Məhkəmə qərarları › İş №2(001)-2847/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2847/2020

05.08.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2847/2020 05.08.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yerləşən mənzili xx xxxxxx 2015-ci il tarixli, AN-İ, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X1 almışdır. xx xxxx 2015-ci il tarixdə qeyd olunan mənzil əmlakın dövlət reyestrindən hüquqi qeydiyyatdan keçirilmiş, ona RX seriyalı, ******* saylı çıxarış verilmişdir. Cavabdeh mənzili ona satarkən alqı-satqı müqaviləsinin 13-cü bəndinin şərtinə görə xx xxxx 2015-ci il tarixədək qeydiyyatdan çıxmaları barədə öhdəlik götürmüşdür. Lakin, bu qədər müddət keçməsinə baxmayaraq cavabdehlər qeydiyyatdan çıxmamış, formal olaraq pasport qeydiyyatında qalmışlar. Cavabdehlərin harada yaşaması ona məlum deyildir, mənzili satdıqdan sonra onlar mənzili tərk edərək getmişlər, onlara aid heç bir əşya və əmlak qalmamış, həmin vaxtdan bu ünvanla heç bir əlaqələri olmamışdır. Həmin vaxtdan da o, mənzilə mülkiyyət hüququ əldə edərək, mübahisəli mənzildə özü yaşamışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər hazırki məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara görə iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: xx xxxxxx 2015-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 9a mkr, Mir Cəlal küçəsi, 49 saylı evin 14 saylı mənzili X2 tərəfindən İddiaçı 60.000 manata satılaraq sonuncunun mülkiyyətinə verilmişdir. Həmin müqavilənin 8-ci bəndinə əsasən satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürmüşdür; xx xxxxxx 2015-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə notarial işdə olan 95 saylı MKİS tərəfindən verilmiş arayışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 9a mkr, Mir Cəlal küçəsi, 49 saylı evin 14 saylı mənzildə X4 qeydiyyatdadır. X4 tərəfindən imzalanmış və notarial qaydada təsdiq edilmiş ərizənin surətindən görünür ki, o, X3 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, 9a mkr, Mir Cəlal küçəsi, 49 saylı evin 14 saylı mənzilin satılmasına etiraz etmir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri çıxarışının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 9a mkr, Mir Cəlal küçəsi, 49 saylı evin 14 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyatdan keçirilmiş və bu barədə xx xxxx 2015-ci il tarixdə ********** nömrəli qeydiyyat aparılmışdır; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, ******* saylı yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 9a mkr, Mir Cəlal küçəsi, 49 saylı evin 14 saylı mənzilində Cavabdeh1 (xx xxxxx 1965-ci il təvəllüdlü), X5 (xx xxxx 2007-ci il təvəllüdlü), Cavabdeh2 (xx xxx 1962ci il təvəllüdlü), Cavabdeh3 (xx xxxxxxx 1991-ci il təvəllüdlü) qeydiyyatdadırlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Binəqədi rayonu, 9a mkr, Mir Cəlal küçəsi, 49 saylı evin 14 saylı mənzil iddiaçının mülkiyyətinə keçdiyi vaxt qeydiyyatda olmamışlar, cavabdehlərin qeyd edilən mənzilin iddiaçının mülkiyyətinə keçdiyi vaxtdan sonra hansı əsasla qeydiyyata düşdükləri də məlum deyil. Cavabdehlər heç vaxt iddiaçının mülkiyyətində olan mənzildə yaşamamış, onun ailə üzvləri olmamışdır. Məhkəmə qeyd edir ki, cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzilə qeydiyyata alınması faktına onun bu mənzilə istifadə hüquqlarının yaranması kimi qiymət verilməsi qanunun tələblərinə ziddir. Belə ki, yuxarıda istinad edilən maddi hüquq normalarının məzmunundan müəyyən olunur ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçının mülkiyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 9a mkr, Mir Cəlal küçəsi, 49 saylı evin 14 saylı mənzidən istifadə hüquqları mövcud olmadığından, mövcud olmayan hüquqların itirilməsidə qeyrimümkündür. Ona görə də iddia tələbi təmin edilə bilməz. Azəbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında qeydiyyatdan çıxarılır. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdehlərin iddiaçıya məxsus mənzilə istifadə hüquqları olmadığına görə onların həmin məzində qeydiyyatda qalmaları üçün hər-hansı əsas da yoxdur və iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdırdığına görə hazırki qətnamə həmin şəxslərin qeydiyyatdan çıxarılmaları üçün əsas olmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Bu qətnamə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçının mülkiyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 9a mkr, Mir Cəlal küçəsi, 49 saylı evin 14 saylımənzilindən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar