Məhkəmə qərarları › İş №2(001)-2738/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2738/2023

14.06.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2738/2023 14.06.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 Tapdıq qızına qarşı “yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi və evə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və azyaşlı övladlarının Bakı şəhəri, Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi (Xutor), sıra 6, 32 saylı fərdi yaşayış evinin 1 otağından və həmin evin mətbəxindən, sanitar qovşağından istifadə qaydalarının müəyyən edilməsi, həmin evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə dəqiqləşdirmə təqdim edərək, cavabdehlərdən X2 adının Cavabdeh3 kimi qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi belə əsaslandırılmışdır: Cavabdeh1 ilə xx.xx.2008-ci ildə Binəqədi rayon qeydiyyat şöbəsində nikahlarını qeyd etdirərək, ailə qurmuşlar. Ailə qurduqdan sonra cavabdehlərə məxsus Bakı şəhəri, Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi (Xutor), sıra 6, 32 saylı fərdi yaşayış evinə köçmüşdür. Birgə nikahdan xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X4 dünyaya gəlmişdir. Övladları hər ikisi bab evində dünyaya gəlmişlər. 2008-ci ilin əvvəllərinə qədər cavabdehlərlə birgə təsərrüfat idarə etmişdir. Cavabdehlə ailə qurduqdan sonra onun atası və anasına məxsus olan evdə yaşamışdır. xx.xx.2020-ci il tarixli, 2(001)-651/2020 saylı qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Nikah pozulandan sonra övladları ilə birlikdə kirayə qalır. Cavabdeh alimentdən başqa bu günə kimi ona heç bir köməklik göstərmir. Tərəflərin izahatları və iddiaya münasibəti:

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, iddiaçının qayınatası mənzilə qeydiyyata alınmağına razılıq vermişdirsə, ehtimal ki, həmin razılıq notarial qaydada olub ki, şəxs mənzilə qeydiyyata düşüb. Evin ikinci mərtəbəsi birgə nikah dövründə iddiaçının əri tərəfindən təmir olunub.

5. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, elektron qaydada məhkəməyə ünvanladığı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə səhvlik var. Belə ki, cavabdeh X2 adının X1 yox, Cavabdeh3 kimi qəbul etdilməsini xahiş etməklə bildirir ki, iddiaçı ilə Cavabdeh1 2008-ci il də rəsmi nikaha daxil olublar və nikahları pozulanadək Cavabdeh1 valideynlərinə məxsus ünvan 1 ünvanında yaşamışlar. İddiaçı Cavabdeh1 atası digər Cavabdeh3 razılığı ilə qeydiyyata düşmüşdür. Tərəflərin birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X4 anadan olmuşlar. Uşaqların hər ikisi Cavabdeh3 evində anadan olmuşlar. İddiaçı sözügedən evin ikinci mərtəbəsini özü təmir etmişdir. İddiaçı nikah pozulandan sonra evdən çıxıb və cehiz əyalarını da götürüb. Lakin hazırda həmin evdə qeydiyyatdadır.

6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasında iştirak etməmişdirlər.

7. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin(lərin) gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

8. Cavabdeh3 iddianı qəbul etməyərək, məhkəməyə ünvanladığı etirazında göstərir: İddiaçının iddiasının hüquqi əsası kimi istinad etdiyi Azərbaycan Respublikasının 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mülki Məcəlləsinin 53-cü və 54-cü maddələrinə baxdıqda görünür ki, həmin normalara görə: bu Məcəllənin 123-cü maddəsindəki mülkiyyətçi anlayışı, yaşayış sahəsinin icarədarını nəzərdə tutur. Eləcə də istər iddiaçı ilə onlar arasında yaranan hüquq münasibətləri dövrü, istərsə də hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146-cı maddəsinin tələbinə görə əmlaka sərəncam hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən yaranır. Sözügedən mənzilə münasibətdə hüquq münasibətinin yaranma dövrü, 2008-ci ilə, yəni 2000-ci ilin sentyabr ayının 1-dən sonra, 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə aid dövrə təsadüf edir. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli qərarında isə belə nəticəyə gəlinmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu ilin oktyabr ayının 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin müddəalanı tətbiq edilməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 228.1-ci maddəsinə əsasən də, Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 228.2-ci maddəsinə əsasən isə Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, 2000-ci ilin sentyabr ayının 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar hüquq münasibətləri ilə bağlı münasibətlər Mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı münasibətlər isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun 27 may 2008-ci il tarixli qərarında qeyd olunur ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün, 1) mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanması; 2) Həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; 3) İstifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması kimi mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur. İstinad edilən maddi hüquq normalarının məzmunundan müəyyən olunur ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün yuxarıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Xəyalə Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013- cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 11 iyul 2014-cü il tarixli qərarında Konstitusiya Məhkəməsi Plenumu hüquqi mövqeyini belə ifadə etmişdir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yeni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə dair digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsini 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun həll olunmalıdır. Göründüyü kimi əgər Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissasi yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvlərinin evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüquqlarını onların köçməsi zamanı başqa qeyri-part göstərilməməsi halından asılı edirdisə, 2000-ci ilin sentyabrın 1-dən qüvvəyə minmiş Mülki Məcəllənin 228.1-ci maddəsi müəyyən etmişdir ki, Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. İddia tələbinə əsasən köçrülməsi istənilən mənzilin mülkiyyətçisi özü- Cavabdeh3dur və sözügedən mənzil 31 may 2002-ci il tarixdə onun adına ilkin qeydiyyata alınıb. İddiaçı tərəf isə onun eks gəlinidir və onun nə ailə üzvü, nədə ki, digər ailə üzvü statusuna malik olan şəxs deyil.

9. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-ci il tarixli qərarına əsasən Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin "digər qohumlar" ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Belə ki, "Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 16 oktyabr 1992-ci il tarixli 2 saylı qərarının 7-ci bəndinə əsasən kirayəçinin ailə üzvləri sırasına digər şəxslər o zaman daxil ola bilərlər ki, onlar kirayəçinin yaxın qohumu, yaxud əmək qabiliyyətini itirməsi ilə əlaqədar onun öhdəsində olmuş olsunlar, yəni özlərinin saxlanılmasını tələb etmək hüququna malik olmuş olsunlar. Ayrı-ayrı hallarda kirayəçi ilə birgə yaşayıb ümumi təsərrüfatı birgə idarə edən və sırf ailə münasibətlərində olan başqa şəxslər də ailə üzvləri sırasına daxil ola bilərlər. Yuxarıda sadalanan hüquq normaları onu deməyə əsas verir ki, İddiaçı, mənziliin mülkiyyətçisi olan Cavabdeh3 ailə üzvü kateqoriyasına aid olmayan şəxs olduğundan onun mülkiyyəti olan mənzilinə istifadə hüququndan ümumiyyətlə söhbət belə gedə bilməz.

10. Cavabdeh1 da iddiaya etiraz təqdim etmiş və etirazında bildirmişdir ki, evə köçürülməsi istənilən mənzilin mülkiyyətçisi onun atası Cavabdeh3dur və sözügedən mənzil xx.xx.2002-ci il tarixdə atasının adına ilkin qeydiyyata alınıb, atası ilə iddiaçı arasında heç bir razılaşma qeydiyyata alınmayıb. Mülki Məcəllənin 228.1 və 228.2-ci maddəsinin tələbi baxımından iddiaçının mənzilə köçürülməsinə hər hansı hüquqi əsas yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

11. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh3 ünvanlanan məktubun surətindən görünür ki, Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 6-cı sıra, 32 saylı fərdi yaşayış evi xx.xx.2002-ci il tarixdə Cavabdeh3 adına ilkin qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Sözügedən fərdi yaşayış evinə yeni Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 6-cı sıra, 32 A ünvanı verilmişdir və evə dair Cavabdeh3 adına RX seriyalı, ******* nömrəli ********** qeydiyyat nömrəli xx.xx.2018-ci il tarixli dövlət reyestrindən çıxarış verilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

12. İddiaçı cavabdehlərdən Cavabdeh1 keçmiş arvadı, digər cavabdehlərin isə keçmiş gəlinidir. Belə ki, İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2008-ci il tarixində bağlanan nikah, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-651/2020 saylı qətnaməsi ilə pozulmuşdur. Nikah pozulana kimi iddiaçı 2008-ci ildən gəlin köçdüyü Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 6-cı sıra, 32 saylı fərdi yaşayış evində yaşamışdır. Nikah pozulduqdan sonra isə uşaqları və cehiz əşyaları ilə birlikdə həmin evdən çıxmışdır.

13. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ilə Cavabdeh1 arasında 2008-ci ildə nikah bağlanmış, iddiaçı gəlin kimi Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 6-cı sıra, 32 saylı fərdi yaşayış evinə köçmüşdür, onların nikahları pozulmuşdur, iddiaçı nikah pozulduqdan sonra isə uşaqları və cehiz əşyaları ilə birlikdə həmin evdən çıxmışdır, iddiaçının 2008-ci ildə gəlin kimi köçdüyü ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evi xx.xx.2002-ci ildən qayınatası Cavabdeh3 xüsusi mülkiyyət hüququ ilə məxsusdur.

14. İddiaçı tələbində göstərilən əsasla, eyni zamanda fərdi yaşayış evinin ikinci mərtəbəsinin birgə nikah dövründə tikildiyini bildirməklə evə köçürülməsini və bundan irəli gələn istifadə qaydasının müəyyən edilməsini xahiş edir.

15. Cavabdehlərdən Kənan və Cavabdeh3lar yuxarıda qeyd edilən əsaslarla iddiaya etiraz edirlər.

16. İddiaçının sözügedən fərdi yaşayış evinə hər hansı əşya və ya məhdud əşya hüququnun olub-olmaması və evə köçürülmə üçün hüquqi əsasın yaranıb-yaranmamısı işin mübahisələndirilən halıdır. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

17. Məhkəmə ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.(Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyul 2008-ci il tarixli qərarı)

18. İddiaçının irəli sürdüyü tələb evə köçürülmə və bundan irəli gələn hüquqi tənzimləmədən ibarətdir.

19. Evə köçürülmə ilə bağlı iddia tələbinin hüquqi əsasını müəyyən etmək üçün əvvəla mübahisəli evə dair tərəflər arasında hansı münasibətlərin olması, mübahisəli hüquq münasibətlərinin xarakteri aydınlaşdırılmalıdır. Yəni evə köçürülmək istəyən şəxsin evə dair hansı əşya hüquqlarının və ya məhdud əşya hüququnun(istifadə hüququnun), o cümlədən əşyadan(əmlakdan) istifadə edilməsi ilə bağlı digər hüquqların olması araşdırılmalıdır.

20. İddiaçının evə dair əşya hüququnun olmaması mübahisə doğurmur, belə ki, iddiaçı özü də tələbində istifadə hüququ ilə bağlı normalara istinad etmiş və evin qayınatasına məxsus olduğunu bildirmiş və iş materialları ilə də bu öz təsdiqini tapmışdır. Eyni zamanda iddiaçının nümayəndəsi evin ikinci mərtəbəsinin tərəflərin birgə nikahları dövründə təmir edildiyini bildirsə də, bununla bağlı hər hansı sübut təqdim etməmiş və hər hansı əsaslandırma aparmamışdır.

21. Odur ki, məhkəmə araşdırmasının predmetini iddiaçının sözügedən evə istifadə hüququnun yaranıb-yaranmaması təşkil edir. Hansı ki, işin mübahisəsiz halı kimi müəyyən edilmişdir ki, iddiaçı gəlin kimi 19 avqust 2008-ci ildə mübahisənin obyekti olan mənzilə köçərək 2020-ci ildə nikahı pozulanadək orada yaşamışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, tərəflər arasında evdən istifadə ilə bağlı mübahisəli hüquq münasibəti 2008-ci ildə yarandığından, hazırki mübahisəyə Mülki Məcəllənin 228-ci maddəsi tətbiq edilməlidir.

22. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

23. Bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarında qeyd edilmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.

25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

26. 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.

27. 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

28. 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair 27 may 2008-ci il tarixli qərarında göstərilir ki, MM-in 228.5-ci maddəsi onu da nəzərdə tutur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə gəldikdə isə, MM-in 228.5-ci maddəsi həmin şəxslərin köçürülməsini mülkiyyətçinin razılığı ilə şərtləndirmişdir. Qanunun bu müddəalarının mənasına görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri tərəfindən öz ər və ya arvadının həmin sahəyə köçürülməsi üçün mülkiyyətçinin razılığı tələb olunur. Göründüyü kimi qanunvericilik bu müddəada qeyd olunan şəxslərin yaşayış binasının tərkib hissəsinə köçürülməsinin mümkünlüyünü nəzərdə tutmuşdur. Lakin, bunun üçün mülkiyyətçinin razılığının xüsusi olaraq mütləq şərt kimi müəyyən edilməsi qeyd olunan şəxslər tərəfindən yaşayış binasının tərkib hissəsindən əldə edilən istifadə hüququnun mülki hüquq sahəsi baxımından əşya hüququ kimi qiymətləndirilməli olmasına dəlalət edir. «Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, MM-in 228.5-ci maddəsində əks olunmuş «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.1 və 228.2-ci maddələrinin tələbləri baxımından şərh olunmalı və bu normada nəzərdə tutulmuş «mülkiyyətçinin razılığı» yazılı şəkildə bağlanan razılaşmada ifadə edilməlidir.

30. Mülki Məcəllənin 228-ci maddəsinin məzmunundan və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən göründüyü kimi, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri özünün digər ailə üzvünü(arvadını) yaşayış binasına köçürməsi üçün mülkiyyətçinin razılığı tələb olunur, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur.

31. Odur ki, iddiaçı həm mülkiyyətçiyə, həm də digər istifadə hüququ olan şəxslərə qarşı evə köçürülmə tələbi ilə məhkəməyə müraciət etsə də, özünün istifadə hüququnun yarandığını sübut edə bilməmişdir. Belə ki, yuxarıda qeyd edildiyi kimi istifadə hüququnun yaranması üçün mülkiyyətçinin şifahi razılığı və ya yaşayış sahəsinə qeydiyyata düşmə əsas kimi nəzərdə tutulmamışdır, istifadə hüququnun yaranması üçün əsas kimi yalnız istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı ilə bağlı mülkiyyətçi ilə bağlanan, notarial qaydada təsdiqlənən yazılı razılaşma çıxış edir.

32. Beləliklə, iddiaçı istifadə hüququnun yarandığını sübut edə bilmədiyindən onun evə köçürülmə və istifadə qaydasının müəyyən edilməsi barədə tələbi əsassızdır. Tətbiq edilən prosessual normalar:

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:

34. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

35. 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

36. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir;

37. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır;

38. 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

39. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 Tapdıq qızına qarşı “yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi və evə köçürülmə” tələbinə dair iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

40. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 Tapdıq qızına qarşı “yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi və evə köçürülmə” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar