Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2702/2022 20.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) X15, Cavabdeh2 və onun nümayəndəsi (vəkili) X2, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “mənzildən istifadə edilməsinə maneələrin aradan qaldırılması, mənzilə köçürülmə və mənzildən çıxarılma” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “mənzildən istifadə edilməsinə maneələrin aradan qaldırılması, mənzilə köçürülmə və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 tərəfindən ünvan 1 ünvanında yerləşən iç-içə iki otaqlı yaşayış sahəsindən onun istifadə etməsinə qarşı yönələn maneələrin aradan qaldırılması, Cavabdeh1 qeyd olunan mənzilin iç-içə iki otaqlı yaşayış sahəsindən çıxarılması, onun və iki övladının qeyd olunan mənzilin iç-içə iki otaqlı yaşayış sahəsinə köçürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Nərimanov rayonu X24 İcraiyyə Komitəsi tərəfindən verilmiş 028728 nömrəli orderə əsasən atası - X17, anası - Abiyeva (Gülhəsənova) Gülnaz Qulam qızı, bacısı - X18, qardaşı - X19 və o, ünvan 2 ünvanda yerləşən beş otaqlı mənzildə 1989-cu il tarixdən məskunlaşmalı olmuşlar. 1990-cı il tarixdə daha bir qardaşı X10 da doğulmuşdur. Atası və anasının ayrılaraq nikahlarını ləğv etmələri ilə əlaqədar Binəqədi Rayon Məhkəməsinin 2-513 saylı 19 iyul 1999-cu il tarixli qətnaməsi əsasında həmin mənzil bölünərək yaşayış sahəsi 42,61 kv.m olan 3 otaq anası, bacısı və iki qardaşına, digər iç-içə olan ümumi sahəsi 29 kv.m olan təcrid olunmamış iki otaq isə atası Yusif Abiyev ilə ona verilmişdir. Daha sonra Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının 25 oktyabr 1999-cu il tarixli 748 nömrəli sərəncamı ilə həmin mənzilə iki ayrıca şəxsi hesab vərəqi açılmışdır. Anası özünə və bacı-qardaşlarına ayrılmış sahəsi 42.61 kv.m olan 3 otağı özəlləşdirmişdir. Atası ilə o isə həmin iç-içə olan otaqları özəlləşdirməyərək icarədar atası olmaqla kirayə müqaviləsi əsasında həmin otaqlarda yaşamağa davam etmişlər. 2004-cü ildə 74 yaşlı atası X1 Tahirə Rza qızı adlı bir qadını onun və atasının yaşadığı iç-içə olan, hər birinin sahəsi 14.5 kv.m olan, iki otaqlı yaşayış sahəsinə gətirərək sonuncunun onunla birlikdə yaşayacağını bildirmişdir. O, buna etiraz edərkən əşyalarını həmin mənzildən çıxararaq dəhlizə atdılar. O, anasına məxsus otaqda qalmalı olmuşdur. Ailə qurduğundan 2006-cı ildə bir övladı olmuşdur. Başqa qalacağı yer olmadığından həmin mənzildə anasına məxsus otaqda yaşamağa davam etmişdir. 2008-ci ildə Cavabdeh1 öz bacısı qızı Cavabdeh2 qardaşı Növzərə ərə vermişdir. Əvvəlcə Cavabdeh1, daha sonra isə Cavabdeh2 elə bir vəziyyət yaratdılar ki, anası və qardaşı Abubəkir mülkiyyət hüququ üzrə anasına məxsus yaşayış sahəsini tərk edərək “Varovski” qəsəbəsində kirayə mənzildə yaşamalı olmuşlar. 2011-ci ildə onun daha bir övladı oldu. Ailəli deyil. Övladlarını tək saxlayır. 2018-ci ildə atası rəhmətə getmişdir. Qardaşı Növzər ağır xəstə idi və 2020-ci ildə qardaşı, eyni zamanda Cavabdeh2 həyat yoldaşı 36 yaşında rəhmətə getdi. Həmin vaxtdan o, övladları ilə birlikdə tənha ana olaraq anası və qardaşı Abubəkirin kirayə qaldıqları “Varovski” qəsəbəsində qalmalı olmuşdur. Övladları 2006-cı il təvəllüdlü X21 və 2011-ci il təvəllüdlü X11 ilə birlikdə kiçik bir daxmada kirayə haqqını ödəyə bilmədiyi üçün dəfələrlə mənzilinə girməyə cəhd etsə də, Cavabdeh2 və onun xalası Cavabdeh1 buna imkan verməyiblər. Qardaşı Abubəkiri və onu tutduracaqları ilə hədələyirlər. Hətta həmin ünvanda anasının mülkiyyətində olan üç otaqdan birində belə ona və anasıgilə yaşamağa imkan vermirlər. Faktiki olaraq xalabacıqızı bütün mənzili mənimsəyiblər. Özü fiziki qüsurlu insandır, əlillik dərəcəsi var, savadlı deyil. Yazıb-oxumağı qənaətbəxş deyildir. Onun bu vəziyyətindən istifadə edərək Cavabdeh1, Cavabdeh2 və təəssüflər olsun ki, mərhum atası onu xəstə bir insan simasında görüb, olmazın iztirablar vermişlər. Onlar tərəfindən kürəyindən aldığı zərbələrdən çarəsiz qalaraq hətta bir dəfə balkondan özünü atmaqla əllərindən qurtulmaq belə istəmişdir. Sadəcə qorxuya düşdüklərindən (ona olan rəğbətdən deyil) məcbur olub bunun qarşısını almışlar. Cavabdeh2 anasına məxsus 3 otağa anası və qardaşını buraxmayaraq qardaşı Abubəkrin sinəsini, üz-gözünü cırmışdır. Bu səbəbdən dəfələrlə polisə müraciət etməli olmuşlar. Cavabdeh2 hətta barəsində iddia verdiyi iç-içə iki otağa da müdaxilə etməkdən belə çəkinmir. Həmin otaqların xalası ilə bərabər ona da məxsus olduğunu iddia edir. O, cavabdehlərin təzyiqləri qarşısında aciz qalmışdır. Ümidi yalnız ədalətli məhkəmə qərarınadır. Ərizəsinə əlavə etdiyi DİN-nin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli 19 avqust 2021-ci il tarixli arayışından görünür ki, ünvan 3 ünvanında nə Cavabdeh2, nə də ki onun uşaqları Rüqəyya və Rəyyan Abiyevlər qeydiyyatda deyillər. Lakin DİN-nin BPQMİ-nin Maps şöbəsindən alınmış arayışdan görünür ki, Cavabdeh2 və onun uşaqları ünvan 4 ünvanında qeydiyyatdadırlar. Lakin qeyd etdiyi kimi sonuncu arayışda küçə göstərilməmişdir. Hər bir halda onların qeyd edilən mənzilə əsassız düşmələri qənaətindədir. Anası mülkiyyətində olan 3 otağa Elnarə Qasımovanı heç vaxt istifadə hüququna razılıq verməmişdir. Bu səbəbdən də Cavabdeh2 mübahisə etdiyi iç-içə olan otaqlara münasibətdə əsassız və qanunsuz qeydiyyata düşmələri qənaətindədir. Cavabdeh1 isə təqdim etdiyi MAPS arayışına əsasən Astara rayonu, Ərçivan qəsəbəsində qeydiyyatdadır. 2021-ci il tarixdə ünvan 5 ünvanda yerləşən ümumi sahəsi 29 kv.m olan, hər biri ayrılıqda 14,5 kv.m olan iç-içə 2 otaqlı yaşayış sahəsini daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması məqsədilə Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin mütəxəssisləri ilə həmin ünvana gedərkən Cavabdeh2 və Cavabdeh1 münaqişə yaradaraq idarənin mütəxəssislərini və onu mənzilə buraxmamışlar. Bu səbəbdən də ona DƏDRX texniki inventarlaşdırma işlərinin aparılması üçün şərait yaradılmaması səbəbindən Daşınmaz əmlak üzərində hüququların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş təqdim etmişlər. Hazırda anası mülkiyyət hüququ üzrə özünə məxsus olan üç otaqlı yaşayış sahəsini tutan Cavabdeh2 həmin yaşayış sahəsindən çıxarılmasına və özünün həmin yaşayış sahəsinə köçürülməsinə dair iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Hazırda Cavabdeh2 xalası Cavabdeh1 ilə birlikdə, həmin ünvanda yerləşən iç-içə iki otaqlı yaşayış sahəsinə mütəxəssislərin və onun daxil olmağına maneə yaradaraq onu evdən qovmalarını istifadə hüquqlarını məhdudlaşdırmaları kimi qiymətləndirir. O cümlədən Cavabdeh1 iç-içə olan iki otaqlı yaşayış sahəsində yaşamasını qanunsuz və əsassız hesab edir. Cavabdeh1 hazırki günədək başqa yerdə qeydiyyatda olmaqla onun həmin sahəyə köçürülməsinə heç bir razılıq verməmiş və əksinə onun təklifi və müdaxiləsi ilə yaşayış sahəsindən qovulmuşdur. Cavabdeh2 məhkəməyə iddiaya yazılı etirazla müraciət edərək bildirmişdir ki, o, iddianı qismən, iddiaçının mübahisəli mənzilə köçürülməsini qəbul edir. O, iddiaçının həmin mənzilə gəlməsinə heç vaxt etiraz etməmişdir. O, həmin mənzilə qanuni əsaslarla köçmüşdür. Belə ki, o, iddiaçının qardaşı X19 ilə 08 aprel 2008-ci il tarixdə rəsmi nikaha girərək ailə həyatı qurmuş və onun istəyi və həmin mənzilin kirayəçisi X6 razılığı ilə həmin mənzilə köçürülmüşdür. O, həmin mənzilə köçərkən iddiaçının atası ilə arasında şəxsi problemlər olduğu üçün iddiaçı mübahisəli mənzilə yaşamamış və ümumiyyətlə ora gəlibgetməmişdir. İddiaçı öz övladları ilə başqa yerdə kirayədə yaşamışdır. İddiaçının qardaşı Növzər 2019-cu ildə xəstə olduğu müddətdə iddiaçı hərdən bir gəlib öz qardaşına baş çəkmişdir. Həmin vaxt onun iddiaçının və digər bacı-qardaşların həmin mənzilə gəlməsinə heç bir maneə törətməmiş və etirazı da olmamışdır. Əri Növzər ölüm ayağında olduğu zaman vəsiyyət etmək üçün notariusun çağırılmasını istəmişdir ki, öz vəsiyyətini etsin, qardaşı Abubəkir isə ona söz vermişdir ki, “heç nə lazım deyil, mən Allahın dərgahında söz verirəm ki, arvadını və uşaqlarını küçəyə atmayacam, evi satıb onlarla böləcəm” Lakin Növzər öləndən sonra onlar hər şeyi yaddan çıxarıb ona qarşı məhkəmələrdə iddia qaldırıb, onu və uşaqlarını yaşadığı mənzildən çıxarmaq istəyirlər. İddiaçı iddia ərizəsində qeyd edir ki, “1999-cu ildə atası X17 il anası arasında nikah ləğv olunduqdan sonra birgə yaşamaq mümkün olmadığı üçün, qeyd olunan beş otaqlı mənzilin onların arasında bölünməsinə dair Binəqədi Rayon Məhkəməsində 19 iyul 1999-cu il tarixli, 2-513 saylı müvafiq qətnamə çıxarılmışdır. Həmin qətnamə ilə yaşadıqları 7-ci mikrorayon, 2 “b” saylı evin 5 otaqlı, yaşayış sahəsi 75.61 kv.m olan mənzil bölünərək, sahəsi 13.40; 12.71 və 16.5 kv.m olan 3 otaq övladları Növzər, Zəhra və Abubəkrlə analarına verilmiş, digər iki içiçə olan otaqlar isə atası Abiyev Yusif ilə ona verilmişdir.” İddiaçının məhkəməyə təqdim etdiyi rəsmi sənədlərdən də görünür ki, həmin 5 otaqlı mənzilin 3 otağı Gülnaz, Növzər, Zəhra və Abubəkrə verilmişdir. Məhkəmə qətnaməsi ilə artıq mənzilin sahibləri müəyyən edilmişdir. Həmin üç otaqlı mənzildə Növzər Abiyevin payı olmuşdur və o, evlənərkən öz evinə ailə üzvlərini köçürmüşdür. İddiaçı iddia ərizəsində Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53 və 54-cü maddələrinə də istinad etmişdir. Bəli, həmin maddələrin tələblərinə əsasən Yusif Abiyev və Növzər Abiyev öz ailə üzvlərini öz mənzillərinə qəbul edib köçürə bilərlər. O, qanuni əsaslarla həmin mənzilə köçürülmüşdür. İddiaçının belə bir iddianı qaldırmağa subyektiv hüququ yoxdur, çünki o, kirayəçi deyil, ailə üzvlərindən biridir. İddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın reyestrində qeydə alınmadığı üçün o, mülkiyyətçi deyil və buna görə də onun Mülki Məcəllənin 228.1, 228.2 və 228.5-ci maddələrinə istinad etməsi qeyri-qanunidir. Qeyd edilənlərə əsasən iddianın mənzilə köçürülmə hissəsində təmin, qalan hissəsində isə rədd edilməsini xahiş etmişdir. Cavbadeh Cavabdeh1 məhkəməyə iddiaya yazılı etirazla müraciət edərək, iddianı qismən qəbul etdiyini, yəni İddiaçı mübahisəli mənzilə köçürülməsinə etiraz etmədiyini, lakin iddianın onun həmin mənzildən çıxarılması hissəsində qəbul etmədiyini bildirdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, Cavabdeh2 etiraf etdi ki, qapının kilidini dəyişib və iddiaçını evə buraxmır. Artıq iki ildir ki, iddiaçını evə buraxmırlar. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları evə baxış keçirə bilmədiyindən mübahisəli evin mərhum Yusif Abiyevə aid hissəsinə iddiaçı çıxarış ala bilmir. İddiaçının yaşamağa başqa yeri yoxdur. Uşaqları ilə birlikdə kirayədə qalır. Həmçinin, Cavabdeh1 əsassız olaraq həmin mənzilə köçürüldüyündən onun da həmin mənzildən çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddianı qismən qəbul edərək iddiaya etirazda qeyd etdiyi məzmunda izahat verdi. Həmçinin əlavə olaraq bildirdi ki, o, iddiaçının mərhum atasına məxsus evə köçürülməsinə hər hansı etirazı yoxdur. O, iddiaçının atasına məxsus evdə deyil, iddiaçının anasına məxsus evdə yaşayır. Həmin evə də o, mərhum həyat yoldaşı Növzərin və digər ailə üzvlərin razılığı ilə köçürülmüşdür. Hazırda iddiaçının anası da ona qarşı iddia qaldıraraq onun uşaqları ilə birlikdə müvafiq kompensasiya verilməklə yaşadıqları evdən çıxarılmalarını tələb edir. Yaşayış sahələrinin qapısı bir olduğundan, iddiaçının gəlib söz-söhbət yaratması onlar arasında dəfələrlə münaqişələrin yaranmasına səbəb olmuşdur. Ona görə də mənzilin kilidini dəyişdirmişdir ki, iddiaçı hər dəfə gəlib münaqişə yarada bilməsin. Mərhum qaynatasına məxsus yaşayış sahəsi 33 kv.m olmaqla, iç-içə iki otaqdan ibarətdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi (vəkili) X4 təmsil etdiyi cavabdehin izahatını müdafiə edərək, iddianın qismən təmin edilməsinə etiraz etmədiyini bildirdi. Belə ki, iddiaçı mərhum atasına məxsus evə köçüb orada yaşaya bilər, təmsil etdiyi cavabdeh buna etiraz etmir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianı qismən qəbul edərək bildirdi ki, o, iddiaçının mərhum atasına məxsus yaşayış sahəsinə köçürülməsinə etiraz etmir. Lakin, iddianı onun evdən çıxarılması hissəsində qəbul etmir. Belə ki, o, iddiaçının mərhum atası ilə rəsmi nikaha girərək ailə qurmuş və ailə üzvü olaraq mərhuma məxsus yaşayış sahəsinə köçürülmüşdür. Ona görə də onun həmin yaşayış sahəsindən istifadə hüququ var. Eyni zamanda ona verilmiş suallara cavab olaraq bildirdi ki, ev iki hissədən ibarətdir, bir hissəsi mərhum ərinin arvadı Gülnaza, bir hissəsi isə mərhum ərinə məxsusdur. O, ərinə məxsus yaşayış sahəsində, bacısı qızı Elnarə isə Gülnaza məxsus yaşayış sahəsində yaşayır. İddiaçı ailədaxili münaqişə yaratdığına görə Elnarə evin kilidini dəyişdirmişdir. Əgər iddiaçı hər dəfə anası ilə birlikdə gəlib münaqişə yaratmasa idi, Elnarə də evin kilidini dəyişdirmək məcburiyyətində qalmazdı. Mərhum ərinə məxsus yaşayış sahəsi 33 kv.m olmaqla, iç-içə iki otaqdan ibarətdir. Məhkəmə hazırlıq iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, əlavə olaraq bildirdi ki, hazırda ünvan 1 ünvanında yerləşən iç-içə iki otaqlı yaşayış sahəsində mərhum atasının həyat yoldaşı Tahirə yaşayır. Ona görə də, Tahirənin evdən çıxarılmasını və onun öz uşaqları ilə birlikdə qeyd etdiyi yaşayış sahəsinə köçürülməsini xahiş edir. Eyni zamanda digər cavabdeh mərhum qardaşının həyat yoldaşı Elnarə onun evdən istifadəsinə maneə yaratmamalıdır. Çünki, Elnarənin özü də məhkəmə iclasında etiraf etdi ki, qapının kilidini dəyişərək onun yaşayış sahəsindən istifadə etməsinə süni maneələr yaradır. O, mülkiyyətçi olmasa da lakin əmlak hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün müraciət etmişdir. Lakin, Cavabdeh1 maneə yaratdığından mütəxəssislər tərəfindən evə baxış keçirilə bilməmiş və texniki inventarlaşdırılma işlərinin aparılması mümkün olmamışdır. Bundan əlavə, ona verilmiş suallara cavab olaraq bildirdi ki, Elnarə anasına məxsus evdə yaşayır. Anası hazırda Elnarənin evdən çıxarılması tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Mərhum atasına və ona məxsus yaşayış sahəsi 33 kv.m olmaqla, iç-içə iki otaqdan ibarətdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, eləcə də iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara görə iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 06 oktyabr 1989-cu il tarixdə Nərimanov rayon X9 İcraiyyə Komitəsi tərəfindən verilmiş 25 nömrəli qərarın surətindən görünür ki, X12 (ailə tərkibi X16, İddiaçı, X19, X18 göstərilməklə) Kirov rayonu, küçə 1260, ev 25, blok 4, 5-ci mərtəbədə yerləşən 5 otaqlı ümumi sahəsi 75.61 kv.m olan yaşayış sahəsi verilmişdir; 14 oktyabr 1989-cu il tarixdə Nərimanov rayon X9 İcraiyyə Komitəsi tərəfindən verilmiş 028728 nömrəli orderinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X12 (ailə tərkibi G.Q.Abiyeva, Y.Abiyeva, N.Y.Abiyev, Z.Y.Abiyeva göstərilməklə) Kirov rayonu, küçə 1260, ev 25, blok 4, 5-ci mərtəbədə yerləşən 5 otaqlı ümumi sahəsi 75.61 kv.m olan yaşayış sahəsi verilmişdir; Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən verilmiş 25 oktyabr 1999-cu il tarixli sərəncamın surətindən görünür ki, Binəqədi Rayon Məhkəməsi özünün 19 iyul 1999-cu il tarixli, 2-513 saylı qətnaməsi ilə 7-ci mikrorayon, 2 “b” saylı evin 5 otaqlı yaşayış sahəsi 75.61 kv.m olan 82 saylı mənzilini bölərək, sahəsi 13,4; 12,71; 16,5 kv.m olan 3 otağı uşaqları Növzər, Zəhra, Əbubəkrlə birlikdə iddiaçı X5, digər sahələri 16,5; 16,5 kv.m olan 2 otağı isə uşağı Umleyla ilə birlikdə cavabdeh X6 istifadəsinə verilmişdir. Binəqədi Rayon Məhkəməsi hər kəsin ailəsi üçün ayrıca şəxsi hesab vərəqəsinin açılmasını Binəqədi rayon MKTB-yə tapşırmışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq 7ci mikrorayon, 2 “b” saylı evin yaşayış sahəsi 75,61 kv.m olan 5 otaqlı 82 saylı mənzili bölünərək yaşayış sahəsi 42,61 kv.m (13,4; 12,71; 16,5) olan 3 otağın kirayəçisi X5 ailə tərkibi 4 nəfərlə (özü, uşaqları Növzər, Zəhra, Əbubəkr) və yaşayış sahəsi 33,0 kv.m (16,5; 16,5) olan digər iki otağın kirayəçisi isə X6 ailə tərkibi 2 nəfərlə (özü və uşağı Umleyla) hesab edilməsi barədə sərəncam verilmişdir; Bakı Şəhər İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqların qeydiyyat idarəsi tərəfindən verilmiş 096109 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, F.Məlikov küçəsi, 7 mkr, 2b saylı evin 82 saylı mənzilinin 42.61 kv.m yaşayış sahəsinə 16 dekabr 2001-ci il tarixdə X5 mülkiyyəti hüququ (sıxlaşdırılmış payda) qeydə alınmışdır; AZ-İ 090682 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X17 ilə Cavabdeh1 arasında nikah 02 mart 2004-cü il tarixdə bağlanmış, nikah bağlandıqdan sonra arvada “Qasımova” soyadı verilmişdir; AZ-T 180719 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, 28 fevral 2006-cı il təvəllüdlü X13 atası X22, anası isə İddiaçıdır; AZ-İİ 794093 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, 29 iyun 2011-ci il təvəllüdlü X3 atası X28, anası isə İddiaçıdır; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 19 avqust 2021-ci il tarixli “yaşayış yeri haqqında qeydiyyat haqqında” arayışından görünür ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, F.Məlikov küçəsi, 7 mkr, 2b saylı evin 82 saylı mənzilində qeydiyyatdadır; Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 21 dekabr 2021-ci il tarixli “daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildirişdən görünür ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, F.Məlikov küçəsi, 7 mkr, 2b saylı evin 82 saylı mənzili üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizəsinə baxılmış və bildirilmişdir ki, aparılan araşdırma zamanı İdarənin mütəxəssislərinə texniki inventarlaşdırma işlərini aparılması üçün şərait yaradılmadığı müəyyən edilmiş və bu səbəbdən ərizənin icrası mümkün olmamışdır; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tibbi sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə elektron çıxarışından görünür ki, İddiaçı müddətsiz İİİ dərəcə əlillik təyin edilmişdir; 21 fevral 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Binəqədi Rayon Məhkəməsinin 19 iyul 1999-cu il tarixli, 2-513 saylı qətnaməsi ilə 7-ci mikrorayon, 2 “b” saylı evin 5 otaqlı yaşayış sahəsi 75.61 kv.m olan 82 saylı mənzil bölünərək, sahəsi 13,4; 12,71; 16,5 kv.m olan 3 otaq uşaqları Növzər, Zəhra, Əbubəkrlə birlikdə X5, digər sahələri 16,5; 16,5 kv.m olan 2 otaq isə uşağı Umleyla ilə birlikdə X6 istifadəsinə verilmişdir. Hazırki mübahisə Umleyla ilə birlikdə X6 istifadəsinə verilmiş 33,0 kv.m yaşayış sahəsi ilə bağlıdır. İşin mübahisəsiz halları belədir ki, Cavabdeh1 iddiaçının mərhum atasının arvadı olmuşdur. Cavabdeh1 X17 ilə 02 mart 2004-cü il tarixdə nikaha daxil olaraq hazırda mübahisəsi gedən yaşayış sahəsinə köçmüşdür. Daha sonra X17 vəfat etmiş, Cavabdeh1 da mübahisəli yaşayış sahəsində yaşamağa davam etmişdir. Digər Cavabdeh2 isə iddiaçının mərhum qardaşının arvadıdır və o, mülkiyyət hüququ ilə X7 məxsus yaşayış sahəsində yaşayır. Hazırda iddiaçı, onunla birlikdə X6 istifadəsinə verilmiş 33,0 kv.m yaşayış sahəsindən istifadə etməsinə Cavabdeh2 tərəfindən törədilən maneələrin aradan qaldırılmasını, Cavabdeh1 həmin yaşayış sahəsindən çıxarılmasını və onun öz uşaqları ilə birlikdə həmin yaşayış sahəsinə köçürülməsini xahiş edir.Cavabdeh2 iddianı qismən qəbul edərək, onun mübahisəsi gedən yaşayış sahəsində yaşamadığını, ona görə də iddiaçının həmin yaşayış sahəsinə köçürülməsinə etiraz etmədiyini bildirir. Cavabdeh1 da iddianı qismən qəbul edərək, onun öz mərhum ərinə məxsus evdə yaşadığını, həmin evdə istifadə hüququnun olduğunu bildirərək, iddiaçının mübahisəsi gedən yaşayış sahəsinə köçürülməsinə etiraz etmir, lakin iddianı digər hissədə qəbul etmir. Göründüyü kimi, iddiaçı ilə birlikdə X6 istifadəsinə verilmiş 33,0 kv.m yaşayış sahəsindən iddiaçının istifadə etməsinə Cavabdeh2 tərəfindən maneələr yaradılmışdır. Belə ki, adı çəkilən cavabdeh özü izahatında bildirmişdir ki, o, mübahisəsi gedən yaşayış sahəsində deyil, qaynanasına məxsus yaşayış sahəsində yaşasa da həmin yaşayış sahələrinin qapısı birdir və o, həmin qapının kilidini dəyişdirmişdir. Belə olan halda görünür ki, iddiaçı “yaşayış sahəsindən istifadəsinə maneələrin aradan qaldırılması və mənzilə köçürülməsi” tələbinə dair iddianı qaldırmaqda haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinin birinci hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddia tələbləri bu hissələrdə təmin edilməli, Cavabdeh2 tərəfindən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 33,0 kv.m olan iç-içə iki otaqlı yaşayış sahəsindən İddiaçı istifadə etməsinə qarşı yönələn maneələr aradan qaldırılmalı və İddiaçı uşaqları - 28 fevral 2006-cı il təvəllüdlü X21 və 29 iyun 2011-ci il təvəllüdlü X14 ilə birlikdə həmin yaşayış sahəsinə köçürülməlidir. Məhkəmə bu qənaətə gələrkən nəzərə almışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Məhkəmə iddia tələbinin Cavabdeh1 qeyd olunan mənzilin iç-içə iki otaqlı yaşayış sahəsindən çıxarılması hissəsi ilə əlaqədar isə aşağıdakıları normaları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin: 51-ci maddəsinin birinci hissəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzilistismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Məhkəmə, Cavabdeh1 mərhum X17 ilə 02 mart 2004-cü il tarixdə nikaha daxil olduğunu və həmin vaxtdan hal-hazıradək fasiləsiz olaraq həmin yaşayış sahəsində yaşadığını nəzərə alaraq hesab edir ki, adı çəkilən cavabdehin də iddiaçı kimi mübahisəsi gedən yaşayış sahəsindən bərabər surətdə istifadə etmək hüququ vardır. Ona görə də iddia tələbi Cavabdeh1 yaşayış sahəsindən çıxarılması hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eyni zamanda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 tərəfindən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 33,0 kv.m olan iç-içə iki otaqlı yaşayış sahəsindən İddiaçı istifadə etməsinə qarşı yönələn maneələr aradan qaldırılsın və İddiaçı uşaqları - 28 fevral 2006-cı il təvəllüdlü X21 və 29 iyun 2011ci il təvəllüdlü X14 ilə birlikdə həmin yaşayış sahəsinə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-2702/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2702/2022
20.06.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver