Məhkəmə qərarları › İş №2(001)-2886/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2886/2023

26.07.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2886/2023 26.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi cəlb edilməklə) qarşı “cavabdehlərin mülkiyyətində olan mənzilindən çıxarılmaları” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “cavabdehlərin mülkiyyətində olan mənzilindən çıxarılmaları” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən mənzildən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mənzildən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən mənzil onun mülkiyyətindədir. xx.xx.2016-cı il tarixdən Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin verdiyi RX0970328 nömrəli çıxarışına əsasən mülkiyyət sahibi olan ona məxsus 31.59 kv.m sahəsi olan mənzili 1993-cü il tarixdən Ağdam rayonundan məcburi köçkün olan Cavabdeh1 və onun ailə üzvləri Cavabdeh2 və Cavabdeh3 ilə birlikdə zor gücünə zəbt etmişlər və həmin ünvanda qeydiyyatsız olaraq Ağdam rayonundan məcburi köçkün kimi müvəqqəti olaraq məskunlaşmışlar. Cavabdehlər mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 9-cu MKR, Mir Cəlal küçəsi, ev 137, mənzil 39 ünvanında yerləşən mənzildə qeydiyyatsız yaşayırlar, lakin bütün bunlara baxmayaraq dəfələrlə evindən çıxmasını tələb etmiş, amma çıxmayacaqlarını bildirmişdilər. O, hesab edir ki, cavabdehlər onun mülkiyyət hüququnu məhdudlaşdırırlar, bu səbəbdən Cavabdeh1 və onun ailə üzvlərinin onun mənzilində yaşamağa hüququ yoxdur. Ona görə cavabdehlər ona məxsus mənzildən çıxarılmalıdırlar. Cavabdeh1 xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, iddianı qəbul etmir. Belə ki, məlum hadisələrlə bağlı uzun illər əvvəl həmin evə köçmüşlər. Onların yaşamağa yeri yoxdur. Onun uşaqlarından əlavə qaynının qızı Mehriban Orucova da həmin evdə yaşayır. Onları evlə təmin etsələr evdən çıxarlar. Məhkəmə icasında İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişlər. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, habelə üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclaslarına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* №-li Çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 137 saylı evin 39 saylı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 2576 nömrəli reyestr kitabının 239908 nömrəli vərəqində ********** nömrə ilə xx.xx.2016-cı ildə qeydiyyata alınmışdır. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Binəqədi rayon Mənzil Kommunal İstismar sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 92 №-li Arayışından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 137 saylı evdə yerləşən 39 saylı mənzil RX seriyalı ******* №-li xx.xx.2016-cı ildə verilmiş çıxarışa əsasən İddiaçı məxsusdur. Mənzildə Ağdam rayonundan gələn məcburi köçkünlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 yaşayırlar. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Binəqədi rayon Mənzil Kommunal İstismar sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 194 №-li Arayışından görünür ki, Cavabdeh1 Ağdam rayonundan məcburi köçkün kimi Bakı şəhəri, Binəqədi rayonu, Adil Məmmədov küçəsi, 137 saylı evin 39 nömrəli mənzilində oğlanları Cavabdeh2 və Cavabdeh3, qaynı qızı X1 ilə birlikdə yaşayır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 05 iyul 2023-cü il tarixli 3-36/2-1903/2023 №-li məktubdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsində yerləşən 137 saylı evin 39 nömrəli mənzilində müvəqqəti məskunlaşan Ağdam şəhərindən məcburi köçkünlər-Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 cəmi 3(üç) nəfər olmaqla dövlət tərəfindən yaşayış şəraitinin yaxşılaşdırılması məqsədi ilə 28 oktyabr 2019-cu il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, “Qobu Park 2” yaşayış kompleksində yerləşən 15 saylı binanın 10 nömrəli 2 otaqlı mənzili ilə təmin edilmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə mülki işin materiallarından, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsində yerləşən 137 saylı evin 39 nömrəli mənzilində məskunlaşmış olduqları müəyyən edilmişdir; sonuncuların mübahisəli mənzilə üzərindəki sahibliyinin isə hər hansı hüquqi əsasa söykəndiyi iş materialları ilə öz təsdiqini tapmır. Əksinə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehlər dövlət tərəfindən yaşayış şəraitinin yaxşılaşdırılması məqsədi ilə 28 oktyabr 2019-cu il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, “Qobu Park 2” yaşayış kompleksində yerləşən 15 saylı binanın 10 nömrəli 2 otaqlı mənzili ilə təmin edilmişlər. Bu baxımdan məhkəmə hesab edir ki, İddiaçı “cavabdehlərin mülkiyyətində olan mənzilindən çıxarılmalarını” tələb etməkdə haqlı olmuşdur. Bu qənaətə gələrkən məhkəmə həmçinin onu da nəzərə alır ki, “Qaçqınların və Məcburi Köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunun 17-ci maddəsinə əsasən qaçqın və məcburi köçkünün müvəqqəti və ya daimi yaşayış sahəsi ilə təmin edilməsi mövcud qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında Azərbaycan Respublikasının 21 may 1999-cu il tarixli Qanununun” 5-ci maddəsinə əsasən isə, məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir (Nazirlər Kabineti, Qaçqınların və X2 üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyətləri orqanları öz səlahiyyətləri daxilində). Məskunlaşdırma məqsədi ilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər”. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 1999-cu il tarixli 200 saylı Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin başqa yaşayış sahəsinə köçürülməsi Qaydası”na əsasən məcburi köçkünlərin köçürülməsi, onların məskunlaşdığı şəhər və rayon İcra Hakimiyyəti orqanlarının təşkil etdiyi komissiya tərəfindən həyata keçirilir. Müvəqqəti məskunlaşmış məcburi köçkünlər digər şəxslərin mənzil hüquqlarını pozduqda onlar həmin yaşayış məntəqəsi ərazisində zəruri tələblərə cavab verən başqa yaşayış sahəsi ilə təmin olunurlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Akimovun Azərbaycana qarşı işi üzrə qərarında isə göstərilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin başlıca və ən əsas tələbi mülkiyyətdən istifadə hüququna dövlət tərəfindən hər hansı bir müdaxilənin qanun çərçivəsində olmasından ibarətdir. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Həsənov Azərbaycana qarşı” 22 aprel 2010-cu il tarixli qərarında göstərmişdir: “Azərbaycanda məcburi köçkünlərin böyük sayının mövcudluğu məcburi köçkünlərin yaşayış sahəsi ilə təmin olunma hüquqlarına qarşı ərizəçinin 1 saylı Protokolun 1-ci maddəsi ilə təmin olunmuş mülkiyyətdən maneəsiz istifadə hüquqlarının tarazlaşdırılmasını tələb edirdi. Belə olan halda, cavabdeh Dövlətə geniş mülahizə həddi təqdim edilməlidir. Lakin dövlətin mülahizəsinin həyata keçirilməsi Konvensiyanın standartlarından fərqlənən nəticələrə səbəb olmamalıdır... Bununla bağlı, hazırkı işdə olan kimi vəziyyət toxunulmuş sosial və maliyyə yükünün ədalətli bölünməsini tələb edir. Bir qrupun və ya bütövlükdə cəmiyyətin maraqlarının necə əhəmiyyətli olmasından asılı olmadan bu yük konkret sosial qrupun və ya tək fərdi şəxsin üzərinə qoyula bilməz... Hazırkı işdə, onun xeyrinə olan yekun daxili qətnaməyə müvafiq olaraq, ərizəçi mənzilindən istifadə etmək üçün məcburi hüquqa malik olmuşdur. Parlamentin qəbul etdiyi qanunvericiliyə əsasən, bu hüquq mənzili zəbt edən məcburi köçkünləri alternativ yaşayış sahəsi ilə təmin etmək üzrə Dövlətin öhdəliyindən asılı olmuşdur. Hökumət tərəfindən qaçqınların və məcburi köçkünlərin mənzillə təmin olunmasına dair bəzi ümumi siyasətlərə istinad edilməsinə baxmayaraq, nə daxili araşdırmalarda, nə də məhkəmə qarşısında müəyyən edilməmişdir ki, daxili dövlət orqanları ərizəçinin spesifik işində öz vəzifələrini yerinə yetirmək üçün hər hansı addım atmışlar. Belə olan halda, icranın formal olaraq təxirə salınması üçün Prezidentin 01 iyul 2004-cü il tarixli Fərmanına daxili məhkəmələr tərəfindən sonrakı istinad üstünə gəlməklə yanaşı, qətnamənin icrasının bir neçə il ərzində təmin olunmaması ərizəçinin həddən artıq fərdi yükə məruz qaldığı vəziyyətin yaranması ilə nəticələnmişdir”.... ərizəçinin bu həddən artıq fərdi yükə məruz qalmasının müqabilində hər hansı kompensasiyanın olmadığı üçün dövlət orqanları məcburi köçkünləri yaşayış sahəsi ilə təmin etməkdə ifadə olunan ümumi maraqla ərizəçilərin mülkiyyətindən maneəsiz istifadə hüquqlarının müdafiəsi arasında tələb olunan ədalətli tarazlığa nail ola bilməmişlər. Qeyd olunanlar ona dəlalət edir ki, qaçqınların sosial problemləri, ayrı-ayrı fərdlərin hüquqlarının məhdudlaşdırılması hesabına həll edilə bilməz”. Odur ki, məhkəmə iddia tələbini əsaslı hesab edir ki, qeyd edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsində yerləşən 137 saylı evin 39 nömrəli mənzilindən çıxarılmalıdırlar Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası qanunun 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azaddırlar. Bu baxımdan məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1.-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsində yerləşən 137 saylı evin 39 nömrəli mənzilindən çıxarılsınlar. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar