Məhkəmə qərarları › İş №2(001)-2838/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2838/2021

19.03.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2838/2021 19.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X12 oğlunun katibliyi, İddiaçı, Cavabdeh X13 Xəstəxanasının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X1rşı işə bərpa edilmə, ödənilməmiş əmək haqqının ödənilməsi və məcburi işburaxma üçün əmək haqqının ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2 saylı X2 baş həkiminin xx xxxxx 2017-ci il tarixli, 514 saylı əmrinin ləğv edilməsi, işə bərpa olunması, 2 saylı X2 baş həkimi Cavabdeh1 qanunsuz əmri nəticəsində məcburi iş buraxma müddəti üçün əmək haqqının, həmçinin istifadə olunmamış məzuniyyət haqqlarının hesablanıb cavabdehlər tərəfindən ona ödənilməsi, ona işlədiyi müddətdə ödənilməmiş əmək haqqının cavabdehlər tərəfindən ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1997-ci ildən X2 nəzdində fəaliyyət göstərən aptekdə əczaçı vəzifəsində işləmişdir. 2017-ci ilin aprel ayının 30-da hazırda 2 saylı X2 baş həkimi Cavabdeh1 onu çağıraraq aptekin bağlandığını və ona görə də onun işə gəlməməsini bildirmişdir. Daha sonra onu işə çağıracağını bildirərək ağ kağıza imza etdirmişdir. xx xxx 2017-ci ildə isə baş həkim Cavabdeh1 onu çağırıb əmək kitabçasını ona təqdim etmiş və onun işdən çıxarıldığını, Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verildiyini bildirmişdir. O, işdən çıxma barədə ərizə yazmadığını bildirsə də ona deyilmişdir ki, “sənin yerinə ərizə yazılıb bizim iş prinsipimiz belədir. Get nə vaxt iş olsa çağıracağıq.” Bundan sonra o, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə və digər qurumlara müraciət edəndə bildirdilər ki, aptek bağlanıb. Halbuki, aptek bağlanmamışdı və bu günə qədər də fəaliyyət göstərir. O, isə 3 ildir ki, işsizdir. Göründüyü kimi o, qanunsuz olaraq işdən çıxarılmış və onun Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş əmək hüququ və yaşamaq hüququ pozulmuşdur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, yuxarıda qeyd edilən məzmunda izahat verdi. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirdi ki, o, işdən çıxarılma əmrini, əmək kitabçasını və son haqq-hesabı xx xxx 2017-ci il tarixdə almışdır. Həmin vaxt aşkar etmişdir ki, onun məzuniyyət ödənişləri düzgün hesablanmamışdır. Bundan başqa o, iki ay xəstəxananın qəbul şöbəsində (resepşn) işləmiş və ona həmin vaxt üçün ümumiyyətlə əmək haqqı ödənilməmişdir. O, həmin vaxt məhkəməyə iki dəfə müraciət etmiş, lakin onun ərizələri düzgün tərtib olunmadığına görə geri qaytarılmışdır. Bundan sonra o, dəfələrlə müxtəlif təşkilatlara şikayətlər ünvanlamış, lakin onun şikayətləri təmin edilməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X13 Xəstəxanasının nümayəndəsi və vəkili iddianı qəbul etməyərək bildirdi ki, iddiaçı X6 xx xxxxx 2017-ci il tarixli 514 saylı əmri ilə işdən azad edilmişdir. İddiaçı əmək müqaviləsinə xitam verildiyi gün əmək kitabçası və digər sənədlərini təhvil almış və bununla əlaqədar müvafiq sənədləri də imzalamışdır. Göründüyü kimi iddiaçı tərəfindən əmək kitabçasının götürüldüyü və əmək müqaviləsinə xitam verildiyi tarixdən 3 ildən artıq müddət keçmişdir. İddia ərizəsində də iddiaçı əmək kitabçasınının 2017-ci ilin may ayında əldə etdiyini bildirmişdir. Bu da onu göstərir ki, iddiaçı məhkəməyə müraciət etmə müddətini ötürmüşdür. Bundan əlavə, iddiaçı ödənilməmiş məzuniyyət pulunu və işlədiyi dövrdə ödənilməmiş əmək haqqlarını tələb etsə də, iddiaçının bu iddiaları da əsasızdır. Belə ki, əgər onun ödənişləri düzgün hesabanmasaydı o bununla bağlı cavabdeh xəstəxənaya müraciət edə bilərdi. Lakin, belə müraciət onun tərəfindən edilməmişdir. Bundan əlavə, əmək mübahisələri zamanı pul tələbi ilə bağlı əmək qanunvericiliyində nəzərdə tutulmuş 1 illik iddia müddəti iddiaçı tərəfindən ötürülmüşdür. İddiaçının resepşndə iki ay işləməsi və buna görə ona əmək haqqı ödənilməməsi barədə iddiası da əsassızdır. Belə ki, iddiaçı həmin işdə heç zaman işləməmiş, onunla bu barədə əmək müqaviləsi bağlanmamışdır. İddiaçı tərəfindən dəvət olunmuş şahid Dəmiryol idarəsinin işçisi olmadığına görə, onun X7 müalicə alması da şübhəlidir. Göstərilənləri nəzərə alaraq, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, proses iştirakçılarının izahatlarını və şahidin ifadəsini dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, iddiaçının vəsatəti əsasında məhkəmə iclasında şahid qismində ifadə vermiş X3 məhkəməyə bildirmişdir ki, o, iddiaçının qonşusudur. 2017-ci ildə bir dəfə müayinə olunmaq üçün X8 getmişdir, həmin vaxt iddiaçı da orada işləyirdi. Ona verilmiş suallara cavab olaraq bildirdi ki, o, cəmi bir dəfə müayinə olunmaq üçün evinə yaxın yerləşən X8 getmiş və iddiaçının həmin xəstəxana qəbul şöbəsində qeydiyyat işi ilə məşğul olduğunu görmüşdür. O, Dəmiryolu idarəsində heç vaxt işləməmişdir. İş materiallarında olan: AZ-İ seriyalı, 008335 nömrəli əmək kitabçasının surətindən görünür ki, Nəzərova (Vəliyeva) Kübrə Nofəl qızı xx xxxx 1998-ci il tarixli əmrlə X8 işə qəbul edilmiş, xx xxxxx 2017-ci il tarixli, 514 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilərək, işdən azad edilmişdir. X6 baş həkimi tərəfindən həmin xəstəxanada əczaçı işləyən İddiaçı Nofəl qızına edilmiş xəbərdarlıqdan görünür ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Həkim-Sanitar Xidmətinin və onun tabeliyində olan tibb müəssisələrinin təsərrüfat hesablı idarəetməyə keçməsi ilə əlaqədar, strukturda islahatlar aparılmışdır. Bunun da nəticəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-və 2-ci bəndlərinə əsasən İddiaçı Nofəl qızına xəbərdar edilmişdir ki, məşğul etdiyi ştat vahidi xx xxx 2017-ci il tarixindən ixtisar ediləcəkdir. Qeyd edilən xəbərdarlıq xx xxxx 2017-ci il tarixdə İddiaçı Nofəl qızı tərəfindən imza edilməklə qəbul edilmişdir. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Həkim-Sanitar Xidmətinin X6 xx xxxxx 2017-ci il tarixli, 514 nömrəli əmrinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Nofəl qızı – Aptekin əczaçısına ştatların ixtisarı ilə əlaqədar 1 aylıq orta əmək haqqı məbləğində işdən çıxarma müavinatı ödəməklə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xx xxx 2017-ci il tarixdən xitam verilməsi əmr edilmişdir. Məzuniyyət kompensasiya düşür xx xxxxxx 2017-ci il tarixdən - xx xxxxx 2017-ci il tarixə = 4 ay= 10 təqvim günü. Əsas: ştat cədvəli və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi və 77-ci maddəsinin 3-cü bəndi. İşçilərin təyin edilmə və yerdəyişməsi barədə hesabat dəftərinin surətindən görünür ki, İddiaçı Nofəl qızı xx xxxxx 2017-ci il tarixdə imza etməklə xx xxxxx 2017-ci il tarixli, 514 nömrəli əmrin surətini X4 qəbul etmişdir. Məhkəmə hazırki mübahisə ilə bağlı əmək qanunvericiliyinin aşağıda göstərilən maddi hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər; 70-ci maddəsinin «b» bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər; 76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz; 77-ci maddəsinin 1-ci hissəsinə əsasən ( mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiya) işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin «b» bəndi ilə işəgötürən əmək müqaviləsini ləğv etməzdən azı iki ay əvvəl işçini rəsmi xəbərdar etməlidir; 77-ci maddəsinin 3-cü hissəsinə əsasən ( mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiya) əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin «a» və «b» bəndləri ilə ləğv edilərkən işçilərə orta əmək haqqından az olmamaqla işdənçıxarma müavinəti ödənilir; 83.1-ci maddəsinə görə əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir; 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, hazırki iş üzrə iddiaçı X6 xx xxxx 1998-ci il tarixli əmri ilə həmin xəstəxananın aptekində əczaçı vəzifəsinə işə qəbul edilmiş, xx xxxx 2017-ci il tarixdə iddiaçı cavabdehin işlədiyi ştat vahidinin xx xxx 2017-ci il tarixindən ixtisar edilməsi barədə xəbərdar edilərək, X6 xx xxxxx 2017-ci il tarixli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70 “b” bəndinə əsasən işdən azad edilmişdir. İddiaçı iddia tələbində işdən çıxarılmasının qanunsuz olduğunu bildirsə də, iş materialları ilə müəyyən olunur ki, cavabdeh X10 tərəfindən iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmaqla xitam verilmiş, əmək qanunvericiliyinin tələbləri pozulmamışdır. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin “X5 xx xxxxx 2017-ci il tarixli, 514 saylı əmrinin ləğv edilməsi və işə bərpa olunması” hissəsi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” hissəsi ilə əlaqədar qeyd edir ki, iddia tələbinin bu hissəsi törəmə tələbdir və əmək qanunvericiliyin istinad edilən normasına əsasən bu tələbin təmin olunubolunmaması bilavasitə iddia tələbinin “işə bərpa” hissəsinin təmin olunub-olunmamasından asılıdır. Bunu nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə də təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “istifadə olunmamış məzuniyyət haqqlarının hesablanıb cavabdehlər tərəfindən ona ödənilməsi, habelə ona işlədiyi müddətdə ödənilməmiş əmək haqqının cavabdehlər tərəfindən ona ödənilməsi” hissələri ilə əlaqədar isə qeyd edir ki, iddiaçı cavabdeh tərəfindən istifadə olunmamış məzuniyyət haqqının ödənilməməsini, habelə iki ay xəstəxananın qəbul şöbəsində (resepşn) işlədiyi müddətdə əmək haqqının da ödənilməməsini bildirsə də, iddiaçı qeyd edilənləri təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, iddiaçı tərəfindən dəvət olunmnuş şahid isə ifadəsində iddiaçını cəmi bir dəfə xəstəxanada qeydiyyat işi ilə məşğul olduğunu gördüyünü bildirmişdir. Məhkəmə, həmçinin cavabdehin nümayəndəsi və vəkili tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir: Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır; 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 296.1-ci maddəsinə əsasən Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər; 296.2-ci maddəsinə görə bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər; 296.3-cü maddəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür; 296.4-cü bəndinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Məhkəmə qeyd edir ki, mülki hüquqda iddia müddətləri institutu mülki dövriyyənin iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşviq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə xx xxxxxxx 1998-ci il tarixli qərarında qeyd edilmişdir ki, “atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Lakin sözügedən qaydalar və ya onların tətbiqi tərəflərin əlçatan vasitədən istifadə etməsinin qarşısını almamalıdır” (§ 45 ). İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə x xxxx 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla və iddiaçı tərəfindən verilmiş izahatla müəyyən edilmişdir ki, iddiaçı cavabdehin xx xxxxx 2017-ci il tarixli, 514 saylı əmrini və son haqq hesabını xx xxx 2017-ci il tarixdə almış, lakin hazırki iddia tələbini xx xxxxxx 2021-ci il tarixdə irəli sürmüş, bununla da əmək qanunvericiliyində nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Bu baxımdan məhkəmə hesab edir ki, iddia əsaslı olduğu təqdirdə belə, iddia müddəti iddiaçı tərəfindən ötürüldüyünə görə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbayacn Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və X1rşı işə bərpa edilmə, ödənilməmiş əmək haqqının ödənilməsi və məcburi işburaxma üçün əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar