Məhkəmə qərarları › İş №2(001)-2891/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-2891/2022

06.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-2891/2022 06.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu, Ərizəçi Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətini maraqlı şəxs qismində cəlb etdiyi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi”nə dair ərizəsini və əlavə olunmuş sənədləri 06 aprel 2022-ci il tarixdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 1998-ci ildən hal-hazıradək Azərbaycan Respublikası ərazisində daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmamağına dair hüquqi faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni ona əlavə edilmiş sənədlərlə birlikdə nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, ərizənin icraata qəbul olunmasından imtina olunmalıdır. Belə ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli, 03 saylı plenum qərarının 12-ci bəndində göstərilmişdir ki, Məhkəmələr Azərbaycan Respublikası MPM-nin 307.2.10-1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 4-cü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktını müəyyən edərkən mütləq mövcud qanunvericiliyin tələblərini rəhbər tutmalıdırlar. Sözügedən Qanunun 14-cü maddənin 4-cü hissəsində göstərilir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda, keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. Göründüyü kimi şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktını müəyyən edilməsi zamanı şərtlərdən biri də şəxsin 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşaması və şəxsiyyətini təsdiq edən etibarlı sənədlərin olmamasıdır ki, təqdim edilmiş hazırkı ərizədə bunu təsdiq edən sübut mövcud deyil. Odur ki, ərizənin qəbul edilməsindən imtina olunmalı, ərizəçiyə ümumi əsaslarla “Azərbaycan Respublikasının vətəndaşlıığı haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsi ilə bağlı müraciət etmək hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 153.2 və 153.2.1-ci maddəsinə ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. - 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Həmçinin, ərizəyə əlavə edilmiş “dövlət rüsumunun ödənilməsi barədə” qəbzdən görünür ki, hazırki ərizənin verilməsi ilə bağlı X2 tərəfindən 01 aprel 2022-ci il tarixdə “Expresspay” ödəniş sistemi vasitəsi ilə “Məhkəmələr” xidməti üzrə 100 manat məbləğində dövlət rüsumu ödənilmiş, qəbzin nömrəsi 886721172-dir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən, ərizənin verilməsi üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu büdcədən X1 qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ М: Ərizəçi Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətini maraqlı şəxs qismində cəlb etdiyi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi”nə dair ərizəsinin icraata qəbulundan imtina edilsin, ərizəsi və ona əlavə edilmiş sənədlər Ərizəçi qaytarılsın. Ərizəçi “Azərbaycan Respublikasının vətəndaşlıığı haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsi ilə bağlı müraciət etmək hüququnun olması izah edilsin. Dövlət rüsumunun əvəzi kimi 100 manat məbləğində pul vəsaiti büdcədən X1 qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar