci maddələrində göstərilmiş şəxslər istisna olmaqla, bu Məcəllənin 12-ci maddəsinin tələbləri pozulmaqla bağlanmış nikah nəticəsində hüquqları pozulmuş digər şəxslər, eləcə də müvafiq icra hakimiyyəti orqanı; 26.1.7. saxta nikah bağlandığı halda nikahın saxta olmasını bilməyən ər (arvad); 26.1.8. bu Məcəllənin 13.3-cü maddəsində göstərilən hallar olduqda, hüquqları pozulmuş ər (arvad). Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.4-cü maddəsinin şərh edilməsinə dair” x xxxxxx 2010-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, kişi və qadının nikah ittifaqının könüllülüyü və iradə sərbəstliyi prinsipinə əsasən hər bir kişinin və qadının öz rəyi ilə könüllü surətdə, kənar şəxslərin təsiri olmadan özünə ər və arvad seçmək hüququ vardır. Nikaha daxil olan kişi və qadının qarşılıqlı könüllü razılığı nikahın bağlanmasının əsas şərtidir. Kişi və qadının nikah ittifaqının konüllülük və iradə sərbəstliyi prinsipləri ilə yanaşı nikah və ailə münasibətlərinin hüquqi tənziminin yalnız dövlət tərəfindən həyata keçirilməsi, yalnız dövlət orqanlarında bağlanmış nikahın tanınması prinsipi də mühüm əhəmiyyət kəsb edir. Bu prinsipə görə yalnız müvafiq icra hakimiyyəti orqanında qeydə alınan nikah dövlət tərəfindən tanınır. Bu prinsip onu ifadə edir ki, nikah rəsmi qeydə alındıqdan sonra belə münasibətlərdən törənən hüquqi və sosial nəticələr dövlət üçün hüquqi fakt kimi qəbul olunur. Məhkəmə iclasında iddiaçı cavabdehin onu mənzilə qeydiyyata salmaq vədinə əməl etməməsi, nikaha daxil olsalarda faktiki nikah münasibətlərində olmamamları səbəbindən nikahın etibarsız olmasını iddia etsə də, məhkəmə bu halların nikahın etibarsız hesab edilməsi üçün əsas olmadığından iddia tələbini əsassız hesab edir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, öz şəxsi həyatları barədə qərar qəbul etmələri üçün kifayət qədər yaş həddinə malik olan tərəflər nikaha daxil olarkən tam sərbəst olmuş, birlikdə nikaha daxil olmaq barədə ərizə ilə qeydiyyat şöbəsinə müraciət etmiş, nikahlarının bağlanmasına mane olan halların olmadığını bildirib nikahlarının qeydə alınmasını xahiş etmişlər. Nikaha daxil olmaqda sərbəst olduqları kimi, bu münasibətlərə son vermək barədə də müstəqil qərar qəbul edib faktiki nikah münasibətlərinə daxil olub ailə qurmaq fikrindən daşınmışlar. Məhkəmə qeyd edir ki, şəxsin hər hansı bir ünvana qeydiyyata alınması onun həmin ünvanda olan yaşayış sahəsinə hər hansı bir hüququnun yaranması üçün əsas olmadığından, belə vədin verilməsi halı belə nikahın etibarsızlığı üçün əsas ola bilməz. Daha sonra nikah münasibətlərini rəsmiləşdirdikdən sonra faktiki nikah münasibətlərinə daxil olmamaq, xarakterlərinin uyğun olmadığını müəyyən edib nikah münasibətlərini davam etdirməmək barədə qarşılıqlı qərar vermək nikahın etibarsız hesab edilməsi üçün deyil, nikahın pozulması üçün əsas ola bilər. Ona görə də məhkəmə iddia ərizəsini əsassız hesab edib təmin etmir. İddiaçı nikahın etibarsız hesab edilməsini xahiş etdiyi halda, cavabdeh məhkəməyə təqdim etdiyi ərizəsində nikahının ləğv edilməsini xahiş etdiyindən nikahın pozulması ilə nikahın etibarsız hesab edilməsi ayrı-ayrı anlayışlar olduğundan məhkəmə cavabdehin iddianı etirafını qəbul etmir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış, öz qətnaməsini məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ İddiaçı Cavabdeh qarşı xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsində bağlanaraq 21 nömrəsi ilə qeyd edilən nikahın etibarsız hesab edilməklə nikahın hüquqi nəticələrinin ləğv edilməsinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-2633/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2633/2021
01.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver