Məhkəmə qərarları › İş №2(001)-2857/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2857/2021

03.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2857/2021 03.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Günəş Yusif qızının katibliyi, İddiaçı İddiaçı, İddiaçının vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifsdə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “mənzildən istifsdə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının ünvan 1 ünvanında yerləşən 2 otaqlı fərdi yaşayış evinə istifadə hüququnun tanınması və həmin evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə rəsmi nikahdadır, lakin nikahın pozulmasına dair məhkəməyə müraciət edilmişdir. İddiaçı cavabdehlə nikaha daxil olduqdan sonra öz vəsaiti hesabına ünvan 1 ünvanında yerləşən 2 otaqlı fərdi yaşayış evini inşa etmişdir. Münasibətləri pozulduğundan cavabdeh iddiaçının həmin ünvanda yaşamağına süni maneələr törədir, yaşamağa imkan vermir, qəsdən hay-küy salır. Onun bu hərəkətlərindən 102 xidmətinə, sonunda isə məcbur qalaraq məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun vəkili N.Abbasova iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və vəkilinin izahatını, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Qobustan Rayon Məhkəməsinin 2(026)-162/2020 saylı, 28.10.2020-ci il tarixli qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında olan nikahın pozulması, birgə nikahdan olan 07.12.2012-ci il təvəllüdlü X2 və 19.02.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay hər uşaq üçün 100 manat olmaqla, ümumilikdə 200 manat alimentin tutulması qət edilmişdir. - Bakı şəhəri, Binəqədi rayonu, X4 tərəfindən tərəfindən verilmiş 21.05.2021-ci il tarixli məktubdan və həmin tarixdə Dünyamalıyeva Elnarə, Süleymanov Seymur və İsayev Həbib tərəfindən imzalanmış aktdan görünür ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, İİİ mədən, korpus 125 ünvanında qonşuların imzaladığı akta əsasən 2018-ci il tarixdən 2020-ci ilin mart ayınadək özünün inşa etdiyi evdə ailə üzvləri ilə birlikdə qeydiyyatsız yaşamışdır. Məhkəmənin 20.05.2021-ci il tarixli iclasında şahid qismində ifadə verərək X5 bildirmişdir ki, o, mübahisəli evin qonşuluğunda yaşayır. Həmin evin iddiaçı tərəfindən tikildiyini təsdiq etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşayıb və yaşadığı evdən məhrum edilib. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa, məhrumetmə qanunsuz sayılır. Cavabdehin ev üzərində hüquqlarının olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onun iddiaçıya qarşı törətdiyi məhrumetmə (evə buraxmama) qanunsuzdur. Beləliklə, cavabdeh yuxarıda qeyd olunan qadağanedici normanı pozmuşdur, pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa, onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı məhrum edildiyi evə köçürülməlidir. İddiaçının evdən istifadə hüququnun olmaması Konstitusiyanın 43-cü maddəsinin 1-ci hissəsinin ifadə olunan “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın tətbiq edilməsinə mane olmur. Belə ki, bu norma göstərişinin xarakterinə görə səlahiyyətverici norma deyil, qadağanedici normadır. Əgər səlahiyyətverici norma olsaydı (mənzildə yaşamaq səlahiyyəti versəyidi) bu halda iddiaçının istifadə hüququnun olması normanın tətbiqi üçün vacib sayılardı. Normada “heç kəs” və “yaşadığı” ifadələrindən istifadə olunur, bu isə o deməkdir ki, norma istifadə hüququnun olub-olmadığından asılı olmayaraq mənzildə yaşayan hər kəsi qanunsuz məhrumetmədən mühafizə edir və şəxsin mənzildə yaşaması faktı kifayətdir ki, normanın mühafizəsi ona tətbiq edilsin. Obyektiv hüququn funksiyalarında biri də mühafizə funksiyasıdır. “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”məzmunlu norma qanunsuz məhrumetməni qadağan etməklə obyektiv hüququn mühafizə funksiyasını həyata keçirir, mənzildə və digər bu kimi yerlərdə yaşayan hər bir şəxsi özbaşınalıqdan qoruyur. Əgər “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın mühafizə funksiyası olmasa fiziki cəhətdən güclü olan istənilən şəxs istifadə hüququ olmadan mənzildə yaşayan digər şəxsi oradan çıxara bilər və ya yaşadığı mənzilə daxil olmasına manelər yarada bilər və ya digər bu kimi hərəkətlər edə bilər, nəticədə isə özbaşınalığa şərait yaranar. Odur ki, bu tip mübahisələr həll edilərkən mənzildən məhrumedilənin deyil, mənzildən məhrumedənin mənzilə hüququnun olub-olmadığı araşdırılmalı, buna əsasən mübahisə həll edilməlidir. Əgər məhrumedənin mənzilə hüququ yoxdursa, məhrumetmə qanunsuz sayılmalı, qanunsuz məhrumetmənin nəticələri aradan qaldırılmalı, məhrumedilən mənzilə köçürülməlidir. Xüsusilə o hal nəzərə alınmalıdır ki, iddiaçının müqavilə bağlamaqla evə istifadə hüququ əldə etməsi hazırkı vaxta qədər mümkün deyildir. Belə ki, müqavilənin bağlanması üçün iddiaçı oferta göndərməlidir, lakin ofertanı qəbul etməyə səlahiyyəti olan şəxs - akseptant mövcud deyildir. Akseptant o şəxs ola bilər ki, ev üzərində mülkiyyət hüququ dövlət reyestrində qeydə alınmış olsun. Yalnız həmin şəxs başqa şəxsin evə istifadə hüququnun əmələ gəlməsinə dair notariat qaydasında müqavilə bağlaya bilər. Göründüyü kimi, iddiaçının oferta göndərməsi mümkün deyildir. Bu isə o deməkdir ki, onun Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin göstərişinə əməl etməsi də mümkün deyildir. Odur ki, məhkəmə iddiaçının “evə köçürülmə barədə” iddiasını həmin maddələrin göstərişinə istinad etməklə rədd edə bilməz. Cavabdeh hesab edirsə ki, ev onun vəsaiti hesabına inşa olunub və ona məxsusdur, belə halda həmin şəxs müvafiq sənədləri təqdim etməklə ev üzərində hüququnun qeydə alınması üçün qeydiyyat orqanına müraciət etməli, hüququ qeydə alındıqdan sonra həmin hüququn müdafiəsi üçün məhkəməyə müraciət etməlidir. Ona görə də hazırkı işdə evin “cavabdehə məxsus olan ev” kimi qiymətləndirilməsi üçün hüquqi əsas yoxdur. Ancaq nəzərə alınmalıdır ki, ev üzərində cavabdehin mülkiyyət hüququ qeydə alınacağı təqdirdə, iddiaçı “mülkiyyətçinin ailə üzvü” statusu əldə edəcəkdir, bu statusu əldə edən şəxsə isə qanunvericilik mənzillə bağlı hüquqlar müəyyən edib. Cavabdeh qeyrimüəyyənlikdən (ev üzərində heç kəsin hüququnun qeydə alınmadığından) istifadə edərək zor tətbiq etməklə iddiaçını evdən məhrum etmək istəyir. Ona görə cavabdehin bu hərəkətinin qarşısı alınmalıdır. İddiaçının izahatından məlum olur ki, iddiaçı cavabdehlə münasibətlərinin gərginləşməsi səbəbindən evi tərk etmişdir. Müəyyən olunur ki, iddiaçı evi könüllü surətdə deyil, cavabdehlə münasibətlərinin gərginləşməsi səbəbindən tərk etmişdir. İddiaçıya məxsus əşyalarının evdə qalması ona dəlalət edir ki, iddiaçının geri qayıtmaq niyyəti olmuşdur. Evin özbaşına tikinti sayılması Konstitusiyanın 43-cü maddəsinin 1-ci hissəsinin ifadə olunan “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın tətbiq edilməsinə mane olmur. Belə ki, qeyd olunan normada “mənzil” ifadəsindən istifadə olunur, “mənzil” anlayışı mənzil qanunvericiliyində müəyyən olunub (Mənzil Məcəlləsi, maddə 13.3), əgər həmin konstitusion normanın tətbiqi mənzil qanunvericiliyində müəyyən olunmuş “mənzil” anlayışı ilə məhdudlaşsa, onun məqsədinin təmin edilməsi mümkün olmayacaq. Nəzərə alınmalıdır ki, insanlar yalnız mənzildən deyil, evdən, yataqxanadan, özbaşına inşa olunmuş tikilidən və digər obyektlərdən də yaşamaq məqsədilə istifadə edirlər. “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın məqsədi insanların yaşamaq məqsədilə istifadə etdiyi bütün obyektlərdən qanunsuz məhrum edilməsinin qarşısını almaqdır. Çünki insanın yaşadığı obyektin nədən ibarət olmasından (mənzil, ev, yataqxana, özbaşına insa olunmuş tikili və s.)asılı olmayaraq onun yaşayış yerindən məhrum edilməsinin nəticələri eynidir: insan, təbiətinə görə ehtiyac duyduğu sığınacağı itirir. Ona görə də “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”məzmunlu normada istifadə olunan “mənzil” anlayışı obyektiv amillə (yəni mənzil qanunvericiliyinin müəyyən etdiyi əlamətlərə görə) deyil, subyektiv amillə (yəni insanın obyektdən hansı məqsədlə istifadə etdiyi nəzərə alınaraq) müəyyən olunmalıdır. Əgər insan obyektdən yaşamaq məqsədilə istifadə edirsə, qeyd olunan normanın məqsədi baxımından həmin obyekt mənzil sayılır. Konstitusiyanın maddəsinə bu cür yanaşma qanunvericiliyə zidd deyil, çünki maddənin mətni ilə mənası arasında açıq-aşkar fərq var, maddənin mətni ilə mənası arasında açıq-aşkar fərq olanda isə genişləndirici şərhə yol verilir (“Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanunu, maddə 90.4).İnsanların yaşamaq məqsədilə istifadəyə etdiyi bütün obyektlərin, o cümlədən özbaşına inşa olunan və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməyən tikililərin mənzil hesab olunması maddənin mətnindəki “mənzil” ifadəsinin genişləndirici şərhidir. İddiaçının evə köçürülməsi barədə qətnamənin qəbul olunması onun evdən istifadə hüququnun tanınması ilə nəticələnmir. Bu qətnamə gələcəkdə, qanuni əsaslar olduğu halda iddiaçının həmin evdən məhrum edilməsinə və ya evin özbaşına tikili kimi sökülməsinə mane olmur. Evə köçürmə barədə qətnamə mahiyyətinə görə evdən qanunsuz məhrumetməyə qədər mövcud olmuş vəziyyətin bərpa edilməsidir. İşin tədqiq olunan hallarından məlum olur ki, mübahisəli yaşayış evinin yerləşdiyi torpaq sahəsi tərəflərin qanuni istifadəsində olmayıb və həmin torpaq sahəsində mövcud olan yaşayış evinin tikintisi üçün müvafiq icra hakimiyəti orqanının icazəsi yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, mübahisəlin evin tərəflərin birgə nikah dövründə əldə edilməsi və evin tikilməsində iddiaçının pul xərcləməsi, tərəflərin həmin evdə birgə yaşayıb, istifadə etmələri işin faktiki halları ilə, eləcə də iddiaçının öz izahatları ilə təsdiq olunur. AR Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Yenə həmin Məcəllənin 32.2-ci maddəsinin tələblərinə görə ərarvadın ümumi birgə mülkiyyətinə: onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.maddə 32.2.1)və ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar,əmanətlər,kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir(maddə 32.2.2). Ailə Məcəlləsinin 32.3-cü maddəsinə görə isə nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. AR Mülki Məcəlləsinin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Yenə həmin Məcəllənin 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Mübahisə ilə əlaqədar məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2010-cu il tarixli, V.Q.Teryoxinin şikayəti ilə əlaqədar qərarına istinad etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin həmin qərarda ifadə olunmuş mövqeyinə görə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə emiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarının həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurəti doğurur. Belə ki, AR Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsədə mənsubdur. Digər tərəfdən Mülki Məcəllənin 157.4 və 164.1-ci maddələrinə əsasən iddiaçı əşya üzərində mülkiyyət və sahiblik hüquqlarının digər şəxslər tərəfindən pozulmasının aradan qaldırılmasını tələb edə bilər. Məhkəmə həmçinin hesab edir ki, məsələ ilə bağlı Avropa Məhkəməsinin formalaşmış presedent hüququna da nəzər yetirmək lazımdır. Məhkəmə “Önəryıldız Türkiyəyə qarşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində tutulan ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. İstinad olunan hüquq normalarına əsasən məhkəmə bu qənatə gəlir ki, İddiaçı cavabdehlə birlikdə mübahisəli evə dair “qanuni gözləntiyə” malik hüququ var. Qeyd olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, mübahisəli ev müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan tikilmiş olsa da, eləcə də həmin yaşayış evinin yerləşdiyi torpaq sahəsi qeyriqanuni istifadə edilsə də, mübahisəli ev birgə nikah dövründə tikildiyindən və gələcəkdə istinad edilən qanunvericiliyə uyğun sənədləşdirilməsi istisna edilmədiyindən, əksinə qanunverici bu halı mümkün hesab etdiyindən iddiaçının da cavabdehlə bərabər həmin əmlaka daha öncə qeyd olunan gözlənti hüququ vardır. AR Konstitusiyasının 13-cü maddəsinin İİİ hissəsindən və 71-ci maddəsinin İİ hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqlardan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi. Bu mənada Mülki Məcəllənin 560.3.4-cü maddəsi xüsusi önəm kəsb edir. Bu normaya əsasən hüquqdan sui-istifadə, o cümlədən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsidir. Məhkəmə hesab edir ki, hazırki halda cavabdeh özbaşına tikili olsa belə iddiaçının da əməyi və əmlakı hesabına əldə edilmiş mübahisəli evə dair hüquqdan sui-istifadə etməsi iddiaçının güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi kimi qiymətləndirilməlidir. Məhkəmənin qənaətinə görə ailə-nikah münasibətlərindən doğan bu tipli əmlak mübahisələrində başqa mövqenin tutulması düzgün olmayan president yaratmaqla arzu olunmaz nəticələrə gətirib çıxara bilər. AR Konstitusiya Məhkəməsinin bir çox qərarlarında ifadə olunmuş mövqeyinə görə vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Yaşayış sahəsindən istifadə müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzim etmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, mübahisəli ev özbaşına tikili olsa da, Cavabdeh həmin evdən istifadə etməklə ondan faydalandığı kimi, iddiaçının da bu hüququ realizə etməsi məqsədə müvafiqdir. Beləliklə, işin faktiki hallarından görünür ki, mübahisəli mənzil özbaşına tikilidir, iddiaçı həmin evə cavabdehlə birlikdə ailə qurduqdan sonra köçmüş, orada nikah pozulanadək yaşamışdır. Müəyyən edilmişdir ki, ev özbaşına tikilidir və iddiaçı həmin evdə ailə üzvləri ilə birlikdə yaşamışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında rəsmi nikah pozulsa da, iddiaçının hal-hazırda başqa yaşayış yeri olmadığı nəzərə alınaraq, eyni zamanda qeyd olunan maddi hüquq normalarına əsasən iddiaçı mübahisəli mənzilə köçürülməsini tələb etməkdə haqlı olduğundan, iddia tələbi bu hissədə təmin edilməli, iddiaçı ünvan 1 ünvanında yerləşən 2 otaqlı fərdi yaşayış evinə köçürülməlidir. Məhkəmə iddia tələbinin iddiaçının yaşayış sahəsinə istifadə hüququnun tanınması hissəsinə münasibətdə hesab edir ki, ünvan 1 ünvanında yerləşən 2 otaqlı fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində hər hansı şəxsin adına qeydə alınmamışdır. Odur ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, iddiaçının mübahisəli evə dair sərəncam vermək hüququna, o cümlədən mənzilə yaşayış sahəsindən istifadə hüququn tanınmasını tələb etmək hüququna malik deyildir. Belə ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Lakin, dövlət yalnız qanunvericiliklə müəyyən edilmiş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Yəni, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 178.2-ci maddəsinə əsasən, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. -180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. -180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, özbaşına inşa edilmə nəticəsində yeni yaranmış əmlak olan mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində nə iddiaçının, nə də cavabdehin adına qeydə alınmadığından, iddiaçının özbaşına tikiliyə istifadə hüququnun tanınması yolverilməzdir. Odur ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı ünvan 1 ünvanında yerləşən 2 otaqlı fərdi yaşayış evinə köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. 10 (on) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar