Məhkəmə qərarları › İş №2(001)-275/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-275/2021

25.01.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-275/2021 25.01.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı Cavadova (Nəbiyeva) Elmira Vilayət qızının nümayəndəsi X2, habelə nümayəndəsi və vəkili X9 iştirakları ilə, İddiaçı Cavadova (Nəbiyeva) Elmira Vilayət qızının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” KB ASC) qarşı “alğı-satqı müqaviləsi üzrə mənzilin onun sahibliyinə verilməsi və təmir işlərinə maneçilik törədilməsinin cavabdehə qadağan edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavadova (Nəbiyeva) Elmira Vilayət qızı cavabdehlər “xxxx.” Mənzil Tikinti Şirkətinə və Cavabdeh1 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” KB ASC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2017-ci il tarixdə alğı-satqı müqaviləsi əsasında bağlanmış Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi Şossesi ərazisində tikilən 4 mərtəbəli binanın 2-ci mərtəbəsinin 10 saylı mənzilinin cavabdeh tərəfindən onun sahibliyinə təhvil verilməsi və təmir işlərinə maneçilik törədilməsinin cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, idiaçı xx xxxx 2013-cü il tarixdə X11 ilə rəsmi nikaha daxil olmuş və ona Cavadova soyadı verilmişdir. Bakı şəhərində ailə quraraq kirayə mənzildə yaşayır. X1 2008-ci ilə kimi X6 şəhərində yaşamışdır. 2017-ci ildə atası Bakıya gələndə onun kirayədə yaşamasını görüb ona münasib qiymətə Bakı səhərində mənzil almaq qərarına gəlmiş, mənzillərin qiyməti ilə maraqlanmış və Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülməmməd Ramazanov küçəsi, döngə 1, dalan 5, ev 1 ünvanda 0.06 ha sahədə öz vəsaiti hesabına tikilən 4 mərtəbəli binadan münasib qiymətə mənzil almağı qərara almışdır. Bu məqsədlə binanın tikildiyi yerə gəlmiş, özünü həmin binanı tikən şəxs kimi təqdim edən Cavabdeh1la görüşmüş və evin satılması barədə razılığa gəlmişlər. Razılığa əsasən ümumi dəyəri 21216 manat olan sahəsi 31,2 kv metr olan 1 otaqlı mənzilin alğı-satqısı ilə bağlı mənzililn dəyərinin 30 faizi məbləğində ödəniş etməli, qalan vəsaiti isə 5 il ərzində hər ay 250 manat olmaqla ödəməli olmuşlar. Cavabdeh1 ilkin olaraq 6.365 manat pulu bir dəfəyə nağd olaraq vermişlər. Bundan sonra Cavabdeh1 iddiaçının atası ilə 1 otaqlı mənzilin alğı-satqısı barədə müqavilə yazıb vermiş, 9 ay isə 250 manat pul ödəməklə Cavabdeh1 cəmi 2250 manat pul vermişdir. Sonradan isə atası aldığı həmin mənzili onun adına sənədləşdirmişdir. 2018-ci ilin oktyabr aylarında həmin binanın “X14” ASC-dən götürülən kredit borcuna görə bankın girovunda olmasını bilmiş, hazırda həmin binada anlaşılmazlıq yaranmışdır. Bir tərəfdən bank əməkdaşları bildirir ki, bina bankın girovundadır, onların razılığı olmadan mənzillərin çıxarış sənədləri verilməyəcək, digər tərəfdən isə Elçin Ağayev və Cavabdeh1 qalan pulun onlara ödənilməli olmasını bildirərək binanın kimə məxsus olması ilə bağlı mübahisə edirlər. Həmçinin evin təmir edilməsinə icazə vermirlər. Həmçinin Cavabdeh1 Azərbaycan Respublikasının CM-nin 308.2 və 313-cü maddələri ilə, X8 Azərbaycan Respublikasının CM-nin 313-cü maddəsi ilə və X10 Azərbaycan Respublikasının CM-nin 32.4, 313-cü maddəsi ilə təqsirləndirilmələrinə dair xx xxxxxx 2020-ci il tarixində Binəqədi Rayon Məhkəməsində hökm çıxarılmışdır. İddiaçının atası həmin cinayət işində şahid qismində ifadə vermişdir. Hal-hazırda onun adına olan mənzilə dair müqavilə qüvvədədir və o, müqavilə münasibətlərini davam etdirmək arzusundadır. Lakin hüquqları cavabdeh tərəfindən pozulur. Bağlanmış müqavilənin 2.1-ci bəndinə əsasən "xxxx" MTK sözügedən mənzili təhvil verməyi üzərinə götürmüşdür. xx xxxxxx 2017-ci il tarixdə bağlanmış müqavilə ilə üzərinə düşən öhdəlikləri vaxtında və lazımınca icra etməyinə baxmayaraq, "xxxx" MTK üzərinə düşən öhdəlikləri bu günə kimi yerinə yetirməmişdir. xx.xx.2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçı Cavadova (Nəbiyeva) Elmira Vilayət qızının nümayəndəsi (vəkili) X16 iş üzrə cavabdeh “xxxx.” Mənzil Tikinti Şirkətinin əsl cavabdeh “xxxx” Fərdi Tikinti Şirkəti ilə əvəz edilməsini və təsisçi (fərdi sahibkar) Cavabdeh2 cavabdeh qismində işə cəlb edilməsini xahiş etmiş, məhkəmə “xxxx.” Mənzil Tikinti Şirkəti ilə “xxxx” Fərdi Tikinti Şirkətinin eyni şəxs olmasını (belə ki, xxxx qısaldılmış yazılışdır), o cümlədən adı çəkilən subyektlərin mövcud olmamaqla (bu adda şirkətlərin kommersiya hüquqi şəxslərin reyestrdə qeydə alınmış olduğu müəyyən edilmir) vergi ödəyicisi kimi uçotuna alınmış Cavabdeh2 adından hazırlanmış və qanunvericiliyin tələblərinə uyğun olmayan xx.xx.2017-ci tarixli əmrin əsasında fəaliyyət göstərdiyini nəzərə alaraq iş üzrə əsl cavabdeh olmayan “xxxx.” Mənzil Tikinti Şirkətini əsl Cavabdeh2 ilə əvəz etmişdir. Azərbaycan Respublikası MPM-nin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfındən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl cavabdeh ilə əvəz edə bilər. Məhkəmə iclasında iddiaçı Cavadova (Nəbiyeva) Elmira Vilayət qızının nümayəndəsi X3, habelə digər nümayəndəsi və vəkili X16 iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasında iştirak etməmiş, əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili X4 isə izahatında bildirmişdir ki, evin təqdim edilməsinə etiraz etmirlər, lakin ev ipotekada olduğu üçün “xxxx” ASC evləri balansına götürərək vətəndaşlara vermir və evlərə başqa nömrə verməklə özgəninkiləşdirir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” KB ASC-yə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, həmin cəmiyyətin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” KB ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndələrinin (vəkilinin) izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, mülki işin materiallarında olan “xxxx.” Mənzil Tikinti Şirkəti (şirkət) ilə Nəbiyeva Elmira (payçı) arasında bağlanmış xx.xx.2017-ci il tarixli, N-11/29 saylı Mənzil Tikinti Haqqında Müqaviləyə əsasən, “xxxx.” Mənzil Tikinti Şirkəti Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülməmməd Ramazanov küçəsi, döngə 1, dalan 5, ev 1 ünvanda 0,06 ha sahədə öz vəsaiti hesabına inşa edilmiş 4 mərtəbəli yaşayış binasının 2 (iki) mərtəbəsində 1 (bir) otaqlı ümumi sahəsi 31,2 kv.m olan 10 nömrəli mənzili alıcıya təhvil verməyi, payçı Nəbiyeva Elmira isə mənzili qəbul etməyi və mənzilin 21.216 manat təşkil edən dəyərindən 30% olmaqla 6365 manat ilkin ödəniş etməyi, qalan 14851 manat məbləğini 60 ay müddətinə şirkətə ödəməyi öhdəsinə götürmüşdür. Satıcı tərəfindən müqaviləni şirkətin direktoru qismində Cavabdeh1 imzalamışdır. Həmin müqaviləyə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, payçı sözügedən mənzilə görə 9 ay müddətinə hər ay 250 manat olmaqla, cəmi 2250 manat ödəniş etmişdir. Sözügedən müqavilə və ödəniş cədvəlindəki möhürdən görünür ki, onun mərkəzində “xxxx”, aşağı hissəsində isə “BİNAQADİ NEW SEVİCE” yazıları həkk olunsa da, adı çəkilən şirkətə deyil, fərdi sahibkar kimi uçotuna alınmış Cavabdeh2 məxsusdur. Mülki işin materiallarında olan Cavabdeh2, xxxx KB ASC və X12 arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilənin surətindən müəyyən olunur ki, tərəflər X8 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, Gülməmməd Ramazanov küçəsi, döngə 1, dalan 5 ev 1 ünvanında yerləşən torpaq sahəsinin qalan hissəsində investor Cavabdeh2 tərəfindən 320000 manat investisiya qoyuluşu hesabına 3 mərtəbəli 24 mənzildən ibarət binanın tikilməsi və həmin mənzillərin satılaraq satışdan əldə olunan vəsaitin 40%-inin X8 xxxx KB ASC-yə 07UM/13 saylı xx.xx.2013-cü il tarixli əsas kredit müqaviləsi üzrə borcuna görə ödənilməsi, 60%-nin isə investor Cavabdeh2 verilməsi barədə razılığa gəlmişlər. İşin materiallarına əlavə edilmiş xx xxxxxxxx 2017-ci il tarixli nömrəsiz əmrin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən torpaq sahəsində 3 mərtəbəli yaşayış binasının tikintisinin aparılması məqsədilə göstərilən ünvanda “xxxx” fərdi tikinti şirkəti yaradılaraq fəaliyyətə başlaması barədə fərdi sahibkar Cavabdeh2 adından əmr verilmişdir. Tərəflərin izahatları ilə məhz Cavabdeh1 özünü ünvan 1 1 ünvanında yerləşən torpaq sahəsində yaşayış binasının tikintisinin aparan şirkətin direktoru kimi təqdim etməklə maliyyələşdirmə, satış və nəzarətin həyata keçirilməsi ilə bağlı təşkilatisərəncamverici və inzibati-təsərrüfat funksiyaları icra etdiyi müəyyən edilmişdir. Həmçinin müəyyən olunmuşdur ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(001)-10/2020 saylı hökmünə əsasən, Cavabdeh1 Azərbaycan Respublikasının CM-nin 308.2-ci və 313-cü maddələri ilə təqsirli bilinərək ona müvafiq əsas və əlavə cəzalar təyin edilmiş, həmin maddələrlə təyin edilmiş əsas və əlavə cəzalar Azərbaycan Respublikasının CM-nin 66.2-ci və 66.4-cü maddələrinə əsasən qismən toplanılmaq yolu ilə onun üzərində qəti olaraq 02 il 06 ayadək dövlət hakimiyyəti, yerli özünüidarə orqanlarında, habelə kommersiya və ya qeyri-kommersiya təşkilatlarında rəhbər və ya maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən məhkəməyə göndərilmiş xx xxxxxx 2020-ci il tarixli məktubdan görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrində mövcud arxiv materiallarına əsasən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülməmməd Ramazanov küçəsi, döngə1, dalan 5, ev 1 ünvanında yerləşən binanın 10 nömrəli mənzili X5 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Sumqayıt Apellyasiya Məhkəməsinin surəti iş materiallarına əlavə edilmiş xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, ünvan 2 1, dalan 5 ünvanında yerləşən 1 saylı fərdi yaşayış evinin mülkiyyətçisi X12 “xxxx” KB ASC ilə bağladığı xx.xx.2013-cü il tarixli 07UM/13 saylı əsas kredit müqaviləsi və əsas kredit müqaviləsi çərçivəsində bağlanacaq kredit müqavilələri üzrə yaranan öhdəliklərinin təminatı kimi həmin əmlakı bank qarşısında ipoteka ilə yüklü etmiş, onun kredit öhdəliklərini lazımınca icra etməməsi səbəbindən adı çəkilən bank məhkəmə müraciət etmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə bankın iddiası qismən təmin edilərək, borclu və zamindən müvafiq məbləğlərdə pulun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi qət olunmuşdur. Beləliklə işin materiallarında olan sübutlar və proses iştirakçılarının izahatları ilə müəyyən olunmuşdur ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, Gülməmməd Ramazanov küçəsi, döngə 1, dalan 5, ev 1 ünvanında yerləşən torpaq sahəsi X8 mülkiyyətində olmuş, həmin torpaq sahəsində vergi ödəyicisi kimi uçotuna alınmış Cavabdeh2 tərəfindən 320000 manat investisiya qoyuluşu hesabına 3 mərtəbəli 24 mənzildən ibarət binanın tikilməsi və həmin mənzillərin satılaraq satışdan əldə olunan vəsaitin 40%-inin X8 xxxx KB ASC-yə 07UM/13 saylı xx.xx.2013-cü il tarixli əsas kredit müqaviləsi üzrə borcuna görə ödənilməsi, 60%-nin isə investor Cavabdeh2 verilməsi barədə mülkiyyətçi, investor və bank arasında xx.xx.2017-ci il tarixli müqavilə bağlanmış, habelə göstərilən ünvanda “xxxx” fərdi tikinti şirkəti yaradılaraq fəaliyyətə başlaması barədə Cavabdeh2 adından qanunsuz əmr tərtib edilmiş, Cavabdeh1 özünü əslində mövcud olmayan həmin şirkətin direktoru kimi təqdim etməklə həmin ünvanda inşa edilmiş 4 mərtəbəli yaşayış binasının 10 nömrəli mənzilinin tikintisinə dair Nəbiyeva (Cavadova) Elmira Vilayət qızı ilə N-11/29 saylı qanunsuz müqavilə bağlamış, müqavilədəki möhürdə “xxxx” və “BİNAQADİ NEW SEVİCE” yazıları həkk olunsa da, həmin möhür adı çəkilən şirkətə deyil, fərdi sahibkar kimi kimi uçotuna alınmış Cavabdeh2 məxsus olmuşdur. Cavabdeh1 çoxsaylı ittihamlarla təqsirli bilinərək Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(001)-10/2020 saylı hökmü əsasında məhkum edilmişdir. Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339-cu maddələri). Beləliklə, hər hansı əqdin etibarlılığı üçün isə, onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması zəruridir. Mülki Məcəlləsinin 337-ci maddəsinə görə isə, “bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır”. Bu mənada məhkəmənin qənaəti ondan ibarətdir ki, mövcud olmayan “xxxx” fərdi tikinti şirkətinin adından onun direktoru kimi çıxış etmiş Cavabdeh1 ilə Nəbiyeva (Cavadova) Elmira Vilayət qızı arasında bağlanmış xx.xx.2017-ci il tarixli, N-11/29 saylı müqavilə etibarsız olmaqla heç bir hüquqi nəticə doğura bilməz. Bu isə, iddiaçının sözügedən müqaviləyə əsaslanan iddia tələbinin əsassız olduğunu göstərir. Məhkəmə xüsusilə qeyd edir ki, iddiaçının iddia tələbləri məhz həmin müqaviləyə əsaslandığından və müqavilə öhdəliyindən irəli gələn tələblə bağlı iddia irəli sürən şəxs yalnız etibarlı müqaviləyə əsaslanmalı olduğundan məhkəmə sözügedən müqavilənin etibarlı olub-olmadığına belə bir tələbin olub-olmamasından asılı olmayaraq qiymət vermişdir. Bu mənada, bu hal iddia tələbindən kənara çıxma kimi qiymətləndirilə bilməz. Digər tərəfdən məhkəmə araşdırması zamanı həmçinin iddiaçının özünün sahibliyinə təhvil verilməsini istədiyi Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülməmməd Ramazanov küçəsi, döngə1, dalan 5, ev 1 ünvanında yerləşən binanın 10 nömrəli mənzilin X5 adına qeydiyyatdan keçməklə hazırda adı çəkilən şəxsin xüsusi mülkiyyətində olduğu müəyyən olunmuşdur ki, qeyd edilən xüsusat da iddia tələbinin təmin edilməsini mümkünsüz edir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı Cavadova (Nəbiyeva) Elmira Vilayət qızının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” KB ASC) qarşı “alğı-satqı müqaviləsi üzrə mənzilin onun sahibliyinə verilməsi və təmir işlərinə maneçilik törədilməsinin cavabdehə qadağan edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Mülki Prosesual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia rədd edildiyindən ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddiaçı Cavadova (Nəbiyeva) Elmira Vilayət qızının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” KB ASC) qarşı “alğı-satqı müqaviləsi üzrə mənzilin onun sahibliyinə verilməsi və təmir işlərinə maneçilik törədilməsinin cavabdehə qadağan edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar