Məhkəmə qərarları › İş №2(001)-2651/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2651/2025

07.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2651/2025 07.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X10 oğlunun katibliyi, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakları ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs 1 saylı Bakı “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsinə qarşı “doğumun qeyd edilməsi faktının müəyyən edilməsi”nə dair ərizələri üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs 1 saylı Bakı “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsinə qarşı “doğumun qeyd edilməsi faktının müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizələrində göstərmişlər ki, o, yəni Ərizəçi1 - 04 avqust 1961-ci il tarixdə Ermənistan SSR Stepanavan rayonu Maksim Qorki kəndində anadan olmuşdur. Həmin vaxt bu barədə doğum haqqında akt qeydləri kitabında akt qeydi aparılmışdır və doğum haqqında şəhadətnamə verilmişdir. X2, anası X1r, valideynlərinin hər ikisi vəfat etmişdir. Ona verilmiş doğum haqqında şəhadətnamə əsasında pasport almışdır. Məlum hadisələrlə bağlı qaçqın düşmüşdür. Ona məxsus doğum haqqında şəhadətnamə naməlum şəraitdə itmişdir. O, doğum akt qeydinin bərpa edilməsi və doğum haqqında təkrar şəhadətnamə verilməsi ilə bağlı ərizə ilə 1 saylı Bakı "ASAN xidmət" mərkəzində qeydiyyat şöbəsinə müraciət etmişdir. Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli cavabda itmiş akt qeydinin qeydiyyat şöbələrində və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının məhkəmə qaydasında müəyyən edilməsi, doğum haqqında akt qeydinin bərpasının mümkün olmaması və hüquqi faktın müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Belə ki, akt qeydləri Ermənistanda aparıldığından hər hansı bir arayış və məlumat əldə edilməsi mümkün deyildir, ona görə də bu fakt məhkəmə qaydasında təsdiq edilməlidir. Göründüyü kimi müvafiq icra hakimiyyəti orqanı tərəfindən akt qeydinin bərpası mümkün olmamışdır. Doğum haqqında şəhadətnamənin olmaması səbəbindən hüquqlarının həyata keçirilməsində maneçiliklər yaranır. Onun qeyd edilən vaxtda doğulmasını məhkəmədə şahidlər təsdiq edə bilərlər. Müvafiq orqandan doğum haqqında arayış və doğum haqqında şəhadətnamənin dublikatının əldə edilməsi mümkün deyildir. Digər ərizəçi yəni Ərizəçi2 ərizəsində göstərmişdir ki, o, 04 avqust 1961-ci il tarixdə Ermənistan SSR Stepanavan rayonu Maksim Qorki kəndində anadan olmuşdur. Həmin vaxt bu barədə doğum haqqında akt qeydləri kitabında akt qeydi aparılmışdır və doğum haqqında şəhadətnamə verilmişdir. X2, anası X1r, valideynlərinin hər ikisi vəfat etmişdir. Ona verilmiş doğum haqqında şəhadətnamə əsasında pasport almışdır. Məlum hadisələrlə bağlı qaçqın düşmüşdür. Ona məxsus doğum haqqında şəhadətnamə naməlum şəraitdə itmişdir. O, doğum akt qeydinin bərpa edilməsi və doğum haqqında təkrar şəhadətnamə verilməsi ilə bağlı ərizə ilə 1 saylı Bakı "ASAN xidmət” mərkəzində qeydiyat şöbəsinə müraciət etmişdir. Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli cavabda itmiş akt qeydinin qeydiyyat şöbələrində və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının məhkəmə qaydasında müəyyən edilməsi, doğum haqqında akt qeydinin bərpasının mümkün olmaması və hüquqi faktın müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Belə ki, akt qeydləri Ermənistanda aparıldığından hər hansı bir arayış və məlumat əldə edilməsi mümkün deyildir, ona görə də bu fakt məhkəmə qaydasında təsdiq edilməlidir. Göründüyü kimi müvafiq icra hakimiyyəti orqanı tərəfindən akt qeydinin bərpası mümkün olmamışdır. Doğum haqqında şəhadətnamənin olmaması səbəbindən hüquqlarının həyata keçirilməsində maneçiliklər yaranır. Onun qeyd edilən vaxtda doğulmasını məhkəmədə şahidlər təsdiq edə bilərlər. Müvafiq orqandan doğum haqqında arayış və doğum haqqında şəhadətnamənin dublikatının əldə edilməsi mümkün deyildir. xx.xx.1989-cu il tarixli qərarda da onların 1961-ci il təvəllüdlü olmaqları qeyd edilmişdir. Şəxsiyyət vəsiqələrində səhvən 1965-ci il yazılmışdır. Onların doğumun qeyd edilməsi faktını təsdiq edəcək sənədi başqa qaydada almaq imkanları yoxdur və ona görə də, hesab edirlər ki, bu fakt məhkəmə qaydasında müəyyən edilməlidir. Doğumun qeyd edilməsi faktının təsdiq edilməsi və akt qeydlərinin bərpa edilməsi onların sosial hüquqlarının həyata keçirilməsi üçün vacibdir. Ərizəçilər göstərilənləri nəzərə alaraq, onun, yəni Ərizəçi1 barəsində 04 avqust 1961-ci il tarixdə Ermənistan SSR Stepanavan rayon WADQ şöbəsində aparılmış doğum akt qeydinin bərpa edilməsi, 04 avqust 1961-ci il tarixdə Stepanavan rayon VVADQ şöbəsində doğumun qeyd edilməsi faktının , 04 avqust 1961-ci il tarixdə Ermənistan SSR Stepanavan rayonu Maksim Qorki kəndində doğulması, ata adının X5, milliyyətinin azərbaycanlı, ana adının X3, milliyyətinin azərbaycanlı olması barədə hüquqi faktın müəyyən edilməsi və onun, yəni Ərizəçi2 barəsində 04 avqust 1961-ci il tarixdə Ermənistan SSR Stepanavan rayon WADQ şöbəsində aparılmış doğum akt qeydinin bərpa edilməsi, 04 avqust 1961-ci il tarixdə Stepanavan rayon VVADQ şöbəsində doğumun qeyd edilməsi faktının, 04 avqust 1961-ci il tarixdə Ermənistan SSR Stepanavan rayonu Maksim Qorki kəndində doğulması, ata adının X5, milliyyətinin azərbaycanlı, ana adının X3, milliyyətinin azərbaycanlı olması barədə hüquqi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən ərizəçilər Ərizəçi1 və Ərizəçi2 hər biri ayrı-ayrılıqda ərizəni müdafiə etməklə yanaşı, ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış maraqlı şəxs 1 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçilərin izahatlarını, şahidin ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1965-ci il tarixdə Ermənistan, Stepanavan rayonunda anadan olmuşdur. İş materiallarında olan AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1965-ci il tarixdə Ermənistan, Stepanavan rayonunda anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən Ərizəçi1 və Ərizəçi2 ünvanlanmış xx.xx.2024-cü il tarixli məktublardan görünür ki, qeydiyyat şöbəsi tərəfindən onların müraciətlərinə baxılmış və onlara bildirilmişdir ki, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ-hüquqi aktların təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52№-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”ın 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədi (doğum haqqında şəhadətnaməni) təqdim edə bilmədiklərinə görə doğum haqqında akt qeydinin bərpası tərəflərindən mümkün olmamışdır. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativhüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14-cü bəndinə əsasən məhkəməyə müraciət etməkləri tövsiyyə olunmuşdur. İş materiallarında olan Ərizəçi2 məxsus ******* nömrəli əmək kitabçasından görünür ki, 04 avqust 1961-ci il təvəllüdlü Ərizəçi2 03 yanvar 1982-ci il tarixdə əmək kitabçası açılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 20 dekabr 2024-cü il tarixli, 3-13-51/2-50023/24 nömrəli məktubdan görünür ki, məhkəmənin 25 oktyabr 2024cü il tarixli məktubuna cavab olaraq bildirilmişdir ki, bildirişdə adları qeyd olunan şəxslərin qeydiyyata alınması barədə əsas olan sənədlər “DİN-in sistemində istifadə olunan sənədlərin saxlama yeri və müddətləri haqqında Siyahının təsdiq edilməsi barədə” DİN-in 30 sentyabr 2015-ci il tarixli Q36-001-15 nömrəli Qərarına əsasən 5 il arxivdə saxlanıldıqdan sonra yandırılaraq məhv edilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4538/2024 saylı 25 noyabr 2024-cü il tarixli qərardadından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(001)-4538/2024 nömrəli qərardadına əsasən ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs 1 saylı Bakı “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsinə qarşı “doğumun qeyd edilməsi faktının müəyyən edilməsi”nə dair mülki iş üzrə icraata xitam verilməsi, ərizəçilərə şəxsiyyət vəsiqələrinə düzəliş edilməsi məqsədilə həmin sənədi vermiş müvafiq icra hakimiyyəti orqanına müraciət etmək etmək, əks halda həmin orqanın hərəkət və ya hərəkətsizliyindən inzibati icraat qaydasında inzibati məhkəməyə müraciət etmək hüquqlarının izah olunması qərara alınmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 160/2025 saylı 28 yanvar 2025-ci il tarixli qərardadından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4538/2024 saylı 25 noyabr 2024-cü il tarixli qərardadından ərizəçilər tərəfindən verilmiş şikayətə baxılmış və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 noyabr 2024-cü il tarixli 2(001)-4538/2024 nömrəli qərardadının ləğv edilməsi, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 doğumun qeyd edilməsi faktının müəyyən edilməsi barədə ərizələrinə dair mülki işin baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ərizəçilər ilə qohum olmadığını bildirməklə yanaşı, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 xx.xx.1961-ci il tarixdə doğulması faktını təsdiq etmiş, həmçinin anasının sözlərinə əsasən ərizəçilərin ondan böyük olduqlarını, bir məktəbdə oxuduqlarını bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəyə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarında məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, doğumun qeydə alınması faktını ərizəçinin yaşının müəyyən edilməsi ilə eyniləşdirmək olmaz. Şəxsin yaşı pasporta, şəxsiyyət vəsiqəsinə, hərbi biletə, eləcə də təhsil müəssisəsini bitirmək haqqında sənədə əsaslanmaqla bərpa qeydində göstərilə bilər. Lakin ərizəçinin təqdim etdiyi sənədlərdə barəsində doğum haqqında akt qeydi bərpa edilən şəxsin yaşına dair məlumat yoxdursa və ya məlumat ziddiyyətlidirsə, ərizəçinin yaşı qüvvədə olan normativ hüquqi aktlarda göstərilən qaydada müəyyən edilir. Bununla yanaşı, həmin Qərarda qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. İlk növbədə qeyd edilməlidir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 4538/2024 saylı 25 noyabr 2024-cü il tarixli qərardadı ilə ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs 1 saylı Bakı “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsinə qarşı “doğumun qeyd edilməsi faktının müəyyən edilməsi”nə dair mülki iş üzrə icraata xitam verilməsi, ərizəçilərə şəxsiyyət vəsiqələrinə düzəliş edilməsi məqsədilə həmin sənədi vermiş müvafiq icra hakimiyyəti orqanına müraciət etmək etmək, əks halda həmin orqanın hərəkət və ya hərəkətsizliyindən inzibati icraat qaydasında inzibati məhkəməyə müraciət etmək hüquqlarının izah olunması qərara alınmışdır. Həmin qərardad ərizəçilər tərəfindən mübahisələndirilmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 160/2025 saylı 28 yanvar 2025-ci il tarixli qərardadına əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4538/2024 saylı 25 noyabr 2024-cü il tarixli qərardadından ərizəçilər tərəfindən verilmiş şikayətə baxılmış və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 noyabr 2024-cü il tarixli 2(001)-4538/2024 nömrəli qərardadının ləğv edilməsi, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 doğumun qeyd edilməsi faktının müəyyən edilməsi barədə ərizələrinə dair mülki işin baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apellyasiya Məhkəməsinin mövqeyi onunla əsaslandırılmışdır ki, qərardadın nəticəvi hissəsində ərizəçilərə şəxsiyyət vəsiqələrinə düzəliş edilməsi məqsədilə həmin sənədi vermiş müvafiq icra hakimiyyəti orqanına müraciət etmək, əks halda həmin orqanın hərəkət və ya hərəkətsizliyindən inzibati icraat qaydasında inzibati məhkəməyə müraciət etmək hüquqları izah olunsa da, ərizədə şəxsiyyət vəsiqələrinə düzəliş edilməsi məzmununda tələb irəli sürülməmişdir, tələb ərizəçilərin doğumun qeyd edilməsi faktının müəyyən edilməsi ilə bağlıdır. Həmçinin, birinci instansiya məhkəməsi düzgün olmayaraq bu nəticəyə gəlmişdir ki, ərizəçilər onlara verilmiş vətəndaşın şəxsiyyət vəsiqəsində təvəllüdlərinin 1961-ci il olduğu halda, 1965-ci il kimi yazılmasının onların sosial təminat hüquqlarının həyata keçirilməsinə maneəçilik törədildiyinə istinad etdiyinə görə sözügedən faktın məhkəmə tərəfindən təsdiq edilməsi məhz ərizəçilər üçün vaxtından əvvəl pensiya almaları məqsədilə lazımdır. Halbuki, ərizədə qeyd olunmuşdur ki, doğum haqqında şəhadətnamənin olmaması səbəbindən hüquqlarının həyata keçirilməsində maneələr yaranır. Bu xüsusatla bağlı şikayətdə də qeyd olunmuşdur ki, doğum haqqında şəhadətnamə olmaması səbəbindən tək pensiya hüququnun əldə edilməsi deyil, digər hüquqların da (əmlak, bağışlama və s.) həyata keçirilməsi üçün vacibdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi araşdırma nəticəsində ərizədə göstərilən tələblərin əsaslı olmadığı və ya qismən əsaslı olması, məsələn ərizəçilərin 1961-ci ildə deyil, 1965-ci ildə doğulmasının qeyd edilməsi faktının müəyyən edilməsi və ya ümumiyyətlə doğum qeydinin mövcud olmaması qənaətinə gəldikdə belə, bu hallar iş üzrə icraata xitam verilmənin əsasını təşkil edə bilməz, bu hallarda məhkəmə ərizənin müvafiq olaraq təmin olunmaması və ya qismən təmin olunması barədə yekun məhkəmə aktı qəbul edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, ərizəçilər məhkəməyə müraciət edərək, hər iki ərizəçinin 04 avqust 1961ci il tarixdə Ermənistan SSR Stepanavan rayon WADQ şöbəsində aparılmış doğum akt qeydinin bərpa edilməsi, 04 avqust 1961-ci il tarixdə Stepanavan rayon VVADQ şöbəsində doğumun qeyd edilməsi faktının müəyyən edilməsini xahiş etmişlər. Sübut qismində ərizəçilər məhkəməyə əmək kitabçasını və şahid ifadəsini təqdim etmişlər. Halbuki yuxarıda istinad edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarında plenum xüsusilə vurğulamışdır ki, “doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Şəxsin yaşı pasporta, şəxsiyyət vəsiqəsinə, hərbi biletə, eləcə də təhsil müəssisəsini bitirmək haqqında sənədə əsaslanmaqla bərpa qeydində göstərilə bilər. Lakin ərizəçinin təqdim etdiyi sənədlərdə barəsində doğum haqqında akt qeydi bərpa edilən şəxsin yaşına dair məlumat yoxdursa və ya məlumat ziddiyyətlidirsə, ərizəçinin yaşı qüvvədə olan normativ hüquqi aktlarda göstərilən qaydada müəyyən edilir. Həmçinin məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Məhkəmə işdə olan sübutları qiymətləndirib, yuxarıda qeyd edilmiş maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alaraq, belə qənaətə gəlir ki, ərizəçilərin 04 avqust 1965-ci il tarixdə doğulmaları artıq müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alındığından, ərizəçilərin şəxsiyyətlərini təsdiq edən sənəd onların doğum haqqında sənədi əsasında verildiyindən, ərizəçilərin 04 avqust 1961-ci il tarixdə doğulmaları mötəbər sübutlarla təsdiq edilmədiyindən ərizə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs 1 saylı Bakı “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsinə qarşı “doğumun qeyd edilməsi faktının müəyyən edilməsi”nə dair ərizələri təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar