Məhkəmə qərarları › İş №2(001)-2703/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2703/2021

27.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2703/2021 27.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rüstəmova Ofelya Əkbər qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı uşaqları 09.03.2018-ci il təvəllüdlü X8 və 18.08.2019-cu il təvəllüdlü X9 ilə birlikdə ünvan 1kr., 5B saylı evin 21 saylı mənzilinə istifadə hüquqları tanınmaqla həmin mənzilə köçürülmələrinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı uşaqları 09.03.2018-ci il təvəllüdlü X8 və 18.08.2019-cu il təvəllüdlü X9 ilə birlikdə ünvan 1kr., 5B saylı evin 21 saylı mənzilinə istifadə hüquqları tanınmaqla həmin mənzilə köçürülmələrinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Vəkil iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, iddiaçı 22.11.2016-cı il tarixdə X12 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından 09.03.2018-ci il təvəllüdlü X8 və 18.08.2019-cu il təvəllüdlü X9 anadan olmuşdur. İddiaçı nikaha daxil olan vaxtdan həyat yoldaşının valideynləri ilə birlikdə yaşadığı Bakı şəhəri Binəqədi rayonu 7 mkr., 5B saylı evin 21 saylı mənzilinə gəlin köçmüş, həmin evə cehiz əşyalarını aparmış, bu evdə övladları anadan olmuşdur. Son zamanlar ailə daxilində narazıçılıqlar baş vermiş, iddiaçının həyat yoldaşı X12 iddiaçını dəfələrlə döymüş, yaşadığı ünvandan qovmuşdur. İddiaçı bir müddət ata evində yaşayıb, sonra yoldaşının valideynlərinin təkidi ilə ailəsinə geri qayıtmışdır. İddiaçı dəfələrlə həyat yoldaşı tərəfindən döyüldüyü üçün 102 qaynar xəttinə müraciət etmişdir. Şikayətlə bağlı ərazi aidiyyatı üzrə Binəqədi RPİ-nin 5 saylı PB tərəfindən araşdırma aparılaraq, qərar qəbul edilmişdir. Qərara əsasən cinayət işinin başlanılmasına rədd cavabı verilmiş, iddiaçı və ailə üzvləri münaqişəli ailə kimi qeydiyyata alınmışdır. 15.12.2020-ci il tarixdə A.Cavabdeh valideynləri ilə birlikdə iddiaçını yenidən təhqir edib, döyərək yaşadığı mənzildən azyaşlı uşaqları ilə birlikdə qovmuş, daha sonra iddiaçı yenidən həmin mənzilə qayıtmış və hal-hazırda övladları ilə birlikdə ünvan 1kr., 5B saylı evin 21 saylı mənzilində yaşayır. İddiaçı dövlət mülkiyyətində olan ünvan 1kr., 5B saylı evin 21 saylı mənzilinə ailə üzvü kimi köçürülməklə, bu mənzildə ailə üzvləri ilə birlikdə yaşayıb birgə təsərrüfat aparıb yaşamaqla övladları ilə birlikdə mənzilə istifadə hüququ əldə etmişdir. Ona görə də iddiaçının uşaqları 09.03.2018-ci il təvəllüdlü X8 və 18.08.2019-cu il təvəllüdlü X9 ilə birlikdə ünvan 1kr., 5B saylı evin 21 saylı mənzilinə istifadə hüquqları tanınmaqla həmin mənzilə köçürülmələrinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı 22.11.2016-cı il tarixdə onun oğlu X12 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş, ona və ailəsinə 1993-cü ildə ayrılan ünvan 1kr., 5B saylı evin 21 saylı mənzilinə gəlin köçmüş, cehiz əşyalarını bu mənzilə gətirmiş, bu mənzildə onun iki nəvəsi anadan olmuşdur. İddiaçı hazırda da, övladları ilə birlikdə ünvan 1kr., 5B saylı evin 21 saylı mənzilində yaşayır. Belə ki, iki otaqdan ibarət mənzilin artırılmış mətbəxində o, həyat yoldaşı ilə, iki otaqda isə İddiaçı həyat yoldaşı A.Cavabdeh və iki övladı ilə birlikdə yaşayır. Mənzildə qeydiyyatda olan oğlu Fərid hərbi xidmətdədir, ona dövlət tərəfindən mənzil verilmişdir. İddiaçı evdə yemək bişirmir, yeməyi iddiaçının anası bişirib gətirir. İddiaçı mənzildə onların səs yazılarını yazır. Hal-hazırda o, İddiaçı mənzilə yaşayış, istifadə hüququnun tanınmasına, mənzilə qeydiyyata alınmasına razı deyildir. İddiaçı onun həyat yoldaşından, yəni öz qaynanasından üzr istəsə o, özü gəlinini yaşadığı mənzilə qeydiyyata salacaqdır. İddiaçının mənzilə köçürülməsinə isə heç bir zərurət yoxdur. Belə ki, iddiaçı övladları ilə birlikdə ünvan 1kr., 5B saylı evin 21 saylı mənzilində yaşayır. Ona görə də iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 29.10.1993-cü il tarixli 884 saylı sərəncamının notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Cavabdeh ağır şəraitini və oğlunun xəstəliyini nəzərə alaraq Binəqədi rayon İcra Hakimiyyətinin 80 №-li MİS-nə Cavabdeh ailə tərkibi 4 nəfərlə (özü, həyat yoldaşı və iki oğlu) 7-ci mkr., 5B saylı evin sahəsi 28,26 m2 olan 2 otaqlı 21 saylı mənzilində məskunlaşmasına icazə verilməklə, mənzilə qeydiyyata alınmalarına göstəriş verilmişdir. 5 saylı Bakı Asan xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş 22.11.2016-cı il tarixli AZ-İİ № 165641 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X12 ilə X2 22.11.2016-cı il tarixdə nikaha daxil olmuş, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 5691 nömrəsi ilə akt qeydi tərtib edilmiş, nikaha daxil olduqdan sonra arvada Hüseynova soyadı verilmişdir. 5 saylı Bakı Asan xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş 04.04.2018-ci il tarixli AZ-İV № 095880 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X8 09.03.2018-ci il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 1708 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası X12, anası İddiaçıdır. 1 saylı Bakı Asan xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş 24.08.2019-cu il tarixli AZ-İV № 332780 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X9 18.08.2019-cu il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 4645 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası X12, anası İddiaçıdır. 4 saylı Bakı Asan xidmət mərkəzi tərəfindən verilmiş 20.11.2020-ci il tarixli ******* №li yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan müəyyən olunur ki, xx.xx.1994-cü il təvəllüdlü İddiaçı Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli y/m AB massivi 54 saylı evin 54 saylı mənzilində qeydiyyatdadır. 1 saylı Bakı Asan xidmət mərkəzi tərəfindən verilmiş 22.04.2021-ci il tarixli ******* №li yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan müəyyən olunur ki, xx.xx.1956-cı il təvəllüdlü Cavabdeh, 04.07.1960-cı il təvəllüdlü X1, 09.03.2018-ci il təvəllüdlü X8, 19.02.1989-cu il təvəllüdlü X12, 15.01.1984-cü il təvəllüdlü X10, 18.07.2014-cü il təvəllüdlü X7 Bakı şəhəri 7-ci mkr., 5 B saylı evin 21 saylı mənzilində qeydiyyatdadırlar. 20 saylı Uşaq Poliklinikasının 24.04.2021-ci il tarixli tibbi arayışlarından müəyyən olunur ki, 09.03.2018-ci il təvəllüdlü X8 və 18.08.2019-cu il təvəllüdlü X9 yaşadıqları ünvan 1kr., 5B saylı evin 21 saylı mənzil ünvanı üzrə xidmət göstərən 20 saylı Uşaq Poliklinikasında qeydiyyatda olmaqla sağlamdırlar. Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci PB-nin 09.11.2020-ci il tarixli qərarından müəyyən olunur ki, Vəkil DİN-in 102 xidməti zəng mərkəzi sisteminə müraciəti əsasında toplanmış 1 saylı HK-1873 nömrə ilə qeydə alınmış material üzrə cinayət işi başlanması rədd edilmiş, İddiaçı ilə həyat yoldaşı X6, qaynatası Cavabdeh, qaynanası Umlibanu Hüseynovanın arasında mütəmadi mübahisələr baş verməsini nəzərə alaraq gələcəkdə onlar arasında baş verə biləcək hər hansı qanuna zidd hərəkətlərin qarşısının alınması məqsədilə münaqişəli ailə kimi qeydiyyata götürülərək vaxtaşırı onlarla profilaktik tədbirlər keçirilməsi üçün qəbul edilmiş qərarın surəti aidiyyəti əməkdaşa həvalə edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı A.Cavabdehla 2016-cı ilin noyabr ayında nikaha daxil olduqdan sonra ailə üzvü kimi həyat yoldaşı A.Cavabdehda ayrılan dövlət mülkiyyətində olan ünvan 1kr., 5B saylı evin 21 saylı mənzilinə gəlin köçmüş, cehiz əşyalarını bu mənzilə gətirmiş, bu mənzildə iki övladı anadan olmuş, hal-hazırda da övladları ilə birlikdə ünvan 1kr., 5B saylı evin 21 saylı mənzilində yaşayır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68.1.-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 68.2.-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 68.4.-cü maddəsinə əsasən vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır. Məhkəmə tədqiq olunmuş sübutlara məçmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçı R.S. Hüseynova əri A.Cavabdeh da ayrılan, dövlət mülkiyyətində olan mənzilə ailə üzvü kimi köçürülərək bu mənzildə yaşadığından, yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malik olduqlarından iddiaçının övladları ilə birlikdə mənzilə istifadə hüququ yaranmış, ona görə də iddia ərizəsi bu hissədə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə araşdırması zamanı iddiaçının və yetkinlik yaşına çatmayan uşaqlarının faktiki olaraq ünvan 1kr., 5B saylı evin 21 saylı mənzilində yaşamaları müəyyən olduğundan məhkəmə iddiaçının övladları ilə birlikdə mənzilə köçürülmə tələbini əsassız hesab edib təmin etmir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. İddiaçı, 09.03.2018-ci il təvəllüdlü X3 və 18.08.2019-cu il təvəllüdlü X4 ünvan 1kr., 5B saylı evin 21 saylı mənzilinə istifadə hüquqları tanınsın. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar