Məhkəmə qərarları › İş №2(001)-2885/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2885/2021

26.04.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2885/2021 26.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rüstəmova Ofelya Əkbər qızının katibliyi İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Binəqədi rayonu Ə.Naxçıvani küçəsi 9 saylı evin 13 saylı mənzilindən istifadə hüququnun mövcud olmamasının müəyyən edilərək mənzildən çıxarılmasına dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Binəqədi rayonu Ə.Naxçıvani küçəsi 9 saylı evin 13 saylı mənzilindən istifadə hüququnun mövcud olmamasının müəyyən edilərək mənzildən çıxarılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Bakı şəhəri Binəqədi rayonu Ə.Naxçıvani küçəsi 9 saylı evin 13 saylı mənzili onun xüsusi mülkiyyətindədir. Cavabdeh onun oğlunun arvadı olmaqla gəlini olmuşdur. Belə ki, Cavabdeh onun oğlu E.Qəhrəmanovla 06.11.2007-ci ildə rəsmi nikaha daxil olmaqla onun xüsusi mülkiyyətində olan evinə gəlin köçmüş, 2014-cü ildə həmin mənzilə pasport qeydiyyata alınmışdır. Onların nikahı Binəqədi Rayon Məhkəməsinin 30.06.2016-cı il tarixli qətnaməsi ilə pozulmuş, hələ nikahları pozulmamışdan əvvəl, yəni 2015-ci ildə cavabdeh uşağınıda götürüb atası evinə getmiş və həmin vaxtdan hazıradək onun mülkiyyətində olan mənzildə yaşamır, özünəməxsus bütün əşyaları mənzildən çıxarıb atasının evinə aparmışdır. Cavabdehin onun mülkiyətində olan mənzilə gəlin köçməsinə və qeydiyyata düşməsinə baxmayaraq, cavabdehin bu mənzilə istifadə hüququ yaranmamışdır. Belə ki, cavabdehlə onun oğlu arasındakı nikah pozulduğuna görə cavabdeh artıq onun və oğlunun ailə üzvü deyildir, eyni zamanda onunla cavabdeh arasında mülkiyyətçi kimi cavabdehin yaşayış sahəsi ilə təmin edilməsi barədə hər hansı bir razılaşma yoxdur. Hazırda cavabdehin ona məxsus evdə qeydiyyatda qalması onun mülkiyyət hüquqlarını məhdudlaşdırır, əmlakından sahiblik, istifadə etmək, barəsində sərəncam vermək hüquqlarının həyata keçirilməsinə maneələr yaradır. Ona görə də Cavabdeh onun mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Ə.Naxçıvani küçəsi 9 saylı evin 13 saylı mənzilindən istifadə hüququnun mövcud olmamasının müəyyən edilməsinə və cavabdehin həmin mənzildən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Mülki iş üzrə 11.03.2021-ci il tarixinə təyin olunmuş məhkəmə hazırlıq iclasında Cavabdeh iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, o, 06.11.2007-ci il tarixdə iddiaçının oğlu E.Qəhrəmanovla nikaha daxil olduqdan sonra Bakı şəhəri Binəqədi rayonu Ə.Naxçıvani küçəsi 9 saylı evin 13 saylı mənzilinə gəlin köçmüş və iddiaçı onu həmin mənzilə qeydiyyata alınmasına icazə vermişdir. Bu mənzildə onun bir övladı anadan olmuşdur. Onun iddiaçının oğlu ilə nikahı pozulduqdan sonra o, bütün əşyalarını götürərək övladı ilə birlikdə valideynlərinin mənzilinə qayıtmış, artıq 4 ildir ki, qeydiyyatda olduğu mənzildə yaşamır. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin iddia tələblərinə münasibətlərini, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə qeyd edir ki, mülkiyyət hüququ maddi nemətlərin fərdi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29 mad.) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Avropa İnsan Hüquqları Məhkəməsi Marckx Belçikaya qarşı 13.07.1979-cu il tarixli qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir. Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş ÖM № 223210 seriyalı 09.02.2005-ci il tarixli qeydiyyat vəsiqəsinin surətindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu Ə.Naxçıvani küçəsi 9 saylı evin 13 saylı mənzili İddiaçı adına 1011 saylı reyestr kitabında 151905 nömrəsi ilə qeydə alınmışdır. Bakı şəhəri Nəsimi rayon VVADQ şöbəsi tərəfindən verilmiş 06.11.2007-ci il tarixli AZ-İ № 340930 saylı nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X3 ilə X7 06.11.2007-ci il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 605 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada Qəhrəmanova soyadı verilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30.06.2016-cı il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, Cavabdeh ilə X3 arasında 06.11.2007-ci il tarixdə Bakı şəhəri Nəsimi rayon VVADQ şöbəsində bağlanmış 605 № ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahlarından olan uşaqları 22.02.2010-cu il təvəllüdlü X2 anası Cavabdeh yanında qalması, 22.02.2010-cu il təvəllüdlü X2 18 yaşa çatanadək saxlanması üçün X1 hər ay 117 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilməsi və alimentin tutulmasının əvvəlinin 12.02.2016-cı il tarixdən hesablanması qət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh iddiaçı G.Ə. Qəhrəmanovanın oğlu ilə nikaha daxil olduqdan sonra Bakı şəhəri Binəqədi rayonu Ə.Naxçıvani küçəsi 9 saylı evin 13 saylı mənzilinə köçərək bu mənzilə qeydiyyata alınsa da, mənzilə istifadə hüququnun yaranması üçün mənzilin mülkiyyətçisi ilə notarial qaydada təsdiq olunan razılaşma bağlamamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Qanunun 2-ci maddəsinə görə, şəxsin yaşayış yeri dedikdə tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi, icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsinə uyğun olaraq, vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması dedikdə, ona ilk dəfə şəxsiyyət vəsiqəsi verilərkən və ya yaşayış yerini dəyişdirmiş vətəndaşın yeni yaşayış yerinə gəldikdən sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınması başa düşülür. Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması üçün əsaslardan biri yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd, digəri isə vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsidir. Qeyd edilən normaya əsasən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd dedikdə, mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd başa düşülür. Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması üçün digər əsas olan yaşayış sahəsinin mülkiyyətçisinin verdiyi ərizə ilə ona məxsus yaşayış sahəsinə vətəndaşın qeydiyyata alınmasına icazə verilir. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Qanunun müddəalarından aydın olur ki, qanunverici hər bir şəxsin yaşadığı və olduğu yerin müəyyən olunması üçün əsas diqqəti şəxsin daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir. Həmin Qanunun 1-ci maddəsinə əsasən, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24.09.2020-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatının onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmədiyini müəyyən etmişdir. X4 Məhkəməsi müəyyən etmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Göründüyü kimi 2000-ci ilin sentyabrın 1-dən qüvvəyə minmiş MM-in 228.1-ci maddəsi müəyyən etmişdir ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, bu hüququn yaranması üçün mülkiyyətçi ilə notariat qaydasında təsdiq olunmuş müqavilə bağlansın və həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış olsun. Cavabdeh mülkiyyətçi ilə notariat qaydasında təsdiq olunmuş müqavilə bağlamadığından, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından onun iddiaçının mülkiyyətində olan mənzilə istifadə hüququ yaranmamışdır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla Cavabdeh Bakı şəhəri Binəqədi rayonu Ə.Naxçıvani küçəsi 9 saylı evin 13 saylı mənzilinə istifadə hüququnun mövcud olmaması müəyyən olunduğundan məhkəmə iddia ərizəsini bu hissədə əsaslı hesab edib təmin edir. Məhkəmə araşdırması zamanı cavabdehin iddiaçının oğlu ilə ailə nikah münasibətləri pozulduqdan sonra Bakı şəhəri Binəqədi rayonu Ə.Naxçıvani küçəsi 9 saylı evin 13 saylı mənzilindən özünə məxsus əşyalarla birlikdə çıxması və həmin vaxtdan qeydiyyatda olduğu mənzildə yaşamaması müəyyən olunduğundan məhkəmə iddiaçının cavabdehin mənzildən çıxarılmasına dair tələbini əsassız hesab edib təmin etmir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh Bakı şəhəri Binəqədi rayonu Ə.Naxçıvani küçəsi 9 saylı evin 13 saylı mənzilinə istifadə hüququnun olmaması müəyyən edilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar