Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-2665/2023 29.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçı cavabdehlər Cavabdeh1 Malik oğlu, Cavabdeh2 və Cavabdeh3 qarşı “ yaşayış sahəsinə istifadə qaydasının müəyyən edilməsi və evə köçürülmə” tələbinə dair iddia ərizəsinin mümkünlüyünü yoxlayaraq, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və azyaşlı uşaqlarının Abşeron rayonu, Qobu qəsəbəsi, Qarayev küçəsində yerləşən 7 saylı fərdi yaşayış evinin 1 otağından və həmin evin mətbəxindən, sanitar qovşağından istifadə qaydalarının müəyyən edilməsi, həmin evə köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, hazırki tələbə ərazi aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxıla bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 39.2-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. İddiaçının məhkəmədən müəyyən edilməsini xahiş etdiyi tələbindən görünür ki, iddiaçı Abşeron rayonu, Qobu qəsəbəsi, Qarayev küçəsində yerləşən 7 saylı fərdi yaşayış evinə köçürülməyini və həmin evdən istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı iddia ərizəsində Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi(Xutor), sıra 6, mənzil 32-yə gəlin köçdüyünü və nikah pozulduqdan sonra kirayədə yaşadığını qeyd etsə də, tələbində Abşeron rayonu, Qobu qəsəbəsi, Qarayev küçəsində yerləşən 7 saylı fərdi yaşayış evinə münasibətdə hüquqlarının həyata keçirilməsini xahiş etmişdir. Göründüyü kimi irəli sürülən tələb daşınmaz əşyaya münasibətdə hüquqlarının pozulmasının aradan qaldırılması ilə bağlıdır və bu səbəbdən müstəsna aidiyyət qaydasının əhatə dairəsinə düşür. Bu səbəbdən də məhkəmə o qənaətə gəlir ki, hazırki iddia ərizəsinə müstəsna aidiyyət qaydasına uyğun olaraq daşınmaz əşyanın olduğu yerdə baxılmalı olduğundan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxıla bilməz. Odur ki, iddia ərizəsinin ərazi aidiyyəti qaydalarına uyğun verilməməsi onun geri qaytarılması üçün əsasdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, o cümlədən ödənilmiş 50 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılmalı, iddiaçıya hazırki iddia tələbi ilə bağlı müvafiq ərazi üzrə rayon məhkəməsinə müraciət etmək hüququnun olması izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152, 263-cü və 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər Cavabdeh1 Malik oğlu, Cavabdeh2 və Cavabdeh3 qarşı “ yaşayış sahəsinə istifadə qaydasının müəyyən edilməsi və evə köçürülmə” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən müvafiq məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-2665/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-2665/2023
29.03.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver