Məhkəmə qərarları › İş №2(001)-2712/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-2712/2023

03.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-2712/2023 03.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qoşqarlı Rəşad Nizami oğlu, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq müəyyənetdim: Ərizəçi “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə X1 göstərilən sənədin, atası X2 məxsus olması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, atasının adı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə səhv qeyd olunmuşdur. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, ərizəçi tərəfindən mübahisəli sənəddə olan səhvlərin aradan qaldırılması ilə bağlı həmin sənədi verən orqana (onun hüquqi varisinə) müraciət edilməsi və bu qurumdan imtina və yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması barədə sənədi ərizəyə əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2.-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Beləliklə, ərizənin icraata qəbul olunmasının mümkünlüyü məsələsini yoxlayaraq belə nəticəyə gəlirəm ki, ərizə geri qaytarılmalı və ərizəçiyə izah edilməlidir ki, o, ərizəyə mübahisəli sənəddə olan səhvlərin aradan qaldırılması ilə bağlı mübahisəli sənədi verən quruma (onun hüquqi varisinə) müraciət edilməsi və bu qurumdan imtina və yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması barədə sənədi əlavə etməklə yenidən məhkəməyə müraciət edə bilər. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264-cü maddələrini rəhbər tutaraq qəraraaldım: Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah edilir ki, o, ərizəyə mübahisəli sənəddə olan səhvlərin aradan qaldırılması ilə bağlı mübahisəli sənədi verən quruma (onun hüqiqi varisinə) müraciət edilməsi və bu qurumdan imtina və yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması barədə sənədi əlavə etməklə yenidən məhkəməyə müraciət edə bilər. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar