Məhkəmə qərarları › İş №2(001)-3030/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3030/2022

28.06.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3030/2022 28.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X6 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında X4 Xidməti “X11 Daşımaların Təşkili” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “işə bərpa, əmrin ləğvi buraxılmış müddət üzrə əmək haqqının ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında X4 Xidməti “X11 Daşımaların Təşkili” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli əmrinin ləğv edilməsi, İnsan resusrları şöbəsinə aparıcı mütəxəssis vəzzifəsinə bərpa olunması və buraxılmış müddət üzrə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2008-ci il tarixdən Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin “Avtonəqliyyat Servis” departamentində əmək fəaliyyətinə başlayaraq, həmin sistemdə müxtəlif vəzifələrdə işləmişdir. 2008-ci ildən 2012-ci ilədək Nəqliyyat Nazirliyi “Avtonəqliyyatservis” Departamentində mütəxəssis və aparıcı mütəxəssis-iqtisadçı, 2012-ci ildən 2014-cü ilədək Nəqliyyat Nazirliyi X4 Xidməti “X8 Təşkili” MMC-də şöbə rəisi müavini, 2014-cü ildən 2016-cı ilədək Nəqliyyat Nazirliyi X4 Xidməti “Sərnişin və X12” MMC-də baş mütəxəssis, bölmə rəisi, şöbə rəis müavini, xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci tarixədək X4 Xidməti “X11 Daşımaların Təşkili” MMC-də bölmə rəisi, şöbə rəis müavini və aparıcı mütəxəssis vəzifələrində işləmişdir. Uzun illər həmin Nəqliyyat Nazirliyi sistemində işləməyinə baxmayaraq, müxtəlif vaxtlarda qısamüddətli əmək müqavilələri cavabdh təşkilat ilə bağlanmışdır. İşlədiyi müddət ərzində həmişə ona həvalə edilən bütün tapşırıqları yerinə yetirmiş və ona həvəsləndirici tədbirlər kimi təşəkkür elan edilmişdir. İşlədiyi müddət ərzində heç vaxt əmək intizamı qaydalarını pozmamış və ona qarşı heç bir irad bildirilməmişdir. Lakin xx.xx.2022-ci il tarixində cavabdeh təşkilat tərəfindən əmək müqaviləsinə xitam verilməsi barədə əmr göndərilmişdir. Həmin əmrdə göstərilir ki, AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qutarması) əsasən X9 edilməsi şöbəsinin aparıcı mütəxəssisi İddiaçı xx.xx.2022-ci il tarixdən tutduğu vəzifədən kənar edilsin, onunla bağlanmış əmək müqaviləsinə xitam verilsin. Həmin təşkilatda uzun müddət işlədiyini, əmək müqaviləsində göstərilən əmək funksiyalarını pozmamağını, əmək qanunvericiliyinə daim riayət etməsini nəzərə alaraq, hesab edir ki, əmək müqaviləsinə birtərəfli qaydada xitam verilməsi qanunsuzdur. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir. Müəssisənin müxtəlif şöbələrində 14 il işləmişdir. Müəssisənin adı dəyişilmiş, yeni direktor təyin edilmişdir. Nəticədə onunla bağlanan əmək müqaviləsi müddətli bağlanmış və müqavilə müddəti bitdiyinə görə əmək müqaviləsinə xitam verilmişdir. Əslində isə həmin müəssisədə 5 ildən artıq işlədiyinə görə onunla müddətsiz əmək müqaviləsi bağlanmalı idi.

4. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçı izahatlarında bildirmişdir ki, O “X11 Daşımaların Təşkili” MMC-də X9 edilməsi şöbəsinin aparıcı mütəxəssisi vəzifəsində işləmiş və xx.xx.2022-ci il tarixdə əmək müqaviləsinin müddətinin qurtarması səbəbilə işdən azad edilmişdir. Həmin müəssisədə 2008-ci ildən işləyir. Müəssisə həmin vaxt Nəqliyyat Nazirliyinin Avtonəqliyyatservis Departamenti adlanırdı. Daha sonra X8 Təşkili MMC, Sərnişin və X12 MMC və son olaraq X11 Daşımaların Təşkili MMC adlanmışdır. Bu müəssisədə 14 ilə yaxın işləmişdir. xx.xx.2018-ci il tarixdə onunla müddətli əmək müqaviləsi bağlanmışdır. xx.xx.2018-ci il tarixli ərizəni vəzifəsinin dəyişməsi məqsədilə yazmışdır. Ona digər işə keçməklə bağlı ərizə yazmağı deyildiyindən, o da, ərizəsini o formada yazmışdır. Onunla müddətli əmək müqaviləsi bağlandığından məlumatı var idi. Düşünmüşdür ki, onun fəaliyyətini nəzərə alaraq müəssisə əmək müqaviləsinin müddətini uzadar. Lakin həmin ərizə xx.xx.2018-ci i tarixli olsa da, ərizəni aprelin 2-si əvvəlki tarixlə yazmışdır. Özü mart ayının 27-si işdə olmuş, lakin sistemdə onun martın 27-si işdən azad edildiyi görünür. 2018-ci ilin mart ayının 30-da X9 edilməsi şöbəsinə aparıcı mütəxəssis vəzifəsində işə başlamışdır. Əmək müqaviləsi müddətli olmuşdur. 02 iyul 2021-ci il tarixində əmək müqaviləsinin müddətini 3 aylıq- 02 oktyabr 2021-ci ilə qədər uzatmışlar. 2-ci dəfə isə 02 yanvar 2022-ci ildən 02 fevral 2022-ci ilə qədər 1 aylıq uzamışlar. Pandemiya dövründə distant işləmişdir. Daha sonra uşağı dünyaya gəldiyi üçün məzuniyyət götürmüşdür. Məzuniyyəti bitib işə çıxmaq zamanı gəldikdə isə müəssisədən ona işdən azad olunacağını demişlər. Onunla həmin müəssisədə işlədiyi dövr ərzində həmişə müddətli əmək müqaviləsi bağlanmışdır. Əslində isə müəssisədə 5 ildən artıq işlədiyindən onunla müddətsiz əmək müqaviləsi bağlanmalı idi.

5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, məhkəməyə təqdim etdiyi etirazı müdafiə edir. İşçi ilə əmək müqaviləsi 2018-ci ildə müddətli olaraq bağlanıb. 5 il müddət tamam olmadan işçinin müddətli əmək müqaviləsinin müddəti bitmişdir. Müqavilə vaxtı bitdiyindən əmək müqaviləsinə xitam verilmişdir. Müəssisədə 5 ildən artıq işləmədiyinə görə iddiaçı ilə müddətsiz əmək müqaviləsi bağlana bilməzdi.

6. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi izahatlarında bildirmişdir ki, İddiaçı xx.xx.2018-ci il tarixdə öz ərizəsi ilə “X11 Daşımaların Təşkili” MMC-də X9 edilməsi şöbəsinə müddətli əmək müqaviləsi əsasında aparıcı mütəxəssis vəzifəsinə təyin edilməsini xahiş etmiş və bununla bağlı onunla müəssisə arasında müddətli əmək müqaviləsi bağlanmışdır. xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əlavə ilə işəgötürən tərəfindən müddətli əmək müqaviləsinin müddəti 1 ay müddətinə xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar xx.xx.2022-ci il tarixli əmrlə iddiaçının əmək müqaviləsinə xitam verilmişdir.

7. Cavabdeh xx.xx.2022-ci il tarixində iddiaya dair etirazını məhkəməyə təqdim etmişdir.

8. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında X4 Xidməti "X11 Daşımaların Təşkili” MMC-nin (bundan sonra İşəgötürən) xx.xx.2022-ci il tarixli əmrinin ləğv edilməsi, İnsan resursları şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə bərpa olunmasını və buraxılmış müddət üzrə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində 2012-ci ildən xx.xx.2022ci il tarixədək qeyd edilən müəssisədə müxtəlif vəzifələrdə işlədiyini, xx.xx.2022-ci ildə onunla bağlanmış müddətli müqavilənin ləğv edildiyini, qeyd edilən müəssisədə uzun illər işlədiyindən Azərbaycan Respublikası Əmək 45-ci maddəsinə əsasən müddətli müqavilənin müddətsiz hesab edildiyini və bu səbəbdən də işəgötürənin əmək müqaviləsini bir tərəfli qaydada ləğv edilməsinin qanunsuz olmasını qeyd etmişdir. İddiaçının qeyd edilən iddiası əsassızdır. Belə ki, İddiaçının şəxsi işindən göründüyü kimi, iddiaçı həmin müəssisədə Karquzarlıq bölməsinin rəisi vəzifəsindən xx.xx.2018-ci ildə ildə azad edilmişdir. İddiaçı, 30 mart 2018-ci il tarixdə "X11 Daşımaların Təşkili" MMC-yə ərizə ilə müraciət edərək onu X9 edilməsi Şöbəsinə müddətli müqavilə əsasında aparıcı mütəxəssis vəzifəsinə təyin edilməsini xahiş etmiş və bununla əlaqədar onunla işəgötürən müəssisə tərəfindən xx.xx.2018-ci il tarixdə qeyd edilən məzmunda müddətli müqavilə bağlanaraq iddiaçı əvvəllər işləmədiyi X9 edilməsi Şöbəsinə işə qəbul edilmişdir. İddiaçının şəxsi işində olan 02 yanvar 2022-ci il tarixli əmək müqaviləsinə 1 nömreli əlavesindən göründüyü kimi, iddiaçı ilə işəgötürən tərəfindən müddətli əmək müqaviləsi 1 ay müddətinə xx.xx.2022-ci il tarixədək uzadılmışdır. 04 fevral 2022-ci il tarixli 16-ş/h nömrəli əmrdən göründüyü kimi əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar İddiaçı ilə əmək müqaviləsinə xitam verilmişdir. Beləliklə, iş materiallarından göründüyü kimi, həmin müqavilənin müddəti tərəflərin verilmişdir. qarşılıqlı razılığı ilə müqaviləyə edilən xx.xx.2022-ci il tarixli 1 №-li əlavəyə əsasən bir ayliq uzadılaraq, sonuncu iş günü kimi xx.xx.2022-ci il tarixi qeyd edilmiş nəhayət, əmək müqaviləsi müddətinin qurtarması səbəbi ilə 04 fevral 2022-ci il tarixli əmr ilə həmin tarixdən əmə müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası əmək Məcəlləsinin 42-ci maddəsinin 1-ci və 2-ci bəndinə əsas emək müqavilələri sərbəst bağlanır, əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Həmin Məcəllənin 47-ci maddəsinin "f yarım bəndinə əsasən əmək müqaviləsi müddətli olaraq tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə bağlanıla bilər. Qeyd edilən maddələrdən göründüyü kimi tərəflər müddətli əmək müqaviləsinin bağlanıbbağlanmamasında sərbəstdilər və əmək münasibətləri yaratmayan va ya yaratmaq istəməyən heç kəs Əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Cavabdeh işəgötürən də əmək müqaviləsini, o cümlədən müddətli əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz, tərəflərdən hər biri, o cümlədən işəgötürən də müddətli müqavilənin bağlanmasına məcbur ediləcəyi təqdirdə bu Qanunvericilikdə qeyd edilmiş hüquq bərabərliyi prinsipinin və müqavilələri sərbəst şəkildə bağlamağa dair tələbin kobud pozulması kimi qəbul edilər.Bundan əlavə, onu da xüsusilə qeyd etmək istəyirlər ki, iddiaçının özü də onunla müddətli müqavilə bağlanması barədə ərizə ilə müraciət etmiş və həmin müqavilənin qüvvədə olduğu müddət ərzində həmin müddətli müqaviləni mübahisələndirməmişdir. İddiaçının şəxsi işində olan sənədlərdən göründüyü kimi, iddiaçı iddia ərizəsində əsassız olaraq işəgötürənlə qeyd edilən vəzifədə işləməsi barədə müqavilənin 5 ildən artıq davam etməsini göstərmiş, onunla işəgötürən tərəfindən müddətli əmək müqaviləsi xx.xx.2018-ci ildən xx.xx.2022-ci il tarixədək cəmi 03 il 09 ay 02 gün davam etmiş, bu da qeyd edilən müddətli müqavilənin müddətsiz müqaviləyə keçməsinə əsas verən 5 il müddətindən azdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

9. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 256 saylı xx.xx.2014-cü il tarixli sərəncamından görünür ki, xx.xx.2006-cı il tarixdə, 0106P264- 47003 nömrə ilə Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bakı bölgə şöbəsində dövlət qeydiyyatına alınmış "xxxx" MMC-nin adı dəyişdirilərək “Bakı Sərnişin və X10” MMC kimi müəyyən edilməsi qərara alınmışdır.

10. “Bakı Sərnişin və X10” MMC-nin nizamnaməsi Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Vergilər Departamentinin Kommersiya Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2014-cü il tarixində ********* № ilə qeydiyyata alınmışdır.

11. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2016-cı il tarixli 55 №-li sərəncamından görünür ki, “Bakı Sərnişin və X10” MMC-nin adının dəyişdirilərək “X11 Daşımaların Təşkili” MMC adlandırılması və üçüncü redaksiyada hazırlanmış Nizamnaməsinin təsdiq edilməsi qərara alınmışdır.

12. "xxxx" MMC Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixində ********** № ilə qeydiyyata alınmışdır.

13. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2018-ci il tarixli 222 №-li sərəncamından görünür ki, “X11 Daşımaların Təşkili” MMC-nin dördüncü redaksiyada hazırlanmış Nizamnaməsinin təsdiq edilməsi qərara alınmışdır.

14. Nizamnamə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Vergilər Departamentinin Kommersiya Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixində ********** № ilə qeydiyyata alınmışdır.

15. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında X4 Xidməti “X11 Daşımaların Təşkili” MMC xx.xx.2022-ci il tarixli 16-ş/h saylı əmrdən görünür ki, “X11 Daşımaların Təşkili” MMC-nin X9edilməsi şöbəsinin aparıcı mütəxəssisi İddiaçı xx.xx.2022-il il tarixindən tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qutarması) əsasən xitam verilməsi əmr edilmişdir. Əsas kimi əmək müqaviləsinin müddətinin qutarması göstərilmişdir.

16. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı “X11 Daşımaların Təşkili” MMC ilə əmək müqaviləsinə MMC-nin 16 nömrəli, xx.xx.2022 tarixli əmri ilə xx.xx.2022-ci il tarixində 68.2.b) - əmək müqaviləsinin müddətinin qutarması əsası ilə xitam verilmişdir. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin tarixi xx.xx.2018-ci ildir.

17. İddiaçı “X11 Daşımaların Təşkili” MMC-nin baş direktoru Vüqar Süleymanzadəyə ünvanlanan xx.xx.2018-ci il tarixli ərizəsindən görünür ki, İddiaçı öz xahişi ilə tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir.

18. İddiaçı “X11 Daşımaların Təşkili” MMC-nin baş direktoru Vüqar Süleymanzadəyə ünvanlanan xx.xx.2018-ci il tarixli ərizəsindən görünür ki, İddiaçı özünün X9 Edilməsi şöbəsinə müddətli müqavilə əsasında aparıcı mütəxəssis vəzifəsinə təyin edilməsini xahiş etmişdir.

19. “X11 Daşımaların Təşkili” MMC ilə İddiaçı arasında bağlanan xx.xx.2018-ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixindən cəmiyyətin X9 edilməsi şöbəsinin aparıcı mütəxəssisi vəzifəsində işə başlayır. Əmək müqaviləsi xx.xx.2018-ci il tarixində 1 ay müddətinə bağlanır. Əmək haqqı 360 manat məbləğində müəyyən edilmişdir.

20. “X11 Daşımaların Təşkili” MMC-nin xx.xx.2018-ci il tarixli 17-ş/h saylı əmrindən görünür ki, “Azərbaycan Respublikası Nəqliyyat, rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 22 fevral 2018-ci il tarixli, 0023 saylı əmrinin icrasını təmin etmək məqsədilə İddiaçı X9 edilməsi şöbəsinə aparıcı mütəxəssis vəzifəsinə 1 ay müddətinə qəbul edilməsi əmr edilmişdir.

21. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixindən “X11 Daşımaların Təşkili” MMC-nin X9 edilməsi şöbəsində müddətli əmək müqaviləsi ilə aparıcı mütəxəssis vəzifəsində işə qəbul edilmişdir.

22. İddiaçı tərəfindən “Bakı Sərnişin və X12” MMC-nin direktoruna ünvanlanan xx.xx.2014-cü il tarixli ərizənin surətindən görünür ki, İddiaçı özünün KİŞ və Hüquq şöbəsinin karguzarlıq bölməsinə baş mütəxəssis vəzifəsinə təyin edilməsini xahiş etmişdir.

23. İddiaçı ilə “Bakı Sərnişin və X12” MMC arasında bağlanan xx.xx.2014-cü il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı MMC-nin Kadrların idarə edilməsi və hüquq şöbəsinin baş mütəxəssisi vəzifəsinə xx.xx.2014-cü il tarixindən xx.xx.2015-ci ilə tarixinədək 3 ay müddətinə bağlanan əmək müqaviləsi ilə işə qəbul edilmişdir. müqavilənin 4.1-ci bəndinə əsasən işçiyə ödənilən əmək haqqı məbləği 242 manat olmuşdur.

24. İddiaçı tərəfindən “Bakı Sərnişin və X12” MMC-nin direktoruna ünvanlanan xx.xx.2015-ci il tarixli ərizənin surətindən görünür ki, İddiaçı onunla bağlanan əmək müqaviləsinin müddətinin 6 ay müddətinə uzadılmasını xahiş etmişdir.

25. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2014-cü il tarixində əmək müqaviləsi bağlanmış və İddiaçı MMC-də kadrların idarə edilməsi və hüquq şöbəsinə müddətsiz əmək müqaviləsi ilə baş mütəxəssis vəzifəsinə işə qəbul edilmiş, əmək haqqı 242 manat olmuşdur.

26. Əmək müaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, işçi İddiaçı ilə “X11 Daşımaların Təşkili” MMC arasında bağlanmış xx.xx.2014ci il tarixli əmək müqaviləsii bildirişi ilə sistemə daxil edilən əmək müqaviləsinə MMC-nin 16 saylı, xx.xx.2018-ci il tarixli əmri ilə xitam verilmişdir.

27. İddiaçı tərəfindən Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat Xidmətinin rəisinə ünvanlanan xx.xx.2012-ci il tarixli ərizənin surətindən görünür ki, İddiaçı özünün “X5 Təşkili” MMC-nin kadrlar şöbəsinin rəis müavini vəzifəsinə təyin edilməsini xahiş etmişdir.

28. Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat Xidmətinin “X5 Təşkili” MMC tərəfindən verilən 24 iyul 2012-ci il tarixli 09/h saylı əmrdən görünür ki, İddiaçı xx.xx.2012-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 51-ci maddəsinin 1-ci hissəsinə əsasən 3 aylıq sınaq müddəti ilə əmək müqaviləsi bağlanılmaqla, Kadrlar şöbəsinin rəis müavini vəifəsinə təyin edilməsi, vəzifə maaşının ştat cəvəlinə əsasən müəyyən edilməsi əmr edilmişdir.

29. İddiaçı tərəfindən “Bakı Sərnişin və X12” MMC-nin direktoruna ünvanlanan xx.xx.2015-ci il tarixli ərizənin surətindən görünür ki, İddiaçı onun KİE və HŞ şöbəsinə Kargüzarlıq bölməsinin rəisi vəzifəsinə keçirilməsini xahiş etmişdir.

30. İddiaçı ilə “Bakı Sərnişin və X12” MMC arasında bağlanan xx.xx.2015-ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı MMC-nin hüquq və X13 bölmə rəisi vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi xx.xx.2015-ci il tarixdən-xx.xx.2016-cı il tarixədək 1 il müddətinə bağlanmışdır. Müqavilənin 2.4-cü maddəsinə əsasən işçi 18 dekabr 2015-ci il tarixindən işə başlayır. Müqavilənin 4.1-ci maddəsinə əsasən işçiyə hər ay ştat cədvəli əsasında 440 manat məbləğində əmək haqqı ödənilir.

31. İddiaçı ilə “Bakı Sərnişin və X12” MMC arasında bağlanan xx.xx.2015-ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı MMC-nin hüquq və X13 rəis müavini vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi xx.xx.2015-ci il tarixdən-xx.xx.2016-cı il tarixədək 1 il müddətinə bağlanmışdır. Müqavilənin 2.4-cü maddəsinə əsasən işçi 28 dekabr 2015-ci il tarixindən işə başlayır. Müqavilənin 4.1-ci maddəsinə əsasən işçiyə hər ay ştat cədvəli əsasında 460 manat məbləğində əmək haqqı ödənilir.

32. Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı xx.xx.2015-ci il tarixində sistemə daxil edilən əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı “Bakı Sərnişin və X12” MMC-yə xx.xx.2014-cü il tarixdə bağlanan müddətli əmək müqaviləsi əsasında Hüquq və sənədlərlə iş şöbəsi Kargüzarlıq bölməsinə bölmə rəisi vəzifəsinə təyin edilmişdir. Əmək müqaviləsinin bitdiyi tarix xx.xx.2016-cı il olaraq qeyd edilmişdir.

33. İddiaçı tərəfindən “X11 Daşımaların Təşkili” MMC-nin direktoruna ünvanlanan xx.xx.2016-cı il tarixli ərizənin surətindən görünür ki, İddiaçı onun “X11 Daşımaların Təşkili” MMC-də Ümumi şöbənin kargüzarlıq bölməsinin rəisi vəzifəsinə keçirilməsini xahiş etmişdir.

34. “X11 Daşımaların Təşkili” MMC-nin xx.xx.2016-cı il tarixli 192-ş/h saylı əmrindən görünür ki, Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin xx.xx.2016-cı il tarixli 52 nömrəli əmri ilə X4 Xidməti “Bakı Sərnişin və X10” MMC-nin adının dəyişdirilməsi, yeni sturukturunun və ştat cədvəlinin təsdiq olunmasından irəli gələn məsələlərin icrasını təmin etmək məqsədilə İddiaçı xx.xx.2016-cı il tarixdən əmək haqqı ştat cədvəlinə uyğun olaraq ödənilməklə “Bakı Sərnişin və X12” MMC-dən azad edilərək, “X11 Daşımaların Təşkili” MMC-də ümumi şöbənin karguzarlıq bölməsinin rəisi vəzifəsinə təyin edilməsi əmr edilmişdir.

35. “X11 Daşımaların Təşkili” MMC ilə İddiaçı arasında bağlanan xx.xx.2016-cı il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixində hüquqi X13 şöbə rəisi vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsinin 2.1-ci bəndində əmək müqaviləsinin müddətsiz bağlanmadığı qeyd edilmişdir. Müqavilənin 4.1-ci bəndinə əsasən əmək haqqı 450 manat məbləğində müəyyən edilmişdir.

36. Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı xx.xx.2016-ci il tarixində sistemə daxil edilən əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı xx.xx.2014-cü il tarixdə bağlanan müddətli əmək müqaviləsinə dəyişiklik edilmiş və İddiaçı “X11 Daşımaların Təşkili” MMC-də Ümumi şöbənin, Kargüzarlıq bölməsinə müddətli əmək müqaviləsi üzrə bölmə rəisi vəzifəsinə işə qəbul edilmişir. Əmək müqaviləsinin müddətinin qutardığı tarix xx.xx.2017-ci il olaraq qeyd edilmişdir.

37. 02 iyul 2021-ci il tarixli əmək müqaviləsinə 1 nömrəli əlavədən görünür ki, işəgötürən “X11 Daşımaların Təşkili” MMC ilə işçi X9 edilməsi şöbəsinin aparıcı mütəxəssisi İddiaçı arasında bağlana əmək müqaviləsinin müddəti xx.xx.2021-ci il tarixinədək 3 ay müddətinə uzadılır.

38. 02 yanvar 2022-ci il tarixli əmək müqaviləsinə 1 nömrəli əlavədən görünür ki, işəgötürən “X11 Daşımaların Təşkili” MMC ilə işçi X9 edilməsi şöbəsinin aparıcı mütəxəssisi İddiaçı arasında bağlana əmək müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixinədək 1 ay müddətinə uzadılır

39. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında X4 Xidməti “X11 Daşımaların Təşkili” MMC tərəfindən İddiaçı ünvanlanan 04 fevral 2022-ci il tarixli, 127-08/29 saylı məktubdan görünür ki, “X11 Daşımaların Təşkili” Məhdud Məsuliyyətli Cəmiyyətinin 04 fevral 2022-ci il tarixli , 16 ş/h nömrəli əmri ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən vəzifəsindən azad edilməsi və əmək müqaviləsinə xitam verilməsi barədə məlumat verilmiş, əmək kitabçasının tərəfindən MMC-dən götürülməsi barədə müraciət etməsi bildirilmişdir.

40. İddiaçı məxsus 004723 saylı əmək kitabçasından görünür:

41. İddiaçı xx.xx.2008-ci il tarixli əmrlə “Azərnəqliyyatservis” Departamentinin, ümumi şöbəsinin mütəxəssisi vəzifəsinə təyin edilmişdir.

42. 20.10.2009-cu il tarixli əmrlə Birliyin ümumi şöbəsinin mütəxəsisi vəzifəsinə təyin edilmiş, xx.xx.2009-cu il tarixli əmrlə Birliyin aparıcı mühasib-iqtisadçı vəzifəsinə keçirilmişdir.

43. 20.07.2010-cu il tarixli əmrlə Birliyin struktur dəyişikliyi ilə əlaqədar tutduğu vəzifədən azad edilmiş, həmin tarixdən mühasibat uçotu şöbəsinə aparıcı mühasibiqtisadçı vəzifəsinə təyin edilmişdir.

44. xx.xx.2011-ci il tarixli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “a” bəndinə əsasən (müəssisə ləğv edildiyi üçün) tutduğu vəzifədən azad edilmişdir.

45. xx.xx.2012-ci il tarixli əmrlə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi X4 Xidməti “X1” MMC-nin kadrlar şöbəsinin rəis muavini vəzifəsinə təyin edilmişdir.

46. 05.09.2014-cü il tarixli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən (müəssisə ləğv edildiyi üçün) tutduğu vəzifədən azad edilmişdir.

47. xx.xx.2014-cü il tarixli əmrlə Nəqliyyat Nazirliyi “Bakı Sərnişin və X10” MMCdə Kadrların idarə edilməsi və Hüquq şöbəsinin Karguzarlıq bölməsinə baş mütəxəssis vəzifəsinə qəbul edilmişdir.

48. xx.xx.2015-ci il tarixli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 59cu maddəsinə əsasən Hüquq və X13 Kargüzarlıq bölməsinin rəisi vəzifəsinə keçirilmişdir.

49. xx.xx.2015-ci il tarixli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 59cu maddəsinə əsasən “Bakı Sərnişin və X10” MMC-də Hüquq və X13 Kargüzarlıq bölməsinin rəis muavini vəzifəsinə keçirilmişdir.

50. Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin xx.xx.2016-cı il tarixli 52/ü nömrəli əmri ilə “Bakı Sərnişin və X10” MMC-nin adı dəyişdirilərək, “X11 Daşımaların Təşkili” MMC adlandırılıb. xx.xx.2016-cı il tarixli əmrlə İddiaçı Ümumi şöbənin Kargüzarlıq bölməsinin rəisi vəzifəsinə keçirilmişdir.

51. Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin xx.xx.2016-cı il tarixli, 128/ü saylı əmri ilə Ümumi şöbənin adı dəyişdirilərək, Sənədlərlə və vətəndaşların müraciəti ilə iş şöbəsi adlandırılmış, xx.xx.2016-cı il tarixli əmrlə Bağırov X2 və vətəndaşların müraciəti ilə iş şöbəsinin kargüzarlıq bölməsinin rəisi vəzifəsinə təyin edilmişdir.

52. xx.xx.2018-ci il tarixli 16 ş/h saylı əmrlə Əmək Məcəlləsinin 63-cü maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir.

53. xx.xx.2018-ci il tarixli, 17 ş/h saylı əmrlə Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyi X4 Xidməti X11 Daşımaların Təşkili MMC-nin X9 edilməsi şöbəsinin aparıcı mütəxəsisi vəzifəsinə qəbul edilmişdir.

54. xx.xx.2022-ci il tarixli, 16 ş/h əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin, “b” bəndinə əsasən tutduğu vəzifədən azad edilməsi və bağlanmış əmək müqaviləsinə xitam verilməsi qərara alınmışdır.

55. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

56. İddiaçı xx.xx.2008-ci il tarixli əmrlə “Azərnəqliyyatservis” Departamentinin, ümumi şöbəsinin mütəxəssisi vəzifəsinə təyin edilmişdir. xx.xx.2011-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən (müəssisə ləğv edildiyi üçün) tutduğu vəzifədən azad edilmiş, xx.xx.2012-ci il tarixində Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi X4 Xidməti “X1” MMC-nin kadrlar şöbəsinin rəis muavini vəzifəsinə təyin edilmişdir.

57. 05.09.2014-cü il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən (müəssisə- Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi X4 Xidməti “X1” MMC ləğv edildiyi üçün) tutduğu vəzifədən azad edilmişdir.

58. xx.xx.2014-cü il tarixində Nəqliyyat Nazirliyi “Bakı Sərnişin və X10” MMC-də Kadrların idarə edilməsi və Hüquq şöbəsinin Kargüzarlıq bölməsinə baş mütəxəssis vəzifəsinə qəbul edilmişdir. Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin xx.xx.2016-cı il tarixli 52/ü nömrəli əmri ilə “Bakı Sərnişin və X10” MMC-nin adı dəyişdirilərək, “X11 Daşımaların Təşkili” MMC adlandırılıb. xx.xx.2016-cı il tarixli əmrlə İddiaçı Ümumi şöbənin Kargüzarlıq bölməsinin rəisi vəzifəsinə keçirilmişdir.

59. xx.xx.2018-ci il tarixli 16 ş/h saylı əmrlə Əmək Məcəlləsinin 63-cü maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2018-ci il tarixli, 17 ş/h saylı əmrlə müddətli əmək müqaviləsi bağlanılmaqla Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyi X4 Xidməti X11 Daşımaların Təşkili MMC-nin X9 edilməsi şöbəsinin aparıcı mütəxəsisi vəzifəsinə qəbul edilmişdir.

60. Bağırov X3 Nəqliyyatı ilə Daşımaların Təşkili MMC-nin xx.xx.2022-ci il tarixli, 16 ş/h əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin, “b” bəndinə əsasən tutduğu vəzifəsindən azad edilmişdir.

61. Hazırda iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək. X11 Daşımaların Təşkili MMC-nin xx.xx.2022-ci il tarixli əmrinin ləğv edilməsini, İnsan resursları şöbəsinə aparıcı mütəxəssis vəzifəsinə bərpa olunmasını və buraxılmış müddət üzrə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.

62. İddiasını onunla əslandırır ki, AR ƏM-nə əsasən, o həmin MMC-də ən azından 2016-cı ildən işləmişdır. Buna görə də onun Əmək Müqaviləsi 2021-ci ildən artıq müddətsiz hesab edilirdi və cavabdeh onu müddətin bitməsinə görə işdən azad etməkdə haqlı olmamışdır.

63. Cavabdeh tərəf isə iddiaya etirazında bildirir ki, iddiaçı həmin müəssisədə Karquzarlıq bölməsinin rəisi vəzifəsindən xx.xx.2018-ci ildə ildə azad edilmişdir. İddiaçı, 30 mart 2018-ci il tarixdə "X11 Daşımaların Təşkili" MMC-yə ərizə ilə müraciət edərək onu X9 edilməsi Şöbəsinə müddətli müqavilə əsasında aparıcı mütəxəssis vəzifəsinə təyin edilməsini xahiş etmiş və bununla əlaqədar onunla işəgötürən müəssisə tərəfindən xx.xx.2018-ci il tarixdə qeyd edilən məzmunda müddətli müqavilə bağlanaraq iddiaçı əvvəllər işləmədiyi X9 edilməsi Şöbəsinə işə qəbul edilmişdir. Müqaviləsinin müddəti sonuncu dəfə xx.xx.2022-ci il tarixədək uzadılmışdır. 04 fevral 2022-ci il tarixli 16-ş/h nömrəli əmrlə əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar İddiaçı ilə əmək müqaviləsinə xitam verilmişdir.

64. X11 Daşımaların Təşkili MMC iddiaçı 2008-ci ildən əmək müqaviləsi ilə işə qəbul edilən zaman Nəqliyyat Nazirliyinin Avtonəqliyyatservis Departamenti adlanırdı. Daha sonra X8 Təşkili MMC, Sərnişin və X12 MMC və son olaraq X11 Daşımaların Təşkili MMC adlanmışdır. Tətbiq edilən normalar:

65. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

66. Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir.(maddə 2.2)

67. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.(maddə 45.1)

68. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir.(maddə 45.2)

69. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.(45.4)

70. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.(maddə45.5)

71. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.(maddə 73.1)

72. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.(maddə 300.1)

73. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

74. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

75. 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

76. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi:

77. Əvvəla qeyd edilməlidir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi kimi ilk addım iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

78. Tələbin əsaslandırmasını, tədqiq edilmiş sübutlar əsasında işin müəyyən edilmiş hallarını yuxarıda sadalanan normalar baxımından qiymətləndirdikdə müəyyən edilir ki, iddia tələbinin qanuni əsasını Əmək Məcəlləsinin 45, 73 və 300-cü maddələri təşkil edir.

79. İşin müəyyən edilmiş halları baxımından məhkəmə hesab edir ki, işəgötürən işçi ilə əmək münasibətlərinə əmək müqaviləsinin müddətinin bitməsinə görə xitam verməkdə haqlı olmamışdır.

80. Belə ki, İddiaçı ilk dəfə əmək münasibətlərinə 2008-ci ildə Nəqliyyat Nazirliyinin “Avtonəqliyyatservis” Departamentinin “Azərnəqliyyatekspedisiya” İB-nin ümumi şöbəsində mütəxəssis vəzifəsində daxil olmuşdur.Bundan sonra birliyin struktur dəyişikliyi ilə əlaqədar xx.xx.2011-ci ildə tutduğu vəzifədən azad edilmiş və xx.xx.2012-ci il tarixdən Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi X4 Xidmətinin “X1” MMC də işə başlamışdır. Müəssisənin ləğv edilməsi əsasına görə xx.xx.2014-cü ildə tutduğu vəzifədən azad edilmişdir. xx.xx.2014-cü il tarixdən Nəqliyyat Nazirliyinin “Bakı sərnişin və X10” MMC-də kadrların idarə edilməsi və hüquq şöbəsinin kargüzarlıq bölməsinə baş mütəxəssis vəzifəsinə qəbul edilmişdir. xx.xx.2015-ci ildən Kargüzarlıq bölməsinin rəisi vəzifəsinə keçirilmişdir. Sonradan hüquq və X13 rəis vəzifəsinə keçirilmişdir. Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin xx.xx.2016-cı il tarixli əmri ilə “Bakı sərnişin və X10” MMC-nin adı dəyişdirilərək, “X11 Daşımaların Təşkili” MMC adlandırılmış və o, xx.xx.2016cı il tarixdə ümumi şöbənin kargüzarlıq bölməsinin rəisi vəzifəsinə keçirilmişdir. xx.xx.2018ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmiş və xx.xx.2018-ci ildə Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi X4 Xidməti “X11 Daşımaların təşkili” MMC-də insasn resurslarının idarə edilməsi şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə qəbul edilmişdir. Yekun olaraq Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında X4 Xidməti “X11 Daşımaların Təşkili” MMC-nin baş direktorunun xx.xx.2022-ci il tarixli əmri ilə, Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən İddiaçı ilə əmək müqaviləsinə xitam verilmişdir.

81. Göründüyü kimi iddiaçı əvvəllər adı və nizamnaməsi bir neçə dəfə dəyişən Nəqliyyat Nazirliyinin “Bakı sərnişin və X10” MMC-də xx.xx.2014-cü il tarixdən əmək müqaviləsi ilə işləmişdir. Lakin “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 13 fevral 2017-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi birləşdirilərək, onların əsasında Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılmış və Nazirlər Kabinetinə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamənin layihəsini, habelə Nazirliyin strukturu və işçilərinin ümumi say həddi barədə təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılmışdır. Bundan sonra Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi X4 Xidməti “X11 Daşımaların Təşkili” MMC-nin xx.xx.2018-ci il tarixli Əmri ilə bir sıra şəxslərin, o cümlədən İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmiş və eyni tarixli əmək müqaviləsi ilə İddiaçı “X11 Daşımaların Təşkili” MMC-nin X9 edilməsi şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə təyin edilmişdir.

82. Odur ki, iddiaçı adı bir neçə dəyişdirilən, tabe olduğu qurum bir neçə dəfə yenidən təşkil edilən Cəmiyyətdə 2014-cü ildən fasiləsiz olaraq 5 ildən artıq işləmişdir. Bu səbəbdən cavabdeh işçi ilə 2018-ci ilə bağlanmış müddətli əmək müqaviləsinə müddətin bitmə əsasına görə xitam verərkən, işçinin 2014-cü ildən 2022-ci ilədək fasiləsiz olaraq onunla əmək münasibətlərində olmasını nəzərə almalı idi. İşəgötürən işçi ilə 2018-ci ildə müddətli əmək müqaviləsi bağlayarkən onun həmin qurumda artıq 4 ildir ki işlədiyini bilirdi və onun işçi ilə əmək müqaviləsinə xitam verərək, eyni gündə yeni əmək müqaviləsi bağlaması formal xarakter daşımışdır. Halbuki Əmək Məcəlləsinin 45-ci maddəsinin tələbinə əsasən işçi ilə 2018-ci ildə yenidən bağlanması formal xarakter daşıyan əmək müqaviləsi artıq 2019-cü ildən müddətsiz hesab edilməli idi.

83. Göstərilənlərə əsasən məhkəmə o qənaətə gəlir ki, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Yanında X4 Xidməti “X11 Daşımaların Təşkili” Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli əmri Əmək Məcəlləsinin 73-cü maddəsinin tələblərinə uyğun olmadığından ləğv edilməli və bundan irəli gələn hüquqi nəticələr tətbiq edilməlidir. Nəticə:

84. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Yanında X4 Xidməti “X11 Daşımaların Təşkili” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli, 16-ş/h nömrəli əmri ləğv edilməli, məcburi iş buraxma dövrü üçün əmək haqqı ödənilməklə İddiaçı Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Yanında X4 Xidməti “X11 Daşımaların Təşkili” Məhdud Məsuliyyətli Cəmiyyətinin X9 edilməsi şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə bərpa edilməlidir.

85. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi:

İddia təmin edilsin. İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Yanında X4 Xidməti “X11 Daşımaların Təşkili” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli, 16-ş/h nömrəli əmri ləğv edilsin. Məcburi iş buraxma dövrü üçün əmək haqqı ödənilməklə İddiaçı Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Yanında X4 Xidməti “X11 Daşımaların Təşkili” Məhdud Məsuliyyətli Cəmiyyətinin X9 edilməsi şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə bərpa edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar