Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-2675/2021 23.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Ağasadıx Gəraybəyli küçəsi, ev 37 a, mənzil 6, yeni qaydalarla AZ1108, ünvan 1 M3, mənzil 1 ünvanına istifadə hüququna xitam verilməklə, onun həmin mənzildən passport qeydiyyatından çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2020-ci il tarixli, AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Ağasadıx Gəraybəyli küçəsi, ev 37 a, mənzil 6, yeni qaydalarla AZ1108, ünvan 1 M3, mənzil 1 ünvanında yerləşən yaşayış evini 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin notariat ofisində İddiaçı satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx xxxxxx 2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Dövlət Reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Ağasadıx Gəraybəyli küçəsi, ev 37 a, mənzil 6, yeni qaydalarla AZ1108, ünvan 1 M3, mənzil 1 ünvanı iddiaçının tam mülkiyyətindədir. İddiaçının mülkiyyətində olan mənzildə əvvəllər qeydiyyatda olan X2 və digər qeydiyyatda olan X1 mənzildən qeydiyyatdan çıxacağı barədə öhdəlik götürmüşlər.Lakin mənzildə qeydiyyatda olan Cavabdeh bu barədə öhdəlik götürməmiş, qeydiyyatdan çıxmamış və harada olması barədə məlumat yoxdur. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıdakı əsaslara görə iddia ərizəsinin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması müvafiq icra hakimiyyəti orqanının səlahiyyətinə aid edilmişdir(Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi). “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli Plenum qərında qeyd edilir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. İddia ərizəsinin mahiyyətindən görünür ki, iddiaçı cavabdehin istifadə hüququnun olub-olmadığına münasibət bildirmədən faktiki olaraq cavabdehin qeydiyyatdan çıxarılmasını xahiş edir. Belə ki, iddiaçı iddia ərizəsində göstərmişdir ki, alqı-satqı müqaviləsi bağlanarkən cavabdeh həmin mənzildə olmamış, qeydiyyatdan çıxacağı barədə öhdəlik götürməmiş və harada olması məlum deyildir. Yəni iddiaçı faktiki olaraq mülkiyyətində olan mənzildən formal olaraq qeydiyyatda olan şəxsin qeydiyyatdan çıxarılmasını xahiş edir. Bu isə yuxarıda qeyd edilən Plenum qərarında müəyyən edilmiş hüquqi mövqeyə uyğun olaraq mülki məhkəmə icraatının predmeti deyildir. Beləliklə, məhkəmə hesab edir ki, ərizəyə məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmalı, iddiaçıya müvafiq tələblə Daxili İşlər Nazirliyinə müraciət etmək, imtina edildikdə isə Bakı İnzibati Məhkəməsinə müvafiq tələblə iddia ərizəsi vermək hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir; 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir; 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur; 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 153-cü və 263- 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddiaçıya qeydiyyatdan çıxarılma ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət etmək, imtina edildikdə isə müvafiq tələblə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi vermək hüququnun olması izah olunsun. Qərardaddan 10 (on) gün müddətinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-2675/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-2675/2021
23.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver