Məhkəmə qərarları › İş №2(001)-2985/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2985/2022

09.08.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2985/2022 09.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə1, Cavabdeh Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və azyaşlı övladlarının ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülmələri, fərdi evin həyət qapısının açılması və mediasiya xərcinin əvəzi olaraq 25 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdehla 2007-ci ildə el adəti ilə həyatı qurmuş, 2008-ci ildə nikahlarını rəsmiləşdirilmişlər. Birgə nikahdan xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X8 anadan olmuşlar. Daha sonra məhkəmə qətnaməsinə əsasən tərəflərin nikahı pozulmuş və birgə nikahdan olan uşaqlar ananın himayəsində saxlanılmışdır. İddiaçı 2007-ci ildə faktiki nikaha daxil olarkən cavabdehə məxsus mübahisəli mənzilə gəlin köçmüş və cehiz əşyalarınıda həmin mənzilə aparmışdır. Qeyd edilən mənzildə o, 10 ildən artıq yaşamışdır. Lakin hazırda cavabdeh fərdi evin həyətinin giriş qapısını bağlayaraq iddiaçını və uşaqlarını həyətə buraxmır. İddiaçıya məxsus cehiz əşyaları isə həmin fərdi yaşayış evinin 1 otağına yerləşdirilmişdir. Əlavə olaraq iddiaçı qeyd etmişdir ki, uşaqlardan biri həmin ərazidə yerləşən 292 saylı uşaq baxçasına, digəri isə 298 saylı orta məktəbin 8-ci sinfinə gedir. Qeyd edilənlərə əsasən, iddiaçı mənzilə köçürülmə tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçı mübahisəli tikiliyə deyil, ünvan 2 ünvanında yerləşən mənzilə gəlin köçmüşdür. İddiaçı qaynanası və baldızı ilə daimi münaqişədə olduğundan, anası (Nümayəndə2) ona mübahisəli tikilidə müvəqqəti yaşamağa icazə vermişdir. Əlavə olaraq qeyd etdi ki, heç kim iddiaçını məcburi olaraq evdən qovmamış, o özü könüllü olaraq getmişdir. Nikahları pozulduğundan iddiaçının ailə üzvü olmadığını, tikilidən könüllü olaraq getdiyini, başqa yerdə yaşayış sahəsinin olduğunu və mübahisəli yaşayış sahəsinin anası Nümayəndə2 adına olmasını nəzərə alaraq tələbin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə1 iddia tələbini qəbul etməyərək bildirdi ki, mübahisəli mənzil anası Nümayəndə2 adınadır. O, həmin evi iddiaçı və cavabdehə müvəqqəti olaraq yaşamaqları üçün vermişdir. Bu səbəbdən də iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib və mülki işin materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddiaçının iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - X9, X4 və X2 tərəfindən imzalanmış akta əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Hüseynzadə küçəsi, 13-də İddiaçı övladları X7 və X8 ilə birlikdə 9 ildən artıqdır ki, qeydiyyatsız yaşayırlar. - Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən verilmiş 232 nömrəli, 17 noyabr 2021-ci il tarixli arayışa əsasən, X7 2014-cü ildən 2021-ci il tarixədək Binəqədi rayonu 298 nömrəli tam orta məktəbdə oxuyub. Arayış verilən tarixdə həmin məktəbin "xxxx" sinfində təhsil alır. - Bakı şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri idarəsi 292 saylı uşaq baxçıası tərəfindən verilmiş 12 nömrəli, xx.xx.2021-ci il tarixli arayışa əsasən, X1 qəsəbəsi 292 nömrəli uşaq baxçasına 8 aydırki gedir (arayışın verilmə tarixinə qədər). - cinayət işinin başlanılmasının rədd edilməsi barədə xx.xx.2021-ci il tarixli qərara əsasən, Nümayəndə1 Hafiq qızının keçmiş gəlinləri İddiaçı tərəfindən döyülməsi barədə ərizəsi üzrə toplanmış materillara əsasən cinayət işinin başlanması rədd edilmişdir. Həmçinin İddiaçı barəsində AR İXM-nin 157-ci maddəsinə əsasən inzibati qaydada inzibati təsir tədbirləri görülməklə gələcəkdə baş verə biləcək hər hansı qanuna zidd hərəkətlərin qarşısının alınması məqsədi ilə həmin ailələr münaqişəli ailə kimi qeydiyyata götürülməsi üçün qərarın surətinin ərazinin sahə inspektoruna həvalə edilməsi qərara alınmışdır. - X11, X12 və X10 tərəfindən notarial qaydada verilmiş akta əsasən, İddiaçı ünvan 3 ünvanında 2007-ci ildən 2012-ci ilədək qeydiyyatsız yaşadığı qeyd edilmişdir. - Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 200 nömrəli, xx.xx.2002ci il tarixli Sərəncamına əsasən, Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 19/481 saylı, xx.xx.1991-ci il tarixli sərəncamı ilə Biləcəri qəsəbəsi M.Hüseynzadə küçəsi 56 saylı mağazanın yanında “Bəhruz” İK-na verilmiş tikililərin vətəndaş Nümayəndə2 adına keçirilməsinə və həmin tikililərin dam örtüyünün təmir edilməsi icazə verilmişdir. - "xxxx" ASC tərəfindən verilmiş abunə haqqında məlumata əsasən, ünvan 4 ünvanına quraşdırılan sayğac (abunə kodu **********20099) Nümayəndə2 adınadır. - “Azəriqaz” İB tərəfindən verilmiş abonent saldosuna əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Hüseynzadə ünvanına quraşdırılan sayğac (abonent kodu **********10910) Nümayəndə2 adınadır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zaman qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə və s.” tələbinə münasibətdə araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarından müəyyən edilir ki, iddiaçının köçürülməsini tələb etdiyi mübahisəli mənzil (yaşayış sahəsi) sərəncama əsasən keçmiş qaynanası Nümayəndə2 istifadə və sahibliyinə verilmişdir. Qeyd edilməlidir ki, Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Göstərilən məsələ ilə bağlı M.Bağırovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Göründüyü kimi, hazırki iş üzrə iddia tələbi buna cavab verməli olmayan cavabdeh olan Cavabdeh qarşı irəli sürüldüyündən iddia tələbi əsassız olduğuna görə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Beləliklə, müəyyən edilir ki, iddiaçının hazırda köçürülməsini istədiyi yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, ərazi üzrə müvafiq icra hakimiyyətinin sərəncamına əsasən faktiki olaraq Nümayəndə2 sahibliyində və istifadəsindədir (200 nömrəli, xx.xx.2002-ci il tarixli sərəncama əsasən). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə və s.” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan islifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarınının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə və s.” tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar