Məhkəmə qərarları › İş №2(001)-2684/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2684/2020

05.08.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2684/2020 05.08.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X7 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı istifadə hüququnun itirilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, X4 prospekti, ev 56B, mənzil 15 ünvanına cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadə hüququnun itirilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Binəqədi rayonu, X4 prospekti, ev 56B, mənzil 15 ünvanında 63 kvadrat metr ümumi sahədən ibarət daşınmaz əmlak onun xüsusi mülkiyyətindədir. 1 saylı ASAN Xidmət mərkəzində evdə qeydiyyatda olanlar barədə arayış aldıqda ona məlum olmuşdur ki, cavabdehlər onun evinə qeydiyyata düşmüşlər. Cavabdehlərin hansı orqan tərəfindən onun evinə qeydiyyata alındığı barədə məlumatı yoxdur. Cavabdehlər ona məxsus olan evdə qeydiyyatda olsalar da, həmin evdə yaşamırlar. Cavabdehlərin onun evində qeydiyyatda olması formal xarakter daşımaqla bərabər onun mülkiyyətçi kimi hüquqlarını da pozur. Əvvəla, onun əvəzinə kommunal xərclər də əlavə ödənişlər etməli olur. İkincisi də, onun mənzilində qeydiyyatda qalması onun həmin evlə bağlı sərəncam vermək və sair hərəkətlər etmək hüququnu məhdudlaşdırır. Şəxsin pasport qeydiyyatı onun yaşayış yeri üzrə olmalıdır. Çünki, şəxsin öz yaşayış yeri üzrə qeydiyyatda olması şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi məsələsini asanlaşdırır. Cavabdehin isə faktiki olaraq, başqa yerdə yaşamasına baxmayaraq onun evində qeydiyyatda qalması onun dövlət və cəmiyyət qarşısında da vəzifələrinin icrasına ciddi maneələr yaradır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 147-ci maddəsinin tələblərinə uyğun olaraq xəbərdar edildiyindən məhkəmə, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara görə iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: xx xxxx 2003-cü il tarixli, 199945 saylı müqavilənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, Gənclər Dostluğu küçəsi, 56B saylı evin 15 saylı mənzili (sahəsi 63 kv.m) X1 tərəfindən İddiaçı 108.000.000 manata satılaraq sonuncunun mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri çıxarışının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, X4 prospekti, 56B saylı evin 15 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyatdan keçirilmiş və bu barədə xx xxxxx 2014-cü il tarixdə ********** nömrəli qeydiyyat aparılmışdır; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, ******* saylı yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, X4 prospekti, 56B saylı evin 15 saylı mənzilində X3 (xx xxxxxx 1991-ci il təvəllüdlü), Cavabdeh1 (xx xxx 1996-cı il təvəllüdlü), Cavabdeh2 (xx xxxx 1969-cu il təvəllüdlü), X2 (xx xxxx 1969-cu il təvəllüdlü) qeydiyyatdadırlar. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Binəqədi rayonu, X4 prospekti, 56B saylı evin 15 saylı mənziliddiaçının mülkiyyətinə keçdiyi vaxtdan sonra hansı əsasla qeydiyyata düşdükləri məlum deyil. Cavabdehlər heç vaxt iddiaçının mülkiyyətində olan mənzildə yaşamamış, onun ailə üzvləri olmamışlar. Məhkəmə qeyd edir ki, cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzilə qeydiyyata alınması faktına onun bu mənzilə istifadə hüquqlarının yaranması kimi qiymət verilməsi qanunun tələblərinə ziddir. Belə ki, yuxarıda istinad edilən maddi hüquq normalarının məzmunundan müəyyən olunur ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının mülkiyətində olan Bakı şəhəri, Binəqədi rayonu, X4 prospekti, 56B saylı evin 15 saylı mənzildən istifadə hüquqları mövcud olmadığından, mövcud olmayan hüquqların itirilməsidə qeyri-mümkündür. Ona görə də iddia tələbi təmin edilə bilməz. Azəbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında qeydiyyatdan çıxarılır. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdehlərin iddiaçıya məxsus mənzilə istifadə hüquqları olmadığına görə onların həmin məzində qeydiyyatda qalmaları üçün hər-hansı əsas da yoxdur və iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdırdığına görə hazırki qətnamə həmin şəxslərin qeydiyyatdan çıxarılmaları üçün əsas olmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı istifadə hüququnun itirilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Hazırkı qətnamə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının mülkiyətində olan Bakı şəhəri, Binəqədi rayonu, X4 prospekti, 56B saylı evin 15 saylı mənzilindən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar