Məhkəmə qərarları › İş №2(001)-290/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-290/2023

28.03.2023 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-290/2023 28.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, Ərizəçi Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Bakı şəhəri Binəqədi Rayon Qeydiyyat Şöbəsinə qarşı “şəxsin ölmüş hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Binəqədi Rayon Qeydiyyat Şöbəsinə qarşı “şəxsin ölmüş hesab edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1979-cu il təvəllüdlü X2 ölmüş elan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin anası X3 xx.xx.2015-ci ildə vəfat etmişdir. X1 2016-cı ili may ayında işləmək adı ilə Gürcüstan Respublikasından keçərək Türkiyə Respublikasına getmişdir. Atası ilə 2017-ci ilin mart ayına kimi əlaqələri olmuş, daha sonra əlaqə kəsilmişdir. Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı bölməsində araşdırılma başladılmış, lakin toplanmış materiallarda cinayət hadisəsi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. X4 artıq 5 ildən çoxdur ki, yaşayış yerində görünməmişdir. Qeyd olunanlara əsasən, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştitak edən Ərizəçi izahatında bildirdi ki, atası F.Qənbərovun ölmüş elan edilməsi mirasın açılması zamanı vərəsələrin müəyyən edilməsi baxımından zəruridir və ərizəni müdafiə edərək, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası MPMnin 185-ci maddəsinə əsasən maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.1979-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5871/2020 saylı, xx.xx.2020ci il tarixli qətnaməsindən görünür ki, xx.xx.1979-cu il tarixdə Bakı şəhərində doğulmuş X4 xəbərsiz itkin düşmüş elan edilmişdir. - 31.08.2017-ci il tarixli qərara əsasən, iş üzrə cinayət hadisəsi olmadığından cinayət işinin başlanmasının rədd edilmişdir. - Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-13-46/2- 2670 saylı məktublarından görünür ki, X4 barəsində 1990-cı ildən hazırki vaxta qədər axtarış elan olunmamışdır. - İş materiallarında olan müxtəlif qurumlara ünvanlanmış sorğuların cavab məktublarından görünür ki, xx.xx.1979-cu il təvəllüdlü F.Qənbərov barədə Polis bölməsinə heç bir müraciət daxil olmamış, barəsində axtarış elan olunmamışdır. Azərbaycan Respublikası MPM-nin 305.1.2-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin ölmüş elan edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 41.1-ci maddəsinə əsasən Əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 315.2-ci maddəsinə görə şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Beləliklə, məhkəmə hesab edir ki, xx.xx.1979-cu il tarixdə Bakı şəhərində doğulmuş X2 yaşayış yerində (Bakı şəhəri, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi, ev 18) onun harada olması barədə beş ildən artıq müddətdə məlumatın olmaması (2017-ci ilin mart ayından), F.Qənbərovun xəbərsiz itkin düşmüş hesab edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin mövcud olması və işin digər mötəbər sübutları ərizənin əsaslı olmasını tam sübuta yetirir. Buna görə də məhkəmə hesab edir ki, ərizə təmin edilərək xx.xx.1979-cu il tarixdə Bakı şəhərində doğulmuş X4 ölmüş elan edilməlidir. Məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gün X2 ölüm günü hesab edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216- 220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1979-cu il tarixdə Bakı şəhərində doğulmuş X4 ölmüş elan edilsin. xx.xx.1979-cu il tarixdə Bakı şəhərində doğulmuş X2 ölüm günü məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gün hesab edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar