Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2828/2021 08.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Sadıqov Nurlan Ədalət oğlunun katibliyi ilə İddiaçı Cavabdehlər Cavabdeh1, Cavabdeh3, X2 və Cavabdeh4 qarşı Bakı şəhəri Binəqədi rayonu 7-ci mkr Abay Kunanbayev küçəsi 3 saylı evin 138 saylı mənzilinə istifadə hüquqlarının itirilməsinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, X2 və Cavabdeh4 qarşı Bakı şəhəri Binəqədi rayonu 7-ci mkr Abay Kunanbayev küçəsi 3 saylı evin 138 saylı mənzilinə istifadə hüquqlarının itirilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X4 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, iddiaçı Binəqədi rayonu 7-ci mkr A.Kunanbayev küçəsi 3 saylı evin 138 saylı mənzilini Bakı şəhəri 11 saylı Notariat Kontorunda 01.09.2020-ci il tarixdə ******* AN-İ saylı alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 əvəzi ödənilməklə almışdır. İddiaçının həmin mənzil üzərində tam mülkiyyət hüququ ********** nömrə ilə 03.09.2020-ci ildə qeydə alınaraq DƏDR-dən müvafiq çıxarış verilmişdir. Cavabdehlər bir ailənin üzvü olaraq mənzilin keçmiş sakinləridir. Tərəflər arasında bağlanmış 01.09.2020-ci il tarixli alqı-satqı müqaviləsinin 13-cü bəndinə əsasən satıcı 01.10.2020-ci il tarixdə mənzildən qeydiyyatdan çıxmasını öhdəsinə götürmüşdür. Eyni zamanda mənzildə qeydiyyatda olan satıcının ailə üzvləri də mənzilin satılmasına razılıq vermişlər. Lakin bu günə qədər mənzildə formal olaraq qeydiyyatda qalmaqdadırlar. İddiaçı bunun səbəbini soruşduqda isə cavabdehlər qeydiyyata düşməyə ünvanlarının olmamasını göstərirlər. Ona görə də cavabdehlər Cavabdeh1, Cavabdeh3, X1 və Cavabdeh4 Bakı şəhəri Binəqədi rayonu 7-ci mkr Abay Kunanbayev küçəsi 3 saylı evin 138 saylı mənzilinə 01.10.2020-ci il tarixdən istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 iddia ərizəsini qəbul edərək izahatında göstərmişdir ki, o, mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu 7-ci mkr Abay Kunanbayev küçəsi 3 saylı evin 138 saylı mənzilini 01.09.2020-ci il tarixdə iddiaçıya satmışdır. Razılığa əsasən o, ailə üzvləri olan cavabdehlərlə birlikdə mənzildən qeydiyyatdan çıxmalı idilər, lakin yaşayış yeri üzrə qeydiyyata düşməyə yerləri olmadığından öhdəliklərini yerinə yetirə bilmirlər. Ona görə də iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh3 iddia ərizəsini qəbul edərək izahatında göstərmişdir ki, o, Cavabdehlər X2 və Cavabdeh4 məhkəməyə məlum ünvanları üzrə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdehlər X3 və Cavabdeh4 məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlər X1 və Cavabdeh4 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Məhkəmə qeyd edir ki, mülkiyyət hüququ maddi nemətlərin fərdi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29 mad.) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 203.1-ci maddəsində təsbit edilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Həmin Məcəllənin 228.4-cü maddəsinə görə isə yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyil, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Avropa İnsan Hüquqları Məhkəməsi Marckx Belçikaya qarşı 13.07.1979-cu il tarixli qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir. Satıcı Cavabdeh1 ilə alıcı İddiaçı arasında bağlanmış 01.09.2020-ci il tarixli AN–İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən müəyyən olunur ki, satıcı Bakı şəhəri Binəqədi rayonu 7-ci mkr Abay Kunanbayev küçəsi 3 saylı evin 138 saylı mənzilini alıcıya 165000 manata satmışdır. Müqavilənin 13-cü bəndinə əsasən satıcı Cavabdeh1 01.10.2020-ci il tarixədək mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 03.09.2020-ci il tarixli çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu Abay Kunanbayev küçəsi 3 saylı evin 138 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. 80 saylı MKİS tərəfindən verilmiş 01.08.2020-ci il tarixli 613 saylı arayışın surətindən müəyyən olunur ki, Cavabdeh1, Cavabdeh4, X3 və Cavabdeh3 7-ci mkr Abay Kunanbayev küçəsi 3 saylı evin 138 saylı mənzilində qeydiyyatdadırlar. Cavabdehlər Cavabdeh1, Cavabdeh3, X1 və Cavabdeh4 məhkəməyə 15.03.2021-ci il tarixdə təqdim etdikləri ərizədən müəyyən olunur ki, onlar İddiaçı iddia ərizəsini qəbul etdiklərini və iddia ərizəsinin təmin edilməsini xahiş etmişlər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə mülki iş üzrə tədqiq olunmuş sübutlar məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, cavabdehlər yaşadıqları mənzilin özgəninkiləşdirilməsinə razılıq verməklə həmin mənzili boşaldaraq yeni mülkiyyətçiyə təhvil verməklə Bakı şəhəri Binəqədi rayonu 7-ci mkr Abay Kunanbayev küçəsi 3 saylı evin 138 saylı mənzilinə istifadə hüquqlarını itirdiklərindən iddia ərizəsi əsaslıdır, ona görə də təmin edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Cavabdeh1, Cavabdeh3, X1 və Cavabdeh4 Bakı şəhəri Binəqədi rayonu 7-ci mkr Abay Kunanbayev küçəsi 3 saylı evin 138 saylı mənzilinə istifadə hüquqları itirilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-2828/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2828/2021
08.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver