Məhkəmə qərarları › İş №2(001)-2737/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2737/2021

26.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2737/2021 26.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rüstəmova Ofelya Əkbər qızının katibliyi ilə Ərizəçi Bakı şəhəri Binəqədi rayonu Novxanı bağ massivində yerləşən 1072 saylı bağ sahəsinin keçmiş X3 və İstismarı Birliyi tərəfindən 08.02.2002-ci il tarixli 1406 nömrəli müqavilə ilə 0,09 ha ölçüdə mərhum X5 verilmiş olmasına dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Ərizəçi Bakı şəhəri Binəqədi rayonu Novxanı bağ massivində yerləşən 1072 saylı bağ sahəsinin keçmiş X3 və İstismarı Birliyi tərəfindən 08.02.2002-ci il tarixli 1406 nömrəli müqavilə ilə 0,09 ha ölçüdə mərhum X5 verilmiş olmasına dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi vəkili və nümayəndəsi Vəkil ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, Bakı şəhəri Novxanı qəsəbəsi ünvanında yerləşən 1072 saylı bağ sahəsi mərhum X2 qanuni istifadəsində olmuşdur. Belə ki, uzun illər həmin bağ sahəsi müvafiq bağ icarə müqavilələri ilə mərhumun ailəsinin istifadəsinə rəsmiləşdirilmişdir. Sonuncu dəfə sahəsi 0,25 ha olan 1072 saylı bağ sahəsinə dair X3 və İstismarı Birliyi ilə X6 arasında 05.03.1998-ci il tarixli 1406 saylı bağın icarəyə verilməsinə dair müqavilə bağlanmışdır. Bundan sonra mərhum bağ sahəsini ailə üzvləri arasında bölmək qərarına gəlmiş, bunun üçün 2002-ci ildə X3 və İstismarı Birliyinə ərizə ilə müraciət edərək, bağ sahəsini 3 yerə bölünməsini xahiş etmişdir. Ə.Ə.Tağıyevin ərizəsi əsasında bağ 3 hissəyə bölünmüş, digər 2 hissəyə aid olan yeni müqavilələr bağlanaraq ailə üzvlərinə verilmişdir. Mərhumun özünün adına bağın 0,09 ha hissəsinə dair 08.02.2002-ci il tarixdə müqavilə tərtib edilmişdir. Lakin, həmin müqavilənin Bakı şəhər İcra Hakimiyyətinin X3 və İstismarı Birliyi tərəfindən müvafiq möhür və imza ilə təsdiqlənərək mərhuma verilməsi ləngidilmiş, nəticədə mərhum həmin müqaviləni almamışdır. 23.08.2008-ci il tarixdə mərhum Ə.Ə.Tağıyev vəfat etmişdir. Mərhum vəfatına qədər bağ sahəsinə fasiləsiz sahiblik edərək, ondan istifadə etmişdir. Mərhumun vəfatından sonra isə ailə üzvləri tərəfindən bəhs edilən bağ sahəsinə sahiblik edilmiş və bağ sahəsi hal-hazıra qədər də onun ailə üzvlərinin sahiblik və istifadəsindədir. 22.05.2007-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə 2186 saylı Sərəncamı ilə bəhs edilən bağa dair icarə müqaviləsinin tərtib edilməsinə məsul olan dövlət qurumu - Bakı şəhər İcra Hakimiyyətinin X3 və İstismarı Birliyi ləğv edilmişdir. Bundan sonra bağa icarə müqaviləsini almaq faktiki olaraq mümkünsüz olmuşdur. 2016-cı ilin may ayında vərəsəliyin rəsmiləşdirilməsi ilə bağlı mərhumun birinci növbə vərəsəsi kimi oğlu Bakı şəhəri 27 saylı Notariat Kontoruna ərizə ilə müraciət etmiş, onun ərizəsi əsasında vərəsəlik işi açılmış, vərəsələrin dairəsi müəyyən edimliş və mərhum Ə.Ə.Tağıyevin istifadəsinə verilmiş Novxanı qəsəbəsi 1072 saylı bağ sahəsinə dair çıxarış verilməsinə dair cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ünvan 2 ünvanlanmışdır. Bundan sonra mirası qəbul etmiş Ərizəçi 01.11.2018-ci il tarixli **********60 saylı məktubla Bakı şəhəri Binəqədi rayonu Novxanı qəsəbəsində yerləşən sahəsi 0,09 ha olan 1072 saylı bağ sahəsinin istifadəyə verilməsinə dair keçmiş X1 və İnkişafı Birliyi ilə Ə.Ə.Tağıyev arasında 08.02.2002-ci il tarixli 1406 nömrəli müqavilə bağlanıldığı, lakin müqavilənin səlahiyyətli qurum tərəfindən təsdiq edilmədiyi bildirilmişdir. Beləliklə, bağ sahəsi qanuni istifadədə olmasına baxmayaraq, bu qanuni istifadəni təsdiq edəcək sənəd vaxtında lazımi qaydada təsdiq edilmədiyi səbəbindən mərhuma aid olan mülkiyyət hüquqlarını qeydiyyata aldırmaq mümkün olmur. 22.05.2007-ci ildən başlayaraq, bəhs edilən sənədin lazımi qaydada təsdiqlənməsi üçün səlahiyyəti olan hər hansı dövlət qurumu yoxdur. Bu səbəbdən hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi zərurəti vardır. Hal-hazırki ərizə əsasında hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi, ərizəçiyə mərhum Ə.Ə.Tağıyevin qanuni istifadəsinə ayrılmış bağ sahəsinin mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bundan sonra həmin mülkiyyət hüququnun miras olaraq vərəsələrinin adına qanun üzrə vərəsəlik hüququ əsasında keçirilməsini təmin etmək üçün zəruridir. Ona görə də Bakı şəhəri Binəqədi rayonu Novxanı bağ massivində yerləşən 1072 saylı bağ sahəsinin keçmiş X3 və İstismarı Birliyi tərəfindən 08.02.2002-ci il tarixli 1406 nömrəli müqavilə ilə 0,09 ha ölçüdə mərhum X5 verilmiş olmasına dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, maraqlı şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, məhkəmə işə maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin vəkili və nümayəndəsinin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, ərizə təmin edilməməlidir. X3 və İstismarı Birliyi ilə icarədar Əlibaba Məmmədtağı oğlu arasında bağlanmış 01.09.1969-cu il tarixli 1406 saylı bağın icarəyə verilməsi haqqında müqavilənin surətindən müəyyən olunur ki, birlik Novxanı qəsəbəsində 0,125 hektarlıq bağ sahəsini 01.09.1979-cu il tarixədək icarədara icarəyə vermişdir. X2 X3 və İstismarı Birliyinə ünvanladığı 25.12.1997-ci il tarixli ərizəsinin surətindən müəyyən olunur ki, o, atası Əlibaba Məmmədtağı oğlunun istifadəsində olan Novxanıda yerləşən 1072 saylı bağı atasının vəfat etməsi ilə bağlı onun adına keçirilməsini xahiş etmişdir. X3 və İstismarı Birliyi ilə icarədar X6 arasında bağlanmış 05.03.1998-ci il tarixli 1406 saylı bağın icarəyə verilməsi haqqında müqavilənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, birlik Novxanı qəsəbəsində 0,25 hektarlıq bağ sahəsini, sahəsi sahəsi 19,93 m2 olan 2 otaqdan ibarət binanı, yaradıcı binaları hər iki tərəfin imzaladığı və bu müqaviləyə əlavə edilən inventar vərəqəsinə müvafiq olaraq icarə üçün icarədara verir və icarədar həmin bağ sahəsini təhvil alır. Müqavilənin 2-ci bəndinə əsasən bağın icarəyə verilməsi haqqında müqavilənin müddəti hər iki tərəfin razılığına əsasən 20 ildən artıq olmayaraq müəyyən edilmişdir. Müqavilənin 16-cı bəndinə əsasən müqavilənin müddəti 05.03.1998-ci ildən 05.03.2008-ci ilədəkdir. X2 X3 və İstismarı Birliyinə ünvanladığı 27.12.2001-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən müəyyən olunur ki, o, Novxanı qəsəbəsində yerləşən 1406 saylı müqavilə ilə adına olan 1072 saylı bağın qardaşları Kamal Əlibala oğluna 0,08 ha, Ənvər Əlibala oğluan 0,08 ha olmaqla bölgüsünün aparılmasını, bağın qalan hissəsinin isə öz adında saxlanmasını xahiş etmişdir. X3 və İstismarı Birliyi ilə icarədar Kamal Əlibaba oğlu arasında bağlanmış 08.02.2002-ci il tarixli 30716 saylı bağın icarəyə verilməsi haqqında müqavilənin surətindən müəyyən olunur ki, birlik Novxanı qəsəbəsində 0,08 hektarlıq bağ sahəsini hər iki tərəfin imzaladığı və bu müqaviləyə əlavə edilən inventar vərəqəsinə müvafiq olaraq icarə üçün icarədara verir və icarədar həmin bağ sahəsini təhvil alır. Müqavilənin 2-ci bəndinə əsasən bağın icarəyə verilməsi haqqında müqavilənin müddəti hər iki tərəfin razılığına əsasən 20 ildən artıq olmayaraq müəyyən edilir. İcarədar müqavilə öhdəliklərinin yerinə yetirdikdə icarə müqaviləsi yeni müddətə uzadıla bilər. Müqavilənin 16-cı bəndinə əsasən müqavilənin müddəti 08.02.2002-ci ildən 08.02.2012-ci ilədəkdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 10.03.2018-ci il tarixli RX № ******* seriyalı çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu Novxanı kəndi 1072A saylı bağ evi Kamal Əlibaba oğlunun adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 161 nömrəli reyestr kitabının 15996 nömrəli vərəqində qeydiyyata alınmışdır. X3 və İstismarı Birliyi ilə icarədar Ənvər Əlibaba oğlu arasında bağlanmış 08.02.2002-ci il tarixli 30717 saylı bağın icarəyə verilməsi haqqında müqavilənin surətindən müəyyən olunur ki, birlik Novxanı qəsəbəsində 0,08 hektarlıq bağ sahəsini hər iki tərəfin imzaladığı və bu müqaviləyə əlavə edilən inventar vərəqəsinə müvafiq olaraq icarə üçün icarədara verir və icarədar həmin bağ sahəsini təhvil alır. Müqavilənin 2-ci bəndinə əsasən bağın icarəyə verilməsi haqqında müqavilənin müddəti hər iki tərəfin razılığına əsasən 20 ildən artıq olmayaraq müəyyən edilir. İcarədar müqavilə öhdəliklərinin yerinə yetirdikdə icarə müqaviləsi yeni müddətə uzadıla bilər. Müqavilənin 16-cı bəndinə əsasən müqavilənin müddəti 08.02.2002-ci ildən 08.02.2012-ci ilədəkdir. X3 və İstismarı Birliyinə məxsus icarədar X2 adına tərtib olunan 08.02.2002-ci il tarixli 1406 saylı bağın icarəyə verilməsinə dair müqavilə blankından görünür ki, Novxanı qəsəbəsində yerləşən 0,09 hektarlıq bağ sahəsinə dair tərtib olunan müqavilə X3 və istismarı birliyi və icarədar Ə.Ə.Tağıyev tərəfindən imzalanmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 27 saylı notariat kontoru tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış 25.05.2016-cı il tarixli 309 saylı məktubdan müəyyən olunur ki, Ə.Ə.Tağıyevin 23.08.2008ci il tarixdə vəfatı ilə əlaqədar olaraq vərəsə Ərizəçi ərizəsi əsasında notariat kontoru tərəfindən vərəsəlik işi açılaraq vərəsələrin dairəsinin müəyyən olunması bildirilərək Bakı şəhəri Novxanı qəsəbəsi ünvanında 0,25 ha torpaq sahəsi olan 1072 saylı bağ sahəsinə çıxarışın verilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 01.11.2018-ci il tarixli **********60 saylı məktubunun notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu Novxanı qəsəbəsində yerləşən sahəsi 0,09 ha olan 1072 nömrəli bağ sahəsinin istifadəyə verilməsinə dair keçmiş X3 və İstismarı Birliyi ilə X6 arasında 08.02.2002-ci il tarixli 1406 nömrəli müqavilə bağlanılmış, lakin müqavilə səlahiyyətli qurum tərəfindən təsdiq edilməmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 01.04.2021-ci il tarixli **********27 saylı məktubundan müəyyən olunur ki, arxiv qovluğunda mövcud olan sənədlərə əsasən Binəqədi rayonu Novxanı qəsəbəsində yerləşən 0,25 hektar torpaq sahəsi olan 1072 nömrəli bağ sahəsi və üzərindəki tikililərin icarəyə verilməsinə dair keçmiş X4 və İstismarı Birliyi ilə X6 arasında 05.03.1998-ci il tarixli 1406 nömrəli müqavilə bağlanılmışdır. X2 və ailə üzvlərinin notarial qaydada təsdiq edilmiş razılıq ərizələri əsasında sözügedən bağ sahəsinin 0,08 ha hissəsinə dair 1072a nömrəli bağ sahəsi kimi Kamal Əlibaba oğlu ilə 08.02.2002-ci il tarixli 30716 nömrəli müqavilə (bağ sahəsi 10.03.2018-ci il tarixdə onun adına qeydiyyata alınmışdır), digər 0,08 ha hissəsinə dair 1072b nömrəli bağ sahəsi kimi Ənvər Əlibaba oğlu ilə 08.02.2002-ci il tarixdə 30717 nömrəli müqavilə bağlanılmışdır. Sözügedən bağ sahəsinin yerdə qalan hissəsinə dair isə X2 adına 08.02.2002-ci il tarixli 1406 nömrəli icarə müqaviləsi tərtib edilmiş, lakin müqavilənin arxiv qovluğunda mövcud olan hər iki nüsxəsi səlahiyyətli qurum tərəfindən imza və möhürlə təsdiq edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29.06.2017-ci il tarixli 2(103)- 4476/2017 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin apellyasiya şikayəti təmin olunaraq Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-862/2017 saylı 18.01.2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə qarşı icarə müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29.06.2017-ci il tarixli 2(103)- 4476/2017 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, X3 və İstismarı Birliyi ilə X6 arasında bağlanmış 1406 saylı 15.03.1998-ci il tarixli icarə müqaviləsinə əsasən Binəqədi rayonu Novxanı qəsəbəsində yerləşən 0,25 ha torpaq sahəs olan 1072 saylı bağ sahəsi Ə.Ə.Tağıyevə icarəyə verilmiş, Ə.Ə.Tağıyevin və ailə üzvlərinin razılıq ərizələri əsasında sözügedən bağ sahəsi üç hissəyə bölünərək 08.02.2002-ci il tarixdə bağın 0,08 ha-dan ibarət hissəsi Kamil Əlibaba oğluna, 0,08 ha-dan ibarət hissəsi Ənvər Əlibaba oğluna icarəyə verilmiş, 0,09 ha-dan ibarət hissəsinə dair Bakı şəhər İcra Hakimiyyətinin bağlar təsərrüfatının məsələləri üzrə komissiyanın 08.02.2002-ci il tarixli 01 nömrəli protokoluna əsasən Ə.Ə.Tağıyevin adına 08.02.2002-ci il tarixli müqavilə tərtib edilmiş, lakin müqavilə keçmiş X3 və İstismarı Birliyinin səlahiyyətli nümayəndəsinin imzası və möhürü ilə təsdiq edilməmiş, 08.02.2002-ci il tarixli müqavilə keçmiş X3 və İstismarı Birliyinin səlahiyyətli nümayəndəsinin imzası və möhürlə təsdiq edilmədiyindən, iddiaçının atası Ə.Ə.Tağıyev ilə X3 və İstismarı Birliyi arasında Binəqədi rayonu Novxanı bağlar massivində yerləşən 0,09 ha torpaq sahəsinə dair icarə müqaviləsinin 08.02.2002-ci il tarixdə bağlanmış hesab edilməsi barədə iddia tələbi təmin edilə bilməz. Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 22.05.2007-ci il 2186 saylı Sərəncamından müəyyən olunur ki, 1996-cı ildə qəbul edilmiş “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun bağların əvəzsiz olaraq vətəndaşların mülkiyyətinə verilməsini nəzərdə tutan 9-cu maddəsinin tələblərinin icrasında ləngimələrə yol verildiyini nəzərə alaraq, bağ sahələri ilə bağlı münasibətlərin müasir dövrün tələblərinə uyğunlaşdırılmasının təmin edilməsi məqsədilə Yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsini təmin etməsi və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etməsi, bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görməsi, qüvvədə olan normativ hüquqi aktların bu Sərəncama uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını təmin etməsi və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməsi, öz səlahiyyətləri daxilində bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməsi tapşırılmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.3.-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Ərizəçi iddia icraatı qaydasında məhkəməyə müraciət edərək atası Ə.Ə.Tağıyev ilə X3 və İstismarı Birliyi arasında Binəqədi rayonu Novxanı bağlar massivində yerləşən 0,09 ha torpaq sahəsinə dair icarə müqaviləsinin 08.02.2002-ci il tarixdə bağlanmış hesab edilməsini xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29.06.2017-ci il tarixli 2(103)- 4476/2017 saylı qətnaməsi ilə müqavilənin X3 və İstismarı Birliyinin səlahiyyətli nümayəndəsinin imzası və möhürü ilə təsdiq edilməməsi səbəbindən iddia tələbi təmin edilməmişdir. Bundan sonra ərizəçi qanuni qüvvəsini alan məhkəmə aktı ilə bağlanmadığı müəyyən edilən 08.02.2002-ci il tarixli 1406 nömrəli müqavilə ilə Bakı şəhəri Binəqədi rayonu Novxanı bağ massivində yerləşən 1072 saylı 0,09 ha ölçüdə bağ sahəsinin keçmiş X3 və İstismarı Birliyi tərəfindən mərhum X5 verilmiş olmasına dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1.-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.1. şəxslərin qohumluq münasibətlərinin; 307.2.2. şəxsin öhdədə olması faktının; 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; 307.2.4. ər-arvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının; 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; 307.2.6. mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının; 307.2.7. bədbəxt hadisə faktının; 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; 307.2.9. mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin; 307.2.10. atalığın etiraf olunması faktının; 307.2.11. qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı Qərarında qeyd olunmuşdur ki, xüsusi icraat işlərinə Azərbaycan Respublikası MPM-nin 30-40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə iddia icraatı qaydasında baxılır. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə baxılır. Xüsusi icraat işlərinə iddia icraatı üzrə işlərin həllini tənzim edən normalar o, şərtlə tətbiq edilə bilər ki, həmin normalar xüsusi icraat işlərinin bu və ya digər növü üçün müəyyən edilən xüsusi normalara zidd olmasın. Xüsusi icraat qaydasında işlərə baxılmasının məhkəmə aidiyyət məsələləri də xüsusi normalarla tənzimlənir. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Həmin Qərardan daha sonra müəyyən olunur ki, məhkəmə qaydasında müəyyən edilən hüquqi əhəmiyyətli faktların siyahısı qanunla məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası MPM-in 307.2.11-ci maddəsində qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi də nəzərdə tutulmuşdur. Belə faktlar müəyyənləşdirilərkən müvafiq olaraq həmin münasibətləri tənzimləyən qanunvericilik normalarına ciddi riayət edilməsi və belə faktların məhkəmədən kənar qaydada nizamlanmasını nəzərdə tutan şərtlərə əməl edilibedilməməsi sübutlarla təsdiq olunmalıdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, qanuni qüvvəsini alan məhkəmə aktı ilə bağlanmadığı müəyyən olunan, yəni tərəfləri üçün heç bir hüquq və vəzifə yaratmayan 08.02.2002-ci il tarixli 1406 nömrəli müqavilə ilə Bakı şəhəri Binəqədi rayonu Novxanı bağ massivində yerləşən 1072 saylı 0,09 ha ölçüdə olan bağ sahəsinin keçmiş X3 və İstismarı Birliyi tərəfindən mərhum X5 verilməsinin müəyyən edilməsi qeyri-mümkündür, ona görə də ərizə təmin edilə bilməz. Belə ki, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar Mülki Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. (MM –nin 389.1,390.1,390.2., 399.1-ci mad.) Məhkəmə, məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ Ərizəçi Bakı şəhəri Binəqədi rayonu Novxanı bağ massivində yerləşən 1072 saylı bağ sahəsinin keçmiş X3 və İstismarı Birliyi tərəfindən 08.02.2002-ci il tarixli 1406 nömrəli müqavilə ilə 0,09 ha ölçüdə mərhum X5 verilmiş olmasına dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar