Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2697/2020 17.08.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, İddiaçı, Cavabdeh1, ounn vəkili X1, Cavabdeh2 iştirakı ilə, İddiaçı Cavabdeh1 və X2 qarşı azyaşlı uşağı ilə birlikdə mənzilə köçürülməsi tələbinə dair mülki işə xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iki azyaşlı uşağı ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən, 125-ci məhəllədə yerləşən 3 otaqlı fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, o, Cavabdeh1 ilə 2008-ci ildə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahlarından xx xxxxxx 2008-ci il tarixdə X3, xx xxxxxx 2011-ci il tarixdə X5 adlı uşaqları anadan olmuşdur. Nikahdan sonra o, cehiz əmlakları ilə birlikdə cavabdehlərin qeydiyyatda olduqları ünvan 1 ünvanında yerləşən mənzilə gəlin köçmüşdür. Orada bir müddət yaşadıqdan sonda 2011ci ildə Cavabdeh1 iddia tələbində göstərilən evi almış və onlar əri və uşaqları, əşyaları ilə birlikdə həmin evə köçmüşlər. Ev qanunsuz tikili olsa da, yaşayış üçün bütün şəraitləri vardır. 2018-ci ilin iyun ayında məhkəmə qətnaməsi ilə Cavabdeh1la aralarındakı nikah pozulmuş, həmin ərəfədə cavabdehlər onu zorla həmin evdən çıxarmışlar. Hazırda da həmin evdə cavabdehlər ikisi yaşayır. Hazırda o, valideynlərinin yanında müvəqqəti olaraq yaşadığından hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Sonda H.Q.Yunisova iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, o, iddiaçı ilə ailə qurarkən ilk əvvəl faktiki ailə münasibətlərində yaşamış, xx xxx 2009-cu il tarixdə nikahlarını rəsmiləşdirmişlər. İddiaçı onun qeydiyyatda olduğu ünvan 1 ünvanında yerləşən mənzilə gəlin köçmüş, ata-anasının razılığını almadan köçdüyündən özü ilə heç bir cehiz əmlak gətirməmişdir. Bir müddət həmin evdə qaldıqdan sonra müxtəlif ünvanlarda kirayədə yaşamışlar. Nəhayət 2011-ci ildə anası Cavabdeh2 öz vəsaiti hesabına Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən, 125-ci məhəllədə 3 otaqlı fərdi yaşayış evi və torpaq sahəsini 13500 ABŞ dollarına almış, tikili qanunsuz olduğundan mülki etibarnamə əsasında satılmış və etibarnamə anasının istəyi ilə onun adına verilmişdir. Evin və torpaq sahəsinin pulunun anası tərəfindən ödənilməsi onu satmış şəxsin ərizəsində öz təsdiqini tapır. Sonradan o, anasının məsləhəti ilə evi etibarnamə əsasında ruhi xəstə olan qardaşının adına keçirmişdir. xx xxxxxx 2016-cı il tarixdən onun iddiaçı ilə faktiki olaraq ailə münasibətləri pozulmuşdur. Hazırda iddia tələbində göstərilən evə qardaşı tək yaşayır. Faktiki olaraq ayrıldıqları vaxtdan 4 il keçdikdən sonra iddiaçının bu məzmunlu iddia ilə məhkəməyə müraciət etməsi tamamilə əsassızdır. Sonda Cavabdeh1 məhkəmədən göstərilənləri nəzərə alıb iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etmədiyini bildirib oğlu Cavabdeh1 izahatına uyğun izahat verərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iş üzrə tərəfləri dinləyib mülki iş materiallarını nəzərdən keçirərək qanunvericiliyin aşağıda göstərilən müddəlarının əsas tutub hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mövcud mübahisə üzrə maddi hüquq normaları tətbiq olunarkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinin tələbi nəzərə alınmalıdır. Həmin normanın tələbinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşin faktiki hallarından görünür ki, tərəflər arasında hüquq münasibətləri 2008-ci ildə yaranmışdır və buna görə də mövcud mübahisə üzrə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2013-cü il tarixli qərarı nəzərə alınmalıdır. Həmin qərarda qeyd olunmuşdur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Hazırki halda müəyyən olunur ki, iddia predmeti olan Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən, 125-ci məhəllədə yerləşən 3 otaqlı fərdi yaşayış evi qanunsuz tikili olmaqla dövlət reyestrində qeydiyyata alınmamış, bunun məntiqi ardıcıllığı olaraq da, həmin evdən istifadə hüququnun əmələ gəlməsi və ya həyata keçirilməsi ilə bağlı iddiaçı ilə cavabdehlər arasında notarial razılaşma mövcud deyildir. Beləliklə məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia rədd edilməli, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh1 və X2 qarşı azyaşlı uşağı ilə birlikdə mənzilə köçürülməsi tələbinə dair iddiası rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-2697/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2697/2020
17.08.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver