Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2656/2025 29.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X16 Şəxsin Sosial Ödənişləri Təyinatı üzrə Mərkəzi Filialı cəlb edilməklə “ hüquqi əhəmiyyətli faktın – iş stajının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki iş (açar sözlər: iş stajı, xüsusi icraat) Hakim Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi, Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxsin nümayəndəsi Nümayəndə1 iştirakları ilə Ərizəçi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X16 Şəxsin Sosial Ödənişləri Təyinatı üzrə Mərkəzi Filialını maraqlı şəxs qismində cəlb etməklə "əmək fəaliyyəti barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi" tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. Xüsusi icraat üzrə tələbin mahiyyəti Ərizəçi Ağayeva (xx.xx.1995-ci ilə qədər Abdullayeva) Şövkət Famlet qızı maraqlı şəxs qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X16 Şəxsin Sosial Ödənişləri Təyinatı üzrə Mərkəzi Filialını qeyd edərək, “hüquqi faktın müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 14 sentyabr 1977-ci il tarixdən 13 may 1983-cü il tarixinədək Azərbaycan SSR-in Laçın rayonunun Səhiyyə Şöbəsinin tabeliyində olan Güləbird kənd xəstəxanasında "Təsərrüfat bacısı" (kiçik tibb işçisi) işində işləməyi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tərəfindən ərizə onunla əsaslandırılır ki, o, xx xxxxxx 1960-cı ildə Laçın rayonunda anadan olmuşdur. 01 sentyabr 1967-ci il tarixdən 25 may 1977-ci il tarixədək Laçın rayonunun Güləbird kənd orta məktəbində oxumuş və həmin ildə Güləbird kənd orta məktəbini bitirmişdir. Orta təhsilini bitirdikdən sonra 14 sentyabr 1977-ci il tarixdən 13 may 1983-cü il tarixədək Laçın rayon Güləbird kəndində fəaliyyət göstərən Güləbird kənd xəstəxanasında “Təsərrüfat bacısı” (kiçik tibb işçisi) işində işləmişdir. 13 may 1983-cü ildə öz ərizəsi ilə işdən azad olunaraq yaşamaq üçün Bakı şəhərinə gəlmişdir. Həmin vaxt əmək kitabçasını işlədiyi xəstəxanadan götürmüş, 16 may 1983-cü il tarixdə Bakı şəhəri Nərimanov rayon Təhsil şöbəsinin 104 saylı Körpələr evində işə qəbul olan zaman müdiriyyətə vermişdir. xx.xx.1986-cı il tarixdən isə Nərimanov rayon Təhsil Şöbəsinin tabeliyində olan 26 saylı körpələr evi-uşaq bağçasına işə dəyişilmişdir. xx.xx.1987-ci ildən həmin bağçadan Nərimanov rayon Təhsil şöbəsinin tabeliyində olan 56 saylı körpələr eviuşaq bağçasına işə dəyişilmişdir. Sonradan həmin müəssisədə vəzifəsi dəyişilərək müdir vəzifəsinə təyin edilmiş və 03 avqust 2006-cı ilə qədər orada işləmişdir. Göstərilən müəssisədə müdir vəzifəsində işləyərkən şəxsi işi (əmək kitabçası ilə birlikdə) Nərimanov rayon Təhsil şöbəsinə verilmişdir. O, sağlamlığı ilə bağlı xarici ölkədə olmuş və işdən azad olunmağı barədə ərizə göndərmiş, əmək kitabçasını götürməmişdir. 2017-ci il tarixdə əmək kitabçasının qaytarılması ilə əlaqədar Bakı Baş Təhsil İdarəsinə müraciət etdikdə ona əmək kitabçasının itdiyi bildirilmişdir. O, işlədiyi illərə dair əmək kitabçasının və ya arayışın verilməsi ilə əlaqədar 13 avqust 2024-cü il tarixdə ərizə ilə Laçın Rayon Mərkəzi Xəstəxanasına müraciət etmişdir. “Laçın Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş 18-1-57/3-180/2024 saylı, 19 sentyabr 2024-cü il tarixli cavab məktubunda “Laçın Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi cavab olaraq bildirmişdir ki, 18 may 1992-ci il tarixdə Laçın rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən zaman Laçın Rayon Mərkəzi Xəstəxanası yandırılmış, arxiv sənədləri işğalçılar tərəfindən məhv edilmişdir. Buna görə həmin illərdə işləməyinə dair məlumatı əldə etmək mümkün olmamışdır. Hazırda pensiya yaşı tamam olsa da, Laçında işlədiyi illərə aid iş stajı ondan asılı olmayan səbəblərə görə əldə etmək mümkün olmamışdır. Buna görə də iş stajının təsdiqlənməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. II. Ərizəçi və maraqlı şəxsin mövqeyi: Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizəni müdafiə etdiyini bildirdi və ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi Nümayəndə1 yazılı etiraz təqdim edərək, ərizənin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 bildirdi ki, o, Ərizəçi ilə birlikdə Laçın rayonunun Səhiyyə Şöbəsinin tabeliyində olan Güləbird kənd xəstəxanasında işləmişdir. Belə ki, özü 1979-cu il tarixdən Laçın rayonu Güləbir kəndində xəstəxanada aşbaz kimi işə qəbul edilmişdir. Həmin vaxt Şövkət xanım həmin xəstəxanada tibb işçisi kimi işləyirdi. Şövkət xanım tibb işçisi kimi xəstələrin paltarlarının dəyişdirilməsi, yataq örtüklərinin dəyişdirilməsi kimi işlər görürdü. Təxmini xatırladığı onunla ərizəçinin 6 ilə yaxın müddətdə birlikdə işləməsidir. Ərizəçi sonradan Bakı şəhərinə köçmüş, özü isə 1983-cü ilə kimi xəstəxanada işləmişdir. Özünün əmək kitabça var və azırda pensiya təminatı alır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, özü 1976-ci ildə Laçın rayonu Güləbir kənd xəstəxanada mamalıq vəzifəsində işləməyə başlamışdır. Həmin tarixdən təxminən 1 il sonra ərizəçi həmin xəstəxanada onunla birlikdə işləməyə başlamışdır. Belə ki, Şövkət xanım xəstəxanada kiçik tibb işçisi kimi, yəni təsərrüfat işləri ilə məşğul olurdu. Özü rayon işğal olunanadək xəstəxanada işləmişdir. Şövkət xanımın xəstəxanada hansı tarixədək dəqiq işlədiyini xatırlamir, lakin rayon işğal edilmədən əvvəl Bakı şəhərinə köçdüyü yadındadır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, özü 1978-ci il tarixdə Laçın rayonunun Səhiyyə Şöbəsinin tabeliyində olan Güləbird kənd xəstəxanasında tibb bacısı kimi işə qəbul edilən zaman ərizəçi Şövkət xanım artıq xəstəxanada işləyirdi və ərizəçi ilə orada tanış olmaqla mehriban münasibəti yaranmışdır. Şövkət xanım təsərrüfat tibb işçisi kimi işləyirdi, yəni xəstələrin palataya yerləşdirilməsi, onlara xidmətlərin göstərilməsi işlərini yerinə yetirirdi. Özü xəstəxanada 1982-ci il tarixədək işləmiş, ərizəsi isə 1983-cü il tarixdə işdən çıxaraq Bakı şəhərinə köçmüşdür. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. - 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. - 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, iddiaçı həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı 13.1. Nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. 13.2. Əmək stajını təsdiq edən sənədlər ( əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. 13.3. Əmək kitabçasında və iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir. 13.4. Əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olubolmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Göstərilən normaların və Plenum Qərarının məzmunundan göründüyü kimi, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinin bir neçə şərtləri vardır - ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır və ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onların bərpası mümkün olmamalıdır. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi dedikdə isə həmin sənədləri məhkəmədən kənar qaydada almağın mümkün olmaması başa düşülür. Hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədlərin başqa qaydada (məhkəmədən kənar qaydada) alınmasının mümkünsüzlüyü hallarını öz növbəsində iki qrupa bölmək olar - hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinin qanunvericiliklə yalnız məhkəmə qaydasının nəzərdə tutulduğu hallar və hüquqi əhəmiyyətli faktları müəyyən etmək səlahiyyəti olan dövlət orqanları və vəzifəli şəxslərin həmin faktları təsdiq edən sənədləri verə bilmədikləri, yaxud vermədikləri hallar. İV Sübutların tədqiqi və məhkəmənin mövqeyi: İş materiallarında olan: - Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” Publik hüquqi şəxs “Laçın Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsi tərəfindən verilmiş 19 sentyabr 2024-cü il tarixli 18-1-57/3-180/2024 saylı cavab məktubundan görünür ki, 18 may 1992-ci il tarixdə Laçın rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olan zaman Laçın Rayon Mərkəzi Xəstəxanası yandırılmış, arxiv sənədləri işğalçılar tərəfindən məhv edildiyi qeyd edilmişdir. - Laçın Rayon Dövlət Arxivindən verilmiş 23 yanvar 2025-ci il tarixli 5-64-51/3-2-4/2025 saylı arxiv arayışından görünür ki, xx.xx.1977-xx.xx.1983-cü illər ərzində Laçın Rayonu Güləbird kəndində fəaliyyət göstərən Güləbird kənd xəstəxanasında Təsərrüfat bacısı (kiçik tibb işçisi) işləməyi ilə əlaqədar bildirilmişdir ki, Laçın rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyi üçün Laçın Rayonuna məxsus arxiv sənədləri, o cümlədən ərizədə qeyd olunan dövr də Güləbird kənd xəstəxanasında Təsərrüfat bacısı işləyib-işləməməyini əks etdirən müvafiq sənədlər işğalda qalmışdır. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X16 Şəxsin Sosial Ödənişləri Təyinatı üzrə Mərkəzi Filialından verilmiş 15 yanvar 2025-ci il tarixli 3-17-1/2-A-8844/2025 saylı məktubundan görünür ki, Ərizəçi yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmaması barədə ona imtina məktubu verilmişdir. - Bakı Şəhəri üzrə Təhsil İdarəsindən göndərilmiş xx.xx.2024-cü il tarixli 3-29-59/2-A-1469- 4/2024 saylı məktubdan görünür ki,iddiaçının ərizəsində göstərilən illərə dair bütün qeydlər mövcud olmadığından ona müvafiq qaydada əmək kitabçasının dublikatının açılması mümkün olmamışdır. - AZ seriyalı, 081250 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1960-cı il təvəllüdlü X1 rayonunda doğulmuşdur. Ata qrafasında X9, ana qrafasında X5 qeyd edilmişdir. - 0357316 saylı əmək kitabçasından görünür ki, əmək kitabçası X7 məxsusdur və o xx.xx.1978-xx.xx.1992-ci illərdə Laçın rayonunun Səhiyyə Şöbəsinin tabeliyində olan Güləbird kənd xəstəxanasında tibb bacısı vəzifəsində işləmişdir. Məhkəmə qeyd edir ki, hazırki faktın məhkəmə tərəfindən müəyyən edilməsi üçün bütün şərtlər mövcuddur. Belə ki, məhkəmə ərizəçinin izahatına və şahidlərin ifadəsinə qiymət verərək belə qənaətə gəlir ki, Ərizəçi Laçın rayonunun Səhiyyə Şöbəsinin tabeliyində olan Güləbird kənd xəstəxanasında “Təsərrüfat bacısı” (kiçik tibb işçisi) vəzifəsində işlədiyi faktı öz təsdiqini tapır. Belə ki, məhkəmədə ifadə verən şahidlərin məhkəməyə təqdim etdikləri əmək kitabçasının surətindən görünür ki, həmin şəxslərin Laçın rayonunun Səhiyyə Şöbəsinin tabeliyində olan Güləbird kənd xəstəxanasında işlədiyi dövrlər ərizəçinin ərizəsində qeyd etdiyi dövrlərə uyğun gəlir. Eyni zamanda məhkəmədə ifadə verən şahidlər ifadələrində ərizəçini həmin xəstəxanada işlədiyi zamandan tanıdıqlarını və onun Güləbird kənd xəstəxanasında “Təsərrüfat bacısı” (kiçik tibb işçisi) vəzifəsində işlədiyini təsdiq etmişlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndinə görə, iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 17-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Həmin qərardan da göründüyü kimi, iş stajının təsdiq olunması üçün: ən azı iki nəfər şahid olmalı; həmin şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli) və iddia olunan müddətdə şahidlərin özlərinin işləmələri barədə sənəd olmalıdır. Hazırki iş materiallarında qeyd olunan bütün hallar mövcud olduğundan məhkəmə belə qənaətə gəlir ki, Ağayeva (xx.xx.1995-ci ilə qədər Abdullayeva) Şövkət Famlet qızının 14 sentyabr 1977-ci il tarixdən 13 may 1983-cü il tarixinədək Azərbaycan SSR-in Laçın rayonunun Səhiyyə Şöbəsinin tabeliyində olan Güləbird kənd xəstəxanasında "Təsərrüfat bacısı" (kiçik tibb işçisi) işində işləməyi faktının müəyyən edilməsi barədə ərizə təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 77.1, 106.1 və 217.4-cü maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eyni Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ağayeva (xx.xx.1995-ci ilə qədər Abdullayeva) Şövkət Famlet qızının 14 sentyabr 1977-ci il tarixdən 13 may 1983-cü il tarixinədək Azərbaycan SSR-in Laçın rayonunun Səhiyyə Şöbəsinin tabeliyində olan Güləbird kənd xəstəxanasında "təsərrüfat bacısı" (kiçik tibb işçisi) kimi işləməsi faktı müəyyən edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. V. Nəticə: Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ağayeva (xx.xx.1995-ci ilə qədər Abdullayeva) Şövkət Famlet qızının 14 sentyabr 1977-ci il tarixdən 13 may 1983-cü il tarixinədək Azərbaycan SSR-in Laçın rayonunun Səhiyyə Şöbəsinin tabeliyində olan Güləbird kənd xəstəxanasında "təsərrüfat bacısı" (kiçik tibb işçisi) kimi işləməsii faktı müəyyən edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elnarə Vəliyeva
Məhkəmə qərarları › İş №2(001)-2656/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2656/2025
29.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver