Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2720/2020 03.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onlara qarşı qanunsuz hərəkətlərinə son qoyulması, onu yetkinlik yaşına çatmayan övladı xx.xx.2017-ci il təvəllüdlü X1 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi, məhəllə 1, ev 3, mənzil 16 (Azəravtoyol yataqxanası) fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xx.xx.2014-cü ildə rəsmi nikaha daxil olmuşlar. Nikaha daxil olduqdan sonra el adəti ilə toydan sonra Cavabdeh valideynlərinə məxsus evə gəlin köçərək cehiz əşyalarını həmin mənzilə aparmışdır. Birgə nikahdan xx.xx.2017-ci il təvəllüdlü X1 anadan olmuşdur. Cavabdehin ailəsinə məxsus ev satıldıqdan sonra o, cavabdehlə birgə xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi, məhəllə 1, ev 3, mənzil 16 Azəravtoyol yataqxanasında fərdi ev almış və daimi yaşamaq üçün cehiz əşyaları ilə birlikdə həmin evə köçərək yaşamağa başlamışlar. Daimi yaşamaq üçün köçdüyü evdə yoldaşı və övladı ilə birgə təsərrüfat idarə etməyə başlamışlar. Beləliklə Binəqədi rayonu, Mədən ərazisində yaşadıqları evi sataraq Binəqədi ərazisində yerləşən yataqxanada fərdi evə köçmüş və onlara məxsus bütün əşyalar və cehiz əmlakları həmin evə gətirərək özərinə uyğun şərait yaratmaqla Cavabdeh ilə birgə təsərrüfat idarə etmişlər. Lakin Cavabdeh nikahdan sonra daimi yaşamaq üçün gəlin köçdüyü mənzildən zorla onu və övladını çıxararaq birgə mülkiyyət hüququnu pozmaq istəyir. Artıq 5 aydır ki, cavabdeh onları uzun müddətli yaşadığı fərdi evdə qalmaqlarına imkan vermir. Ona məxsus cehiz əşyaları və istifadələrində olan bütün əşyalar həmin evdədir. Hal-hazırda qalmağa yerləri olmadığından və maddi vəziyyətləri ağır olması səbəbindən qohumların köməkliyinə sığınaraq müvəqqəti olaraq əmisigildə yerləşdirilmişlər. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alıb iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh ərizə verərək, iddia tələbini qəbul etdiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Tərəflərin işin həqiqi halları ilə bağlı məhkəməyə bildirdiklərindən və işin araşdırılmış hallarından mübahisəsiz qaydada görünür ki, İddiaçı 2014-cü ilin oktyabr ayında Cavabdehla rəsmi nikaha daxil olduqdan sonra əvvəlcə cavabdehin valideynləri ilə yaşadığı evə gəlin gəlmiş, həmin ev 2019-cu ildə satıldıqdan sonra birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi, məhəllə 1, ev 3, 16 saylı mənzilə köçərək özünə məxsus bütün əşyaları həmin mənzilə gətirərək cavabdehlə təsərrüfat birliyi içində yaşamışdır. Beş aydan artıqdır ki, cavabdeh iddiaçıya azyaşlı uşağı ilə birlikdə həmin mənzildə yaşamağa imkan vermir. İddiaçı hazırda azyaşlı uşağı ilə birlikdə qohumlarının evində müvəqqəti yaşamağa məcbur olmuşdur. Mülki işin materiallarından mübahisəsiz qaydada o da görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi, məhəllə 1, ev 3, 16 saylı mənzil xüsusi mülkiyyətdə deyil və evin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə sənədlər məhkəməyə təqdim edilməmişdir. İddiaçı azyaşlı uşağı ilə birlikdə həmin evə köçürülməsi barədə tələb irəli sürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. İşin hallarından görünür ki, sözügedən yaşayış sahəsi 2015-ci ildən iddiaçının və onun uşağıın daimi yaşayış yeridir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin tələbinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158-ci maddəsinə əsasən əmlakdan istifadə hüququ əmlak hüququ sayılır. Əmlak hüququ əmlakın mülkiyyətçisi olmayan şəxslərə də şamil edilir. Qeyd edilənlər İddiaçı mübahisəli mənzilə köçürülməsinin əsaslı olduğunu təsdiq edir. Həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikası MPM-nin 49.4-cü maddəsinə əsasən on dörd yaşınadək yetkinlik yaşına çatmayanların, habelə fəaliyyət qabiliyyətli olmayan hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafeləri məhkəmədə onların qanuni nümayəndələri tərəfindən qorunur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanunun 2-ci bəndinin 3-cü hissəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının azyaşlı uşağı ilə birlikdə mübahisəli evə köçürülmələri barədə iddia tələbi qanuni və əsaslıdır. Həmçinin qeyd edilməlidir ki, Cavabdeh iddiaçıya azyaşlı uşağı ilə birlikdə sözügedən mənzildə yaşamağa icazə verməməsi, onların mənzilə daxil olub yaşamasına maneçilik törətməsi qanunsuz hərəkətlərdir və bu hərəkətlər cavavdeh Cavabdeh qadağan edilməlidir. Belə ki, Mülki Məcəllənin 158.1-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır:...158.1.2. əmlakdan istifadə hüququ. Həmin Məcəllənin 158.2-ci maddəsinə görə əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Eyni Məcəllənin 158.4-cü maddəsinə görə mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Həmin Məcəllənin 165.1-ci maddəsinə görə sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Odur ki, iddia təmin edilməli, İddiaçı azyaşlı uşağı – xx.xx.2017-ci il təvəllüdlü X1 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şosesi, məhəllə 1, ev 3, 16 saylı mənzilə köçürülməli, Cavabdeh iddiaçıya azyaşlı uşağı ilə birlikdə sözügedən mənzildə yaşamağa icazə verməməsi, onların mənzilə daxil olub yaşamasına maneçilik törətməsi kimi qanunsuz hərəkətləri ona qadağan edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı azyaşlı uşağı – xx.xx.2017-ci il təvəllüdlü X1 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şosesi, məhəllə 1, ev 3, 16 saylı mənzilə köçürülsün və həmin mənzildə yaşamaqlarına Cavabdeh yaratdığı maneçiliklər ona qadağan edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-2720/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2720/2020
03.09.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver