Məhkəmə qərarları › İş №2(001)-3011/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(001)-3011/2021

26.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3011/2021 26.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququna xitam verilməsi barədə iddia ərizəsinə dair mülki işə 26 aprel 2021-ci il tarixdə açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, o, ailəsi ilə birlikdə 2013-cü ildən iddia ərizəsində göstərilən mənzildə yaşayır. 30 dekabr 2020-ci il tarixdə əri X3 vəfat etmişdir. Göstərilən fərdi yaşayış eivni onlar qarşılıqlı razılıq yolu ilə dəyəri tam ödənilməklə faktiki alğı-satqı qaydasında 2013-cü ildə X1 almışlar. Cavabdeh hansı qaydada göstərilən mənzilə qeydiyyata düşməsindən məlumatı yoxdur. Belə ki, cavabdeh onlara məxsus evdə qeydiyyatda olsa da, onlar həmin evi aldıqdan sonra heç vaxt orada yaşamamışdır. Bunu qonşuluqda yaşayan şəxslər tərəfindən tərtib olunmuş akt və İcra Nümayəndəliyinin məktubu da təsdiq edir. Cavabdehin formal olaraq onlara məxsus mənzildə qeydiyyatda qalması onların əlavə kommunal xərclər ödəməkləri ilə, habelə evdən istifadə hüquqlarının məhdudlaşması ilə nəticələnir. Buna görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Sonda İddiaçı məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılması, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun özünə aid edilməsini xahiş etdi. Cavabdehə qeydiyyatda olduğu ünvan üzrə məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada bildiriş göndərilməsinə baxmayaraq, onun iştirakının təmin olunması mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci madəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmiş, buna görə də işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Mülki iş materiallarında olan: - nihak haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı X2 arvadıdır. - ölüm haqqında şəhadətnamədən görünür ki, X3 30 dekabr 2020-ci il tarixdə vəfat etmişdir. - Binəqədi rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 23 fevral 2021-ci il tarixli məktubundan görünürn ki, 12.09.1953-cü il təvəllüdlü Cavabdeh Bakı şəhəri, Biləcəri qəsəbəsi, ünvan 1 ünvanında qeydiyyatdadır. - Biləcəri qəsəbəsi, ünvan 2da yaşayan şəxslər tərəfindən tərtib olunmuş 25 fevral 2021-ci il tarixli aktdan görünür ki, Cavabdeh 2013-cü ildən Biləcəri qəsəbəsi, ünvan 1 ünvanında X2 ailəsinin yaşadığı mənzildə yaşamamışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmalıdır. Belə ki, iş üzrə toplanmış sübutlarla təsdiq olunur ki, cavabdeh mübahisəli mənzildə yaşamır və onun həmin mənzildə qeydiyyatı formal xarakter daşıyır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Hazırkı halda cavabdehin mübahisə predmeti olan mənzildə formal olaraq qeydiyyatda qalması iddiaçının əmlakdan maneəsiz istifadə etmək hüququnu məhdudlaşdırır, həmçinin iddiaçının əlavə kommunal ödəniş etməsinə gətirib çıxarır.. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir. Avropa Məhkəməsi Sporronq və Lonnrot İsveçə qarşı işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Məhkəmə işin faktiki hallarını şərh olunan normalar əsasında qiymətləndirərək hesab edir ki, Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilməlidir. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilsin. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə həmin qətnamənin ləğvi barədə cavabdeh tərəfindən ərizə verilə bilər. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində - qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar