Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3036/2022 09.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçı İddiaçı, İddiaçının vəkili Vəkil2, Cavabdehin nümayəndəsi-vəkili Vəkil1, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri 100 nömrəli Tam Orta Məktəbə qarşı “işə bərpa və s” tələblərinə dair mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 100 nömrəli Tam Orta Məktəbə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli 14 saylı işdən çıxarma əmrinin ləğv edilməsi, iddiaçının işə bərpa edilməsi və məcburi iş buraxma dövrünə görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı müəllimədir, o, 1981-1985-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda ali təhsil alıb, oranı riyaziyyət ixtisası üzrə bitirib. 1985-1996-ci illərdə Fatmayı kəndinin orta məktəblərində riyaziyyat müəlliməsi vəzifəsində işləyib. xx.xx.2002-ci ildən etibarən isə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən 100 saylı orta məktəbdə müəllimə işləyib. Ötən müddət ərzində o, müəllim adını daima uca tutub, müəllim adına xələl gətirən hər hansı fəaliyyətlə məşğul olmayıb, tədris etdiyi fənni şagirdlərin daha yaxşı mənimsəməsi üçün var gücü ilə çalışıb. Ancaq, son illər çalışdığı 100 saylı orta məktəbin direktoru Gülnarə Məmmədova və həmin məktəbin direktor müavini Arzu Qubadova ilə onun arasında münaqişə yaranmışdır. Buna iddiaçının dərs yükünü heç bir qanuni əsas göstərilmədən həftəlik 18 saatdan 15 saata azadılması və məktəbdə mövcud korrupsiya hallarına iddiaçının sərt etiraz etməsi səbəb olmuşdur. İddiaçı 2020 və 2021-ci illər ərzində dərs yükünün azadılması ilə bağlı davamlı şəkildə Azərbaycan Respublikası Təhsil Nazirliyinə yazılı şikayətlər etmiş, həmin şikayətlərlə bağlı Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ona xx.xx.2020 və xx.xx.2021-ci il tarixli cavab məktubları göndərilmişdir. 100 nömrəli orta məktəbin direktoru G.Məmmədova iddiaçının nazirliyə şikayət məktublarından sonra ona qarşı daha qərəzli davranaraq, onu vaxtaşırı kollektvin içində təhqir etmiş, təhqiramiz sözlərlə alçaltmışdır. Daha sonra isə bununla kifayətlənməyərək iddiaçıya bir ildə üç dəfə xx.xx.2021-ci il tarixli 21 saylı əmrlə, xx.xx.2021-ci il tarixlərdə guya əmək müqaviləsi üzrə müəyyən edilmiş əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyi, cari dərs apardığı siniflərdə sinif jurnallarını yazmadığı bəhanəsi ilə Azərbaycan Respublikası Əmək Məcəlləinin 86-cı maddəsi əsasən sonuncu xəbərdarlıq edilməklə şiddətli töhmət verilmişdir. Bu kəskin münasibətlərin nəticəsi olaraq iddiaçı ilə cavabdeh qurum arasında bağlanmış əmək müqaviləsi xx.xx.2022-ci il tarixli 14 saylı əmrlə ləğv edilmişdir. Məktəbin direktoru Məmmədova Gülnarənin imzaladığı əmrdə müqavilənin ləğvinin səbəbi kimi iddiaçının əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi qeyd edilmişdir. Əmrdə Aərbaycan Respublikası Əmək Məcəlləsinin 70-cı maddəsinin “ç” bəndinə istinad edilmişdir. Əmrdə iddiaçının əmək funksiyası üzrə öhdəliklərini yerinə yetirməməsi iddiası belə təsvir edilmişdir: “Məktəbin riyaziyyət müəllimi İddiaçı xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186cı maddəsinin 2 a bəndinə, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası 186-cı maddəsinin 2 b bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini A.Qubadova onlayn dərslərə (xx.xx.2021-xx.xx.2022) nəzarət edərkən 8 a sinfinin dərslərə qoşulmadığını müşahidə etmişdir. Buna göra 8 a sinfinin qrupuna səs göndərib ki, şagirdlər dərslərə qoşulsunlar. 8 a sinfininin rəhbəri riyaziyyat müəllimi İddiaçı bundan əsəbləşərək məktəbin direktor müavini A.Qubadova haqqında 8 a sinfinin qrupuna təhqiredici səslər göndərib. Bundan əlavə riyaziyyət müəllimi İddiaçı öz onlayn dərslərini qapalı kamera ilə tədris edib, hətta həmin dərslərdə şaqirdlərin də kameraları bağlı olub lakin müəllim buna əhəmiyyət verməyib. İddiaçı tərəfindən 02 fevral 2022-ci il tarixdə isə 6 b və 8 a siniflərində riyaziyyat dərsi tədris olunmayıb”. Əmrdə daha sonra iddiaçının “Müəllimlərin etik davranış Qaydaları”na riayət etmədiyi və əmək funksiyalarını düzgün yerinə yetirmədiyi, bu səbəbdən də onunla bağlanmış əmək müqaviləsinin ləğv edildiyi qeyd edilir. Əmrdə həmçinin 100 nömrəli məktəbin Azad Həmkarlar Komitəsinin xx.xx.2022-ci il tarixli (əmrdə yanlış olaraq 2021-ci il kimi qeyd edilib) 01 saylı protokolun qərarına da istinad edilib. 100 saylı orta məktəbin Həmkarlar Komitəsinin 08 fevral 2022-ci il tarixli iclasının 01 saylı protokolundan çıxarışda isə iddiaçının əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyi və “Müəllimlərin etik davranış qaydaları” nın 2.1.4, 2.1.5,4.2.3, 4.2.6, 4.3.3, 4.3.4 bəndələrinə riayət etmediyinə görə Azərbaycan Respublikçası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinin xx.xx.2022-ci tarixdən ləğv edilməsinə həmkarlar komitəsinin etiraz etmədiyi qeyd edilir. Mübahisənin “Mediasiya haqqında” Aərbaycan Respublikası Qanununa uyğun olaraq tənzimlənməsi üçün iddiaçının cəhdləri heç bir səmərə verməyib. Bakı şəhəri, 4 saylı mediasiya təşkilatının mediator qismində təyin etdiyi mediatoru X2 xx.xx.2022-ci il tarixli, No MŞB/4-00765 saylı İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışda qeyd edilir ki, 100 saylı orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini X4 ilkin mediasiya sessiyasında iştirak etməyib. Qeyd edilənlərə əsasən iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil2 iddia tələbini müdafiə edərək bildirdi ki, cavabdeh tərəf işdən çıxarılma barədə əmrdə istinad etdiklərini sübuta yetirə bilməmiş, əmrdə göstərilənlərə dair heç bir əsaslı sübut təqdim etməmişdir. Bu səbəbdən də iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi G.Məmmədova iddia tələbini qəbul etməyərək bildirdi ki, O, 100 nömrəli tam orta məktəbin direktoru vəzifəsində çalışır. İddiaçı şagirdlərinə kameranı açmasını tələb edib, lakin özü dərs keçən zamanı kamerasın açmayıb. O, işdən çıxdıqdan sonra Nazirliyə şikayət edib və orada yazdıqları və məhkəmədə dedikləri tamamilə əsassızdır. İddiaçının öz səhvlərinə görə işdən azad olunduğunu, bu səbəbdən də iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil1 iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçı işlədiyi illər ərzində daimi münaqişələr yaratmış, şagirdlərə kobud davranmış, onları döymüş və bununla bağlı dəfələrlə izahatlar yazılmış, belə hərəkətlər etməyəcəyini bildirsə də, bu hallar davamlı olaraq iddiaçı tərəfindən həyata keçirilmişdir. Son illər çalışdığı məktəbin direktoru və onun müavini ilə əssasız münaqişələr yaratmış, onlar barədə yalan, böhtan dolu şayiələr yaymış, məktəbdə korrupsiya hallarının olmasına dair müəllim və şagird kollektivi arasında onları nüfuzdan salmağa çalışmışdır. İddiaçıya bir ildə üç dəfə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən sonuncu xəbərdarlıq edilməklə şiddətli töhmət verilmişdir. Bütün bunlardan nəticə çıxartmadığı üçün iddiaçı ilə bağlanmış əmək müqaviləsi xx.xx.2022-ci il tarixli 14 saylı əmrlə ləğv edilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakılara əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri 100 nömrəli orta məktəb tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, 14 nömrəli əmək müqaviləsinin ləğv edilməsi barədə Əmrdən görünür ki, məktəbin riyaziyyət müəllimi İddiaçı xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2a bəndinə, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası 186-cı maddəsinin 2b bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini A.Qubadova 06 fevral 2022-ci il tarixdə məktəbin Həmkarlar Komitəsinin sədrinə şikayət ərizəsi ilə müraciət etmişdir. Ərizədə məktəbin riyaziyyat müəllimi İddiaçı ona audiosəslər vasitəsilə təhqiredici səslər göndərilməsi göstərilmişdir. A.Qubadova onlayn dərslərə (xx.xx.2021-xx.xx.2022) nəzarət edərkən 8a sinfinin dərslərə qoşulmadığını müşahidə etmişdir. Buna göra 8a sinfinin qrupuna səs göndərib ki, şagirdlər dərslərə qoşulsunlar. 8 a sinfininin rəhbəri riyaziyyat müəllimi İddiaçı bundan əsəbləşərək məktəbin direktor müavini A.Qubadov haqqında 8 a sinfinin qrupuna təhqiredici audiosəslər göndərib. Bundan əlavə riyaziyyət müəlimi İddiaçı öz onlayn dərslərini qapalı kamera ilə tədris edib, hətta həmin dərslərdə şagirdlərin də kameraları bağlı olub lakin müəllim buna əhəmiyyət verməyib. İddiaçı tərəfindən 02 fevral 2022-ci il tarixdə isə 6b və 8a siniflərində riyaziyyat dərsi tədris olunmayıb. Məktəbin riyaziyyat müəllimi İddiaçı “Müəllimlərin etik davranış Qaydaları”na riayət etmədiyinə və əmək funksiyalarını düzgün yerinə yetirmədiyinə, əmək müqaviləsi üzrə öhdəliklərini yeriə yetirmədiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70 “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. - 100 nömrəli tam orta məktəbin Həmkarlar Komitəsinin 08 fevral 2022-ci il tarixli iclasının 01 nömrəli protokolundan çıxarışa – qərara əsasən, məktəbin riyaziyyat müəllimi İddiaçı əmək müqaviləsi öhdəliklərini, əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə və “Müəllimlərin etik davranış qaydaları” nın 2.1.4, 2.1.5, 4.2.3, 4.2.6, 4.3.3, 4.3.4-cü bəndələrinə riayət etmediyinə görə Azərbaycan Respublikçası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinin xx.xx.2022-ci tarixdən ləğv edilməsinə həmkarlar komitəsi etiraz etməmişdir. - İddiaçı barəsində tərtib edilmiş çoxsaylı aktlardan görünür ki, İddiaçı hərəkətlər ibarəsində, yəni dərsə gecikməsi, icazəsiz dərs buraxması, dərsə bilərəkdən girməməsi, dərs jurnallarını yazmaması, sınif rəhbər olduğu sinifin şəxsi işlərini yazmaması, vaxtı-vaxtında onlayn dərslərə qoşulmaması, dərs prosesini yarımçıq qoyub getməsi və s. əməlləri barədə aktlar tərtib edilmişdir. - valideynlər tərəfindən İddiaçı barəsində yazılmış çoxsaylı ərizələrdən görünür ki, müəllimə tərəfinən onların uşaqlarına (şagirdlərə) qarşı müəyyən vaxtlarda şiddət, göstərilmiş, yerli-yersiz təhqir edilmiş, müəllim adına yaraşmayan ifadələr işlədilmiş, bununla bağlı onlar 100 nömrəli məktəbin rəhbərliyinə müraciət edilərək müəllimin dəyişdirilməsini xahiş etmişlər. - İddiaçı yazdığı izahatlardan görünür ki, o, etik davranış qaydalarını pozduğuna və digər hərəkətlər etdiyini etiraf etmiş və bir daha həmin hərəkətləri etməyəcəyini bildirmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında şahid qismində iştirak edən X5 izahat verərək bildirmişdir ki, 2011-ci ildən etibarən 100 nömrəli tam orta məktəbdə çalışır, 2016-cı ildən azərbaycan bölməsində təlim-tərbiyə işləri ilə bağlı direktor müavini-təşkilatçı vəzifəsində çalışmağa başlayıb. O, onlayn dərslərə nəzarəti yerinə yetirərkən, iddiaçı 8A sinfinə onlayn dərs keçən zaman həmin dərsə qoşulub ki, uşaqlara məsləhət versin, lakin iddiaçı ona təhqiramiz sözlər deyib. İddiaçının dərs keçdiyi şagirdlərin valideynləri onun psixoloji durumundan narazı idilər. İddiaçı summativ qiymətləndirmələri yazmırdı. Bununla bağlı direktora və Həmkarlar komitəsinin sədrinə müraciət olunub. Pandemiyadan sonraki dövrdə də iddiaçının hərəkətlərində heç bir dəyişiklik baş verməyib, summativ qiymətləndirmələri keçirməyib. İddiaçının yazdıqları aktlaşdıraraq, jurnalın arxasında qeyd aparılmışdır. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında şahid qismində iştirak edən X3 izahat verərək bildirmişdir ki, o, 2003-cü ildən etibarən 100 nömrəli tam orta məktəbdə çalışır. Həm psixoloqdur, həm də Həmkarlar komitəsinin sədri. 2016-cı ildən bu yana iddiaçı ilə bağlı ciddi problemlər olub, şagirdi vurduğu üçün şagirdin valideyni onunla bağlı şikayət edib və bu məsələni onlar məktəbin pedaqoji şurasında müzakirə ediblər. 2021-ci ilin mart ayında jurnalları yazmadığına görə töhmət verilib. 2021-ci ilin oktyabr ayında isə iddiaçı 6b sinfində dərs prosesini 20 dəqiqə boş qoymuş, buna görə də bu hadisə təkrarlanmaması məqsədi ilə ona töhmət verilmişdir. 2021-ci ilin dekabr ayında isə şagirdi təhqir etmişdi və valideyni şikayətə gəlmişdi. 2022-ci ilin fevral ayında həmkarlar komitəsinin iclasını təşkil edilib, lakin iddiaçı gəlmədiyindən keçirilməyib. İddiaçının iştirakını təmin etmək üçün 08 fevral 2022-ci il tarixinə yenidən həmkarlar komitəsinin iclasını təyin edilib və iddiaçıya bu barədə xəbərdarlıq etmək məqsədilə evinə poçtla bildiriş göndərilib. İddiaçı öncədən etiraz etsə də, sonradan iclasa gəlmişdir, iclasda 2-3 dəqiqə oturduqdan sonra əsəbləşərək çıxıb getmişdir. İclasın mövzusu - iddiaçının 6A sinfində dərsini keçməməsi, 8A sinfinə onlayn dərs keçən zaman kamerası bağlı olması və Arzu xanımı onlayn dərsə qoşulduğu üçün təhqir etməsi olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 1-ci bəndində göstərilir ki, əmək fərdi və ictimai rifahın əsasıdır. Həmin maddənin 8-ci bəndində göstərilir ki, dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir. Məhkəmə hesab edir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsində əmək qanunvericiliyinin əmək müqaviləsinə xitam verilməsinin rəsmiləşdirilməsi ilə əlaqədar tələblərinə əməl olunub-olunmadığı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinə görə, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsinin ləğv edildiyi gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Göründüyü kimi, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda əmək müqaviləsinin ləğv edilməsinin əsası və həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş ƏM-nin müvafiq maddəsi göstərilməlidir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslıdır. Ona görə ki, göründüyü kimi İddiaçı əmək müqaviləsinə xitam verilməsinin həm faktiki, həm də hüquqi əsası yoxdur. Belə ki, cavabdeh-işəgötürən ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə istinad etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının əmək müqaviləsinin ləğv edilməsinə dair əmrdə göstərilən hallar faktiki olaraq iddiaçının əmək müqaviləsinin ləğv edilməsi üçün süni əsaslar yaradılmasından ibarətdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının əmək müqaviləsinin ləğv edilməsinin faktiki və hüquqi əsası yoxdur. Buna görə də iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə nəzərdə tutulmuş ləğv edilmə əsasları olmadan xitam verildiyindən, cavabdeh Bakı şəhəri 100 nömrəli Tam Orta Məktəbin 201 saylı, xx.xx.2022-ci il tarixli əmri ləğv edilərək, xx.xx.2022-ci il tarixdən hesablanmaqla məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə İddiaçı Bakı şəhəri 100 nömrəli Tam Orta Məktəbdə tutduğu əvvəlki vəzifəsinə bərpa edilməlidir. Belə ki, Azərbaycan Respublikası ƏM-nin 300-cü maddəsinin 1-ci bəndinə əsasən, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: -71.2-ci maddəsinə əsasən Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. - 74-cü maddəsinin 2-ci bəndinə əsasən əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi bir daha vurğulamışdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Əməyin iqtisadi və sosial ölçüləri vardır. Bu baxımdan əmək hüququ fərdin və onun ailəsinin rifahına və inkişafına, habelə cəmiyyətdə özünü dərk etməsinə təsir edir. Əmək hüququnun bu təyinatları hər kəsin sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçməsi ilə xarakterizə olunur. Ədalətli sosial quruluşun təmin edilməsi prinsipi ədalətli, iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsinin təmin edilməsini bəyan edən Konstitusiyanın preambulasından irəli gəlir. Məhz dövlətin effektli sosial siyasəti cəmiyyətdə rifahın və firavanlığın bərqərar edilməsini təmin edir. Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə müvafiq olaraq, bu Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Bu prinsiplərdən irəli gələrək qanunverici tərəfindən əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu məqsədə çatmaq üçün Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir. Məhkəmə qeyd edir ki, Konvensiyanın 14-cü maddəsi ilə ayrı-seçkilik qadağan olunur və təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, rəng, dil, din, siyasi və digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər status kimi hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin olunmalıdır. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Məhkəmə qeyd edir ki, işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilərkən hökmən nəzərə alınmalı olan zəruri şərtlər və qaydalar AR ƏM-nin 70-ci maddəsinin yalnız «ç» bəndində nəzərdə tutulan əsasa aiddir. Bu zaman qanunvericilik işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi üçün aşağıdakı şərtləri müəyyən etmişdir: -işçi öz əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla yerinə yetirməməlidir; -işçinin bu hərəkətləri nəticəsində müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmalıdır; -işçinin bu hərəkətləri nəticəsində mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməlidir. Əgər göstərilən şərtlərə əhəmiyyət vermədən əmək müqaviləsi ləğv edilərsə, bu zaman əmək müqaviləsinin ləğv edilməsi hüquqauyğun olmayacaqdır. Nəzərə almaq lazımdır ki, əgər işçinin öz əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla yerinə yetirilməsi nəticəsində müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmamışsa və ya işçinin bu hərəkətləri nəticəsində mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin(onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməmişsə, həmin işçi ilə əmək müqaviləsinin AR ƏM-in 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi yolverilməzdir. Həmçinin 71.3-cü maddəsinə əsasən işəgötürən üçün bu Əmək Məcəlləsinin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsini ləğv edərkən belə bir şərt müəyyən edilmişdir ki, o, hər bir halda əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Yəni əmək müqaviləsinin ləğv edilməsi üçün əsaslar rəsmiləşdirilməli və bu, işəgötürən tərəfindən tərtib edilən rəsmi sənədlərdə öz əksini tapmalıdır. Məhkəmə hesab edir ki, əmrin əsasını təşkil edən hallar Əmək Məcəlləsinin 72-ci maddəsinin tələblərinə uyğun deyil və əmək müqaviləsinin ləğv edilməsi üçün qanuni hesab edilə bilməz. Belə ki, cavabdeh tərəfindən iddiaçının hər-hansı qəsdən və digər formada törədilmiş əməli və ya hər hansı formada dəymiş ziyanı barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən İddiaçı əmək müqaviləsinə qanunsuz və əsassız olaraq xitam verilmişdir. Odur ki, İddiaçı əmək müqaviləsinə qanunsuz və əsassız olaraq xitam verildiyindən, iddia tələbi təmin edilməli, Bakı şəhəri 100 nömrəli Tam Orta Məktəbin 14 saylı, xx.xx.2022-ci il tarixli əmri ləğv edilməli, İddiaçı işə bərpa edilməli və məcburi iş buraxmaya görə əmək haqqı hesablanaraq cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏ T E T D İ : İddia tələbi təmin edilsin. Cavabdeh Bakı şəhəri 100 nömrəli Tam Orta Məktəbin 14 saylı, xx.xx.2022-ci il tarixli əmri ləğv edilsin. İddiaçı Bakı şəhəri 100 nömrəli Tam Orta Məktəbə əvvəlki vəzifəsinə bərpa edilsin. Bakı şəhəri 100 nömrəli Tam Orta Məktəb tərəfindən məcburi işburaxma müddəti üzrə xx.xx.2022-ci il tarixdən işə bərpa edildiyi günə qədər ştat cədvəli üzrə ödənilməli olan əmək haqqı hesablanaraq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova
Məhkəmə qərarları › İş №2(001)-3036/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3036/2022
09.06.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver