Məhkəmə qərarları › İş №2(001)-2993/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2993/2020

29.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2993/2020 29.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Məmmədova Gülbəniz Vaqif qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslanırılmışdır ki, ünvan 1 ünvanda yerləşən mənzil iddiaçının şəxsi mülkiyyətindədir. Mənzil daşınmaz əmlakın Dövlət reyesterindən hüquqi qeydiyyatdan keçirilərək seriya MH №-018512 saylı, xx xxx 1996-cı il tarixdə müvafiq olaraq iddiaçının adına qeydiyyat vəsiqəsi verilmişdir. İddiaçı Cavabdeh ilə xx xxxxx 2007ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Onların birgə nikahlarından xx xxxxxx 2008-cı il təvəllüdlü X4 doğulmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(001)-5592/2018 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh arasında bağlanmış xx xxxxx 2007-ci il tarixli nikah pozulmuşdur. Cavabdeh 2014-cü ildən faktiki olaraq mənzili tərk etmiş və Almaniyaya getmiş, orada həkim işləyir və uşaq da Almaniyada məktəbdə oxuyur və həmin vaxtdan da bu mənzildə yaşamamış və ona aid qeyd olunan mənzildə heç bir əşya və əmlak qalmamışdır. Cavabdeh nikahın pozulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdə, ərizədə onların birgə təsərrüfat aparmadığını göstərmişdir. Həmçinin iddiaçının uşaqla ünsiyyətinə dair mülki işə baxılarkən Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən rəy verilmiş və rəydə də nümayəndəsi - atası X3 izahatında qızının 2014-cü ildən Almaniya Federativ Respublikasında həkim işləməsi və yaşamasını təsdiq etmişdir. Həmçinin komissiyanın iclası zamanı cavabdehlə görüntülü danışıqlarda cavabdeh özü də Almaniya Federativ Respublikasında yaşamasını təsdiq etmişdir. Cavabdeh bu ünvanda formal pasport qeydiyyatında qalmış, həmin vaxtdan bu ünvanla heç bir əlaqəsi olmamışdır. Halbuki, cavabdehin pasport qeydiyyatında qalması iddiaçının mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneçilik törədir. Həmçinin xx xxxxxx 2008-cı il təvəllüdlü X4 da anası ilə birlikdə Almaniyada daimi yaşayır və orta məktəbdə təhsil alır və bu səbəbdən də onun da istifadə hüquqalrına xitam verilməlidir . Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin seriya MH 018542 nömrəli Qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak xx.xx.1996-cı il tarixdən İddiaçı xüsusi mülkiyyəti kimi hüquqi qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və himayəçilik komissiyasının 2(001)-5734/2019 saylı mülki iş üzrə uşaqla ünsiyyət qaydalarının müəyyən edilməsi barədə rəydə aşağıdakılar göstərilmişdir: “ ... Cavabdeh etibarnamə üzrə nümayəndəsi atası X3 izahatında göstərdi ki, hüquqlarını müdafiə etdiyi qızı Cavabdeh ailəsi iddiaçının ailə qarşısında məsuliyyət hissinin olmaması səbəbindən dağılmışdır, rəsmi boşanma olub. Cavabdeh 2014-cü ilin may ayından Almaniya Federativ Respublikasında həkim-kardioloq işləyir, nəvəsi Rza 1-ci sinifdən Almaniya Respublikasında orta məktəbdə təhsil alır, hazırda 5-ci sinifdə oxuyur ... ... Komissiya iclası zamanı Cavabdeh ilə görüntülü WhatsApp proqramı vasitəsilə danışıqlar aparılan zaman o, bildirdi ki, Almaniya Federativ Respublikasında yaşayır, həkim işləyir, övladı Rza məktəblidir, bu səbəbdən komissiya iclasında iştirak edə bilmir”. İş üzrə müəyyən olunur ki, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak xx.xx.1996-cı il tarixdən İddiaçı xüsusi mülkiyyəti kimi hüquqi qeydiyyatdan keçsə də, cavabdeh həmin mənzildə nikaha daxil olduğu vaxtdan – yəni 2007-ci ildən yaşayır. Belə olan halda, hazırkı mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinin müddəaları tətbiq edilməlidir. Belə ki, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2001-ci il tarixli qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Mülki Məcəllənin 228.2-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Mülki Məcəllənin 228.5-ci maddəsinə müvafiq olaraq, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. İş materiallarından göründüyü kimi, Cavabdeh oğlu xx.xx.2008-ci il təvəllüdlü Rza Quliyev ilə birlikdə 2014-cü ildən Almaniya Federativ Respublikasında yaşayır, həmin ölkədə həkim işləyir, Rza Quliyev isə orada məktəbdə oxuyur. Belə olan halda cavabdehin iddiaçının mənzilindən istifadə hüququnun əldə edilməsini zəruri edən əsasın mövcud olmaması aşkardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan itsifadə etmək və ona dair sərancam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 1 saylı Protokolunun 1-ci bəndinə müvafiq olaraq, hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 2-ci maddəsinə görə, şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri , sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer - onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. Həmin Qanunun 9-cu maddəsinə müvafiq olaraq, şəxs yaşayış yerini dəyişdikdə ... yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə ... müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Məhkəmə xx.xx.2008-ci təvəllüdlü X2 ünvan 1 ünvanında qeydiyyatda olması ilə bağlı qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(001)- 5592/2018 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə tərəflərin birgə nikahından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X4 anası Cavabdeh yanında saxlanılmışdır. Beləliklə, Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2008ci il təvəllüdlü X4 ilə birlikdə ünvan 1 ünvanına istifadə hüququna xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X4 ilə birlikdə ünvan 1 ünvanına istifadə hüququna xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar